Bazar günü, 2024-12-22, 9:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyun » 28 » Həzrət Zeynəb (ə)
1:59 PM
Həzrət Zeynəb (ə)
 
Bu gun
28 İyun 2010-cu il.
(Hicri- 1431-ci il)
Rəcəb ayının 15-i Həzrət Zeynəbin (ə) vəfatı gunudur

Qadın övliyalar silsiləsi içərisində ən parlaq simalardan biri də Risalət ocağının zinəti - Həzrət Zeynəbdir (ə)
 



Qadın övliyalar silsiləsi içərisində ən parlaq simalardan biri də Risalət ocağının zinəti - Həzrət Zeynəbdir (ə). O böyük şəxsiyyətin həyatının hər mərhələsi bizim üçün nümunədir. Xanım (ə) gözlərini dünyaya açdığı ilk gündən babası Rəsul (s) onu əzizləyərək barəsində belə buyurmuşdu: «Hamının bu qıza hörmətlə yanaşmasını tövsiyə edirəm. Çünki onun Allah yanında məqamı Həzrət Xədicənin məqamı kimidir».
Ömrünün ilk 5-6 ilini babasıyla birgə keçirməsinə baxmayaraq, Həzrət Zeynəb (s.ə) Həzrət Yəhya (ə) kimi uşaqlıqdan qeyri-adi zəkaya sahib olduğundan alimlər bu kiçik müddəti onun Peyğəmbər səhabəsi sayılması üçün kafi hesab etmişlər. Belə ki, Həzrət Rəsuldan (s) olan bəzi hədislər Həzrət Zeynəbə (s.ə) istinadən nəql edilib.

Əhli-beytin (ə) ən çətin və zülmə məruz qaldığı dövr Peyğəmbərin (s) vəfatından sonra yaşadığı günlərdir. Kiçik Zeynəb elə həmin günlərdə ümmətdən vəfasızlıq, Əhli-beytdən (ə) isə İslam uğrunda sədaqət və fədakarlıq dərslərini almışdı. O, möhtərəm anası ilə bərabər məscidə gəlmiş, Fədək xütbəsini dinləmiş və haqqın nidasını hifz edərək, gələcək nəsillərə yadigar buraxmışdır. Belə ki, Şeyx Səduq «İləl» kitabında Fatimeyi-Zəhranın (ə) söylədiyi Fədək xütbəsinin mətnini Həzrət Zeynəbə (s.ə) istinadən qeyd etmişdir.

