Cümə günü, 2024-11-22, 1:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 10 » Günahları külə döndərmək fürsəti
10:47 AM
Günahları külə döndərmək fürsəti
image

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi, sizə də fərz edildi ki, bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz!?” (Bəqərə surəsi, ayə 183)

Hava yavaş-yavaş qaralır. Məğrib azanının duyulmasına dəqiqələr qalır. Kimisi indi yol gedir, kimisi namaz üçün dəstəmaz alır, kimisi Ramazan süfrəsinin arxasında ailəsi ilə birlikdə əyləşib əllərini dua üçün açıb, kimisi... Hamı mübarək Ramazan ayında növbəti iftaretmə mərasiminin açılışının həsrətindədir. Qulaqlar səsdədir... İndi azan sədaları duyulacaq...

Qədəmlərin mübarək- mahi Ramazan!

Mübarək Ramazan ayı- hər il olduğu kimi coşquludur, bu ayın mübarəkliyi, nuraniyyəti bu ayın əhalisinə sirayət etməkdədir. Qəlblər Ramazan təravətini duyur, behiştin ətri bu mübarək ayda möminləri bihuş edir. Behiştin qapıları açıqdır- çünki mübarək Ramazan ayında. Ötən ilki Ramazan mübarəkliyindən bir il ötür. Möminlər növbəti Ramazan ayına qədəm qoyurlar. Qədəmlərin mübarək olsun- ey ümmətin ayı.

Ümmətin ayı.

Allah-Təalanın Rəsulu Həzrət Peyğəmbərimiz (sallallahu əleyhi və əlihi və səlləm) bir hədisi şərifində, Ramazandan əvvəlki iki ayı- Rəcəb və Şaban aylarının Allahın və Özünün (s) ayı olduğunu bildirir. Rəcəb və Şaban aylarında bu hədisi-şərif çox səsləndirilib. Rəcəb və Şaban əhli bu hədisə bələddir. Peyğəmbərimiz (s) buyurur ki, Rəcəb ayı Allahın ayıdır, Şaban isə mənim ayımdır. Amma, Ramazan ayı haqqında- Həzrət (s) "ümmətin ayı” buyurur. Bəs görəsən, nə üçün Peyğəmbər (s) bu ayı ümmətin ayı hesab edir. Özəllik və nuraniyyət nədir bu ayda?

Şeytan zəncirlənib.

Hədisdə buyurulub ki, şeytanı Allah-Təala bu ayda- Ramazan ayında zəncirləyər, fürsət verməz ona ki, möminlərə bu ayda müsəllət olsun. Diqqət ediləsi məqam odur ki, bu ayda Allah-Təala şeytanı zəncirləyib, amma, nəfslə bizi baş-başa buraxıb. Sual oluna bilər ki, şeytan zəncirlənibdirsə, insan niyə bu ayda günah edir? İçki içən içkisini içir, qumarbaz qumarında, oğru oğruluğundadır? Cavabında deyə bilərik ki, bu ayda zəncirlənən şeytandır. İnsan öz nəfsiylə bu ayda da, mübarizə və cihaddadır.

Allah Mütəal bu xüsusa xüsusi diqqət ayırır və çox aktual olan bir məsələni, Ramazan ayında da, aktual edib. Zatən, insan günahkar məxluqdur, amma Allah-Təala ona günah etmək üçün icazə veribsə də ki, o günahın qarşısını almaq üçün vasitələr də, əta eləyib. Allahın icazəsi var- insanın günah etməsində.

Məsələn insan göz zinası edir. Allah bu gözü ona verib və ona bu qabiliyyəti, istedadı da, verib. Gözünə bunu qadağan etməyib. İnsanın gözünü özünün ixtiyarına verib, onu (insanı) faili-muxtar yaradıb. Amma, razılığı yoxdur bu günahda və digər günahlarda.

Amma, bununla yanaşı da, Allah-Təala insana göz zinasından qaçınması üçün ağıl və dərrakə də, əta edib. İnsanı əzmkar yaradıb, insanı mübarizələrin içinə atıb, onu mücahidanə edib. Amma, əlinə silah da, verib. Təqva silahı, iman silahı. İnsan mücahiddir və mücahidlik ayı olan Ramazanda daha çox mücahid olmalıdır.

Nəfslə bu ayda da, baş-başa buraxılmışıq. Demək, Allah üçün nəfslə cihad və mübarizə mövzusu- dediyimiz kimi, çox aktual mövzudur. Əsl qlobal problem nəfslə bağlı olan problemdir.

Əslində Allah şeytanı zəncirləyib ki, biz bir ay fürsətcil olaq, imkanı qənimət bilək. Bir ay çox böyük müddətdir. Bir məsəl var, deyirlər ki, insanın bir işə vərdiş etməsi üçün qırx gün gərəkdir. Bir ay da demək olar. Bir ay ərzində nəfsi saflaşdırmaq, niyyətləri və qəlbləri gözəlləşdirmək, əməlləri rövnəqləndirmək mümkündür.

