Bazar günü, 2024-12-22, 6:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Mart » 8 » Cin
5:31 AM
Cin
 
Cin

           Qurani-kərimdə haqqında bəhs edilən varlıqlardan biri də Cindir. Bu sözün əsl mənası örtülü deməkdir. Həmin söz Qurani-kərimdə "can" kimi də işlənib. Bəzi təfsir alimləri "can" sözünü izah edərkən belə söyləmişlər ki, bu cinin bir növüdür. Bu fikir məqbul deyil. Çünki Quran ayələrində hər iki söz eyni mənada işlənib. "Can" və "Cin" sözü adətən "insan" məfhumu qarşısında işlənir.
             Rəhman surəsi, 14-15-ci ayələr:
            İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
         (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
          Zariyat surəsi, 56-cı ayə:
          Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!
          Rəhman surəsi, 39-cu ayə:
          O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır!

        Qurani-kərimdə cin üçün müəyyən xüsusiyyətlər verilir və həmin özəlliklər əsasında bu varlıq barəsində müəyyən təsəvvür yaratmaq mümkündür.
         1.Cin həqiqətdə atəşdən yaranan məxluqdur. Quran ayələrinə əsasən, cin oddan xəlq olunub. Əlbəttə, bu adi od deyil.
           Hicr surəsi, 27-ci ayə:
          (Cinlərin babası) Can tayfasını (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik. 

         Cin adətən insan qarşısında qoyulur, ona görə bundan öncə insanın əksinə olaraq torpaqdan yarandığı vurğulanır və cindən fərqi göstərilir.
           Hicr surəsi, 26-cı ayə:
          Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!

            Əvvəlcə işarə etdiyimiz iki ayədə də ardıcıl olaraq insanın palçıqdan, cinin isə oddan yarandığı qeyd olunur:
             Rəhman surəsi, 14-15-ci ayələr:
            İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan yaratdı.

           (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
Cinin mahiyyəti haqqında bəhs edərkən belə bir sual ortaya çıxır ki, onun oddan yarandığı vurğulanır və bu atəş məfhumu altında nə nəzərdə tutulur? Görəsən bu həmin adi atəşdənmi ibarətdir? Od ayrı-ayrı cismlərin oksigen ilə reaksiyası nəticəsində baş verən yanğından törənir.
            Bu suala cavab verərkən öncə qeyd etmək lazımdır ki, burada söhbət adi atəşdən deyil, xüsusi oddan gedir. Quranda bu anlam "nar" sözü ilə verilir. Bu elə bir maddədən ibarətdir ki, od ilə bağlı işlənir – yəni odun özü deyil, odsayağı bir məfhumdur.
           2.Yuxarıda işarə edilən Hicr surəsi, 27-ci ayədən bəlli olur ki, cinin yaranışı insanın xilqətindən öncə olub – yəni Allah insanı yaratmazdan qabaq cini xəlq edib.
           3.Cin elə bir məxluqdur ki, onun insan kimi şüuru və Allah qarşısında təklifi (vəzifəsi) vardır. Allah cini də insan kimi bəndəlik üçün yaratmışdır. Bu baxımdan insanla cin arasında ortaq cəhətlər vardır:
          Zariyat surəsi, 56-cı ayə:
         Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!
Saffat surəsi, 158-ci ayə:

           (Müşriklər həm də özlərindən) Allahla cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
           Bu ayəyə görə, cinlər qiyamət zamanı öz əməlləri qarşısında cavab vermək və haqq-hesab üçün hazır olacaqlar. Əməllərə görə hesab çəkilmək isə ilahi təklifdən doğan bir məsələdir.
            4.Cin də insan kimi həm başqalarının sözlərini dinləməyə, həm də söz danışmağa qabildir. Bir sıra Quran ayələrində cinlərin bu keyfiyyətləri vurğulanır:
           Cin surəsi, 1-ci və 2-ci ayələr:
            (Ya Peyğəmbər!) De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: "Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Quran eşitdik".
            O, (xalqa) haqq yolu göstərir. Biz Ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.
           İkinci ayədə həm də cinin iman gətirməsi diqqətə çatdırılır və onun təklifə malik olduğuna dəlalət edir.
              5.Elə cin tayfası vardır ki, Allah onlar üçün insanlar kimi peyğəmbər göndərir. Cinlər üçün peyğəmbər göndərməkdən məqsəd onları hidayət etməkdir. Allah hər bir varlığı öz məqsədinə doğru yönəldir.
              Ənam surəsi, 130-cu ayə:
             Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidik!" (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işlətməkdə davam etdik. Biz indi hər cəzaya layiqik.) Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə, öz əleyhlərinə şəhadət verdilər.

