Bazar günü, 2024-12-22, 9:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 7 » Dində möhkəm olmağın amilləri və səbəbləri
7:56 PM
Dində möhkəm olmağın amilləri və səbəbləri

Dində möhkəm olmağın amilləri və səbəbləri

 

: Şübhəsiz ki, dindarlıq məsələsində qüvvətli və qüdrətli olmaq dindarlığın mənşəyinə qayıdır. O qədər insanlar vardır ki, adi halda dindardırlar. Ancaq çətinliklərlə üzləşəndə təslim olurlar. Din və əxlaq insanın mənəvi və fikri həyatında mühüm rol oynayır. Ancaq cəmiyyətdəki şəraitdən asılı olaraq, insanların din və əxlaqdakı möhkəmliyi güclü və zəif olur. Bəs dindarlıqda möhkəmliyin nişanəsi nədir? Dində möhkəm olmaq üçün təsiredici amillər hansılardır?

Möhkəmliyin mənşəyi.
İnsan həyatı boyunca müxtəlif şeytani vəsvəsələrə düçar olur. Bu da onun sabitliyini və rahatlığını pozur. İmanı sarsıdır. İradəni zəiflədir. Addımları zəiflədir. Ürəyi iztirablı edir. Bu zəifliyin axırı isə fəlakətdən başqa bir şey deyildir. Allahı yada salmaq insana şübhə və hövsələsizlikdən nicat verər. Bu da qəlbə möhkəmlik verər, addımları bərkidər.

Dini və əxlaqi qanunlara bağlı olmaq.
Dini və əxlaqi qanunlara bağlı olmaq - dindarlıq və əxlaqlı olmağın ilk güclü nişanəsidir. O kəs ki, dindarlığında möhkəmdir, özünün bütün əməllərini dini qanunlara bağlı bilir. 

İlahi əhd-peymanı inkar etməmək.
Dindar insanlar güclü imanlarına görə Allahla bağladıqları əhd-peymana vəfalıdırlar. Allaha və Onun Rəsuluna (s) itaət edirlər. Əhdlərinə vəfalı olmaq yolunda müqavimət göstərirlər. Bu yolda canlarını fəda etməyə hazırdırlar. 

Əhdə vəfa etmək.
Dindar və əxlaqlı insanlar əhd-peyman bağladıqdan sonra ona vəfalı olurlar. Çünki onlar vəfalı olmasalar, ictimai ədalət aradan gedər. Cəmiyyətdə hərc-mərclik yaranar. Dini qanunlara bağlı olmaqda imanın, əxlaqın və İlahi təqvanın təsiri vardır. Ona görə də Quran dindar insanları tanıdan zaman onların əhd-peymana vəfalı olduqlarını zikr edir. Hədislərimizdə də oxuyuruq ki, insanın dininin sağlam olması, onun əhdinə vəfalı olmasından asılıdır.

İmam Əli (ə) bu hadqa buyurur: "Allaha and olsun ki, yeddi iqlimi onda olan hər bir şeyi ilə mənə versələr ki, qarışqanın ağzındakı nazik pərdəni götürüm, heç vaxt belə etmərəm”.

İmamın (ə) dediklərinə nəzər salarkən görmək olur ki, bu İmam (ə) İlahi qanunlara o qədər möhkəm və bağlı idi ki, bu yolda çox sayda çətinlikləri gözə alaraq, səhlənkarlıq etmək istəmir. 

Qanunlara əməl etməkdəki qətiyyət.
Dini sərhədlərin gözlənilməsində göstərilən qətiyyət güclü dindarlığın başqa bir nişanəsidir. O kəs ki, dindarlığında güclüdür, öz şəxsi mənafelərini qırağa qoyaraq İlahi hökmləri qətiyyətlə yerinə yetirməlidir. Bu işdə səhlənkarlıq etmək olmaz. Xüsusilə də əgər dini işlər haqqı bərqərar etmək və məzlumu müdafiə etmək üçündürsə, zalımları yerində otuzdurmalıdır. 

