Bazar günü, 2024-12-08, 6:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 1 » HƏYAT YOLDAŞINA VƏ ÖVLADA MÜNASİBƏT
8:44 AM
HƏYAT YOLDAŞINA VƏ ÖVLADA MÜNASİBƏT
HƏYAT YOLDAŞINA VƏ ÖVLADA MÜNASİBƏT
   Əgər bir kəs şəhidlərin sərvəri, azadlıqsevənlərin rəhbəri Hüseyn ibni Əli (əleyhissalam)-ın heyrətəngiz ölümü və şəhadəti qarşılarkən göstərdiyi qəhrəmanlıqlarını, ibrətamiz və insanı həyəcana gətirən sözlərini nəzərinə gətirsə və ya o Həzrətin ruhi halətini, mənəvi və asimani cazibələrini xatırlasa, bəlkə də belə təsəvvür edər ki, bu böyük şəhidin dəyərli və qurucu məktəbində bu dünyaya və onun həzzlərinə əsla diqqət yetirilməmiş, Allaha və şəhidliyə olan eşqi onu hər şeydən ayırmış və pak ürəyində yarın düz qamətindən (Allahdan) başqa, özgə bir söz yoxdur və sevdiyini görmək istəyi hər şeyi yaddaşından silib aparmışdır.
Tuba ağacının kölgəsi, hurilərin mehribanlığı və hovuzun kənarı,
Səni görmək eşqi ilə yadımdan çıxdı.
   Lakin böyük şəxsiyyətlər, onların əsil məktəbi və dünya görüşü haqqında bu cür düşünmək həqiqətdən uzaqdır, çünki onlar bir tərəfli şəxslər olmamışlar və belə deyillər ki, Allaha bəslədikləri kamil məhəbbət onların həyati işlərinə, həyat yoldaşına və övladlarına olan məhəbbətlərinə mane olsun və ya al-verlə, ticarətlə məşğul olmaları onları Allah haqqında düşünməkdən ayırsın. Onlar bütün insani varlığı, fitri xüsusiyyətləri və təbii, pak istəkləri ilə, öz məqamında kamil bir diqqətə malikdirlər; Hətta ruhi, mənəvi və insani dəyərlərdə bunu zəruri sayırlar.
   Belə ki, Allaha ibadət, pərəstiş və heç nəyə ehtiyacı olmayan Pərvərdigarla raz-niyaz, münacat məqamında onları başqaları ilə müqayisə etmək olmaz; Eləcə də həyat, ailə və insani ləyaqət məsələlərində də onları başqaları ilə bir cərgədə və bir məqamda tutmaq olmaz.
   Namaza özünün sonsuz məhəbbətini izhar edən və onu özünün həqiqəti görən və haqq axtaran gözünün nuru sayan İslamın böyük Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) cinsi-lətifə (həyat yoldaşına) mehriban münasibəti və diqqəti də namazla bir sırada tutmuşdur.("Biharul-ənvar”, 100-cü cild, səh.218)
   Mənəvi yüksəlişində və asimani meracında onun cismi və canı o qədər yüksəklərə ucalır ki, Pərvərdigarın ən yaxın mələyi hərkət və tamaşa etməkdən qalır. Lakin, təbii və maddi həyatında, ailə məsələlərində də o, hamıdan ucada dayanır. Həsəni və Hüseyni dalına mindirir, bəzən minbərə çıxardır, dizləri üstə oturdurdu ki, indiyə qədər heç bir xətib və İmam belə bir işə cürət etməmiş və hətta xəyalına da gətirməmişdir; Ya oğlu İbrahimin ölüm müsibətinin təsiri altında elə sarsılır ki, mübarək gözlərindən yaş axıdır. Uzaqgörməyən, dardüşüncəli adamlar bunu ona irad tuturlar (ürəyi yanır, kədərlənir, gözlərinin yaşı da axır, amma Haqq rizasının xilafına bir söz demir), o isə bu hərəkətilə hamının cavabını verir.("Usdul-ğabə”, 1-ci cild, səh.38)
   Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) insaniyyətin bu böyük müəllimi özü yalnız birtərəfli həyat yaşamırdı, əksinə çalışırdı ki, ardıcılları da fikri sapıntılara düçar və birtərəfli fikrə malik olmasınlar və onun asimani təlimatları sui-təsir yaratmasın. İslam Peyğəmbərinin irfan və asimani məktəbi, onun cazibədar və cəlbedici təlimatları bəzən dostlarına elə dərin bir təsir buraxırdı ki, maddi aləmdən əl çəkirdilər. Bu, onları asimani (mələkuti) bir varlığa döndərirdi, yeməkdən, yatmaqdan, öz qadınları ilə yatıb-durmaqdan çəkindirirdi. Lakin bu zaman Həzrət onların dadına çatır, sapıntılardan çıxarır, fikri səhvlərini onlara xatırladırdı.