İnsanın özünü islah etməsi.

Ramazan mədənin boş tutulması ayı deyil. Bəzi adamlar "nəfs” deyəndə, ağıla ilk olaraq mədəni-qarını gətirir. Məsələn, çox yeyən şəxsə "nəfsini saxla” deyirlər. Və yaxud, çox yeyən şəxs "nəfsimə aldanıb, çox yedim” deyir. Bəziləri də, "şəhvət” deyərkən, ancaq ağıla şəhvani hissi gətirir, qadına münasibətdə insanda olan hiss. Amma, əslində "nəfs” sözü ərəb sözüdür və mənası "öz” deməkdir. Allahın Quranda nəfsinizi öldürün” deməsindən məqsəd, insanın nəfsi-əmmarəsinə, yəni insanı zəlil edən, günahlara, çirkaba çəkib aparan nəfsinə, özünə qarşı cihad etməsi nəzərdə tutulur. İnsanın ən təhlükəli rəqibi elə özüdür. O "öz” ki, iblisi də - o bir vaxt abid və itaətkar olduğu halda dindən-imandan etdi.

"Şəhvət” isə, əslində bizim nəfs deyərkən başa düşdüyümüz mənadır. Yəni, nəfsani diləklər, arzular. İnsanı hər nə günaha çəkir aparırsa, o şəhvətdir. O hiss insanın "öz”ünün bir tərkibatıdır. İnsanın özündə gizlənib şəhvət. Ramazan ayında nəfs- şəhvani istəkləri ram etməlidir insan. Dil bilməyən bütün heyvanları ram etmək mümkündür. Bunun dəfələrlə şahidi olmuşuq. Ayını islah edib velosipedə mindirirlər, meymunu oynadırlar, topu verirlər pişiyin əlinə ki, oynasın və s. Amma, insanı islah-ram etmək çox çətindir. İnsan şiri islah edir, özünü yox.

Mədəni boş tutmağa çalışanlar.

Uşağa da, sual verəsi olsaq ki, Ramazan ayı nə ayıdır, deyəcək bu ayda ac qalmaq lazımdır. Amma, bu ayda qidadan deyil, günahdan ac qalmaq lazımdır. Mədəni boş tutmaq sadədən də, sadədir. Məsələn, pəhriz saxlayan insanlar- hansı ki, biz buna "dieta” deyirik- mədəni boş saxlamaqda mahirdirlər. Onlar artıq, bu mənaya gələn nəfslərini ram ediblər. Onlar üçün çox asandır, mədə onların əmrindədir. Heç ibadət və zöhd əhli deyillər. Sadəcə məqsəd arıqlayıb normal hala gəlməklikdir. Yəni, mədəni boş tutmaq asandır. Ramazanda önəmli olan və çətin olan- mədənin yox, digər üzvlərin oruc olmasıdır. İnsanın gözü, qulağı, ağzı, əli-ayağı oruc olmalıdır. İnsan bu üzvlərlə günahlar edir. Niyyəti də, bura daxil etmək olar.

Ramazan ayında hər dəfə zikr etdiyimiz bir oruc ayəsi var. Allah buyurur ki, "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi, sizə də fərz edildi ki, bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz!?” ("Bəqərə” surəsi, ayə 183) Yəni, Allah orucu vacib edir ki, biz pis əməllərdən çəkinib təqvalı olaq. Bu, orucun fəlsəfəsi bəhsinə aiddir, amma burada kiçik işarə edirik. Allah əvvəlki ümmətlərin də, günahlardan çəkinməsini istəyib, bu ümmətin də. Oruc dieta deyil ki, ona riayət edib ac qalasan, mədəni boş tutasan.

Allah çox mərhəmətlidir. Baxın, istər Ramazanın orucu olsun, istərsə də, digər müstəhəb və s. oruclar olsun- Allah-Təala bilmədən qidalanan şəxsin orucunu sınmamış sayır, çünki bilmədən, unutqanlıq üzündən olub. Günah mövzusunda da, Allah eyni müamilənin yiyəsidir. Yəni, bilərəkdən insan günah edirsə, Allah mələkə əmr edir ki, yazsın bu günahı. İnsan isə elə hey bilərəkdən sadalanan üzvlərlə çox günahlar edir. Nədir əlin orucu? İnsan əliylə günah etməsin. Yəni, ələ sahib çıxmaq lazımdır. Əl neməti verilib ki, lazım gərəkən yerlərdə onu istifadə edəsən. Düzdür, Allah əli ixtiyarımıza verib, istehsalı Allahdan, istifadəsi bizdəndir. Amma, əlbəttə ki, hər harda gəldi- onu istifadə etmək olmaz.

