Bazar günü, 2024-12-22, 2:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 18 » Əhli-beyt (ə) və elm
8:44 AM
Əhli-beyt (ə) və elm

Mübarək "Nəml” surəsində həzrət Süleymanın əhvalatında oxuyuruq ki, Süleyman Səba mələkəsinin səfirlərini geri qaytardıqdan sonra öz əyanlarına dedi: "Sizlərdən hansınız Səba padşahının taxtını o özü təslim olmuş halda yanıma gəlməzdən öncə gətirə bilər?” Cinlərdən olan div dedi: "Mən sən yerindən qalxmamış onu gətirərəm və buna qadirəm!” Amma kitab elmindən bilən kəs dedi: "Mən onu bir göz qırpımında gətirərəm.”("Nəml”, 40 )
Süleyman kitab elmindən bilən kəs taxtı gətirdikdən sonra dedi: "Bu Rəbbimin ehsanındandır!” "Rəd” surəsinin son ayəsində isə bütün kitab elmini bilən haqqında deyilir: "Kafirlər dedilər: "Sən rəsul deyilsən.” Onlara de ki, Allahın və kitab elmini bilənin aramızda şahidliyi yetər.”("Rəd”, 43 )
"Nəml” surəsində "elm” və "kitab” sözləri arasında işlənmiş "min” şəkilçisi bir şeydən müəyyən hissə mənasını bildirir. Məlum olur ki, Süleymanın sarayında olan kəs kitab elmindən bir hissəsini bilirmiş. Amma "Rəd” surəsinin 43-cü ayəsində "elm” və "kitab” sözləri arasında ara yoxdur. Demək, ayədə kitab elmindən bir hissəsi yox, bütün kitab elmi nəzərdə tutulur. Peyğəmbərin risalətinə şəhadəti Allahın şəhadəti ilə bərabər sayılan kəs, şübhəsiz, peyğəmbərdən sonra ümmətin ən biliklisi olmalıdır. Şiə təfsirçiləri Əhli-beytdən (ə) nəql olunmuş rəvayətlərə və böyük sünni alimlərinin təfsirlərinə əsaslanaraq bildirirlər ki, belə bir şəxs Əli ibn Əbi Talibdən (ə) başqası ola bilməz. Həmin vaxt həzrətin iyirmidən az yaşı olmuşdur! Sünnə əhli rəvayətçilərindən olan Əbu Səid Xidri deyir: "Allah rəsulundan soruşdum ki, kitab elminə sahib olan kəs kimdir? Həzrət buyurdu: "Kitab elminə sahib olan kəs qardaşım Əli ibn Əbi Talibdir (ə).” Həzrət Əlidən (ə) uyğun təbir haqqında soruşulur. Həzrət buyurur: "Kitab elminə sahib olan kəs mən özüməm.”("Bəsairud-dərəcat”, 216, bab 1, hədis 21; "Biharul-ənvar”, 35-432, bab 24, hədis 12 )
Əbdürrəhman ibn Kəsir "mən onu bir göz qırpımında gətirərəm” ayəsi ilə bağlı deyir: İmam Sadiq (ə) barmaqlarını aralayıb sinəsinə qoydu və buyurdu: "And olsun Allaha, bütün kitab elmi bizdədir.”("Kafi”, 1-229 ) Allahın rəsulu (s) Allah-təalanın Əhli-beytlə (ə) bağlı buyuruğunu belə yada salır: "Səndən sonra mənim elmimim xəzinədarı onlardır.”("Kafi”, 1-193 ) İmam Səccad (ə) buyurur: "Biz Allahın qapıları, doğru yol, elm xəzinəsi, onun vəhyini təkrarlayan, tövhid sütunu və sirlərini saxlayanıq.”("Məaniul-əxbar”, 35 )
Əmirəl-möminin (ə) buyurur: "Agah olun ki, Adəmin gətirdiyi hər bilik və son peyğəmbərədək peyğəmbərlərin hər əməli həzrət Məhəmməd (s) ailəsində var. Bəs sizi hansı azğınlığa çəkirlər və hansı tərəfə üz tutmusunuz?”("Təfsiri-Qummi”, 1-368; "Biharul-ənvar”, 89-80, bab 8, hədis 7 ) Həzrət Peyğəmbər (s) buyurur: "Biz rəhmət açarı, risalət mənzili, mələklərin gəl-get məhəlli və elm mədəni olan Əhli-beytik (ə).”("Fəraidul-səmteyn”, 1-44 ) İmam Səccad (ə) buyurur: "Nə üçün insanlar bizə kinlidir?! And olsun Allaha, biz Peyğəmbər şəcərəsi, rəhmət evi, elm və mərifət mədəni, mələklərin gəl-get məhəlliyik.”("Kafi”, 1-221 )
Əhli-beyt (ə) elmin dərinliyinə varan hikmət və bilik mədəni, Peyğəmbər (s) elminə varis, insanların ən agahı, Allahın sirr xəzinəsi olan kəslərdir. «İsmi-əzəm»dən xəbərdar, bütün dillərlə tanış, keçmişdən və gələcəkdən agah, səmavi kitabları bilən, olmuşu və olanı görən Əhli-beytdir (ə). Əhli-beyt (ə) Allahın beyti, Nuhun gəmisi, Quranın misli, insanların üstünü, əmr sahibi, zikr əhli, haqqın kökü, risalət mədəni, dünyanın sütunu, dinin keşikçisidir.
Əhli-beytin (ə) elm və biliyinin genişliyi haqqında rəvayətlər çoxdur. "Kafi”, "Təfsirul-fərat”, "Məaniyul-əxbar”, "Kifayətul-əsər”, "Yənabiul-məvəddət”, "Nəzhətun-nazir” kitablarında bu rəvayətlər qeydə alınmışdır. İstəyənlər uyğun mənbələrə müraciət edə bilər.

Category: Diger me'lumatlar | Baxış: 911 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]