  Ümmi Sələmə-Peyğəmbərin fədakar və təcrübəli zövcəsi o Həzrətin hüzuruna getdi, bir çoxlarının guşənişinliyi və zöhdü barədə ona danışdı. İslamın ürəyiyanan Peyğəmbəri dərhal o adamların yanına getdi, onların səhvini, birtərəfli düşünmələrini aydınlaşdırdı və bunu məzəmmət etdi: "Siz zövcələrinizə məhəbbətdən, onlarla yatıb-durmaqdan əl çəkmisiniz?! Mən ki, sizin Peyğəmbərinizəm, öz zövcələrimlə yatıb-dururam, gündüzlər yeyirəm (daima oruc deyiləm), gecələr də bir qədər yatıram.”
    İslam Peyğəmbərinin bu bəyanatı bu ayənin gəlməsi ilə təsdiq olundu:
    "Allahın sizə halal buyurduğu pak şeyləri özünüzə haram etməyin, dinin hüdudlarına və qanunlarına təcavüz etməyin ki, Allah təcavüzkarları sevmir.”("Vəsailüş-şiə”, 14-cü cild, səh.9)
   Zahiri vəziyyətindən və hərəkətindən cinsi-lətifdən, evi-ailəni dolandırmaqdan qaçdığı məlum olan bir kişi şiələrin beşinci rəhbəri İmam Mühəmməd Baqir (ə)-ın yanına gəldi. İmam ondan soruşdu: "Ey kişi, arvadın var?”
   Dedi: "Yox!!”
   İmam Baqir (ə) insanın kamalını yalnız quru zahidlikdə görən bu tərk-dünya kişinin gözlədiyinin əksinə olaraq belə buyurdu:
   "Mən bəyənmirəm ki, bütün dünya və ondakı bütün şeylər mənim olsun, ancaq elə bir kecəni səhər edim ki, yanımda zövcəm olmasın. (Sonra o kişiyə bir miqdar pul verib buyurdu:) Get evlən.”(Vəsailüş-şiə”, 14-cü cild, səh.8)
   İlahi və böyük şəxslərin məktəbində qadınlara, ömür-gün yoldaşlarına və övladlara məhəbbət göstərməmək nəinki məzəmmət olunmuş, hətta onlara əlaqə və məhəbbət imanın üstünlüyünün meyarı və ölçüsü sayılmış, peyğəmbərlərin gözəl və bəyənilən səciyyələri kimi tanınmışdır.
   Bir rəvayətdə bizə gəlib çatmışdır:
   "Peyğəmbərlərin əxlaqından (biri də) öz qadınına məhəbbətdir.”(Yenə orada, səh.9)
   İmam Sadiq (əleyhissalam)-dan nəql olunmuşdur:
   "Bir şəxsin öz həyat yoldaşına məhəbbəti nə qədər çox olsa, onun imanı da o qədər çoxalar.”(Yenə orada, səh.11)
   Şəhidlərin Seyyidinin ailəyə məhəbbət və bağlılıq haqqında şerləri vardır ki, aşiqlərin şerləri içərisində onlara bənzərini az tapmaq olar.
   "Sənin canına and olsun, qızım Səkinənin və (həyat yoldaşım) Rübabın yaşadığı o evi sevirəm,
   Onların hər ikisini sevirəm və onların məhəbəti yolunda özümün bütün sərvətimdən keçirəm və heç bir məlamət eləyənin məni məzəmmət etməyə haqqı olmaz.
   Mən nə qədər ki, sağam, məlamət eləyənlər məni nə qədər məlamət etsələr də,
   Torpaq altında pünhan oluncaya və torpaq üstümü örtüncəyə qədər onlara (məlamət edənlərə) müti olmayacağam.”(Ədəbul-Hüseyn”, səh.18 (birinci çap))
   Və öz böyük babasından belə nəql edir:
   "Allah bəndəsinin imanı nə qədər çoxalsa, həyat yoldaşına məhəbbəti də bir o qədər çoxalar.”("Cəfəriyyat”, səh.90 (tərcüməsi, birinci çap))
   Nə çoxdur elə ailələr ki, kişilərin öz həyat yoldaşlarını sevməmələri və ya bir sıra həyati və evlilik məsələlərinə biganəliyi nəticəsində bir-birindən ayrılmış, yüzlər və minlərlə ailənin həyati bağları qırılmışdır.
   Əgər kamil tədqiqat aparılsa sübut olunar ki, ailə ixtilaflarının çoxunun meydana gəlməsinin mənbəyi qadının və ya kişinin yüngül münasibəti, səhlənkarlığıdır; Halbuki onların hər ikisinin vəzifəsi ömürlərinin axırına qədər islami hüquqlara və dinin əxlaq normalarına riayət etməkdən ibarətdir.
