Bazar günü, 2024-12-22, 9:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 8 » HƏZRƏT ZEYNƏBİN (s.ə.) FƏZİLƏTLƏRİ
10:15 PM
HƏZRƏT ZEYNƏBİN (s.ə.) FƏZİLƏTLƏRİ

HƏZRƏT ZEYNƏBİN (s.ə.) FƏZİLƏTLƏRİ

 

Bəla və imtahanlarla dolu olan bir zəmanədə imtahanlardan ən üstün qiymət alan ən gözəl nümunə - Həzrət Zeynəb, doğum günün mübarək! 
Hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-də Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə.) evində kəramətli bir qız uşağı dünyaya gəldi. Ona ad qoymaq üçün babanın (Hz.Peyğəmbərin (s)) səfərdən qayıtmasını gözlədilər. Peyğəmbər (s) səfərdən qayıdıb körpəni görməyə gəldi və soruşanda ki: "Ya Əli, bu körpəyə nə ad qoymusan?”, Əli (ə) cavabında buyurdu ki, bu Allahın Peyğəmbərinə (s) aiddir. Peyğəmbər (s) də gözlədi ki, bəs bu iş Allaha məxsusdur və o zaman cənab Cəbrayıl (ə) gəldi və körpənin adı ilə bağlı söylədi: "Mən Ərşi-əlada görmüşəm, "Zeynəb”dir”. Peyğəmbər (s) körpəni götürüb tapşırdı ki, bu qızdan muğayat olun, çünki o, nənəsi Xədiceyi-Kübraya bənzəyir.

Həzrət Zeynəbin (s.ə.) mələklərin gəlib-getdiyi, Quranın nazil olduğu bir evdə dünyaya gəlməsi onun kamil tərbiyə və əxlaqi keyfiyyətlərlə böyüməsinə səbəb olmuşdu.

Həzrət Zeynəbin (s.ə.) bir neçə ləqəbi vardı: Arifə, Muhəddisə, Alimə və s.

Xanımın elmi "lədunni” idi, yəni oxumaq və vəsf etməklə ələ gələn bir elm deyildi. O, müəllimsiz alimə idi. Hələ kiçik yaşlarında Həzrət Əli (ə) onun tovhidi düşüncələrinin şahidi idi. Üstəlik, xanım Zeynəb (s.ə.) babasının ölümündən sonra anası Zəhranın (s.ə.) dediyi xütbələri də əzbərləyib, mənalarını da dərk etmişdi. Buna görə Həzrət Əli (ə) Kufəyə köçəndə Kufənin hörmətli qadınları Zeynəbin (s.ə.) elmindən bəhrələnmək istəyəndə, Həzrət Əli (ə) icazə vermişdi.

Bir gün Həzrət Əli (ə) Zeynəbin (s.ə.) Quran təfsirinə qulaq asmağa gəldi. Xanm Zeynəb (s.ə.) "Məryəm” surəsinin müqəttə hərflərlə "ﺺﻌﯿﮫﮐ” başlayan birinci ayəsini təfsir edirdi. Bir az sonra Əli (ə) əlavə etdi: "Qızım, bu hərflər sənin də şərik olduğun müsibətə işarədir:

ک – [kəf] - Hüseynin Kərbəlasına,

ە – [hə] - Həzrət Hüseynin həlak olmasına,

ي – [yə] – yezidin Hüseynin qatili olmasına,

ع – [`a] - Hüseynin ətşan həlak olmasına,

ص – [sad] - Hüseynin səbrinə işarədir.

Bu ayələrə sən də şəriksən”.


Xanım Zeynəb (s.ə.) 7 dəfə səfərə çıxıb, yalnız bir səfərdə atası ilə birgə olub. Bu səfərdə atası ona xüsusi qayğı göstərirdi. Bu təkcə atalıq qayğısı deyildi, həm də Xanımın (s.ə.) ruh və mənəviyyatının yüksək olmasına görə idi. Atası Əli (ə) buyururdu ki, Həzrət Zeynəbin (s.ə.) axirət və məad barəsindəki elmi - ən yüksək dərəcədə olan haqqul-yəqinə çatmışdır.

Həzrət Zeynəbin (s.ə.) ibadət və bəndəliyi də ən yüksək dərəcədə idi. O, heç vaxt gecə və digər müstəhəb namazlarını tərk etməzdi. Hətta məhərrəmin 11-ci gecəsində - Şamu-Qəriban gecəsində belə bu əməli unutmamışdı. İmam Hüseyndən (ə) son dəfə ayrılanda, İmam (ə) bacısına tapşırmışdı: "Bacı, məni gecə namazlarında unutma!”.

