Bazar günü, 2024-12-22, 5:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Mart » 16 » Fitri hidayət
8:37 PM
Fitri hidayət

Fitri hidayət

       Bu hidayət növü insanlara məxsusdur. İnsanda elə bir fitri güc vardır ki, onu öz varlığının son qayəsi olan kamillik məqamına doğru hidayət edir.
         İnsan üçün ən uca və önəmli hidayət onun fitrətində olan Allah istəyidir, insan həmin istək ilə həm Allahı tanıyır, həm də Ona ilahi bir qüdrət kimi pərəstiş etməklə öz əxlaqını kamilləşdirir. İnsan Allahın hökmü ilə hidayət olunur, hidayət nuru bəşərin fitrətində vardır.
         Rum sürəsi, 30-cu ayədə deyilir:
         (Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlıq kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dinin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə – bütpərəstliyə uymuşlar.)
           Eyni zamanda, insan öz daxili-fitri hidayət qabiliyyətinə görə xeyir ilə şəri bir-birindən ayırmağa və bununla da təkamül yoluna qədəm basmağa qadirdir.
          Şəms surəsi, 7-10-cu ayələr:
           And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana;
            Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
          Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
          Onu (günaha) batıran isə, əlbəttə, ziyana
uğrayacaqdır.
         Bələd surəsi, 10-cu ayə:
Biz ona iki yolu (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
          Yuxarıda qısaca bəhs edilən üç növ hidayət yaradılış və xilqət aləmi ilə bağlıdır. İnsandakı hidayət xisləti başqa varlıqlarla ortaqdır – yəni insanda həm cismani vücud, həm canlılara xas olan instinkt və həm də fitri şüurlu hidayət növü özünü göstərir. Bunlardan başqa, insanda xüsusi bir hidayət istedadı vardır ki, bu da ilahi qanunlara uyğun batini-mənəvi hidayətdir. Bu növ təşri – şəriətdən doğan hidayət adlanır. Həmin hidayət prinsipinə görə, Allah insanlara kitab və mizanla yüksəliş və kamillik yolu göstərən peyğəmbərlər göndərir. Bu, Allahın bəşərə olan böyük lütf və rəhməti sayılır.
        Hədid surəsi, 25-ci ayə:
           And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) köndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.

             Aşağıdakı ayələrdə isə insana xas olan xilqət və şəriətlə bağlı hidayət növü diqqəti cəlb edir, Allah bəşərin mükəmməl yaşamını təmin etmək məqsədilə onun üçün bütün şəraiti yetişdirir. Ən önəmlisi isə, Allahın insana doğru yol göstərməsidir.
           Nəhl surəsi, 9-12-ci ayələrin məntiqinə diqqət yetirin:
Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Haqdan kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola salardı.
         Göydən sizin üçün yağmur endirən Odur. O sudan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar və otlar da içər (ağaclar və otlar da onun vasitəsilə bitər).
             Allah o su ilə sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma ağacları və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır.
            O, gecəni və gündüzü, Günəşi və Ayı sizə (sizin mənafeyinizə) tabe etdi. Ulduzlar da Onun əmrinə tabedir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!

            Təkcə təbiət aləmindəki varlıqlar deyil, hətta mələklər də ilahi hidayətin sayəsi altında olur. Onlardan hər birinin öz vəzifə və missiyası vardır, ilahi hidayət olmadan bu missiya gerçəkləşməz.
           Fatir surəsi, 1-ci ayə:
           Göyləri və Yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
            Bir sözlə, hidayətin əhatə çevrəsi o qədər geniş və bütövdür ki, bütün kainatı və dünyada mövcud olan varlıqları özündə birləşdirir. Tovhid baxımından ilahi hidayət çevrəsindən kənar heç bir məxluq yoxdur.