            Başqa bir ayədə isə belə deyilir:
           İsra surəsi, 15-ci ayə:
            Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!
              Quran ayələrində bəzi cinlərin Cəhənnəm əzabına düçar olacağı bildirilir. Hər bir ümmətə və cin tayfasına peyğəmbərlər göndərilir. Bu isə onları pis yoldan çəkindirmək və doğru yola yönəltmək üçündür. Lakin peyğəmbərlərin xəbərdarlığına etinasızlıq edib pis əməl görənlər Cəhənnəmlə hədələnir.
               Burada bir məsələni qeyd etmək lazımdır ki, Allah hər kəsə öz cins və növündən peyğəmbər göndərir. Deməli, peyğəmbərlər və onların ardıcılları arasında cins baxımından bağlılıq vardır. Yəni insanlar üçün bəşər arasından, mələklər üçün onların öz arasından və cinlər üçün də cinlər arasından yolgöstərən göndərilir. Allah-təala mələkləri Yer üzərində yerləşdirmək istərkən onlar üçün öz növündən peyğəmbər göndərir.
            İsra surəsi, 95-ci ayə:
           (Ya Məhəmməd!) De ki: "Əgər Yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (Yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!"

            6.Maraqlı məsələlərdən biri cinlər və insanlar arasında iman baxımından olan oxşarlıqdır. Onlar da insan kimi iki dəstəyə ayrılır: iman gətirənlər və kafirlər. Bəzi cinlər peyğəmbərlər ilə müxalifət edirlər.
            Ənam surəsi, 112-ci ayə:
Beləcə, Biz hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!

            Eyni zamanda Qurani-kərim bildirir ki, bəzi cin tayfası saleh, bəziləri isə qeyri-saleh əməl sahibidir. Deməli, cinlər əməl baxımından insanlarla müqayisə edilir. Bu baxımdan aşağıdakı ayələr diqqəti cəlb edir:
           Cinn surəsi,11-ci ayə:
Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə, məzhəblərə ayrılmışıq.
           Cinn surəsi, 14-cü ayə:
            Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Məhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.

           Bir sözlə, yuxarıdakı ayələrdən bəlli olur ki, cinlər də Aləmlərin Pərvərdigarına və qiyamət gününə iman gətirirlər və hətta iman gətirənlər müsəlman olurlar. Əlbəttə, cinlərin müsəlman olmağı insanlar kimi şəriət təklifləri ilə müəyyən edilmir – yəni demək olmaz ki, cinlər də biz insanlar kimi namaz qılır, oruc tutur, Həcc ziyarətinə gedir, cihad edir və s. Bunlar arasında fərqlər vardır.
            Cinn surəsi, 4-cü ayə:
             Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan, haqdan uzaq sözlər söyləyirmiş.
            Cinn surəsi, 5-ci ayə:
            Biz elə güman edirdik ki, nə cin, nə də insan tayfası Allah barəsində yalan danışmaz.

             Cin tayfasının Allaha imanı başqa tərzdə də olsa təsdiqlənir.        Onlar Allahın sifətlərini tanıyırlar.
            Cinn surəsi, 3-cü ayə:
Həqiqətən, Rəbbimizin cəlalı çox ucadır. O özünə nə bir
zövcə götürmüşdür, nə də bir uşaq!

            7.Cin tayfasından olan günahkarlar insanlar kimi cəhənnəm oduna düçar olurlar, çünki onlar ixtiyar sahibi olan məxluqdur – yəni Allah onlara yaxşı və pis əməl arasında seçim imkanı vermişdir. Onların bir dəstəsi Allahın əmrinə və təklifinə təslim olaraq iman yoluna düşür, başqa bir qismi isə yolunu azaraq küfrə meyl edir. Bu məsələ bir çox Quran ayələrində açıq-aydın təsdiq edilir.
          Əraf surəsi, 38-ci ayə:
           Allah (qiyamət günü onlara) buyuracaq: "Sizdən əvvəl gəlib getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!" Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və ya tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə Cəhənnəmdə toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!" Allah buyuracaq: "Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!"