Həzrət Zeynəbin (s.ə.) dünyada səbri misilsiz idi. İmam Hüseynin (ə) vəzifəsi – səbri Aşura gününə qədər idi. Həzrət Zeynəbin (s.ə.) səbri isə Aşuradan sonra daha qabarıq göründü. Allah Təala ona o qədər güclü iradə, ruhi qüvvə vermişdi ki, o, bu imtahanlardan səbrlə, üzüağ çıxa bildi.

Həzrət Zeynəbin (s.ə.) ruhani məqamlarından anlayışımız yoxdur, amma onun söz və əməllərindən necə zahid olması, Allahın yolunda hər şeyə göz yumub, yalnız Onun razılığını qazanmaq üçün səbir etməsi onun böyük zöhdünə dəlalət edir.

Xanım Zeynəb (s.ə.) öz əmisi Cəfər Təyyarın oğlu Abdullahla gözəl ailə həyatı yaşayırdı. Peyğəmbərin (s) duası nəticəsində xanımın bərəkəti artmış, heç bir çatışmazlığı yox idi. Lakin elə ki, qardaşı Hüseyn (ə) Kərbəlaya tərəf hərəkətə başladı, xanım bütün rahatlıqlara göz yumdu, özünü çətinliklərə və qəm-qüssə dəryasına atdı, çünki qardaşına məhəbbəti fövqəl dərəcədə idi. Ona görə Həzrət Əli (ə) Xanım Zeynəbin (s.ə.) kəbinində göstərilən mehriyyə haqqından əlavə, 2 imtiyaz istəmişdi: biri – hər vaxt xanım Zeynəb qardaşı Hüseyni görməyə getsə, yoldaşı icazə versin və nə vaxt Hüseyn səfərə getsə, xanım Zeynəb də onunla getmək istəsə, ona mane olmasın.

Həzrət Zeynəbin (s.ə.) qardaşına olan məhəbbətinə, mənəviyyatına və fövqəltəbii aləmlə olan əlaqəsinə əql heyran qalır.

Bunlardan əlavə, Xanım Zeynəbdə (s.ə.) səxavət və bəxşiş məsələsi də ən yüksək dərəcədə özünü göstərir, belə ki, imanlı şəxsdə səxavət və bəxşiş də olmalıdır. Kərbəlada Xanım (s.ə.) 2 oğlu – gözlərinin nuru olan Ovn və Muhammədi qurban verdi, lakin hətta onların pak cənazələrinin qarşısına belə çıxmadı. Üstəlik, Allahdan bu qurbanın az olmasından üzr istəyirmiş kimi, razu-niyaz edirdi. Bu da Xanımın bütün sadalanan sifətlərlə bərabər, "həya” deyilən daha bir kamal sifətə də malik olmasını göstərir.

Xanım Zeynəb (s.ə.) həm də qeyrət deyilən bir kamal sifətə də malik idi. İstər körpə qızları mühafizə etməkdə, istər İmam Səccadı (ə) müdafiə etməkdə, istərsə də cahil camaatı ayıltmaqda söylədiyi xütbələr - onun qeyrət hissinin ən ali dərəcədə olduğunu göstərir.

İmam Sadiqdən (ə) gələn bir hədisdə Peyğəmbərlərin (ə) 12 fəzilət və xislətə malik olmaları göstərilir: yəqin, qənaət, səbir, mürüvvət, mülayimlik, ehsan, səxavət, şücaət, qeyrət, yaxşı xasiyyət, doğruluq və əmanət. Bu sifətlərdən hər biri Peyğəmbərlərdən (ə) və İmamlardan (ə) əlavə, iman əhlində də olmalıdır. Necə ki, Xanım Zeynəb (s.ə.), məsum olmasa da, özünü onların məqamına çatdırmışdı. Yəni, pak ata-babalarının və paklıq, ismət mücəssəməsi olan anasının daşıdığı o sifətlərə malik idi.

Bu günlər Xanım Zeynəbin (s.ə.) mövludu dönəmidir və bu münasibətlə bütün müsəlmanlara, Quran və Əhli-beyt (ə) yolçularına, Əli (ə), Zəhra (s.ə.) sevənlərə, onların (ə) əziz övladlarının mövludu münasibətilə göz aydınlığı veririk.

Biz çalışmalıyıq ki, özümüzə ölçü-meyar axtaranda ən kamil nümunəni seçək və onların layiqli davamçıları olaq. Allahdan kamillik nümunəsi Xanım Zeynəbin (s.ə.) mövludunu hər zaman şəninə layiq olan halda qeyd etməyimizə nail etməsini diləyirik.

Allah cəmi müsəlman ümmətini Xanım Zeynəbin (s.ə.) həqiqi davamçılığına layiq etsin, inşallah! Amin! 

Minarə xanım Tağıyeva,
"Dəyərlər”in oxucusu

Category: Diger me'lumatlar | Baxış: 878 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]