         Varlıq aləminin elmi və idrakı
          Varlıq aləmindəki şeylərin elmi və idrakı islam hikmətində qoyulan əsas məsələlərdən biridir. Quran ayələrinə əsasən yaradılış aləmində mövcud olan bütün varlıqlar elm və qavrayışa malikdir. Təkcə insan və canlılarda deyil, bəlkə cansız bərk cisimlərdə də belə dərk və şüur qabiliyyəti vardır. Ancaq elm və idrakın öz dərəcə və mərtəbələri mövcuddur.
          Bir sıra ayələrdə varlıq aləmindəki bütün zərrəciklərin şüur və bilgiyə malik olmasına işarə edilir. Həmin ayələrdən bir qismini nəzərdən keçirək. Bir ayəyə görə bütün əşya nitq və idraka malikdir.
         Fussilət surəsi, 21-ci ayə:
         Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" – deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılacaqsınız!"
            Bu ayəyə əsasən, Allah dünyadakı bütün varlıqları dilləndirməyə qadirdir, hətta su və torpaq da nitq açıb danışa bilir. Ancaq bu gizli dili bəşər bilmir.
            Başqa ayələrdə canlı aləmin dərketmə və şüur qabiliyyəti yada salınır. Həzrəti Süleyman (ə) qarışqaların dilini bilirdi. Süleyman peyğəmbər öz qoşunu ilə çöldən keçərkən bir qarışqa dəstədə olan başqa qarışqaların ayaq altda qalaraq məhv olacağından qorxur və belə bir nida qoparır.
         Nəml surəsi, 18-ci ayə:
          Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"
           Süleyman peyğəmbər (ə) də qarışqaların danışığını başa düşür və bu böyük nemətə görə Allaha şükr edir. Başqa bir yerdə isə Süleyman peyğəmbərin (ə) quşların dilini bilməsi xatırlanır.
             Nəml surəsi, 16-cı ayə:
             Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu həqiqətən, açıq-aşkar bir lütfdür!"
             Qurani-kərim Nəml surəsində (20-25-ci ayələr) Hüdhüd adlı quşdan söhbət açır və bu quşun fövqəladə şüur və dərketmə qabiliyyəti vardır. Hüdhüd quşu hətta şirk ilə tovhidi bir-birindən seçə bilir. Süleyman peyğəmbər (ə) onu bir tapşırıq ardınca göndərir və quş qayıdarkən gecikir. Süleyman peyğəmbər (ə) qərara gəlir ki, əgər quşun gecikməsi üzürlü səbəbdən deyilsə, onu cəzalandırsın. Bir az keçməmiş quşcuğaz qayıdıb, Süleymana belə söyləyir:
          – Mən bildiyim məsələni sən bilmirsən. Mən Səba diyarından sənə zəruri bir xəbər gətirmişəm. Orada bir qadın hökmranlıq edir. Onun böyük bir taxtı vardır. Ancaq bu diyarın camaatı və padşahın özü də Allah əvəzinə bütə ibadət edirlər. Şeytan onların əməllərini öz gözlərində gözəl göstərir. Bu camaat tovhid etiqadından və düzgün yoldan azmışdır. Nə üçün onlar Allaha ibadət etmirlər? Bu həmin Allahdır ki, Yerdə və Göylərdə gizli olanları aşkar edir və hər şeyi bilir.
            Qiyamətə aid ayələrdə də varlıq aləminin elm və idrakı barədə bəhs edilir. Qiyamət qoparkən Yer özü insanların gördükləri əməllərə şahidlik edəcək. Şahidlik etmək üçün müəyyən şüur və bilgi lazım gəlir. Belə nəticə alınır ki, Yer bilik və anlağa malikdir. Təbiidir ki, bu idrak ilahi vəhy ilə müyəssər olur.
           Zilzal surəsi, 2-5-ci ayələr:
Yer öz yükünü çıxardıb atacağı zaman;
İnsan (təəccüblə): "bu yerə nə olub?"– deyəcəyi zaman –
Məhz o gün Yer öz hekayətini söyləyəcəkdir –
Allahın ona etdiyi vəhy ilə!