Həzrət Zeynəbin (ə) uşaqlıq illərinə dair nəql olunan hədislərin birində belə buyurulur: «O, Həzrət Əlinin (ə) yanında oturmuşdu. Atası ona nəvaziş etdikdə, Həzrət Zeynəb (s.ə) soruşdu: «Ata, bizi sevirsənmi?» Həzrət Əli (ə) buyurdu: «Bəli, əzizim, övladlarımız ciyərparalarımızdır». Həzrət Zeynəb (ə): «İki məhəbbət – övlad və Allah sevgisi – möminin qəlbində cəmlənə bilməz! Əgər bizi sevmək həyatın zərurətlərindəndirsə, mərhəmət və iltifatın yetərlidir. Xalis məhəbbət isə yalnız Allaha olmalıdır!» Həmin sözlər Həzrət Əlinin (ə) qızına qarşı olan mehrini daha da artırdı. Rəvayətlərə əsasən, bu parlaq zəkalı qız atasına Quran oxuyar və ondan ayələrin təfsirini soruşardı. «Həl-əta» ailəsində böyüyən bu fidan qanıyla, canıyla Qurana bağlanmaqdan əlavə, onu öyrənər, yeri gəldikcə müqəddəs ayələri həyatında yaşadardı. Belə rəftar «imamət evinin zinəti»nin körpəlik illərindən, ta son günlərinədək müşahidə edilir. Bir gün Həzrət Əli (ə) Kərbəlaya aid olan bir neçə ayəni təfsir etmək istədikdə, o, atasına buyurub: «Bunların mənasını bilirəm. Gələcəkdə baş verəcək hadisələrə hazır olmaq üçün onları anam mənə öyrədib». Hətta Kərbəlada baş verəcək hadisələri və onlara hazırlığı uşaqlıqdan nəzərə alan Həzrət Zeynəb (s.ə) son nəfəsdə olan anasının «Qızım qardaşlarını yalqız buraxma. Onları qoru, bundan sonra sən onların anası yerindəsən» vəsiyyətini özünə şüar etdi. O Xanım (ə) qardaşlarına vəsfə gəlməz məhəbbətlə bağlanmış və onların qüssələrinə şərik olmuşdur. Həzrət Zəhra (ə) «Ümmü əbiha» olduğu kimi, o da «qardaşlarının anası» olmuşdur. Hətta yetkinlik yaşına çatıb izdivac edərkən, atası onun kəbininə qardaşlarını görmək və Hüseyn (ə) ilə birgə hicrət etmək şərtlərini qoymuşdu. Həzrət Zeynəb (s.ə) Mədinənin ən fəzilətli ailəsindən olduğu üçün onunla müxtəlif səbəblər üzündən evlənmək istəyənlər çox idi. Lakin Həzrət Əli (ə) onun Abdullah ibn Cəfərlə ailə qurmasına razı olmuşdur. Abdullah görkəmli şəxsiyyətlərdən olub, «Qütbüs-səxa» adı ilə tanınan pak və fəzilətli bir şəxs idi. Körpəliyində Həzrət Rəsul (s) ona nəvaziş edərək: «Bu uşaq yaradılışda və xasiyyətdə mənə bənzəyir. İlahi, onun işlərini bərəkətli et! Mən dünya və axirətdə onun mövlasıyam» – deyə buyurmuşdu. Zəhra (ə) öz həyatını Allah rizası üçün qurduğu kimi, Həzrət Zeynəb (s.ə) da Abdullahla İlahi razılıq naminə ailə qurdu. Belə rəvayət edirlər ki, Həzrət Zeynəb (s.ə) ev işlərinin çoxunu özü görər, ailə mühitində səfa yaradar, ibadət və əməllərini nizamlı şəkildə görərdi. Həyat yoldaşının imkanlı şəxslərdən biri olduğuna baxmayaraq Həzrət Zeynəb (s.ə) özünü kübar rəis qadını kimi aparmır və özünü camaatdan üstün tutmurdu. Əksinə evinin qapısını həmişə Allah bəndələrinin üzünə açıq qoyurdu. Bir çox miskin və müşkülə düşmüş insanlar bu ocaqdan nicat tapırdılar. O Xanım (ə) ömrünü haqqa həsr elədiyi kimi, əmlakını da Allah yolunda xərclədi. Tarixçilərin yazdığına görə o Həzrətin (ə) Abdullahdan üç oğlu və bir qızı dünyaya gəlib. Əli və Muhəmməd adlı oğlanları Kərbəlada şəhid oldular. Əli adında oğlundan soy və nəsli davam etdi. Qızı Ümmü Gülsümü isə vaxtıykən Müaviyə oğlu Yezid üçün istəmişdi. Abdullah qızının ixtiyarını dayısı İmam Hüseynə (ə) tapşırmış, o da Ümmü Gülsümü Qasim ibn Muhəmməd ibn Cəfərə nigahlamışdı.
Həzrət Əli (ə) hökümət mərkəzini Kufə şəhərinə köçürdükdə, Əlinin (ə) digər övladları kimi Həzrət Zeynəb (s.ə) də bu şəhərə köçdü. Zeynəbin (s.ə) Kufəyə gəlişi əsl bərəkətə çevrildi. Çünki onun evi yenə də kimsəsizlərin pənahgahı, şəxsiyyəti isə tərbiyə tapmaq istəyən Allah bəndələrinin elm xəzinəsi, mürşidi, insanlıq mənbəyi oldu. Belə nəql edirlər ki, Kufə qadınları toplaşıb Həzrət Zeynəbdən (ə) onlara təfsir dərsləri deməsini xahiş etmiş, o da İlahi «lədunni elm»dən onlara pay ayırdı, onları İslam mərifəti ilə nurlandırdı. Ustad görməmiş Xanım (s.ə) irfanı, idrakı, ülviyyəti ilə ələ gətirdiyi elmi Kufə qadınları ilə bölüşdü. Beləcə, Kufə camaatı Zeynəbi sevdi.

