Bazar günü, 2024-12-22, 6:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 9 » Bu gün bütün müsəlmanlar fitrə çıxarmalıdır
5:08 AM
Bu gün bütün müsəlmanlar fitrə çıxarmalıdır
 
Bu gün bütün müsəlmanlar fitrə
 çıxarmalıdır

Hacı Fuad Nurulla: "Ramazan bayramında gərək bütün müsəlmanlar tox olsun”
 
Bu gün bütün müsəlmanlar fitrə çıxarmalıdır


İslam dünyası üçün əlamətdar ay olan müqəddəs Ramazan ayında "Fitrə zəkatı” kimi adlandırılan zəkat növü bütün müsəlmanlar üçün vacib əməllərdən sayılır. Bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı, Bakı İslam Universitenin "İslamşünaslıq” fakültəsinin dekanı Hacı Fuad Nurullanın ANS PRESS-ə müsahibəsini təqdim edirik.

- Hacı, Fitrə zəkatı deyəndə nə başa düşülür?
-Fitrə zəkatı Ramazan ayının son günündə verilir. Fitrə verilməsi Məhəmməd peyğəmbərin (s.ə.s) sünnətindən bizə miras qalıb. Fitrə zəkatı bütün müsəlmanlara vacib buyrulub. Fitrə zəkatı bayramdan bir gün əvvəl çıxarılmalıdır. Bu zaman, ailə üzvünün hər birinin adından fitrə verilməlidir. Məsələn, əgər ailədə 5 nəfər varsa, hər adam üçün fitrə-zəkat ayrılmalıdır.

- Fitrə zəkatı necə hesablanır və əsas nələrdən fitrə vermək olar?
-Şəriət baxımından insanın gün ərzində ən çox yediyi qidadan fitrə zəkatı verilir. İnsanın ən çox yediyi qida isə çörəkdir. Çörəyin mənbəyi isə buğdadır. Buğdanın qiyməti, daha dəqiq desək, kiloqramı 20-30 qəpikdir. Bu çox az məbləğ olduğundan, fitrənin məbləği 2, 3 və 4 manat arasında hesablanıb. Fitrə bayram axşamı, gün batana qədər çıxarılmalıdır. Fitrə gündəlik çox yeyilən qida növləri, buğda, arpa, düyü, xurma və s. dənli bitkilərdən verilməlidir. Fitrə aşağıdakı dənli bitkilərdən, qeyd edilən miqdarda verilə bilər.

Düyü - 2.15 kq
Mərci - 2.0 kq
Paxla - 1.9 kq
Quru lobya - 2.0 kq
Ağ lobya - 2.6 kq
Xurma - 1.5 kq
Kişmiş - 1.5 kq
Buğda - 2.176 kq
Qarğıdalı - 1.9 kq


- İmkansız kəslər də mütləq fitrə verməlidirmi?
-İmkanı olmayan kəslərə fitrə vermək vacib deyil. Onlar dua, tövbə və istixvar (tövbə red.) edə bilərlər. Kasıblar bayram namazına qatıla bilərlər. Fitrə vermək maddi durumu yaxşı olan müsəlmanlar üçün vacib əməldir.

- Qan vermək, yaxud digər yaxşı əməllər fitrə zəkatı sayılırmı?
-Qan vermək fitrə hökmündən sayılmır. Amma, insan Ramazan ayında yaxşı iş görmək istəyirsə, qan da verə bilər. Lakin bu, fitrə sayıla bilməz. Bu, sadəcə yaxşılıq və ehsan sayılır. Ümumiyyətlə, hər hansı yaxşı əməl, niyyət fitrə sayılmır. Belə əməllər ehsan sayılır. Yaxşı, gözəl əməllər onsuz da bütün müsəlmanlar üçün vacibdir. Belə ki, eyni vaxtda xoş əməllər edilirsə, yardımlar verilirsə, bunlar ehsan sayılır.

- Bəs paltarlar, dənli bitkilərdən qeyri-ərzaqlar, meyvə və tərəvəzlərdən fitrə vermək olarmı?
-Ümumiyyətlə, paltardan fitrə verilə bilməz. Başqa ərzaqlardan, meyvə və tərəvəzlərdən fitrə çıxartmaq İslam hökmündə yoxdur. Lakin, bayram axşamı və bayram günündə kimin nəyə ehtiyacı çatırsa, onu da imkansız şəxslərə ehsan edə bilər. Bu həm insanlıq baxımından, həm də dini nöqteyi-nəzərindən xoş olan əməldir.

- Bayram namazının fəzilətləri haqqında nə deyə bilərsiniz?
-Bayram namazının fəzilətləri böyükdür. Bayram namazının qılınması müstəhəbdir, sünnətdir, yəni, vacib əməl deyil. İmkanı, şəraiti yol verirsə, bayram namazı qılmaq savabdır. Bayram namazı dərdləşmək, bir-birinə həyan olmaq, dinləmək baxımından çox gözəl əməldir. Bayram namazı tək qılına bilməz. Gərək bu namaz camaatla qılınsın. Hətta, bayram namazının açıq səma altında qılınması daha gözəl olar. Bu, müsəlmanların birgə olmasına, qardaş olmasına işarədir. Bu gündə küsülülər barışır. Müsəlmanlar bayramlaşır. Bu gündə bütün müsəlmanlar bayram edir. Ramazan bayramında gərək bütün müsəlmanlar tox olsun. Bu üzdən bayram günü oruc tutmaq da haram sayılır. Bayram namazına insan mütləq çörək yeyib getməlidir. Oruc halda bayram namazı qılmaq böyük günahdır.

Sonda bütün müsəlman bacı və qardaşlarımızı Ramazan bayramı münasibəti ilə təbrik edirik!

ans.az
Category: Diger me'lumatlar | Baxış: 867 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]