          Bundan başqa, Quran ayələrində bildirilir ki, qiyamət zamanı əllər, ayaqlar, hətta bədənin dərisi insanların dünyada törətdikləri günahlara görə şahidlik verəcəklər. Bu isə bir daha varlıq aləminin bilgi və idraka malik olduğunu təsdiqləyir.
           Nur surəsi, 24-cü ayə:
           Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
              Yasin surəsi, 65-ci ayə:
Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.
         Fussilət surəsi, 21-ci ayə: 
         Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" – deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılacaqsınız!"

           Bir sözlə, Quran ayələrinə görə bütün varlıq aləmindəki şeylər elm və idraka malikdir. Əlbəttə, ayrı-ayrı varlıq nümunələrinin elm və idrakı dedikdə başqa bir anlam nəzərdə tutulur. Bu adi bilgi deyildir. Bu sayaq bilgi və idrak adi insanlar üçün anlaşıqlı deyildir. Əgər bizlər bir şeyi anlamağa qabil deyiliksə, bu o demək deyildir ki, həmin məsələni inkar etməliyik. İrfan baxımından hər bir varlığın özünəməxsus dili vardır. Cəlaləddin Rumi kainat düzənindəki paradoksal və təzadlı vəziyyəti bədii dil ilə bəyan edərək, başqa bir sirli aləmin varlığını inkar edənləri ayıltmağa çalışır, diriliyin həmin aləmə xas olduğunu vurğulayır:Bu aləm ölüdür, o aləm ölməz
            Bəli, bərk cisimlər də elm və şüur sahibi kimi təsəvvür edilir; insan öz zahiri hissləri ilə bunu anlaya bilmir. Varlıq aləminin dilini anlamaq üçün əhli-dil olmaq, batini görümə yiyələnmək gərəkdir. Əzəmətli peyğəmbərlər və kəramətli övliyalar onların dilini anlaya bilmişlər.
        Su danışar, torpaq inlər, gül gülər,
         Əhli-dil onların dilini bilər.
          Molla Sədra öz fəlsəfi şərhində varlıq aləmindəki məxluqların bilgi və anlağa malik olmasını sübut etmək üçün bir sıra fəlsəfi dəlillər gətirir və burada həmin dəlillərin xülasəsini verməklə kifayətlənirik. Həmin dəlillərin bir qismi belə izah edilir:
             Əvvələn, dünyada olan bütün kamilliklər Haqqın vücudundan irəli gəlir. Əgər qüdrəti və gücü kamillik mənasında biliriksə, bu güc Allahdandır. Əgər həyatı kamillik kimi tanıyırıqsa, bu həyat da Allahdandır. Əgər elmi kamillik mənasında başa düşürüksə, həmin elm Allah tərəfindəndir, bu elmin qaynağı Allahdır.
           İkincisi, varlıq aləminin bütün mərhələlərində vücud anlamı bir həqiqətdən ibarətdir. Bu həqiqətin isə mərtəbələri vardır. Həqiqət mərtəbələri ehtiyacsız (qəni) olan vacibül-vücuddan başlayır və başqa varlığa möhtac olan mümkün varlıqlara kimi davam edir. Bütün varlıq mərtəbələri həqiqətin təzahürləridir və onlar arasındakı fərq keyfiyyət baxımından bir cəhətin güclü, başqa bir cəhətin isə zəif olması zəminində aşkar olur. Vacibül-vücud öz substansiyası ilə ehtiyacsız (qəni) olan bir anlamdır, mümkün vücud isə öz substansiyası baxımından başqa varlıqlara möhtac olan məfhumdur. Onlar