Bazar günü, 2024-12-22, 2:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 27 » “Böyük Qüds” layihəsi
9:35 PM
“Böyük Qüds” layihəsi
"Böyük Qüds” layihəsi

Sionist işğal rejimi Qüdsü bütünlüklə bir yəhudi şəhəri halına gətirmək məqsədinə yönələn "Böyük Qüds” layihəsi üzərində uzun illərdir ki, işləyir. Əslində bu layihəyə müstəqil bir şəkildə baxmaq yanlışdır. Bu araşdırmada məqsəd sadəcə "Böyük Qüds” layihəsinin inkişaf mərhələləri, bu layihəni həyata keçirmək istəyən sionist işğal rejiminin məqsədləri, fələstin xalqı və ümumilikdə İslam aləmi nəzərindən həmin layihənin daşıdığı təhlükələr və bu layihəyə qarşı necə davranmağın lazım olduğu barədə məlumat verməkdir. Ancaq ilk öncə Qüdsün müsəlmanların nəzərindəki əhəmiyyətini və Qüds mübarizəsinin inancla əlaqəsi haqqında bəzi xülasə məlumatlar vermək istəyirik.
     
     
Qüds hərəkatının İslamdakı yeri və əhəmiyyəti.
     

     Qüds – vəhyə söykənən və bütün dinlərdə müqəddəs sayılan bir şəhərdir. Bunun əsas səbəbi isə Allahın insanları doğru yola yönəltmək üçün vəzifələndirdiyi peyğəmbərlərin bir çoxunun bu şəhərdə yaşaması və ya ən azından həyatlarının bir hissəsini bu şəhərdə keçirməsidir. Bundan əlavə, bu peyğəmbərlərin bəzilərinin məbəd olaraq istifadə etdikləri məkanlar da bu şəhərdədir. Qüds İslamda xüsusi bir yerə və müqəddəsliyə sahibdir. Elə şəhərin adı da buna işarə edir. (Qüds "müqəddəslik” deməkdir) Qüds şəhəri müsəlmanların ilk qibləsini bağrında daşıyır və Rəsuləllahın (s) merac möcüzəsinə şahiddir. Allah-Taala Qurani- Kərimdə belə buyurur:

     سُبْحَانَ الَّذِي أَسْرَى‏ بِعَبْدِهِ لَيْلاً مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى‏ الْمَسْجِدِ الْأَقْصَى‏ الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

     "Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” ("İsra” surəsi, ayə: 1)
      Diqqət edin: Burada Məscidul-Əqsa barədə "ətrafını mübarək etdiyimiz” ifadəsi işlənir. Məscidul-Əqsanın ətrafı isə (başda Qüds olmaqla) bütün Fələstin torpaqlarıdır.
     "Maidə” surəsinin 20-21-ci ayələrində belə deyilir:

     وَإِذْ قَالَ مُوسَى‏ لِقَوْمِهِ يَاقَوْمِ اذْكُرُوا نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنْبِيَاءَ وَجَعَلَكُم مُلُوكاً وَآتاكُم مَا لَمْ يُؤْتِ أَحَدَاً مِنَ الْعَالَمِينَ - يَاقَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللّهُ لَكُمْ وَلاَ تَرْتَدُّوا عَلَى‏ أَدْبَارِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ

     "Bir zaman Musa öz camaatına belə demişdi: "Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi. Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz.”
     "Ənbiya” surəsinin 69-71-ci ayələrində də belə buyurulmuşdur:

     قُلْنَا يَانَارُ كُونِي بَرْداً وَسَلاَماً عَلَى‏ إِبْرَاهِيمَ - وَأَرَادُوا بِهِ كَيْداً فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ - وَنَجَّيْنَاهُ وَلُوطاً إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ

     "Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və xətərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)”- deyə buyurduq. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq. Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) bəşər övladına daim bərəkət verdiyimiz (aləmlər üçün mübarək etdiyimiz) yerə (Şama) qovuşdurduq”.
     Əksər təfsirçilər buradakı "daim bərəkət verdiyimiz yer” sözündən məqsədin Fələstin olduğu qənaətindədirlər. Tarixi qaynaqlardan da bəlli olur ki, İbrahim (ə) oddan xilas olduqdan sonra Fələstin torpaqlarına hicrət etmiş və bir müddət hal-hazırda "Əl-Həlil” adlanan bölgədə yaşamışdır. Tarixi sənədlərdə Lutun (ə) da burada yaşadığı göstərilmişdir.
     "Əraf” surəsinin 137-ci ayəsində buyurulur:

     وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُوا يُسْتَضْعَفُونَ مَشَارِقَ الْأَرْضِ وَمَغَارِبَهَا الَّتِي بَارَكْنَا فِيهَا وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنَى‏ عَلَى‏ بَنِي إِسْرَائِيلَ بِمَا صَبَرُوا وَدَمَّرْنَا مَاكَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُ وَمَا كَانُوا يَعْرِشُونَ

     "Zəif (həqir) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbir etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.”
     Bu ayədə də "daim xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə” deyilərkən məqsəd Fələstin diyarıdır. Çünki İsrail oğulları Misirdə zülm gördükdən sonra bu torpaqlara köçmüş və orada müəyyən bir müddət hakimiyyət qurmuşdular. 
     O bölgənin (Qüds və ətrafının) mübarək edildiyinə, yəni bərəkət verildiyinə işarə edən bir çox başqa ayələr də var. Həmin mübarək bölgənin ürəyi isə Qüdsdür.
     Bildiyimiz kimi, Məscidul-Əqsa müsəlmanların ilk qibləsidir. Allah-Taala Qurani-Kərimdə Məscidul-Əqsanın adını çəkir və bu məscidin ətrafını mübarək etdiyini bildirir. "Məryəm” surəsinin 11-ci və "Ali-İmran” surəsinin 37-ci ayələrindən bu da aydın olur ki, Zəkəriyya (ə) və onun oğlu Yəhya (ə), Məryəm (ə) və onun oğlu İsa (ə) zamanında orada bir məbəd (yəni Məscidul-Əqsanın qədim forması – Beyti-Məqdis) mövcud olub. Bəzi tarixi qaynaqlarda miladi tarixi ilə 70-ci ildə Qüdsün dağıdıldığı, Beyti-Məqdisin də o zaman uçurulduğu göstərilir. Ancaq bu məkan yenə məbəd olaraq tanınır və Beyti-Məqdisin qalıqları qorunurdu. Hal-hazırda yəhudilərin "ağlama divarı”, müsəlmanların isə "Burak divarı” adlandırdıqları divar həmin məbədin qalıqlarıdır. 
     Xəlifə Ömər zamanında (miladi tarixi ilə 638-ci ildə) Qüds fəth edildikdən sonra Beyti-Məqdisin yerində məscid inşa edildi və 691-ci ildə əməvi xəlifəsi Əbdülməlik Mərvan Məscidul-Əqsanın təmirini başa çatdırdı. Məscidul-Əqsanın yaxınlığında olan "Qübətüs-səhra” məscidi (qızılı gümbəzli məscid) də Əbdülməlik Mərvan tərəfindən tikilib. Bilindiyi kimi, Məscidul-Əqsa müsəlmanların ilk qibləsidir və bunun üçün də İslamda xüsusi əhəmiyyətə sahibdir. Rəvayətlərdə Məscidul-Əqsada qılınan namazların da digər namazlardan üstün olduğu bildirilir. Digər tərəfdən Məscidul-Əqsa Allahın Yer üzündəki ayələrindən (dəlillərindən) biridir. Çünki "İsra” surəsinin 1-ci ayəsində Rəsuləllahın (s) Məscidul-Həramdan Məscidul-Əqsaya gətirilməsinin səbəbi "bəzi ayələrimizi göstərmək üçün” kimi göstərilmişdir. Deməli, bura Allahın Yer üzündəki ayələrindən (nişanələrindən) biridir. Dolayısıyla desək, bura əsl sahib çıxmalı insanlar müsəlmanlardır.
     Qüds, İbrahimin (ə) hənif dinini və vəhy mədəniyyətinin nüvəsi olan tovhid inancını təmsil edən müqəddəs bir şəhər olduğu üçün bu şəhərin həqiqi sahibləri iman gətirənlər olmalıdırlar.

     مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيّاً وَلاَ نَصْرَانِيّاً وَلكِن كَانَ حَنِيفاً مُسْلِماً وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ - إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ

     "İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan da deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!” ("Ali-İmran” surəsi, ayə: 67-68) 
     İsrail oğullarının atası sayılan Yaqub (ə) babası İbrahimin (ə) vəsiyyəti haqqında belə buyurur:

     وَوَصَّى‏ بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى‏ لَكُمُ الدِّينَ فَلاَ تَمُوتُنَّ إِلاِّ وَأَنْتُم مُسْلِمُونَ

     "İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi): "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”("Bəqərə” surəsi, ayə: 132)
     Nəticə etibarilə, Qüds peyğəmbərlər şəhəri və hənif dinin simvoludur. Oranın həqiqi sahibləri də peyğəmbərlərin həqiqi varisləri və hənif dininin mənsubları olan möminlərdir.
     Sionistlər yəhudiləri Qüds torpaqlarına yığa bilmək üçün əllərindəki təhrif olunmuş Tövratdan çıxardıqları bir sıra uydurma hekayələri sonuna qədər dəyərləndirməyə çalışırlar. Halbuki, vəhy edildiyi kimi mühafizə edilmiş Qurani-Kərimin ayələrinin işığında müsəlmanların Qüds üzərindəki haqlarına sahib çıxmaqda daha qərarlı olmaları lazımdır.
     
     
"Böyük Qüds” layihəsi nədir?

     "Böyük Qüds” layihəsi dedikdə, şəhər ətrafındakı və Qərbi Yaka bölgəsindəki yəhudi yaşayış məskənlərini də daxil etməklə Qüds şəhərinin bələdiyyə sərhədlərini genişləndirilməsi nəzərdə tutulur. 
     İngilis işğalçıları Fələstinin qapılarını sionistlərin üzünə açdığı gündən, sionistlər Qüdsə böyük əhəmiyyət veriblər. Bunun səbəbi sionist ideologiyasının təhrikedici dini ünsürlərdən yaxşı istifadə bacarığıdır. (Elə "sionizm” sözü də bu şəhərdəki Sion dağından götürülmüşdür.) Ancaq köç edən yəhudilər daha çox şəhərin qərb hissəsində məskunlaşırdı. 1948-ci ildə İsrailin qurulmasından və qərbi Qüdsü işğal etməsindən sonra bu ərazidə yaşayan ərəblər məcburi halda köçürüldü. Bu ərazidəki yəhudi nüfuzu 80%-ə qaldırıldı. 1967-ci ildə Qüdsün işğal edilməsi ilə ərəblərin məcburi köçürülməsi burada da başladı. Yalnız şərqi Qüdsdən zor gücünə 75 000 ərəb (əhalinin yarıdan çoxu) çıxarıldı. O zaman bütün Qüdsdə yaşayan yəhudilərin sayı təxminən 190000 nəfər idi. 
     İsrail rejimi Qüdsdəki yəhüdilərin sayını artırmaq və müsəlmanların sayını azaltmaq üçün müxtəlif taktikalar işlədirdi: Qüdsdəki müsəlmanların evləri zorla qəsb edilir, icazəsiz tikildiyi iddiasıyla sökülür, adi yəhudilər tərəfindən işğal edilirdi. Müsəlmanların yaşadığı məhəllələr bələdiyyə xidmətlərindən məhrum qalır, sionist terror təşkilatların vasitəsilə müsəlmanlara qarşı hücumlar edilir və cinayətlər törədilirdi.
     Bütün bunlarla yanaşı (son illərdə şəhəri hər tərəfdən yəhudi mühasirəsinə alan) yəhudi yaşayış məskənləri inşa edilməyə başladı. Xüsusilə, bu şəhərin güneydəki "əl-Həlil” və "Beytlaham” şəhərləriylə əlaqə yaradan yolların üzərində bu şəkildə yaşayış mərkəzləri inşa edildi. Bütün bu tikintilərin inşası sürətlə davam etdirildi.
     Sionist işğal dövləti indi də bütün bu yaşayış məskənlərini Qüdsdəki işğal bələdiyyəsinə daxil etmək və beləliklə, Qüdsdə yaşayan yəhudilərin nüfuzunun çoxalmasını təmin etmək istəyirlər. Bu məqsədlə "Böyük Qüds” layihəsi üzərində ciddi iş aparırlar. 
     
     
"Böyük Qüds” layihəsinin məqsədləri nələrdir?

