Bazar ertəsi, 2024-04-22, 4:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 12 » GÜNAH ETMƏYƏ MARAQ
11:51 AM
GÜNAH ETMƏYƏ MARAQ
 
GÜNAH ETMƏYƏ MARAQ

İnsanda günah etməyə olan maraqları tanımaq üçün bəzi mətləbləri aydınlaşdırırıq.

İNSANIN GÜNAHLA BAĞLI TƏRİFİ

1. İnsanda bəzi xislətlər vardır ki, onları tanıyıb onlardan düzgün şəkildə istifadə etmək lazımdır. İmam Əli (ə) buyurur:
«Allah-təala mələklərə ancaq əql verdi (onlar həmişə Allaha ibadətlə məşğuldurlar), heyvanlara isə ancaq qəzəb və şəhvət verdi.

وَشَرَّفَ الاِْنْسانَ بِاعْطاء الْجَميعِ

Amma insana onların hamısını (əql, şəhvət, qəzəb) bağışlayıb, onu şərəfli bir məxluq etdi.»
Əgər insan öz əqlinin istəklərini yerinə yetirsə, onun Allah yanında mənəvi məqamı mələklərdən də üstün olacaqdır, çünki insanda qəzəb və şəhvət olduğu halda, əqlinin dediklərini yerinə yetirib; yox əgər qəzəb və şəhvətinin istəklərinə tabe olsa, onda heyvanlardan da aşağı səviyyədə olar, çünki o, ağlı olan halda qəzəb və şəhvətin istəklərini yerinə yetirib. Quranda öz əqlini bir yana qoyub ancaq heyvani qərizələrdən bəhrələnən insanlar haqqında belə oxuyuruq:

اُولئِكَ كَالاَْنْعامِ بَلْ هُمْ اَضَلُّ سَبِيلاً

«Heyvan kimi şeydir onlar, yox heyvandan da betərdilər, doğru yoldan daha uzaq düşüblər».["Əraf" 179]
2. Din alimlərinin dediklərinə əsasən, insanda üç qüvvə vardır ki, günaha zəmin yaradır.
a) Şəhvət qüvvəsi. Bu qüvvədən düzgün şəkildə istifadə olunmazsa, insanı fəsada və çirkab bataqlığına tərəf yönəldib onu batırar.
b) Qəzəb qüvvəsi. Bu qüvvə insanın qəzəblənməsinə səbəbdir. Qarşısı alınmazsa, insanı başqalarına zülm, təcavüz və əziyyət etməyə vadar edər.
v) Vəhşiyyə qüvvəsi. Bu qüvvə insanı özünü uca tutmaq, bütün şeyləri özü üçün istəmək, başqalarının hüququna təcavüz etmək və bu kimi günahlara yönəldir. Günahların mahiyyəti, yaranma səbəbləri haqqında bir az fikirləşsək, onda görərik ki, onların (hamısı da olmasa) çox hissəsi bu üç qüvvədən bəhrələnir. Bu üç qüvvə insanın vücudunda zəruridir. Lakin əgər onlardan düzgün istifadə olunmasa, istənilən qədər günahların meydana gəlməsinə zəmin yaradacaqlar. Mətləbin daha da aydınlaşması üçün bu misala diqqət yetirin:
Çayın suyu bağlar və əkin sahələri üçün həyat rəmzidir. Əgər çayın qarşısında bir bənd düzəldilsə və çayın suyu o bəndə yığılsa, bu halda suyun heç bir zərəri yoxdur. Əksinə suya ehtiyac olan zaman ondan istifadə edəcəyik. Amma əgər çayın qarşısında bənd düzəldilməsə, şübhəsiz, sel gələndə bütün evlərə, bağlara və əkin sahələrinə ziyan vuracaqdır. İnsan da belədir. Qəzəb qüvvəsi onun üçün lazımdır ki, özünü qoruya bilsin. Eləcə də şəhvət qüvvəsi təbii istəklərə cavab vermək və nəsil artırmaq üçün lazımdır. Lakin bu iki lazımlı qüvvə öz hədlərini aşsa və onlardan düzgün istifadə olunmasa, cəmiyyətdə çoxlu cinayətlər və cinsi əxlaqsızlıqlara səbəb olacaqlar.

Nəticə:
Yaşadığımız cəmiyyəti və yaxud özümüzü günahdan təmizləmək istəsək, gərək nəfsin istəklərindən və heyvani xislətlərdən düzgün yolda istifadə edək. Qeyd etmək lazımdır ki, bu kimi qərizələri normal hala salıb adiləşdirməyin əhəmiyyətini digər iş və xarakterlərin formalaşmasında da görürük.

QƏLBİ SAĞLAM SAXLAMAQ

Quranda və çoxlu hədislərdə insanın qəlbindən danışılmışdır. Qəlb dərkedici hisslərin, idrak qüvvəsinin mərkəzidir. Yaxşı işlər sağlam qəlbdən, pis işlər isə qəlbin çirkinliyindən xəbər verir. Biz insanlar Allaha ibadət etmək və günahlardan qorunmaqla yanaşı, öz qəlbimizin sağlamlığı ilə də məşğul olmalıyıq. Quranda 132 dəfə «qəlb» sözü işlənmişdir. Çoxlu ayələrdə kafirlər, münafiqlər (iki üzlülər) və günahkarların qəlbi möhürlənmiş, xəstə, həddən ziyadə (mənfi mənada) yolunu azmış və bu kimi ibarələrlə qeyd edilmişdir.
«Qəlb» barədə söz çoxdur. Lakin bu mətləbi qeyd etmək istəyirik ki, qəlbimizi təmiz saxlamalıyıq, çünki İmam Sadiq (ə) buyurur:

ما مِنْ مُؤْمِنِ اِلاّ وَلِقَلْبِهِ اُذُنانِ فِي جَوْفِهِ، اُذُنٌ يَنْفُثُ فِيها الْوَسْواسُ الخنّاسُ وَاُذُنٌ يَنْفُثُ فِيهَا الْمَلَكُ...

İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir:
1. Şeytanın vəsvəsə etdiyi yer.
2. Mələklərin daxil olduğu hissə. Ona görə Allah-təala buyurur: «Allah möminlərə ruhun vasitəsi ilə (bir mələyin adıdır) kömək etdi».["Üsuli-kafi"2-ci cild. səh 276. Və "Mücadmlə" surəsi ayə 22]

YAXŞI VƏ PİS NİYYƏT HAQQINDA

Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. Çünki çirkin bulaqdan axan su, çirkin olacaqdır. Bu vaxt suyu təmizləmək istəsək, gərək bulağın suyunu saflaşdıraq. İslam Peyğəmbəri (s) buyurur:
 

نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ
 


«Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür».[Üsuli-kafi"2-ci cild. səh 84  və 125]

Bu hədisin izahında çoxlu nəzərlər vardır. Lakin düzgün nəzər budur ki, insanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.

Mömin şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.

İmam Sadiq (ə) buyurur:
«Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir».
Sonra o həzrət bu ayəni oxudu.

قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ
 


«De (ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür».
Bəhsimizin davamında yemək, dost, mühit və bu kimi amillərin insanın fikrinin formalaşmasında mühüm rolu olduğunu qeyd edəcəyik. Məsələn: Yemək halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa, insanın fikrinin sağlam olmasına səbəb olacaq, yox əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldadırsa, onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərinin sayı artacaq.
İslam dinində yalnız xalis və pak niyyətlə görülən işlər Allah dərgahında qəbul olunur. İslam Peyğəmbəri (s) bu barədə buyurur:

اِنَّ الله لا يَقْبَلُ عَمَلاً فِيهِ مِثْقالَ ذَرَّة مِنْ رِيا

«Allah-təala hətta zərrə qədər riyakarlıqla qarışıq olan işləri qəbul etmir».
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Mömin bir şəxs yaxşı işi niyyət edib amma onu yerinə yetirə bilməzsə, həmin şəxs üçün Allah dərgahında bir savab yazılar (fikrin savabı); və əgər o işi yerinə yetirərsə, on bərabər savab yazılar. Lakin pis işi niyyət edib onu etməzsə, onun üçün heç bir cəza olmayacaqdır».[Cəvaiül-cəme təfsiri,  bu ayənin izahında]
 

MƏHƏBBƏT VƏ ƏDAVƏTİ SAFLAŞDIRMAQ

İnsanın yaxşı və ya pis əməl sahibi olmasının səbəblərindən biri də məhəbbət və ədavət hissləridir. Bir şeyə məhəbbət ona aludə olmağa və bir şeyə ədavət etmək ondan çəkinməyə səbəb olar. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:
وَهَلِ الاْيمانُ اِلاّ الْحُبُّ وَالْبُغْضُ

«Allaha iman gətirmək, məhəbbət və ədavətdən başqa bir şey deyil».
Deməli, insandakı bu iki xüsusiyyət islam dininin qayda və qanunları əsasında formalaşmalıdır (yəni islamın əmr etdiyi şeylərə məhəbbət bəsləməli və çəkindirdiyi əməllərdən nifrətlə uzaqlaşmaq lazımdır). Mətləbin daha da aydın olması üçün aşağıdakı misallara diqqət yetirin:
Evində oturmuş bir şəxs evinə pişik gəldiyini görür. Gələn pişik onun aldığı yarım kilo əti götürüb qaçır. Bu vaxt həmin şəxs qəlbində əti yemək istəyi olduğu üçün pişiyin ardına düşür. Lakin pişiyin küçəyə çıxdığını gördükdə daha onu qovmaq fikrindən dönür və evinə qayıdır. Ona görə ki, onun yarım kilo ətə olan istəyinin həddi bura qədər idi.

Başqa bir misal. Tülkü hinə girib toyuqlardan birini oğurlayır. Ev sahibi tülkünü hətta küçədə də təqib edir, lakin tülkü çöllüyə üz qoyduqda, bu şəxs öz fikrindən yayınır. Deməli, onun bir toyuğa olan istəyi bura kimi idi.

Üçüncü misal: Canavar bir şəxsin tövləsindən bir qoyunu oğurlayır. O, evindən tutmuş çöllüyə qədər canavarın ardına düşür. Amma canavarın gözdən itdiyini gördükdə daha özünə zəhmət vermək istəmir. Bu da onun bir qoyuna olan istəyini göstərir.

Amma yırtıcı bir heyvan körpə uşağını oğurlasa, onun gecəsi-gündüzü olmur. Bütün yerləri axtarır. Hətta uşağının ölüsünü tapmaq üçün də çalışır. Bu da məhəbbətin digər bir dərəcəsidir.

Bu misallarla insanda məhəbbət, nifrət və onun dərəcələri, insanın həyatında nə qədər təsirli olması daha çox aydınlaşır. Çünki insanın bir şeyə nə qədər məhəbbəti olsa, bir o qədər də onu əldə etməyə çalışır. Eləcə də nə qədər bir şeyə nifrətli olsa, bir o qədər də ondan qorunmağa, uzaq olmağa çalışar. İslam dini də məhəbbət və nifrətin insanın gördüyü işlərdə yüksək təsir qoyduğu üçün onların öz qanunları əsasında formalaşmasına çalışır.

Müəllif: Möhsin Qəraəti
 
Category: Exlaq | Baxış: 910 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]