arasında ortaq və fərqli cəhətlər vardır. Bu deyilənlərdən belə bir nəticə alırıq ki, əgər elm və idrak məsələsini vücudun ən ali mərtəbəsi səviyyəsində irəli sürsək, həmin məsələni vücudun ən aşağı mərtəbəsi səviyyəsində də irəli sürə bilərik. Elm vücudun ayrılmaz özəlliklərindən biridir. Yüksək səviyyədən tutmuş aşağı mərtəbəyədək hər bir vücud nümunəsinin elmdən payı vardır. Vücudun çoxşaxəli mərtəbələrini qəbul etsək, hər bir mərtəbənin öz dərəcəsinə uyğun elm və idrak qabiliyyəti vardır. Mahiyyətcə vücudun mərtəbələri arasında kəskin təzad yoxdur və ona görə onun bir mərtəbəsi üçün elm və idrak anlamı irəli sürsək, başqa mərtəbəsi üçün həmin məsələni inkar etsək vücud təlimi haqqındakı əsas tezisi pozmuş olarıq. Deməli, vücudun hər mərtəbə və mərhələsi üçün elm və idrak dərəcəsi nəzərdə tutulur.
            Mühyəddin İbn Ərəbinin irəli sürdüyü irfan təlimində bütün varlıqlar üçün həyat və idrak məsələsi qoyulur. İrfanda elm və idrakın müəyyənləşdirilməsi təcəlli nəzəriyyəsi ilə əsaslandırılır. Xilqət (yaradılış) aləmi Haqqın ad və sifətlərinin təcəllisi olduğuna görə, hər bir məxluq öz fərdi vücudunun mərtəbə və zühur mərtəbəsinə uyğun, həyat, elm, qüdrət və bu kimi ilahi sifətlərdən pay alır. İbn Ərəbi "Füsusül-hikəm" əsərində belə söyləyir: "Mövcud aləmin xilqətdə, nitq sifətindən payı var. Can sirrini bilsən, hər bir zərrədə bütün bir dünyanı görərsən".
Xarəzmi "Füsusül-hikəm"ə yazdığı şərhdə bu barədə belə açıqlama verir:
           "Bil ki, ilahi mahiyyət bütün varlıqlara sirayət edir və ona görə ilahi sifətlər də bütün kainata sirayət edir; həyat, elm, qüdrət, eşitmək və görmək sifəti, külli və cüzi sifətlər öz nişanəsini varlıq aləmində təzahür etdirir. Bəzi varlıqda bu sifətlər güclü, bəzilərində zəif tərzdə ifadə edilir. Sifətlər bəzən də hicab və pərdəli şəkildə olur, onlar aşkar şəkildə hiss olunmur. Ona görə bəzi adamlar sifətləri yox hesab edir, bəziləri varlığı bərk cisim (cəmad) və ya canlı (heyvan) aləm adlandıraraq onları bir-birindən ayırd edir.
             Bərk cisimlərdə həyat məfhumu gizlidir, zahiri hisslərlə bəlli olmur. Mövlana Rumi bu barədə belə deyir:Cismə yönəlmişsən, bax öz şanına,
Mərhəm olamazsan cismin canına.
Cismdən dünyaya ver can havasın,
Hər bir zərrəciyin eşit nidasın.
          Axirət isə həyat evi (darül-həyəvan) olduğuna görə, bütün mövcud varlıqların həyatında olan kamillik və naqislik orada aşkar olur. Bəndənin bütün əzaları onun hərəkətlərinə şahidlik edirlər. Kamil insanlar üçün dünya həyatını naqis əməllərlə yükləməyə və bu naqislikləri axirət evinə aparmağa ehtiyac yoxdur. Həzrəti Əmirəlmöminin (ə) belə buyurmuşdur:
            "Səfər zamanı Həzrəti Rəsul (s) ilə bir yerdə idim. Hər bir daş və hər bir ağac peyğəmbəri salamlayırdı və mən bunu duyurdum" [14].
Bu barədə geniş bəhs etməyə fürsət yoxdur və bunları yığcam şəkildə qeyd etməklə kifayətlənirik.