İnsanın dünyası ilə dininin toqquşması böyük bir imtahandır. Təəssüf ki, tarixə nəzər saldıqda, Kufə və Mədinə ictimasının bu imtahanı verə bilmədiyinin şahidi oluruq. Bu qeyri-xalis məhəbbəti Həzrət Zeynəb (s.ə) həm atasının xilafəti dövründə, həm İmam Həsənin (ə) məzlumiyyəti zamanı çox gözəl dərk etmişdi. Onun cəmiyyətşünaslıq baxışları tam formalaşmışdı. Xanım dinlə dünya arası seçimində insanın necə böyük bir imana sahiblənməyə ehtiyaclı olduğunu bilirdi. Odur ki, imanını qidalandıran nə bir nafiləsini, nə də bir gecə namazını ömrü boyu tərk etmədi. Allahla rabitəsini bacardıqca möhkəmləndirdi. Çünki Kərbəlada baş verəcək hadisələr hələ qarşıda idi.
Can tapşıran Hüseynə cananə Zeynəbəm mən,
Sən şəmi mərifətsən, pərvanə Zeynəbəm mən.

Aşura axşamına qədər Zeynəbin (ə) rəftarının daha çox atifi çalarları gözə çarpır. Hüseyn (ə) öz xeyməsində dünyanın bivəfalığını əks etdirən bir şer oxuyur. Bu sözləri eşidən Səccad (ə) ağlayır. Həzrət Zeynəb (s.ə) isə İmamın (ə) yanına qaçıb həyəcanla deyir: «Ah bu müsibətdən! Kaş ölümüm yetişmiş olaydı! Bu gün anam Fatimə, atam Əli, qardaşım Həsənin dünyadan getdiyi günlərə bənzəyir, ey gedənlərin yadigarı, ey qalanların imdadı!» İmam ona: «Bacıcan, diqqət et ki, şeytan helmini oğurlamış olmasın». Sonra gözləri doldu və buyurdu: «Əgər «Qita» quşunu öz başına buraxsalar, rahatca yatar». Bu cümləni eşidən Zeynəbin (s.ə) kədəri daha da artdı: «Vay olsun mənə! Ölməyə könül vermisən? Bu mənim qəlbimi daha da paraladı!» – deyərək, huşunu itirib yerə yıxıldı. İmam (ə) üzünə bir az su səpərək, onu ayıltdı. Sonrakı nəsihət hansı bir qüdrətlə deyildisə, Zeynəbin ruhunda yeni bir səhifə açdı. İmam (ə): «Bacıcan, Allahdan təqva et. Bil ki, Yer üzünün əhlinin hamısı ölümə məhkumdur, göy əhli də qalan deyil və yeganə yaradıcı olan Allahın simasından başqa, hər şey həlaka məruz qalacaq. Mənim babam məndən daha xeyirli idi, anam da məndən daha xeyirli idi, atam da, qardaşım da məndən daha xeyirli idilər (lakin onlar indi dünyada yoxdular). Mənim üçün də, hər bir müsəlman üçün də Rəsulullahda gözəl örnək vardır». Bu nəsihət onun lətif ruhunu necə çevirdisə, axşam şəhadət xəbərinə tab gətirə bilməyən Zeynəb həmin günün səhəri nəinki tam əksinə rəftar göstərdi, bəzi rəvayətlərə görə, hətta İmamın qətl səhnəsini belə dəyanətlə müşahidə etdi. Lakin qətl müsibətlərin başlanğıc nöqtəsi idi. Sonrakı hadisələr daha çox dözüm tələb edirdi: xeymələrin odlanması, xəstə düşmüş zəmanə imamının hifzi, qətlgahdan keçərək Kufəyə əsir kimi gətirilmək, bu uzun yolun yorğunluğu, aclıq, susuzluq, təhqir və təzyiqləri... Bir zamanlar başına dolanan Kufə, Zeynəbi (s.ə) əsir kimi qəbul edirdi o gün... O həm yol boyu Əhli-beytdən qalan qadın və uşaqlara ürəyi yanan qəmxar, həm İmam Səccadı (ə) müdafiə etmək üçün sinəsini dəfələrlə önə vermiş əsgər, həm Kərbəla qanının mahiyyətini izhar edən carçı, həm bütün əsarət cərəyanına başçılıq edən rəhbər idi. Uşaqlar aclıq ya zülmdən «anacan» deyə deyil, «əmməcan» deyə fəryad edirdilər. Qadınlar ona pənah gətirirdi. Bu qadınların hər birinin bağrı oğul, yoldaş, qardaş qətli ilə dağlı idi. Zeynəb (s.ə) gecə namazlarından sonra xəlvətə çəkilərək, kövrək qəlbini astaca növhə zümzümə etməklə boşaldıb ovudar, günəşin qalxması ilə isə yenidən mübarizə mövqeyinə dönərdi. Dəstğeyb ağa Həzrət Zeynəbin (ə) vilayət qüdrətinə işarə edərək qeyd edir: «Həzrət Zeynəb (s.ə) vilayət qüdrətinə sahib şəxsiyyət idi. O, Kufə darvazası önündə insanlara xitab etmək istəyirdi. Lakin insanların çoxluğu, səs-küyü, kütlənin narahatlığı buna imkan vermirdi. O zaman Həzrət (ə) vilayət qüdrətilə iradə etdi. Hər kəs və hər şey susdu, hətta dəvələrin boyunlarındakı zınqırovlar belə. O zaman Həzrət (ə) öz xitabını etdi...»