Bir statistik sənəddə belə şərh edilmişdir:
   Ailəvi ixtilafların və qadınların öz ərlərindən nigaranlığının 16-%-i onların zahiri vəziyyəti və geyim tərzi ilə bağlıdır.
22 % bunu göstərir ki, ər-arvadlıq əlaqələrində qadının istəklərinə ehtiram edilmir. Yalnız kişinin istəkləri mühüm sayılır və qadın gərək həmişə ona tabe olsun.
   Qadınlardan üçdə biri bildirmişlər ki, mənim ərimin məhəbbət hissləri barəsində dili laldır. Nəvaziş göstərməyi bilmir. Heç vaxt məni sevdiyini söyləmir.
   Oxucular, onların təcrübəsiz, islamın ictimai-ali təlimlərindən çox səthi məlumatı olan, bəlkə də özlərini (Allah göstərməsin) İmam Sadiq (əleyhissalam)-dan daha müqəddəs hesab edən bəziləri belə təsəvvür etməsinlər ki, bu statistik məlumat qərblilərin və qərbpərəslərin fikridir. Məcburam bəşər aləminin həqiqi rəhbərlərindən və səmavi məktəbin sınanmış müəllimlərindən söhbət açım ki, müqəddəs İslam dininin tarix boyunca insanların həyatının bütün sahələrinə diqqət yetirdiyini, hər yerdə və hər məsələ barəsində proqramı olduğunu və bu gün də müsəlmanların onları yerinə yetirdiklərini bilsinlər.
   Şəhadət məktəbinin təməlini qoyan, fəzilət aşiqlərinin ilkini olan, şəhidlərin seyyidi Həzrət İmam Hüseyn (əleyhissalam) atası Əliyyibni Əbi Talib (əleyhissalam)-dan, Allah elçisinin belə dediyini rəvayət etmişdir:
"Sizlərdən hər birinizin həyat yoldaşı sizin üçün bəzənib hazırlaşdığı kimi, siz də həyat yoldaşınız üçün bəzənib hazırlaşın.”("Əşəsiyyat”, səh.26)
   İslamda müstəhəbdir ki, ailənin böyüyü yemək işlərində də öz ailəsinin, həyat yoldaşının istəklərini nəzərə alsın. Hədisdə buyurulur:
   "Mömin şəxs yeməkdə zövcəsinin, əhl-əyalının istəyinə diqqət yetirir, ancaq münafiq öz istəyini mühüm sayır.”
   Öz şəhvətini ailənin istəklərindən üstün tutmaq təkcə yeməyə, çörəyə, suya və s. aid deyildir; hər işdə və şəri əməldə təkid olunur ki, həyat yoldaşının istəklərinə dərin diqqət yetirilsin.
   Biz və bütün xalq İmam Hüseyn (əleyhissalam)-ın yalnız feyzlə dolu şəhadət məktəbinə diqqət yetiririk, amma onun dəyərli təlimlərinin digər sahələrindən xəbərsizlik və ya az xəbərimiz var. Halbuki bu barədə də onun qurucu və ibrətli sözləri vardır.
   Öz böyük babasından rəvayət etmişdir:
"Əgər bir kəs öz zövcəsi ilə yaxınlıq etmək istəyirsə, bu işdə tələsməməlidir və onu da tələsdirməməlidir.”("Cəfəriyyat” (tərcüməsi), səh.95)
   İmam Mühəmməd Baqir (əleyhissalam) buyurub: "Möminin məşğuliyyəti üç şeydir:
   Öz həyat yoldaşından bəhrələnmək və ləzzət almaq, öz din qardaşları ilə zarafat etmək, xoş danışmaq və gecə yarısı Allaha ibadət etmək.”("Biharul-ənvar”, 100-cü cild, səh.120)
   Həzrət Musəbni Cəfər (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etmişdir ki, o Həzrət belə buyurmuşdur: "Allah biz Əhli-beytə bir çox xasiyyətlər və özünəməxsusluqlar bəxş etmişdir ki, öz zövcələrimizə əlaqə və məhəbbət o cümlədəndir.”(Yenə orada, səh.226)
   Nə yaxşı olardı ki, bu söhbəti heç vaxt yaddan çıxmayan bu cümlə ilə bitirim və bu sıradan müfəssəl bir hadisi oxuculara təqdim edim:
   Əqli-küll, külli-əql olan və varlığın sərvərin sonuncu Peyğəmbərdən belə rəvayət olunmuşdur:
   "Kişinin zövcəsinə dediyi: "səni sevirəm” sözü onun qəlbindən (yadından) əsla çıxmaz." ("Vəsailüş-şiə”, 14-cü cild, səh.10)

Category: Exlaq | Baxış: 1412 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]