Bazar günü, 2024-12-22, 11:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 17 » BÜLUĞ HƏDDİ
7:00 AM
BÜLUĞ HƏDDİ
 
 
VƏZİFƏLİLİK (BÜLUĞ HƏDDİ)
VƏ ONUN ŞƏRTLƏRİ


         İbadət və onun əhəmiyyətini bəyan etdikdən sonra, ibadət edən şəxsin hansı şəraitdə olmasını bilməliyik.
           Yetkinlik (büluğ həddi) insan üçün böyük imtiyazdır. İnsan ilahi lütf əldə etməyə, Allahın göstərişlərini yerinə yetirməyə və yer üzündə Onun əmanətdarı olmağa layiq görülmüşdür. İnsana seçim imkanı verən bu xüsusiyyət onun iftixarlarındandır. Bu mərhələyə çatarkən bayram etmək lazımdır.
          Alimlərdən biri həmişə öz yetkinliyə çatmasının il dönümünü bayram keçirirdi. O belə deyirdi: "Bu gün ilahi hökmləri yerinə yetirmək və məs’uliyyət qəbul etmək ləyaqəti qazanmışam!”
           Necə ki, xalq dövlət başçısı, millət vəkili və ya səfir seçilən şəxsləri təbrik edir. Çünki bu şəxslər xalqın məs’uliyyətini öhdələrinə götürürlər.           
        Yetkinlik yaşına çatmaq və Allah tərəfindən məs’uliyyət qəbul etmək də mübarək gündür.
           Qısa şəkildə vəzifəlilik şərtlərinə işarə edək:
1. Yetkinlik (büluğ həddi)
Oğlanlar qəməri ili ilə 15 yaşda, qızlar isə 9 yaşda yetkinlik yaşına çatırlar. Əlbəttə, bu yaşdan öncə də vəzifəlilik yaşına çatmaq mümkündür.           
       Vaciblərin yerinə yetirilməsi, haramlardan çəkinməklə nəticələnən yetkinlikdən əlavə yetkinlik hədləri də vardır. Məsələn, "siyasi yetkinlik” fikir inkişafı, cəmiyyətdə siyasi məsələlərdə agahlıq, doğru düşüncə tərzi və layiqli rəhbərlərə itaət mə’nasını bildirir. Kərbəlada şəhid olmuş imam Həsən Müctəbanın (ə) övladı Qasim mə’sum imam olan əmisinə deyir: "Əgər hökumət Yəzid kimi zalımın əlinə keçərsə, onunla mübarizə yolunda ölüm mənim üçün baldan da şirindir.” Bu onun siyasi yetkinliyə çatmasını göstərir.
         "İqtisadi yetkinlik” dedikdə insanın başqalarına və özünə aid maldan düzgün istifadə bacarığı əldə etməsi nəzərdə tutulur. Qur’ani-kərim buyurur: Yetimlərin mallarını o zaman özlərinə təhvil verin ki, lazımı inkişafa çatıb, mallarından ağıllı şəkildə ticarət işlərinə sərf edə bilsinlər: "Əgər ağıla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın.”
          "İzdivac yetkinliyi” dedikdə oğlan və qızın büluğ həddinə çatmaqla yanaşı yaşayışı idarə edib, məs’uliyyətli olması başa düşülür. Çünki bu məs’uliyyətin qəbulu üçün yalnız cinsi yetkinlik və qanuni yaş həddi kifayət deyil.
 
BİR NEÇƏ XATIRLATMA

         1. Öncə dedik ki, büluğ həddi vəzifəlilik şərtidir. Lakin bu o demək deyil ki, yetkinlik yaşına çatmayan kəslər tamamilə azad buraxılsın. Qur’an da bə’zən yetkinlik yaşına çatmayan şəxslərə müraciət edir: İcazəsiz otağa daxil olmasınlar. Ata-ana və başqaları istirahət edərkən giriş üçün onlardan icazə alsınlar.   Həzrət Loğman övladına belə göstəriş verir: "Oğulcan, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işlərə qadağa qoy.”
        2. Büluğ həddinin vəzifəlilik şərti olmasına baxmayaraq, valideynlər öz körpələrini yetkinliyə çatmazdan öncə dini sünnələr və mərasimlərlə, xüsusilə namaz və orucla tanış etməlidirlər. Bə’zən işin ciddiliyini anlatmaq üçün namazın tərkinin aqibətini açıqlayıb, digər tənbehlərdən istifadə edə bilərlər.
       3. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin yetkinlik yaşına çatmamış şəxs kiməsə ziyan vurarsa, onun valideynləri ziyanı ödəməlidirlər. Çünki xalqın hesabı Allahın hesabından ayrıdır.
            4. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin uşaqlar yaxşı əməllərinə görə mükafatlandırılacaqlar. Əgər səhv edib, pis əməllərə yol versələr tənbeh olunacaqlar.
2. Qüvvə və bacarıq
            Qüvvə və bacarıq vəzifəlilik şərtidir. Zəif şəxslər vəzifəli deyillər. Hər şəxsdən öz gücünə görə tələb olunur. İlahi hökmlərdə də qüvvə məhdudluğu nəzərə alınmışdır. Allah-təala buyurur: "Biz heç kəsə gücündən artıq iş tapşırmırıq.”
          "Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.” Əlbəttə, insanın gücündən artıq çətinlik nəzərdə tutulur. Yoxsa, dindarlıq zəhmət və çətinliklə yanaşıdır.
           Hətta çətinliklə dolu cihad məsələsində xəstə, əlil, kor və cihad etmək üçün zəif şəxslər istisna olunur: "(Cihada getməməyə görə) kora, topala-şilə, bir də xəstəyə günah gəlməz.”
3. İxtiyar

           Günaha məcbur edilən və ya zorla vəzifəsindən daşındırılan şəxs üçün cəza yoxdur. Yə’ni əməldə azadlıq və ixtiyar vəzifəlilik şərtidir. Məcburi hallarda məsələnin hökmü başqadır. Məsələn, zülmkar bir qüvvə müsəlmanların həccə getməsinə mane olur və ya bir şəxs aclıqdan ölüm halına çatıb, murdardan savay yeməyə heç bir şey tapmır.
4. Ağıl
            Ağıl və şüur insanın dəyəri və vəzifəlilik me’yarıdır. Hesab-kitab və cəza ağıla əsaslanır. Ağıldan məhrum şəxslər vəzifəli deyil, onlar üçün cəza və mükafat yoxdur. Bə’zi rəvayətlərdə ağılın ilk məxluq olduğu və həqiqi bəndəliyin ağıldan qaynaqlandığı göstərilir. Hədis kitablarında əql mövzusu başqa mövzulardan öndə gəlir. (Məsələn, "Üsuli-Kafi”, "Vafi”, "Bihar”)
          İslamda ağılın zəifləməsinə səbəb olan şeylər (məsələn spirtli içkilər) qadağandır. Ağıl və düşüncənin artmasına səbəb olan işlər isə bəyənilmişdir. Məsələn, tə’lim, mütaliə, səfər, məşvərət və...
 
 
Müəllif: Möhsin Qəraəti
 
 
Category: Diger me'lumatlar | Baxış: 854 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]