Mətanət.
Dindarlığın başqa bir nişanəsi isə çətinliklər qarşısında mətanətli olmaq və İlahi vəzifələri yerinə yetirməkdir. Əgər insan dini addımlarında zəif olarsa, bütün təzyiqlər qarşısında özünü kənara çəkəcəkdir. Bunun səbəbi odur ki, din onun varlığında öz yerini yaxşı tapmamışdır. Möhkəm deyildir, davamlı deyildir. Mətanətli olmaq - dindar insana sabitqədəmli olmağı verər. Onu Pərvərdigarına tərəf hidayət edər. Ona düzgün yolu göstərər. Düz yolu göstərən çırağa bənzəyər ki, insanı həqiqi yola yönəldər. Bu həmin "siratəl-mustəqim” yoludur ki, hər bir mömin namazında Allahdan istəyir. 

Əmr be-məruf, nəhy əz-minkər.
Şübhəsiz o kəs ki, dindarlığında güclüdür, ictimai günahlar qarşısında - xüsusilə də zülm, ədalətsizlik, dinə əks olan rəftarlar qarşısında həssaslıq göstərər. Çünki o, dini ürəyi və canı ilə qəbul etmişdir. Ona görə də əxlaqsız rəftarlar qarşısında sakit dura bilmir. Bu həssaslıq İlahi sərhədlərə riayət etmək deməkdir. Onun da adı əmr be-məruf və nəhy əz-munkərdir. Bu İlahi vacibatdır və əgər icra edilərsə, insanların islah olmasına səbəb olar. Əgər tərk edilərsə, dini qanunlar aradan gedər, dini hökmlər məhv olar. 

Qeyrət.
Dində qeyrətin mənası genişdir. Hər bir əxlaqi dəyərləri müdafiə etməyi əhatə edir. Dini qeyrət dedikdə o nəzərdə tutulur ki, müsəlmanlar İslam dininə həssas yanaşsınlar və laqeyd olmasınlar. O kəs ki, dindarlığında və əxlaqlığında güclüdür - dini qeyrətə malik deməkdir. Bu insanın razılığı və qəzəbi ancaq Allaha görədir. Yəni Allahın xoşladığı işləri xoşlayır, o əməllər ki, Allahı qəzəbləndirir - ondan çəkinir. 

İctimai izzət.
İctimai izzət möminlər üçün mədəni, ictimai və əxlaqi istiqlal gətirər. Bu istiqlal həmişə bir millətin qüdrət simvolu olmuşdur. Başqa ölkələrdən asılı olmaq - insanlarda xar olmaq, zəlil olmaq kimi hisslər yaradır. Ona görə də hər bir müsəlman maddi və mənəvi vasitələrdən bəhrələnməlidir. Çətinliklərdən qorxmamalıdır, əziyyətlərə dözməli, Allahdan yardım istəməlidiir. Bu yolda çətinliklərə dözmək, düşmən qarşısında xar və təslim olmaqdan yaxşıdır. 

Dua və təvəssül.
Allahı gözəl adları ilə yada salın. İlahi adlar - feyzin vasitələridir. Əgər varlıq aləminə nəzər salsaq, hər bir yerdə bu adların nişanələrinə rast gələrik. Ona görə də Quran ayələrimizdə və hədislərdə Allahın gözəl adlarının dua zamanı deyilməsi tövsiyə edilir. Belə ki, Allahı gözəl adları ilə çağıran zaman Onun rübubiyyət və məbudluğunu qəbul etdiyimizi bildiririk. Əlbəttə bu adları kor-koranə demək lazım deyildir, onların mənasına da diqqət etmək lazımdır. Hədəf odur ki, mömin bu adlara və sifətlərrə iman gətirsin. Bu cür insan həm behişt əhlidir, həm duası qəbul olar və həm də hər bir xeyrə nail olar. 

Təvəkkül.
İlahi əzəmət və vüqarın nişanələrindən biri də təvəkküldür. Təvəkkül iman əhlinin xüsusiyyəti, İlahi əzəmət və vüqarın nişanəsidir. Belə ki, mömin Allahın məqam və səviyyəsini tanıdığı üçün Onu yeganə Rəbb kimi qəbul edir və hansısa işini Onun öhdəsinə qoyur. Beləliklə Onu öz işlərinə vəkil edir.

