Cümə günü, 2024-04-19, 9:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Avqust » 16 » Günahlarin duaya təsiri
5:03 AM
Günahlarin duaya təsiri
 
Günahlarin duaya təsiri

Hər sənətkar öz sənətini sevir. Valideyn övladı, bənna tikdiyi binanı, müəllim tələbəni və sair. Bu sevgidə sevənin paklığı nə qədər çox olsa, məhəbbəti bir o qədər çox olacaq. Bütün kainatı xəlq etmiş böyük Yaradan da öz yaratdıqlarını, xüsusilə insanı sevir. Allah-Təala mütləq paklıq olduğu üçün insana olan məhəbbəti də vəsf olunmaz dərəcədə çoxdur. Bu məhəbbətin, yəni Allahın əziz bəndəsinə olan bu sevginin əlamətləri Qurani-Kərimdə müxtəlif üslublarla və müxtəlif mövzularda öz əksini tapmışdır. Allahın insanı cəhənnəmdən uzaq olmağa və cənnətə yaxınlaşmağa dəvət etməsi, səadətin yollarını insana göstərməsi, bədbəxtlik amillərini bəyan etməsi və başqa bu kimi məsələlər, Allah-Təalanın öz bəndəsinə olan sevgisindən xəbər verir. Qurani-Kərimdə bu məhəbbəti göstərən mövzulardan biri də Allahın öz bəndəsini dua etməyə, yəni Özü ilə ünsiyyətə dəvət etməsidir. Allah-Təala, o böyük və əzəmətli Xaliq heç nəyə, heç kimə ehtiyacı olmayan o mütləq qəni, biz zəif, biçarə və təpədən dırnağa ehtiyac içində olan bəndələrini dua etməyə, yəni Özü ilə söhbət etməyə çağırır. Bu çağırış Qurani-Kərimin bir çox ayə və surələrində bir neçə üslubda öz əksini tapmışdır. Bir surəyə baxırsan, görürsən son dərəcə mehribanlıqla peyğəmbərlərinə bildirir ki, Mən bəndələrimə çox yaxınam və dua etməkləri haman mənim qəbul etməyim də haman.

Digər surəyə baxıb görürsən birbaşa bütün bəndələrə xitab edərək, buyurur: «Allahın fəzlindən istəyin».

Başqa bir surədə isə duası qəbul olunmuş bəndələrindən nümunələr göstərir və bizə başa salır ki, bu, sırf dəvət deyil, «Mən sizdən əvvəlkilərin də duasını qəbul etmişəm».
Ayrı bir surədə isə duadan uzaqlaşmış şəxsləri öz əzabı ilə hədələyir.

Bütün bunlar sonsuz dərəcədə böyük və əzəmətli varlığın, sonsuz dərəcədə kiçik və cılız varlığı Özü ilə ünsiyyətə və təmasa şağırmasının Quranda əksini tapmış bariz nümunələridir. Yeri gəlmişkən, dua təkcə nəticə əldə etmək üçün vasitə yox, həm də məqsəd və hədəfdir. Bir nəfər bir böyük məqam sahibinin hüzuruna ehtiyacını dəf etmək üçün gedir, digəri isə o böyük şəxsiyyətin böyüklüyünə, gözəlliyinə və paklığına görə, məhz onu görməyə gedir. Allah-Təala sonsuz və bitib-tükənməyən imkanlara malik olduğu kimi eyni halda nəhayətsiz gözəlliyə, əzəmətə və nura sahibdir. Odur ki, hər kəs öz səviyyəsinə görə o ulu Tanrıdan feyz alır. Kimisi öz ehtiyacı üçün onun qapısına gedir, kimisi də sırf o Yaradanla ünsiyyət və ülfət qurmaq üçün dua edir. Bu müqəddimədən məlum oldu ki, Allah-Təala ilə ünsiyyəf qurmaq, yəni dua etmək böyük ibadətlərdən biridir.

Bəs bu böyük neməti əldə etməyə bizə nə mane olur? Hansı amillər insanları qoymur ki, öz Yaradanı, Xaliqi və neməf mənbəyi olan Allah-Təala ilə yaxından tanış olsun. Biz bu kiçik məqalədə bu böyük və geniş suala cavab tapmaq istəyəcəyik.