     "Böyük Qüds” layihəsinin iki böyük məqsədi var:
     Birincisi: Qüdsün ətrafında inşa edilmiş yəhudi yaşayış məskənlərində məskunlaşan yəhudiləri də Qüdsün tərkibinə daxil etmək. Bu da öz növbəsində, Qüds məsələsinin statusu barədəki müzakirələrdə (yəhudi nüfuz səviyyəsini dəlil olaraq göstərməklə) Qüdsü tam olaraq İsrail hakimiyyətinə daxil etmək məqsədinə xidmət edir. Əslində bu mövzudakı xətanın özəyində 13 iyul 1993 Oslo qanunlar deklarasiyasına imza atanların hərəkətləri durur. Belə ki, bu deklorasiyanın imzalanmasından əvvəlki görüşlərdə Amerika (Qüds məsələsi də daxil olmaqla) çox ixtilaflı olan məsələlərin müzakirəsini sonrakı mərhələlərə buraxılmasını istəmiş və dırnaqarası "Fələstin xalqı” da bunu qəbul etmişdi. Halbuki Qüds məsələsi Fələstin məsələsinin ürəyidir, özüdür. Bu məsələ həll olunmasa, Fələstin məsələsi həll oluna bilməz. Amma İsrail işğal rejimi ilə masaya oturub "sülh” anlaşmalarına imza atanlar Qüds məsələsini gündəmdən kənarlaşdıraraq, işğalçılara bu müqəddəs şəhər üzərində öz hakimiyyətlərini möhkəmləndirməyə fürsət verdilər. Bu gün işğalçılar ətrafdakı yaşayış məskənlərində yaşayan yəhudiləri də Qüdsün tərkibinə daxil edərək bu şəhərdə qeydiyyatda olan yəhudi sayını artırmaq istəyirlər. Məqsədləri isə "Son danışıqlar mərhələsi” zamanı bundan dəlil olaraq istifadə etməklə "Qüdsdə bu qədər yəhudi yaşayır. Bizim buradan çıxıb buranı fələstinlilərə təhvil verməyimiz mümkün deyil” deməkləridir. İkinci məqsəd isə: Qüds çevrəsindəki yaşayış məskənlərini bələdiyyə xidmətlərinə daxil etməklə buraya marağı və yəhudi məskunlarının sayını artırmaqdır. İsrail qaynaqlarından alınan məlumatlara əsasən, yeni salınmış yaşayış məskənlərində sıxlıq səviyyəsi 30 % həcmindədir. Tikintisi bitmiş yaşayış məskənlərində məskunluq səviyyəsi 30 % olduğu halda, İsrail davamlı olaraq yeni yaşayış məskənləri tikir. Bu yaşayış məskənlərinə yəhudilərin lazımi maraq göstərməməsinə iki əsas səbəb var: Birinci səbəb yeni yaşayış məskənlərindəki yolların və həmçinin buraları başqa yerlərlə bağlayan yolların lazımi qədər güvənli olmamasıdır. Fələstin xalqının işğala qarşı müqaviməti yəhudiləri qorxudur. İkinci səbəb isə infrastruktur xidmətlərinin naqisliyidir. Çünki bu yaşayış mərkəzləri dağınıq haldadır və heç biri müstəqil olaraq bələdiyyə kimi fəaliyyət göstərmək iqtidarında deyil. Dolayısıyla desək, buralarda infrastruktur xidmətləri yaradılması üçün onlar hər hansı bir bələdiyyəyə bağlanmalıdırlar. İsrail rejimi də həm strateji, həm də yaxınlığına görə məntiqi olaraq Qüds şəhər bələdiyyəsini ən uyğun seçim kimi təqdim edir. Yəhudi yaşayış məskənlərindəki sıxlığı artırmaq da nəticədə Qüdsün tamamilə yəhudiləşməsinə xidmət edir.
     
     
"Böyük Qüds” layihəsi nə kimi təhlükələrin mənbəyidir?