Dində möhkəmliyə səbəb olan xarici amillər


Mühit.
Mühit - insanı əhatə edən və ona təsir edən hər bir xarici amil deməkdir. Ona görə də insan nə qədər inkişaf edərsə, mühit dairəsi də genişlənər. Övladların valideynlərdən irs götürdükləri yaxşı və pis xüsusiyyətlər tərbiyə amillərinə, sağlam və sağlam olmayan mühitin vəziyyətinə tabedir. O zaman ki, ictimai mühit napak olar, əxlaqi fəzilətlər inkişaf etməz. 

Dost.
Dost dedikdə o kəs nəzərdə tutulur ki, insan onunla yaxından ünsiyyətdə olur. Buna televizor, radio, kitab, jurnal və sair də daxildir. Bu vasitələr insanı Allaha itaətə dəvət də edə bilər və əksinə də ola bilər. Necə ki, yaxşı dost insanı yaxşı işlərə və pis dost da pis işlərə sövq edər. Ona görə də Məsum İmamlar (ə) bizlərə dost seçərkən diqqətli olmağımızı tövsiyə etmişdilər. Çünki layiqli dost insanın əxlaqlı və dindar olmasına səbəb olar. Ona görə də bu cür dostlara malik olmağa çalışmalıyıq. Çünki bu cür insanlarla oturub-durmaq insana dünya və axirətdə şərəf bəxş edər. 

Tarix.
Tarix haqqında fikirləşmək insanı dindarlıqda daha güclü edər. Əgər insan qarşısına çıxan çətinliklər qarşısında özünü tək hesab edərsə, müqavimət gücünü əldən verər. Ancaq bu cür hadislərin tarix boyu baş verdiyinə diqqət edərsə, insanın iman və əxlaqı güclənər. 

Tərbiyə.
Tərbiyə dedikdə insanın istedadlarının qüvvə halından fel (əməl) halına keçməsi, çiçəklənməsi nəzərdə tutulur. Dini tərbiyədə hədəf mütləq kamaldır.

Daxili amillər


Şəxsiyyətə hörmət.
Əgər insan öz dəyərini tanısa, kəramət və izzət əldə edər. Kəramət isə İlahi təlim-tərbiyənin mehvəridir. Allah kəramət sahibidir. Allah peyğəmbərləri kərim adlandırmışdır, ona görə də onların risalətləri insanlara hörmət idi. 

Təlqin və özünə etimad etmək.
Təlqin etmək - mətanət və möhkəmlik əldə etməyin yollarından biridir. Bu yol iki şəkildə: sözdə və əməldə yerinə yetirilir. Ancaq sözdə təlqin etməyin tərbiyəyə təsiri daha böyükdür. İslam dini də bu məsələyə xüsusi əhəmiyyət verir. Ona görə də müsəlmanları təlqin yolu ilə hidayət olmağa təşviq edir. 

Allahı yada salmaq.
Allahı yada salmaq - böyük ibadətdir. Dindarlara qüvvət verən amildir. Əxlaqi fəzilətlərin artmasına gətirib çıxarar. Nəticədə dini və əxlaqi tərbiyəni davamlı edər. Bir çox əxlaqi rəzilliklərin səbibi Allahdan qafil olmağa görədir. Allahı yada salmaq qəlbləri aram və sakit edər. 

İbadət.
İbadət - Allah ilə insan arasında olan rabitə kanalıdır. İnsan nə qədər çox ibadət edərsə, bir o qədər Allaha yaxınlaşar. İlahi feyz və rəhmətdən bəhrələnər. 

Hüsnü-zənn.
Yaxşı güman mənasındadır. Yəni insan Allahın fəzl və rəhmətinə yaxşı güman bəsləsin. Onun rəhmət və bəxşişinə ümid bəsləsin. Allaha hüsnü-zənn etmək dindarlığı qüvvətləndirir. İnsanın imanını gücləndirir. Hər bir iman sahibi Allahın vədələrinə hüsnü-zənn bəsləyir. Bu da ixlas ruhunu canlandırır və dindarlığını qüvvətləndirir. Onlar çətinliklər qarşısında İlahi lütfə ümid bəsləyirlər. 

Yəqin.
Yəqin - imanın son hədəfi yəqinə çatmaqdır. Allaha təvəkkül etmək, Onun pak zatı qarşısında təslim olmaq, bütün işlərini Allaha tapşırmaqdır. 

(İslami saytlara istinadən) 
Hazırladı: Məşhədi Xanım,
deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 865 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]