          Varlıqların səcdəsi 
           Qurani-kərimdə varlıq aləminə xas səciyyələrdən biri səcdə məsələsidir. Quran baxımından bütün aləmin zərrələri Allah qarşısında baş əyir və səcdə edir. İstər təbiət aləmində, istərsə də metafizik fəzada Allaha səcdə etməyən bircə varlıq nümunəsi tapılmaz. Həm maddi varlıqlar, həm mücərrəd aləm, Göy və Yer üzərindəki məxluq, ixtiyar sahibi olan ali şüurlu varlıqlar, bütün canlı və cansız aləm hər bir vəziyyətdə Allaha səcdə halında təsəvvür edilir.
          Rəd surəsi, 15-ci ayə:
           Göylərdə və Yerdə kim varsa, özləri də, kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki möminlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan) Allaha səcdə edərlər!

Bu ayəyə görə, Yer və Göy üzərində olan bütün varlıqlar gecə-gündüz Allaha səcdə edirlər.
            Nəhl surəsi, 49-cu ayə:
            Göylərdə və Yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
            Bu ayədə isə səcdənin bütün məxluqa aid olduğu vurğulanır – yəni səcdə təkcə şüur və ixtiyar sahibi olanlara şamil edilmir, bəlkə kainatın bütün varlıqları, mələklərdən tutmuş Göy və Yerdə hərəkət edən hər bir məxluq bir Allaha səcdə edir. Bu baxımdan iki Quran ayəsi maraqlıdır.
           Həcc surəsi, 18-ci ayə:
            (Ey insan!) Məgər Göylərdə və Yerdə onların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!
Səcdə hər bir varlıq nümunəsinin vacib əlamətlərindən sayılır.
          Rəhman surəsi, 6-cı ayə:
           Otlar da, ağaclar da (Allaha) səcdə edər!
          Deməli, təkcə Göy və Yer, Günəş və Ay, ulduzlar, ağaclar və başqa varlıqlar deyil, onların kölgələri də Allaha səcdə edirlər.
            Nəhl surəsi, 48-ci ayə:
            Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!.

             Bir sözlə, yuxarıdakı ayələrə görə, səcdə bütün varlıq aləminə şamil edilən bir məsələdir. Xilqət aləmində səcdə geniş məzmun dairəsinə malikdir. Burada bir məsələyə aydınlıq gətirmək lazım gəlir: varlıq aləmindəki məxluqun səcdəsi dedikdə nə başa düşülür? İnsana xas olan bu məfhum başqa varlığa aid edildikdə hansı məna kəsb edir?
Bildiyimiz kimi, səcdə məbud və Allah qarşısında baş əymək və təzim etmək kimi anlaşılır. Doğrudur, insanlar öz alnını torpağa qoymaqla Allaha səcdə edərlər. Lakin səcdənin gerçək anlamı təkcə belə bir hərəkətdən ibarət deyildir. Hər bir varlıq Allah qarşısında öz kiçikliyini bəyan etdikdə səcdə mənası ortaya çıxır. Səcdənin ruhu və mahiyyəti təvazökarlıq və özünü kiçik tutmaqdan ibarətdir. Səcdə insan nəfsini təkəbbürdən xilas edir, onu Haqqın qarşısında təzim etməyə yönəldir.
Varlıq aləminin səcdəsi həmin aləmdəki bütün məxluqun Yaradan qarşısında öz kiçikliyini və təvazökarlığını bəyan etməsidir. Bütün varlıqlar Tanrının fərmanı və iradəsi altında mövcuddur və Onun fərmanına tabedir. Ona görə də hər bir varlıq nümunəsi ilahi qanunları qəbul edir, o cümlədən Allahın əzəməti qarşısında səcdə edirlər.
Onu da əlavə edək ki, səcdə özü bir neçə növə ayrılır və bir bölgüyə görə iki əsas səcdə növü vardır:
1. İxtiyarsız (təkvini) səcdə;
2. Şüurlu ixtiyari səcdə (təşrii).
 
Müəllif: Abdulla Nəsri
 
Category: Diger me'lumatlar | Baxış: 882 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]