Bazar günü, 2024-12-22, 7:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 20 » GÖZÜN XƏYANƏTi
11:59 PM
GÖZÜN XƏYANƏTi

GÖZÜN XƏYANƏTi


(İslami saytlara istinadən) 

Əmanətə xəyanət o əmələ deyilir ki, gizli şəkildə həyata keçirilər və insan da yanına qoyulan şey və söz əmanətindən icazəsiz istifadə edər. Quranın nəzərincə insanın bütün əza və üzvləri onun yanında əmanət qoyulmuşdur. İnsan da ondan düzgün bəhrələnməli və onu qorumalıdır. Allah buyurur:"Bilmədiyin bir şeyin dalınca getmə! Çünki qulaq, göz, ürək və bunların hamısı, sorgu-suala çəkiləcəklər”. ("İsra”, 36). Həqiqətdə də insanın bütün üzvləri və əzaları onun yanında əmanət qoyulmuşdur. O, da Qiyamət günü bu üzvlərdən düzgün istifadə etdiyinə və onu qoruduğuna görə cavab verəcəkdir. Allahın qoyduğu qanunları aşan hər bir hərəkət bu üzvlərə xəyanət etmək deməkdir.

Allahın insana əta etdiyi nemətlərdən biri də göz nemətidir. Bu üzvü də Allah qanunlarına görə istifadə etmək lazımdır, əks halda Qiyamət günü xəyanət hesab ediləcəkdir.

İnsanın bədən üzvlərinin təkamül yolundakı yeri

Allah Təala Quranın bir neçə ayəsində gözün əhəmiyyətinə işarə etmiş və onu insanın təkamülü yolundakı mühüm vasitə kimi qiymətləndirmişdir. İnsan bilik və elmə yiyələnmək üçün tanıma vasitələrinə ehtiyac duyur. Bu da göz, qulaq və ürəkdir. İnsan hər bir bilik əldə etmək üçün hiss orqanlarına ehtiyac duyur. Əgər insan hər bir hiss orqanını itirərsə, bilik və elmi tanımanın bir hissəsini itirmiş olar. Ona görə deyirlər ki, o zaman ki, insan hiss orqanını itirər, elm və biliyi itirər.

Hər bir hiss orqanı, məsələn, göz insana elm və biliyi özünəməxsus qavramaq qabiliyyətini verir. Ancaq başqa hiss orqanları vasitəsilə onu o cür qavramaq olmur. Ona görə də deyə bilərik ki, bu hiss orqanını əldən verən şəxs təkamül yolunu da əldən verər. Çünki kamala çata bilməz.

İnsanın hər bir tanıma vasitəsi bir növ insan yanına qoyulmuş İlahi əmanətdir. İnsan gözü vasitəsilə görür və bu yolla bəsirətə yol tapır. Allah insanın hər bir üzvlərini və əzalarını adlarla təcəlli etmişdir. İnsanın hər bir üzvü kamal adlarının simvoludur. Hər bir haqq yolçusu onlardan bəhrələnərək, özünü bu kamallara çatdırar. "Ey insan, sən Pərvərdigarına qarşı xüsusi səy və çalışma içindəsən ki, onun görüşünə çatasan”.

İnsanın bu səy və çalışmaları ona görədir ki, insan zatına qoyulan kamalın bütün sifətlərindən istifadə edərək, İlahi görüşə çatsın. Çünki Allah onunla görüşmək üçün insana bu qədər istedad və fürsət bağışlamışdır.

Bildiklərinə əməl etməyin zəruriliyi

Əllamə Seyidəli Qazinin şagirdi olan Ayətullah Behcət həmişə deyərdi ki, əməl vasitəsilə elmin üzərinə elm əlavə etmək olar. Əgər kimsə daha üstün bilik əldə etmək istəyirsə, bildiklərinə əməl etsin.

Bu, o mənadadır ki, hər bir bilik saleh əməl halına düşməyincə insan zatında yerini tapmayacaqdır. Hər bir elm saleh əməl vasitəsilə insan canına nüfuz edər və şəxsiyyətini formalaşdırar. Əgər insan hansı elmi əldə edibsə, bu o zaman həqiqi elm olar ki, şühudi elm halına gəlsin və o zaman həyata keçər ki, insan əldə etdiyi bu elmi əyani olaraq həyata keçirtsin. Bu zaman elm əməl halına keçər.

Əllamə Həsənzadə Amuli buyurmuşdur ki, elm Sədra məktəbinin nəzərincə və Quran ürfanın baxışına görə o zaman elm olar ki, insan zatının bir hissəsi olsun. Bu, o zaman baş verir ki, əldə edilmiş elm həyata keçirilir. Bu da ancaq saleh əməllərlə mümkündür. Belə ki, Allah buyurur: "Yaxşı və saleh iş insanı yuxarı qaldırar”.

Hər bir halda insan kamala çatmaq üçün addım-addım özünü Allaha yaxınlaşdırmağa çalışmalıdır. Hər kim kamala çatmaq istəyirsə, Həzrət Peyğəmbərin (s) getdiyi yolla hərəkət etməlidir. Çünki Həzrət Muhəmmədin (s) Rəbbi - aləmlərin Pərvərdigarı və aləmlərin Rəbbidir.

Gözün xəyanəti

Yuxarıda dediyimiz kimi, insan ilk biliyi göz və qulağı ilə qavrayır. İnsanın qəlbi, beyni o zaman biliyi qavrayır ki, bu iki hiss orqanı məlumatı onlara ötürsünlər. Göz insana kömək edər ki, özünü tanısın. Belə ki, müxtəlif elmlərdə, məsələn psixologiyada isbat edilmişdir ki, insan öz şəxsiyyətini başqa bir məfhumu tanımaqla əldə edir. Ona görə də insan dünyadakı yerini o zaman dərk edər ki, Allahı tanıyar. İnsan Allahı dərk etmək üçün varlıq aləmini dərk etməlidir. Göz və qulağı, qəlbi ilə əldə etdiyi məlumatı səhmana salıb, ümumiləşdirməlidir.