Allah ilə söhbət etmək, ona dua etmək və ondan nəsə diləmək istəyində olan şəxsin ilk növbədə Allaha inamı və imanı olmalıdır. İman və inamı isə saleh və layiqli əməllər yüksəldir, qəbul mövqeyinə çatdırır. Qəbul olduqda isə iman və inam möhkəmlənərək insanda yəqin əmələ gətirir. Əgər insan əksini yaşasa, yəni saleh əməllər etməsə, bu zaman iman zəifləyər və nəticədə Allaha olan yəqin də azalar. Allaha yəqini olmayan şəxsin isə dua etməsi ağlabatan deyil. İnsan kiməsə inanmağa, daha doğrusu kiminsə mövcudluğuna şəkk etsə, onunla söhbət etməyin mənasız və əhəmiyyətsiz olduğuna inanmağa başlayacaq. Əgər insan Allahı az tanısa, Onun mehriban, səbirli rəhimli, vəfalı, duanı qəbul edən, öz bəndəsini sevən olmasına inanmasa, onunla ünsiyyətə can atarmı?

Hələ bu, saleh əməllərin olmadığından doğan amildir. İndi gəlin təsəvvür edək ki, insanın saleh əməllərlə məşğul olmamagı bir yana, hətta günah işlərlə də məşğul olur. Bu zaman Allaha inamın nə qədər azalmasını anlamaq çətin deyil. Qurani-Kərim bu anlamı bizə verir və günahkarların kafirlik həddinə çatmaq imkanını bizə çatdırır. Bu müqəddəs kitab bizə nümunə, daha doğrusu ibrətamiz nümunə göstərərək buyurur ki, günah işlərlə məşğul olanların aqibəti onların kafir olması ilə nəticələndi. Demək, dua etməyə mane olan səbəblərdən biri və ən əsası günah işlərlə məşğul olmaqdır. Günah işlər çoxaldıqca iman azalır, iman azaldıqca isə insan Allah ilə ünsiyyətdən qaçır. Sual yarana bilər ki, nə üçün günahın duanın qəbul olmasına deyil, dua etməyə manе olmasmdan bəhs edirsiniz?
Əlbəttə, günahların duanın qəbul olunmasına mane olması islami bilgilərdə aktual mövzulardandır. Bu barədə çoxlu hədislərin olması göz qabağındadır. Biz bu kiçik məqalədə o böyük hədislər toplusundan bir sıra nümunələrlə kifayətlənirik. Həzrət Peyğəmbərdən(s) soruşdular: Bir halda ki, Allah-Təala "Məni sağırın qəbul edim" ayəsini buyurub, bəs nə üçün bizim dualarımız qəbul olunmur? Peyğəmbər(s) buyurdu: On şey sizin qəlblərinizi öldürmüşdür.

1 - Allahı tanıdığınız halda bəndəlik vəzifələrini yerinə yetirmədiniz. 2 - Quranı oxudunuz, lakin ona əməl etmədiniz. 3 - Peyğəmbərlə(s) dost olduğunuzu iddia etdiniz, lakin onun övladları ilə düşmənçilik etdiniz. 4 - Şeytanla düşmən olduğunuzu iddia etdiniz, lakin onun əmrlərinə tabe oldunuz. 5 - Dediniz behişti sevirik, lakin bu yolda heç bir iş görmədiniz. 6 - Dediniz cəhənnəmdən qorxuruq, lakin öz bədənlərinizi ona atdınız. 7 - Camaatın eyiblərinə məşğul olub öz eyiblərinizdən qafil oldunuz. 8 - Dünyaya düşmənçilikdən dəm vurdunuz, lakin mal-dövlət toplamağa məşğul oldunuz. 9 - Ölümü etiraf etdiniz, lakin ona hazırlaşmadınız. 10 - Ölüləri torpağa tapşırdınız, lakin ibrət almadınız. Bu səbəblərə görədir ki, sizin dualarınız qəbul olunmur.

