Əsas səhifə » 2010 Sentyabr 3 » EYB AXTARMAQ
12:39 PM EYB AXTARMAQ | |
EYB AXTARMAQ 1-Özündən xəbərsizlik. 2-Eyb axtaranlar. 3-Dini təlimlərin araşdırılması. İnsanın ən böyük əxlaqi çatışmazlıqlarından biri də öz eyb və nöqsanlarından xəbərsiz olmasıdır. Onun yolunu azmasına bir çox hallarda cəhalət və nadanlıq səbəb olur. Belə ki, qəflət və özündən xəbərsizlik nəticəsində, qəlbdə özünə yer edən xoşagəlməz sifət və xüsusiyyətlər insanın bədbəxtçiliyinə gətirib çıxarır. İnsan cəhalətin əsirinə çevrildikdə vücudundakı fəzilət ruhu məhv olub aradan gedir. Onun ruhu şəhvət və nəfsani istəklərinin tabeliyinə keçərək səadət və xoşbəxtlik sevincindən azacıq da olsun, bəhrələnə bilmir. Bunun nəticəsində də xoşbəxt həyat uğrunda görülən bütün sə’y və cəhdlər nəticəsiz qalır.
İnsanın islah olunması üçün lazım olan ən başlıca şərt öz eyb və nöqsanlarına diqqət yetirməsidir. Çünki, yalnız onların nədən ibarət olduğundan agah olduqdan sonra insan onu günah və mənəviyyatsızlığa sürükləyən ünsürlərdən qoruya bilər. Ruhun tərbiyəsi üçün nəfsani xüsusiyyətləri araşdırmaq olduqca böyük əhəmiyyət kəsb edir. Bundan başqa bir yolla insanın əxlaqi və mənəvi təkamülə çatması qeyri-mümkündür. Şəxsiyyət barədə aparılan araşdırmalar nəticəsində insan özünün zəif və güclü xüsusiyyətlərindən agah olub, bir çox xoşagəlməz xislət və xüsusiyyətlərdən yaxa qurtarmağa nail ola bilər. Əgər etinasızlıq və səhlənkarlıq üzündən əməl aynasında özümüzə nəzər salmırıqsa böyük səhvə yol vermiş oluruq. Şüurlu bir varlıq kimi hər şeydən əvvəl biz insanların üzərinə düşən ən başlıca vəzifə, ruh və mənəviyyatımıza diqqət yetirib çatışmazlıqlarımızın nədən ibarət olduğunu bilmək və onları aradan qaldırmaq üçün daxili xüsusiyyətlərimizə nəzər salmaqdır. Sə’y və çalışqanlığımızla mənfi ünsürləri vücudumuzdan qoparıb atan və onların qoyduğu mənfi təsirləri ictimai mühitə açıqlayan və ya əksinə olaraq daha geniş vüsət almasına səbəb olan da elə biz insanlarıq. Şübhəsiz ki, mənəvi saflaşma asan iş deyildir. Bunun üçün uzun müddət bir çox çətinliklərə dözməli və müqaviməti əldən verməmək lazımdır. Ziyanverici adət və vərdişlərə son qoymaq və onları gözəl xüsusiyyətlərlə əvəz etmək üçün eyb və çatışmamazlıqları müəyyən etdikdən sonra insana güclü iradə hakim olmalıdır. Rəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə şüur və tərzi-təfəkkürümüz də bir o qədər sağlam və münəzzəm olar. Bu yolda atılan hər bir addım isə müsbət nəticə verir və bütün bunları hər şey başa çatdıqdan sonra müşahidə etmək olur. Məşhur professor Karl deyir: "Həyatın məna və məfhum kəsb etməsinə səbəb olan ən tə’sirli üsul hər gün səhər çağı görüləcək işlər barədə düşünüb-daşınmaq və gün başa çatdıqdan sonra görülən