Zatən, şükr etmə bəhsində- müqəddəs Əimmeyi-Əthar (əleyhimus-salam) həzrətlərindən hədislər var ki, insanın nemətə şükr etməsinin ən gözəl yolu, insanın bu neməti təyinatı üzrə istifadə etməsidir. Yəni, təyin olunmuş qaydada və buyurulan yerə. Təyin edən kimdir- əlin Sahibi, əsl Sahibi, yəni, Allah. Məsələn, əllə Quran götürdünsə, demək nemətə şükr etdin, sənin olmayan əşyanı götürdünsə- oğurluq etdinsə- bu nemətə naşükürlük oldu.

Dilin orucu nədir? Dili yalandan, qeybətdən, təhqirdən, söyüşdən, pis sözlər danışmaqdan saxlamaq. Bu da, dilin orucudur. Şükr etmə bəhsinin "neməti təyinatı üzrə sərf etmə” babı- bu mövzuya da, aiddir. Eyni mövzudur. Eləcə də, qulağın, ayağın orucu da, bunun kimidir.

Günəşin səhranı yandırması misalı.

Həzrət Peyğəmbər (s) Ramazan sözünün mənasının "yandırmaq” olduğunu buyurublar. Bu söhbətləri çox duymuş, çox hədis, ayə dinləmişik, oxumuşuq deyə, daha bu mövzunun dərinliyinə getmirik. Amma, yandırma məsələsi mütləq çatdırılmalıdır. Günəş səhranı yandırıb onu qızmar etdiyi kimi, Ramazan da, yandırır. Bu sözün mənası budur, bu sözdə bu hikmət, bu mənada gizlənmişdir. Ramazan günahları yandıran aydır. Yəni, insanın əlinə gözəl fürsətlər verib Allah. Ramazan- günahları külə döndərmək fürsəti verir insana.

Hər bir şeyin zahiri və batini mənası var. Ramazanın batini bundan ibarətdir. Zahirdə oruc tutmaqdır. Sübh azanından tainki, məğrib azanı verilir- insan oruclu qalmalıdır, dilinə qida dəyməməlidir. Bəs, dilinə qeybət dəyməlidirmi? Bəs, gözü naməhrəmin çılpaqlığını imkan bilib ona tamaşa etməlidirmi?

Quran ayəsi buyurur ki, qeybət etməklik ölmüş qardaşın ətini yeməkliyə bərabərdir, onun mislindədir, ölüçsündədir. İndi bir kəs qeybət edibsə, deməli onun dilinə ət dəyib, boğazından ət keçib, özü də ki, insan əti, özü də ki, ölmüş qardaşın əti. Heç ikrah etməzmi insan? İnsan nə qədər nəfsinə qarşı zülmkardır ki, Allah belə misallar çəkir onun üçün ki, bəlkə, doğru yola gələ.

Bəli, qeybətdə də, bir zahirlik və bir batinlik var. Zahiri məlum: kiminsə haqqında kiməsə diktə edirsən, amma batinini Allah necə açıqlayır? Xırda görünən bir əməl- sən demə, arxasında nələr gizlənib bu əməlin. Bir tragediyadır bu. Bir dəhşətdir bu.

Arifləri meraca qaldıran.

Ariflər merac əhlidirlər. Yəni, "namaz möminin meracıdır” anlamındakı meracdan danışıram. Onlar seyri-süluk, mukaşifə əhlidirlər. Bu məqama yetmələri üçün, əməlin, işin batininə nüfuz etmələri çox önəmli olub. Ariflər bunu məsləhət də, biliblər. Təqva, zöhd, kamillik- onların dillərindən düşməyən, əsərlərindən əskik olmayan bəhslərdir.

Onlar batinə nüfuz ediblər və Ramazan ayı, nemətlərlə dolu bir mübarək ay- onların kamala yetmələrində xüsusiylə rol oynamışdır. Ramazan ayında təqvalı olmağa, gözəl işlər görməyə, tövbələr edib günahların bağışlanmalarını diləməyə- çox dəvət etmişlər insanları.

Gərək, ümmətin ayında ümmət özünü düzəltsin, islah eləsin. Bir-biri üçün dualar eləsin, hacətlər diləsin. Əvvəl qonşunu sonra özünü dual etsin. Bu, Əhli-Beytin (ə) yoludur. Peyğəmbərin (s) izidir.

Allah-Təala, bu mübarək ayın feyz və bərəkətindən, ziyasından, hər gün məğrib qabağı Ramazan süfrəsinin arxasında əyləşib azanın verilməsini gözləyən, intizarda olan insanların dualarını, ibadət və itaətlərini dərəcəyi-məqbula yetirsin!

Allah-Təala, bizləri dünyada və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın ki, biz həlak olmayaq! Amin!

ihq.az

Category: Exlaq | Baxış: 1405 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]