              Əraf surəsi, 179-cu ayə:
             Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!
           Hud surəsi, 119-cu ayə:
          Artıq Rəbbinin (mələklərə dediyi): "Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" –
sözü tamamilə yerinə yetdi!
            Səcdə surəsi, 13-cü ayə:
            Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: "Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!" sözünü gerçək olaraq demişəm!
Quran ayələrindən cinlər haqqında daha iki nəticə çıxara bilərik:
         8.Cinlər insan kimi həyat və ölümə malikdir, onlar insan kimi qiyamətlə üzləşəcəklər.
          9.Cinlər də insanlar kimi kişi və qadından ibarətdir, onlar doğub törəyir və nəsillərini davam etdirirlər.
           Cinn surəsi, 6-cı ayə:
           Həqiqətən, (Cahiliyyət dövründə) bir para insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü, azğınlığını artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).
10.Cin tayfasından olan möminlər imanlı insanlar kimi Allahın rəsulu Məhəmməd (s) peyğəmbərə iman gətirirlər; onlar bir gün Peyğəmbərin (s) məclisinə gəlir və Quran ayələrinə qulaq asmaq üçün ona iman gətirirlər. Bu barədə bir sıra ayələrdə bəhs edilir.
            Əhqaf surəsi, 29-32-ci ayələr:
             (Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): "Qulaq asın!" – dedilər və Quran oxunub qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər Quranı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər).
            Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra
nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir kitab dinlədik!
            Ey qövmümüz! Allahın carçısını (Məhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!
Allahın carçısını qəbul etməyən (bilsin ki,) Yer üzündə qaçıb canını Onun əzabından qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar haqq yoldan azmışlar!"
         Cinn surəsi, 2-ci ayə:
         (Cinnilər dedilər ki, Quran) haqq yolu göstərir. biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.
Başqa bir ayədə deyilir ki, Peyğəmbər (s) ibadət edərkən, cin tayfasından bir dəstə Quran ayələrinin təsiri altında Peyğəmbərin (s) yanına toplaşırdılar.
           Cinn surəsi, 19-cu ayə:
           Allahın bəndəsi (Məhəmməd əleyhissəlam) qalxıb Ona ibadət edəndə (cinlər Quranı dinləmək üçün toplaşmış izdihamın çoxluğundan) az qala bir-birinin üstünə minələr.
          11.Cinlər də insan kimi çalışır və işləyirlər. Onlar insanla müqayisədə daha zərif və dəqiq işləri yerinə yetirə bilirlər. Həzrəti-Süleyman (ə) insanlarla yanaşı, cinlər və başqa məxluqdan qoşun düzəldir. Bu barədə Quran ayəsində işarə vardır.
            Nəml surəsi, 17-ci ayə:
             (Bir gün) Süleymanın insanlardan, cinlərdən və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
Cinlər Süleyman (ə) üçün daha bir zərif iş görürlər: onlardan biri Bilqeysin taxtını sürətlə ona gətirir.
Nəml surəsi, 38-39-cu ayələr:
(Süleyman) dedi: "Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?"
Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: "Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətli və etibarlıyam!

           12.Əlbəttə, adi adamlar cinləri görə bilməzlər. Öncə mələklər barəsində də belə bir vəziyyətin olduğunu qeyd etmişdik. Qurani-kərimdə cinlərin bir dəstəsi olan şeytan haqqında deyilir ki, o, insanları görə bilir.
             Əraf surəsi, 27-ci ayə:
            Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, Şeytan və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər.
             Rəvayətlərdə belə deyilir ki, peyğəmbərlər şeytanı görürdülər. Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Həzrəti-Məhəmməd (s) haqqında verilən rəvayətlərdə göstərilir ki, onlar şeytanı görür və tanıyırlarmış.
              13.Cinlər bəzi insanları özünə tabe etdirməyə qabil olurlar. Bu barədə Quran ayələrində işarələr var.
               Ənam surəsi, 128-ci ayə:
               Allah (insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız". Cinlərin insanlardan olan dostları deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!" Allah buyuracaq: "Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan şəxslər) istisna olmaqla siz orada həmişəlik qalacaqsınız!" Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir!
              Cinn surəsi, 6-cı ayə:
              Həqiqətən, (Cahiliyyət dövründə) bir para insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü, azğınlığını artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).
Ayələrdən bəlli olur ki, şeytan dəstəsinə mənsub olan cinlər elə bir gücə malikdirlər ki, bir çox insanları düz yoldan sapındıra bilirlər. Şeytanların özü haqqında ayrıca bəhs ediləcək və həmin bölmədə insanların yoldan necə azması izah ediləcək.

            14.Cin tayfası Peyğəmbərimiz Həzrəti-Məhəmmədin (s) zamanınadək Göylərdən insanların söhbətinə gizli şəkildə qulaq asmaq gücünə malik olmuşlar. Lakin Peyğəmbərin (s) gəlişindən sonra, onlara bu iş qadağan olunur. Bu məsələnin öz hikməti vardır. İslam peyğəmbəri (s) öz gəlişi ilə dünya tarixində yeni bir böyük inqilab etmiş olur. Bir növ yeni bir dövrün başlanğıcı qoyulur. Sanki dünya və bəşər yeni bir mərhələyə qədəm qoyur.
          Qurani-kərim bu məsələni – yəni cinlər üçün gizlicə danışıqlara qulaq asmanı və islamdan sonra həmin məsələnin qadağan olmasını vurğulayır, insanlarla yanaşı cinlərin də Allaha, Qurana və islam peyğəmbərinə (s) iman gətirməsini diqqətə çatdırır.
           Cinn surəsi, 8-15-ci ayələr:
            Biz cinlər (yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) Göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun mələklərdən ibarət güclü gözətçilər
və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.
             Biz (Məhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə qulaq asmaq üçün) Göyün bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
             Biz bilmirik ki, (Göyün gözətçi mələklərlə, yandırıb-yaxan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) Yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
              Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə, məzhəblərə ayrılmışıq. Biz anladıq ki, Yerdə də olsaq, (Göyə də) qaçsaq, Allahın əzabından canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
             Doğrusu, biz haqq yolu göstərən Quranı dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatının) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan (başqalarının günahlarının ona yüklənməsindən) qorxar.
Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Məhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.
Haqq yoldan çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar).
 
Müəllif: Abdulla Nəsri
 
Category: Diger me'lumatlar | Baxış: 993 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]