işlərin verdiyi nəticələri arayıb-araşdırmaqdır. " Nə zaman işə başlayıb, nə zaman qurtaracağımızı, habelə kimlərlə görüşəcək, haralarda olacaq və nə yeyib-içəcəyimizi əvvəlcədən planlaşdırdığımız kimi, başqaları ilə ünsiyyətdə olmazdan əvvəl onlara necə kömək edəcəyimiz, günah və pisliklərdən necə uzaq olacağımız barədə də düşünüb-daşınmalıyıq. Hər bir insan gündəlik fəaliyyətə başlamazdan əvvəl əl-üzünü yuduğu kimi, əxlaq və mənəviyyat da yuyularaq saflaşdırılmalıdır. Bir çoxları yatmazdan əvvəl və ya sonra müxtəlif fiziki hərəkətlər edirlər. Yaxşı olar ki, həmən bu vaxtlarda insan öz-özlüyündə götür-qoy edib, əxlaq və mənəviyyatının saflaşmasına diqqət yetirsin. Görüləcək işlər barədə düşünüb-daşınmaqla insan həm şüur, həm də iradəsini gücləndirə bilər. Beləliklə, insanın tərzi-təfəkkür dairəsi qat-qat genişlənmiş olur və buna nail olan hər bir insan vücudunun həqiqi görünüşünü- arada heç bir maneə olmadan - müşahidə etməyə qadir olur. Gördüyümüz işlərdə müvəffəqiyyət əldə etməyimizin əxlaq və mənəviyyatımızla sıx bağlılığı vardır. Tacir alış-veriş dəftərçəsini və alim qeyd etdiyi məlumatları diqqətlə tənzim etdiyi kimi, hər bir insan da - istər varlı olsun, istərsə də yoxsul, istər cavan olsun, istərsə də qoca - hər gün gördüyü bütün xeyirxah və ya xoşagəlməz işləri nəzərdən keçirib nəticə çıxarmalıdır. Səbir və təmkinlik göstərməklə - məhz belə bir uğurlu addım atmaqla - insan mənəvi saflığa nail ola bilər!" Əxlaqi dəyərlərə yiyələnən hər bir insan özünə məxsus optimistliyi ilə özünün bütün sə’y və zəhmətlərini müsbət nəticələr verəcək istiqamətə yönəldir. İnsan nə qədər hörmət və ehtiram sahibi olsa, bir o qədər də başqalarına hörmətlə yanaşar və başqalarının narahatçılığına səbəb olan bütün işlərdən uzaq olmağa çalışar. Çünki, onun şəxsiyyətindən xəbər verən şey, gördüyü işlər və ünsiyyətdə olduğu şəxslərə qarşı münasibəti, rəftar və davranışlarıdır. Dahilərdən birindən soruşurlar: "Ən çətin və asan iş hansılardır? Cavab verərək deyir: Ən çətin şey insanın özünü tanıması, ən asanı isə başqalarına eyb və nöqsan tutmaqdır!” EYB AXTARANLAR İnsanlar arasında elələri də vardır ki, daim başqalarının sirlərindən agah olmağa çalışırlar. Onlar daim başqaları barədə xoşagəlməz sözlər deyər, onların gördükləri bütün işlərə irad tutar və münasibətdə olduqları zaman onlara istehza ilə yanaşarlar. Özləri əxlaqi dəyərlərdən uzaq olmalarına baxmayaraq, mənəvi saflığa diqqət yetirmək əvəzinə daim başqalarında eyb və nöqsan axtarmağa çalışarlar. Bu xoşagəlməz xüsusiyyət əxlaqi dəyərləri tənəzzülə uğradaraq həyatın şirinliyinə xələl gətirir. İnsanı bu işə vadar edən amillərdən biri də qürur və xudpəsəndlik nəticəsində daha da güclənən "zəiflik" və "bacarıqsızlıq" hissləridir. Bir çox səhvlərə səbəb olan da məhz bu xoşagəlməz xüsusiyyətlərdir. Bunun nəticəsində meydana gələn dəyişikliklər insanın əxlaq və ruhiyyəsinə mənfi təsir göstərir və onu ədalətsiz hökm çıxarmağa daha da ürəkləndirir. Başqalarına eyb və nöqsan tutan şəxslər öz diqqət və mülahizələrini ağıl və məntiqin qəbul etmədiyi yerlərdə işlədirlər, çünki, onlar öz sə’ylərini - eyb və nöqsan tutmaq üçün - dost-tanışlarının rəftar və davranışlarına nəzarət etməyə sərf edirlər. Bu işə həddindən artıq vaxt qoyduqları üçün özlərinin gördükləri işləri arayıb-araşdırmağa fürsət tapmırlar və bunun üçün də haqq yoldan uzaq düşürlər. Adətən belə şəxslər kifayət qədər comərdlik göstərməyə qadir olmazlar. Onlar heç bir işin öhdəsindən gəlməyib, özlərini başqalarının hüququnu qorumaqda vəzifəli bilməzlər. Hətta yaxın münasibətdə olduqları şəxslərlə belə daimi səmimiyyəti qoruyub saxlaya bilməzlər. Dostlarından birinin yanında başqalarının eyb və nöqsanlarından söz açdıqları kimi, münasib şərait yarandıqda dərhal həmin şəxslərin yanında da dostlarının çatışmazlıqlarından da söz açarlar. Bunun üçün də işi başqalarına eyb tutmaq olan şəxslər özlərinə həqiqi dost tapıb onların mehr-məhəbbətlərindən və səmimiyyətlərindən bəhrələnə bilməyirlər. Şərəf və mənlik insanın özünün yiyələndiyi əxlaq və davranış tərzindən meydana gəlir. Bunun üçündə başqalarının şərəf və mənliyinə təcavüz edən şəxslər şübhəsiz ki, öz şərəf və mənliyinədə ağır zərbə vurmuş olur. Onlar gördükləri işlərin nə ilə nəticələnəcəyinə diqqət yetirmədən istər-istəməz başqalarına irad tutur və onların çatışmamazlıqlarını açıqlamağa başlayırlar. Baxın görün belə bir xoşagəlməz xüsusiyyət necə ağır nəticələr vermiş və cəmiyyətə ədavət və düşmənçilik toxumu səpmiş və peşmançılıqdan savayı ona heç bir şey ərməğan gətirməmişdir. Qədim atalar misalında deyilir: "Söz, göyərçin deyildir ki, yuvasından uçduqdan sonra yenidən oraya qayıtsın. " Yaşadıqları dünyada başqaları ilə ünsiyyətdə olmaq istəyən şəxslər hər şeydən əvvəl üzərlərinə düşən vəzifələrlə tanış olmalıdırlar. Daim başqaları ilə gözəl münasibətdə olmalı və onların səmimi davranışlarını yüksək qiymətləndirməyi bacarmalıdırlar. İnsan ictimai həyatda başqalarının şəxsiyyəti və mənliyi ilə zidd olan adət və xüsusiyyətlərini dəyişməlidir. Çünki, səmimiyyət qarşılıqlı hörmət və ehtiram nəticəsində əldə olunur. Dost və yaxınların nöqsanlarının üzərinə pərdə çəkməyə adət edən şəxslər başqaları ilə daha çox səmimi ola bilərlər. Onlar yoldaşlarında hər hansı bir çatışmazlıq müşahidə etdikdə, başqalarının yanında bu barədə əsla söz açmır, əksinə, onlarla təklikdə olduqda buraxdıqları səhvlər barədə xəbərdarlıq edir və dəyərli məsləhətlər