Hədislərdə deyilir ki, özünü tanıma Allahı tanıma ilə əldə edilir. Ona görə də insan özünü tanımamışdan qabaq Allahı tanımalıdır. İnsan o zaman ki, Allahı tanıyır, özünə müraciət edər. O zaman özünü tanımağa başlayar, İlahi rübubiyyəti dərk edər.

Ancaq bəzi insanlar öz kamallarının əksinə hərəkət edirlər. Göz və qulağından özünü və Allahı tanıma yolunda istifadə etmək əvəzinə, kamalın əksindən bəhrələnirlər. Bu da İlahi əmanətə xəyanətdir. Gözün xəyanəti müxtəlif cür baş verir. Şəxs elə rəftar edir ki, guya naməhrəm qadına baxmır. Halbuki, gözünün ucu ilə oğrun-oğrun ona baxır. Bu şəxs əmanətə xəyanət etdiyi üçün bu əməl haram hesab edilir. ("Yusif” 51, 52).

Allah gözün xəyanətini Özünə xəyanət kimi qiymətləndirir. İnsanlardan istəmişdir ki, bu işdən çəkinsinlər. Çünki bu əməl Allahın qəzəbinə gətirib çıxarar ("Ali-İmran” 161, 162), Allah sevgisindən uzaq salar ("İnfaq” 58, "Nisa” 107). Ona görə də onun kamala çatmaq zəminəsi aradan gedər.

Cinayətkarlar və oğrular da öz işlərini gizli şəkildə görürlər. Həqiqətdə insanlardan və onların baxışlarından utanırlar. Ancaq Allaha qarşı bu həyanı göstərmirlər. Allah da onları rüsvay edər və abır-həyalarını aradan aparar ("Nisa” 107, 108).

Gözə xəyanət etməkdən necə xilas olmaq olar?

Gözə xəyanət etməkdən xilas olmağın yollarını Quran bəyan etmişdir. Onlardan biri də hərəkətdə olan yerlərdən uzaq olmaq və nəzərləri aşağı salmaqdır. Allah Təala "Nur” surəsinin 30 və 31-ci ayələrində buyurur: "Mömin kişilərə de: "Gözlərini örtsünlər və namus yerlərini qorusunlar. Bu, onlar üçün daha təmizlikdir. Həqiqətən, Allahın onların nə etdiklərindən xəbəri var”. Mömin qadınlara de: "Gözlərini (naməhrəmə baxmaqdan) örtsünlər, namuslarını qorusunlar və bər-bəzəklərini göstərməsinlər”.Bu ayələrdə Allah göstəriş verir ki, kişi və qadınlar pis baxışlardan çəkinsinlər.

İmam Baqirdən (ə) nəql edilir ki, bir gün ənsarlardan olan bir cavan qadınla üz-üzə gəlir, o qadının çöhrəsi cavanın diqqətini cəlb edir. Gözünü ona dikir. Qadın çıxıb gedir, ancaq cavan gözləri ilə onu izləyir. Gözü arxada getməyə başlayır və dar bir küçəyə çatır, ancaq gözü hələ də o qadının ardınca idi. Qəflətən divarda olan şüşə onun üzünə batır və sifətini paralayır. Qadın gözdən itəndən sonra cavan özünə gəlir. Görür ki, üzü bütün qandır. Paltarına və sinəsinə tökülür. Çox narahat olur və öz-özünə deyir ki, mən gərək Peyğəmbərin (s) xidmətinə gedəm və bu macəranı ona danışam. Peyğəmbər (s) onu görəndə soruşur ki, nə olub? Cavan macəranı danışır və bu zaman həmin ayələr nazil olur.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs gözünü haram və həvəs gətirən baxışla doldurarsa, Allah Qiyamət günü onu atəşlə doldurar. Məgər o halda ki, tövbə edər və o (yanlış) yoldan qayıdar”.

Həmçinin günahı tərk etməyin faydalarına diqqətlə etməklə günahı tərk etmək olar. İmam Əli (ə) buyurur: "Gözlərinizi (haramdan) bağlayın ki, (məna aləmini) müşahidə edəsiniz”. Həzrət İmam Sadiq (ə) buyurur: "O kəs ki, (naməhrəmə) baxmağı Allaha görə tərk edər, ardınca Allah ona imanın şirinliyini dadızdırar”.

Əgər insan özünü Allah dərgahında hiss edər və belə qəbul edər ki, dünya Allahın dərgahıdır və Onun bütün sirlərə agah olduğunu da bilərsə, rəftarını dəyişər. Allahdan həya edər və onun dərgahında günah etməkdən çəkinər.

Həzrət Əlidən (ə) soruşurlar ki, haramdan (baxışdan) necə çəkinmək olar? O, cavab verir: "Sənin gizli əməllərinə agah olan Sultanın əmrlərini yerinə yetirərək və ona itaət edərək”. Allah Quranda buyurur: "Allah gözlərin xəyanətindən agahdır”.Bu ayənin təfsirində oxuyuruq: "Yəni o baxışlar nəzərdə tutulur ki, insan baxarkən, özünü elə göstərir ki, guya baxmır, ancaq Allahın bu (çirkin) baxışdan da xəbəri vardır”. 

Hazırladı: Məşhədi Xanım,

/deyerler.org

Category: Exlaq | Baxış: 1145 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]