Başqa bir hədis isə çox təkid və şiddətlə haram yeməyi qadağan edərək, duanın qəbul olmamasının əsas səbəbinin haram qazanc olduğunu bildirir. Və ya hədisdə vardır ki, Peyğəmbər(s) buyurmuşdur: Əgər yaxşılığa dəvət və pisliklərdən şəkindirsəydiniz, Allah sızə bərəkət verərdi. Əks təqdirdə isə nə qədər dua etsəniz də, faydası olmayacaq. Hədisdə vardır ki, acı dil adamların duası qəbul olunmaz. İmam Sadiqdən (ə) nəql olunur ki, üç nəfərin duası qəbul olunmaz:

1 - Əgər bir kişiyə Allah mal-dövlət verə və o həmin malı layiqsiz və lazım olmayan yerdə xərcləyə. Sonra isə "İlahi mənə ruzi ver" deyərək dua etsə, duası qəbul olunmaz.

2 - Əgər bir kişi öz həyat yoldaşına nifrin edərək istəyə ki, Allah onu o qadının əlindən rahat etsin. Halbuki, onun təlaqı onun əlindədir.

3 - Əgər bir kişi öz qonşusuna nifrin edə. Halbuki, Allah Təala onun asayişi üçün yol qoymuşdur və o yol bundan ibarətdir ki, öz evini satıb başqa yerə köçsün.

Bunlar kimi bir çox hədislər duanın qəbul olunmasına aiddir və şübhə yoxdur ki, günahlar duanın qəbul olunmasına böyük maneədirlər. Lakin bizim bu bəhsi ümumiyyətlə dua etməyə yönəltməyimizin səbəbi var. Bir sıra hədislər vardır ki, o hədislərdə bizə çatdırılır: Əgər dua etməyə müvəffəq olmusunuzsa, demək qəbul olunmusunuz. Mərhum Əllamə Əl-Mizanda yazır: "Allal Təala buyurur ki, dua edin qəbul edim və əlavə heç bir şərt qoymur. Bundan məlum olur ki, duanın qəbul olunmasının şərti elə bu ayədən başa düşüləndən ibarətdir. Ayədən isə iki şərt anlaşılır. Birincisi, həqiqətən istəmək lazımdır. İkincisi isə, Allahdan istəmək lazımdır. Əllamənin dediklərindən məlum olur ki, bu iki şərtin hər ikisində günahdan kənar olmaq şərtdir. Çünki əgər insan nəyisə həqiqətən istədiyini sübut etmək istəyirsə, bunun iki yolu vardır. Ya o qədər ixlaslı, sədaqətli və pak olmalıdır ki, dua edən kimi qəbul olunsun. Ya əgər belə məqama malik deyilsə, o qədər israrla və çox dua etməlidir ki, özündə ixlas yaransın. Məlumdur ki, günahın insan ruhunda qoyduğu mənfi təsirlər onun dua etməsinə böyük maneədir. Necə ola bilər ki, Allahın əmrlərinə itaət etmədən və onun düşməni olan şeytanın göstərişlərinə boyun əyərək Allahdan nəsə diləyəsən?
Günahı çox olan insan ya xəcalətdən, ya qəlbinin qəsavətindən, ya da günah ilə dua etmək vaxtının toqquşduğundan dua etməkdən vaz keçir. Günahın ləzzətinə öyrənmiş ruh, paklıq mənbəyi olan Allaha dua etməkdən çəkinən olur. Odur ki, günaha davam edən adamın dua etməyə nə həvəsi, nə də hövsələsi olur.

İkinci şərtə yəni yalnız Allahdan istəməyə gəldikdə məlumdur ki, insan ruhu günahlardan uzaqlaşdıqca, ilahiləşir və hər bir imkanın Allaha bağlı olduğunu dərk etməyə başlayır. Bu zaman başa düşür ki, Allahın izni olmadan heç nə və heç kim heç nəyə qadir deyil. Belə bir dərkə malik olan ruh Allahı qoyub onun yaratdıqlarına könül bağlamaz. Demək, dua edə bilmək özü də bir nemətdir və hər kəsə nəsib olmur. Əli(ə) buyurur: "Dua etməyə müvəffəq olan duasının qəbul olunmasından məhrum olmaz."
 
Category: Exlaq | Baxış: 941 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]