verirlər. Dost və yoldaşlarına nöqsanlarını aradan qaldırmaq üçün xəbərdarlıq edən şəxs bu işi onların qəlblərini qırmadan, xüsusi məharətlə görməlidir. Əxlaq müəllimlərindən biri deyir: "Hətta heç bir söz demədən, adi bir baxışla və üzünüzün cizgisini dəyişməklə tərəf müqabilinizi səhvə yol verməsindən agah edə bilərsiniz. Çünki, əgər bir söz deyərsinizsə [bir çox hallarda] düzgün nəticə çıxarmırlar. Belə olduqda da heç vaxt onları öz fikrinizlə razı sala bilməzsininz. Buna səbəb olan isə onun şüur, təfəkkür və xudpəsəndliyinə zərbə vurmağınızdır. Beləliklə, bu hərəkətiniz onları xəbərdarlığınıza etiraz etməyə vadar edir və bunun üçün də heç vaxt fikirlərindən dönmək istəmirlər. O zaman onları öz sözlərinizlə narahat etdiyiniz üçün Əflatun və Aristotelin dəlil və məntiqinə əsaslansanız da belə, yenə də öz əqidələrindən dönməyəcəklər. Söhbətə başladığınız zaman heç vaxt "Mən sizə sübut edəcəyəm", "dəlil gətirəcəyəm" və bu kimi ibarətlərdən istifadə etməyin. Çünki, bütün bunlar "mən səndən zirək və bacarıqlıyam" mənasını verir. Münasib şərait yarandıqda belə, camaatın tərzi-təfəkkürünün islah olunması çox çətin olur, o ki, qaldı qarşımızı böyük maneələr kəsmiş olsun. Əgər hər hansı bir mətləbi sübuta yetirmək istəyirsinizsə, bunu qabaqcadan kimsəyə bildirməyin və elə rəftar edin ki, başqaları sizdən şübhələnib nəyi nəzərdə tutduğunuzu bilməsinlər. Şair dediyi kimi: "Sizi müəllim bilmədən öyrədin. " DİNİ TƏLİMLƏRİN ARAŞDIRILMASI Qurani-Kərim, "Huməzə” surəsinin 1-ci ayəsində başqalarına rişxənd edib tənə vuran şəxslərin aqibətini belə bəyan edir: "[Dalda] qeybət edib [üzdə] tənə vuran hər kəsin vay halına!” İslam, cəmiyyətin birliyini qorumaq üçün ictimai həyatda ədəb və əxlaq qaydalarına riayət etməyi hər bir müsəlmana vacib, əlaqələrin pozulmasına gətirib çıxaran və ixtilaflara səbəb olan qeybət, tənə vurub başqalarının eyb və nöqsanlarını üzə çıxarmağı isə qətiyyətlə yasaq etmişdir. Müsəlmanlar bir-birlərinin hüquqlarına riayət etməli, tənə və töhmət vurmaqdan uzaq olmalıdırlar. İmam Sadiq (ə) buyurur: "Bulaq suyu insana susuzluğunu yatırıb ona rahatlıq bəxş etdiyi kimi, iman sahibləri də bir-birlərinə mənəvi dayaq olub onlara ruhi rahatlıq bəxş edərlər. "[Üsuli Kafi.2-ci cild səh. 459. ] İmam Baqir (ə) isə buyurur: "İnsanın başqalarında gördüyü çatışmazlığı özündə görməməsi və ya özü qadir olmadığı bir halda başqalarını hər hansı bir xoşagəlməz işi tərk edə bilməməkdə danlayıb onların işlərinə qarışması onun eyb və çatışmazlıqlarını sübuta yetirmək üçün kifayət edər. "[Ğurərul-Hikəm,, səh. 148. ] Əli (ə) belə şəxslərin qabiliyyətləri olmamaları haqda buyurur: "Başqalarında eyb və nöqsan axtaran şəxslərdən uzaq olun. Çünki onlarla