Əsas səhifə » 2010 Oktyabr 9 » Həzrət Məsumənin (ə) təvəllüdü
9:56 AM Həzrət Məsumənin (ə) təvəllüdü | |
Həzrət Məsumənin (ə) həyatı
Həzrət Məsumə (ə) hicrətin 173 ili, Zilqədə ayının 1-i, Mədinədə dünyaya gəlmişdir. O Xanımın (ə) atası 7-ci imam – Museyi-Kazım (ə), anası iffət, iman və təqvası ilə tanınan və həmçinin İslam elmlərini bilən Nəcmə adlı möhtərəm bir xanımdır. İmam Rza (ə) o dövrün xəlifəsi olan Məmun tərəfindən Mərv şəhərinə gətirildiyindən hicrətin 201-ci ilində Həzrət Məsumə (ə) qardaşını görmək üçün Mədinədən Xorasana doğru hərəkət edir. Bu səfərdə o Xanımı (ə) 4 qardaşı – Fəzl, Cəfər, Hadi və Qasim, bir neçə əmioğlusu və bir neçə xidmətçisi müşayət edirdi. İranın Savə şəhərinə yetişdikdə, Əhli-beyt (ə) düşmənləri onların karvanına hücum çəkdilər və bu vuruşda Həzrət Məsumə (ə)-ın qardaş və əmioğlularından 23 nəfəri şəhid oldu. Qum şəhərinin əhalisi bu xəbəri duyunca yardıma gəlsələr də, artıq gec idi. Karvandakıların bəzisi şəhid olmuş, Həzrət Məsumənin (ə) özü isə bu hadisədən duyduğu hüzn və üzüntü nəticəsində şiddətli şəkildə xəstələnmişdi. Həzrət Məsumə (ə): «Bura ilə Qum şəhəri arasındakı məsafə nə qədərdir?» – soruşduqda, «On fərsəxdir» – deyə cavab verildi. O Həzrət (ə) buyurdu: «Məni Quma aparın! Mən ata-babamdan eşitmişəm ki, «Qum şəhəri bizim şiələrimizin (tərəfdarlarımızın) yeridir». Həzrət Məsumə (ə) Rəbiul-əvvəl ayının 23-ündə Qum şəhərinə yetişdi. Nəql edilən səhih hədislərə görə, Həzrət Məsuməni (ə) şəhərin böyükləri və bir qrup əhali qarşılayıb, onun Quma gəlişi münasibətilə qurban kəsdilər. Həzrət Məsumə (ə) Qumun tanınmış şəxsiyyətlərindən biri olan Musa ibn Xəzrəc ibn Əşarinin xahişi ilə onun evində məskunlaşdı. O Xanım (ə) bu evdə qaldığı müddətdə, daima qardaşı Həzrət Rza (ə)-ı xatırlayıb ağlayardı. Həzrət Məsumə (ə) bu evdə 17 gün qaldı və Rəbius-sani ayının 10-unda vəfat etdi. Bu nəqlə əsasən, o Xanım (ə) vəfat edərkən 27 yaşında olub. İmam Sadiq (ə) buyurmuşdur: «Allahın bir hərəmi vardır ki, o Məkkədir. Rəsuləllahın (s) bir hərəmi vardır ki, o da Mədinədədir. Əmirəl-möminin Əli (ə)-ın da bir hərəmi vardır ki, o da Küfədədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdadır. Mənim övladımdan (nəvələrimdən) Fatimə adlı bir xanım orada dəfn ediləcəkdir. Kim onu ziyarət edərsə, Cənnət ona vacib olar». Ravi deyir ki, İmam Sadiq (ə) bu sözü hələ imam Kazım (ə) dünyaya gəlməmişdən əvvəl buyurmuşdur. («Səfinətul-Bihar», c.2, səh.436) | |
|
Total comments: 0 | |