Həzrət Zeynəbin (ə) Şama gəlməsi İslam dininin böyük bir səhifəsinin çevrilməsi ilə nəticələndi. O, Şamda rəzalətin kamil surətilə üz-üzə idi. Özü də elə bir sima ilə ki, qüdrət və iqtidar onun əlində, öldürmək və yaşatmaq onun hökmündəydi. Yəzid bir qalib hökmdar kimi, zülmünün zirvəsində şad-xürrəm və o ana yetişdiyi üçün səadətdən sərxoş kimi görünürdü. Müaviyyə Şamda bir «təbliğat dəzgahı» qurmuşdu. O, insanların fitrətlərini dinə cəlb edir, sonra da onu öz nəfsi istəkləri yolunda istədiyi kimi istifadə edirdi. Bu dəzgah 40 ildən artıq idi ki, çalışırdı. Şamın nə Peyğəmbərin (s) şəxsiyyətindən, nə də dinin əsl gözəlliyindən xəbəri yox idi. Bu qəflət yuxusu nə Həzrət Əli (ə)-ın şəhadətlə, nə də Müaviyənin xəlifə olaraq əsl çevrəsini göstərərkən sona yeiməmişdi. Bu qəflət yuxusu Zeynəbin (ə) bir can yaxan xütbəsilə bitəcəkdi. O böyük bir məntəqəyə haqqı təbliğ edəcək və oranı zəlalət zülmətindən qurtaracaqdı. Zeynəb (s.ə) gözlərə nur verib həqiqət aynasını onlara tərəf tutdu. Bu aynada Yer üzünün nuru, Əhli-beyt günəşi Hüseyn (ə) parə-parə qanə batmış, Yəzidin iyrənc qara qatil çöhrəsi isə artıq olduğu kimi görünürdü. Ən rəzil qatil çöhrəsi o qədər eybəcər idi ki, bu çöhrədən nəinki Şam, hətta Yəzidin özü sarsılıb, diksinərək geri çəkildi. Onun sonrakı cinayətləri davam etsə də, artıq kininin yanında digər bir səbəbi də var idi – psixoloji məhkumluq damğası. O, bu damğanı şərab selləri ilə unutmaq istəsə belə, zehnindən yuya bilmədi. Zeynəb (s.ə) bir xütbə ilə 40 illik Şamı qüdrətli hökmdarı ilə birlikdə çökdürdü. Əgər Zəhra (ə) Mədinə üçün çırağa dönüb, İslamın kökündə edilən dəyişiklik və bunun nə fəlakətlə bitəcəyini insanlara çatdırmaq üçün döyüşürdüsə, Zeynəb (s.ə) artıq bu fəlakətin nəticələriylə üz-üzə idi. Zeynəb (s.ə) çıraq yox, «seyfullah» idi. O, alçaqlıq və zülmün önündə mətanət və vüqarla durmuş Əlinin (ə) simasıydı. Bu üzdən «atasının zinəti» adı Həzrət Rəsulun (s) neçə illik uzaqgörənliyini doğrultdu.

O Kərbəladan sonra çox yaşamadı. Bu məşəqqətli səfər onu yormuş, qocaltmışdı. Hətta yoldaşı Abdullah belə onu təəccüblə qarşılayıb: «Sən o Zeynəbsənmi?» soruşmuşdu. Bəli, o həmin Zeynəb idi. İnsanlara müəllimlik edib, onları Allaha doğru aparan həmin o Zeynəb... Ömür boyu Allah üçün yaşayıb, dinin ən böyük vəzifəsini icra edən Zeynəb... Kərbəlanın, Hüseynin ayrılmaz pərvanəsi, tarixin nəvası, qəlblərin şəfası Zeynəb!

Category: Diger me'lumatlar | Baxış: 924 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]