ünsiyyətdə olan hər bir şəxs bu mənfur xüsusiyyətdən amanda qalmaz. "[Ğurərul-Hikəm, ,səh. 558. ] İnsan öz eyb və nöqsanlarını eşitmək istəməsə də, bununla razılaşıb edilən tənqidlərdən düzgün nəticə çıxarmalıdır. Çünki məhz bu xəbərdarlıqların nəticəsində o öz ruh və mənəviyyatını saflaşdıra bilər. Əli (ə) bu barədə olduqca mühüm bir mətləbə işarə edərək buyurur: "Ən sevdiyiniz şəxslər nöqsan və çatışmazlıqlarınızı sizə bildirib ruh və canınıza yardımçı olanlardır. "[Ğurərul-Hikəm, ,səh. 659. ] Deyl Karnegi deyir: "Mən və siz bizə olunan tənqidləri qəbul etməyi bacarmalıyıq. Çünki, gördüyümüz işlərin üçündən, dördündən başqa qalanların düzgün olduğuna ümid edə bilmərik. Hətta əsrin ən dahi mütəfəkkiri olan Eynşteyn belə etiraf edir ki, onun fikir və nəzəriyyələrinin doxsan doqquz faizi səhv olmuşdur. Birisi məni tənqid etdikdə əgər özümü ələ ala bilməsəm, onun nə demək istədiyini bilmədən dərhal özümü müdafiə etməyə başlayıram. Hər zaman belə etdikdə özümə nifrət edirəm. Bizim hamımızın tərifdən xoşumuz gəlir, lakin tənqid olunmağımızı əsla sevmirik. Amma mühüm bir məsələni unuduruq - o da tərif və tənqidə layiq olub-olmadığımıza diqqət yetirməməyimizdir. Biz məntiq və dəlil deyil, hissiyyatlar məxluquyuq. Ağıl və şüurumuz kiçik qayıq tək zülmət, dərin və təlatümlü hissiyyatlar dənizində o tərəf - bu tərəfə atılır. Bir çoxlarımız adətən özümüzdən razı və yaxşı fikirdə oluruq. Lakin yaşımız qırxı ötdükdən sonra bir qədər arxaya nəzər salıb bu günkü günümüzə gülməli oluruq. " Əli (ə) buyurur: "Başqalarının eyb və nöqsanlarını üzə çıxaran şəxslər yaxşı olar ki, əvvəl öz çatışmazlıqlarına diqqət yetirsinlər. "[Ğurərul-Hikəm, ,səh. 559. ] Helen Şaxter deyir: "Yaxşı olar ki, başqalarına eyb və nöqsan tutmaq əvəzinə onlara kömək edək. Əgər bacarırıqsa, hətta onları düz yola istiqamətləndirək. Bundan da vacib olan isə öz nöqsanlarımızı aradan qaldırmaqımızdır. Eyb və nöqsanlarımızı qarşımıza qoyub onları aradan qaldırmağa çalışmalıyıq. " İnsan, cəhalət və nadanlığın əsiri olduqda öz nöqsanlarını aradan qaldırmaq əvəzinə onları ört-basdır etməyə çalışır. Əli (ə) bu haqda buyurur: "Nadanlıq və insanın özünü aldatması üçün yetər ki, insan başqalarının eyb və nöqsanlarını gördükdən sonra öz çatışmazlıqlarını gizlətməyə çalışsın. "[Ğurərul-Hikəm, ,səh. 448. ] Aviburi deyir: "Bir çox hallarda nadanlıq üzündən öz eyblərimizə göz yumuruq. Üzərinə qəflət və cəhalət pərdəsi çəkir və beləliklə də özümüzü aldatmış oluruq. Həqiqətən də insanların öz eyblərini gizlətməsi çox təəccüblü bir haldır. Onlar nöqsanlarını aradan qaldırmaq üçün hətta fikirləşmirlər də belə. Əgər onlardan birinin eybi üzə çıxarsa, özlərini razı salmaq və başqalarını aldatmaq üçün min cür bəhanələr gətirər və öz eyblərini kiçik qələmə vermək istərlər. Lakin onlar bunu bilmirlər ki, nöqsanları kiçik olsa da belə, kiçik bir toxum böyüyüb çox şaxəli ağac olduğu kimi, bir gün böyüyüb onlar üçün ciddi təhlükə yaradacaqdır. " Əli (ə) özünün hikmətli buyruqlarından birində psixoloji xəstəliklər və onların qarşısını almaq haqda buyurur: "Şüurlu insanlar nəfsləri barədə düşünüb daşınmalı, əxlaq, iman və əqidələrinə mənfi təsir göstərən mənfi ünsürləri arayıb üzə çıxarmalı, ya yaddaşlarında saxlamalı və ya kağız üzərinə köçürməlidirlər. Sonra onları aradan qaldırmaq üçün ciddi tədbirlərə əl atmalıdırlar. "[Mustədrəkul vəsail, 2-ci cild, səh. 328. Man deyir: "Bəziləri özlərinin nəfsani təzadlarını inkar edirlər. Onlar barədə deyə bilərik ki, öz meyl və maraqlarını beşikdəcə boğaraq yatırtdmağa nail olurlar. Evdə özündən kiçik qardaş görmək istəməyən uşaq əslində narahat edici fikir və düşüncəni yatırtdmış olur. Yatırtdığımız (daha dəqiq desək, mövcud olan şeyi inkar etdiyimiz) şeyi sözün əsl mənasında özümüzdən xaric etmiş oluruq. Bu isə olduqca ağır və çətin bir şeydir. ] İNSANIN ÖZÜNÜ TANIMASI ÜÇÜN FAYDALI OLAN GÖSTƏRİŞLƏR (BİR PSİXOLOQUN GÖSTƏRİŞLƏRİNDƏN) "Otaqda tək və rahat bir yer seçib oturun və bir saat ərzində kimsə sizi narahat etməsin. Yeriniz nə qədər rahat olar və siz nə qədər tələsməzsənizsə bir o qədər yaxşı olar. Çünki, görmək istədiyiniz işin ən başlıca şərti kiminləsə ünsiyyətdə olmağınız və artıq səs eşitməməyinizdir. Bir sözlə diqqətinizi yayındırmamalı və ətrafdakı şeylər sizi özünə cəlb etməməlidir. Yanınıza bir xeyli ucuz kağız və yaxşı yazan qələm qoyun. Ona görə ucuz kağız deyirəm ki, qənaət etmədən işlədəsiniz. Yaxşı yazan qələm isə zehninizdə olanları unutmadan kağız üzərinə köçürmək üçündür. Həmin gün və ya ondan əvvəlki gün sizi həyəcanlandıran hər bir hadisəni ardıcıl olaraq kağız üzərinə köçürün. Yazıb qurtardıqdan sonra onların hər birinə ayrı-ayrılıqda diqqət yetirin və yadınıza düşən hər bir şeyi nə qədər uzun olsa belə oraya qeyd edin. Həmən gün gördüyünüz işləri, hiss və həyəcanlarınızı yuxarıda qeyd olunduğu kimi yazıb qurtardıqdan sonra saysız hesabsız istək və tələblərinizi qarşınıza qoyun və gördüyünüz bütün işləri, hiss və həyəcanlarınızı bir-bir yadınıza salın və özünüzdən soruşun: Gördüyüm bu işə hansı hisslər səbəb olmuşdur? Özünü tanımaqda ən başlıca məqsəd insanın düçar olduğu ruhi xəstəliklərdən yaxa qurtarması, ona rahatlıq verməyən psixoloji ziddiyyətləri aradan qaldırmaqla özündə yeni və sağlam şəxsiyyətin yarandığını hiss etməsidir. Məhz bunun nəticəsində o, həyatda yeni-yeni hədəflərə nail olub yeni həyat yoluna qədəm qoymuş olar. " Müəllif: Seyyid Müctəba Lari | |
|
Total comments: 0 | |