     Sionist reliminin yuxarıda sadaladığımız məqsədləri eyni zamanda Qüdsün İslami simasına yönəlmiş bir təhdid xüsusiyyəti daşımaqdadır. Çünki Qüds şəhərindəki yəhudi nüfuz səviyyəsinin artırılması, oradakı müsəlman varlığına qarşı ciddi bir təhdid yaratmaqdadır. Bununla əlaqəli olaraq:
     1. Əgər ətrafdakı yəhudi yaşayış məskənləri Qüds bələdiyyəsinin daxilinə alınsa, bu, qərbi Yaka bölgəsinin 30 % hissəsinin Qüds sərhədlərinə daxil edilməsi mənasını verəcək. Qüds də İsrail sərhədi olaraq göstərilən "yaşıl xətt”-ə daxil ediləcək.
     2. Qüds ətrafındakı yaşayış məskənləri əsasən strateji yerlərdə inşa edilir. Bunun məqsədi isə Qüds içərisindəki müsəlmanların kənardakı müsəlmanlarla əlaqəsini kəsməkdir. Əgər bu yaşayış məskənləri bələdiyyə sərhədləri içərisinə alınsa, onların şəhər daxilindəki yaşayış məskənləri ilə əlaqəsi möhkəmlənəcək. Beləliklə də, Qüds daxilində yaşayan müsəlmanlar daha da sıxışdırılmış olacaq. Bu cür sıxışdırma siyasətinin hədəfi isə daxildəki müsəlmanları tamamilə köçməyə məcbur etməkdir.
     3. Əgər Qüdsdəki müsəlmanların sayı azaldılsa və ya tamamilə ortadan qaldırılsa, bu şəhərdəki Məscidul-Əqsa başda olmaqla bütün İslami məbədlər və digər əsərlər ciddi bir təhlükə ilə üzləşəcək. Məlum olduğu kimi, işğalçılar Məscidul-Əqsanı sökərək yerinə "Sion məbədi” və ya "Süleyman heykəli” adlandırdıqları yəhudi məbədini inşa edə bilmək üçün uzun illərdir çalışırlar. Bu məqsədlə indiyə qədər Məscidul-Əqsaya bir neçə dəfə hücum etmiş və onu yandırmağa cəhd etmişlər. Onların bu hücumları qarşısında fədakar müsəlmanlar sədd olublar. Ancaq onlar oradan hər hansı bir şəkildə çıxarılarsa, işğalçılar o müqəddəs məbədləri ortadan qaldırmaq cəhətindən özlərini çox rahat hiss edəcəklər.
     4. Sionistlərin "Böyük Qüds” layihəsini həyata keçirməkdə əsas məqsədlərindən biri də bu şəhər üzərindəki hakimiyyətlərini beynəlxalq platformada rəsmiləşdirməkdir. Yuxarıda qeyd etdiyimiz üsullarla Qüds bələdiyyəsi daxilindəki yəhudi nüfuzunun çoxalmasına nail olduqdan sonra dünya dövlətlərinin Qüdsü İsrailin paytaxtı kimi tanımaması üçün heç bir səbəb qalmayacaq. ABŞ konqresi 1999-cu ildə Qüdsün İsrailin paytaxtı olaraq tanınmasını nəzərdə tutan bir qərar çıxardı. Amerikanın yəhudi lobbisi bu qərarın qüvvəyə minməsi üçün böyük təlaş içindədir. Əgər Amerika Qüdsü İsrailin paytaxtı olaraq qəbul edərsə, xarici siyasətləri Amerika xəttilə indekslənmiş ölkələrin bir çoxu da bu qərarla razılaşacaq. Bu da İslam aləminə böyük təhlükədir. 
     5. "Böyük Qüds” layihəsi təkcə Qüdsdə yaşayan müsəlmanlara yox, ətrafda yaşayan müsəlmanlara da təhlükə yaratmaqdadır. Çünki bu proyekt tam həyata keçəcəyi təqdirdə, Qüds ətrafındakı yaşayış mərkəzlərinə bələdiyyə xidmətləri göstərmək bəhanəsilə, müsəlmanlara məxsus minlərlə hektar ərazinin qəsb edilməsi planlaşdırılır. İndidən həmin yaşayış sahələrinin Qüdslə rabitəsini təmin edən yollarin inşası bəhanəsilə müsəlmanlara aid ərazilər zorla qəsb və zeytun bağları yerlə-yeksan edilir.
     6. Qüds təkcə Qüdsdə yaşayanlar üçün deyil, bütün müsəlmanlar üçün müqəddəs bir şəhərdir. Ancaq sionist işğal rejimi "Böyük Qüds” layihəsilə bu şəhəri tam mənada bir yəhudi mühasirəsinə alaraq, şəhərin xaricindəki müsəlmanların şəhərə girişini çətinləşdirirlər.
     Bütün bu sadalananlar "Böyük Qüds” layihəsinin təhlükələrindən bəziləridir. Müsəlmanlar bu layihənin təhlükəsini geniş mənada anlamalı və müqəddəs Qüds şəhərinin İslami simasının qorunması üçün lazımi həssaslığı göstərməlidir.
     

     
Müəllif: Kəmalə Mirməcidli
     Redaktor: Mehriban Məhəmmədli

     
Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: Diger me'lumatlar | Baxış: 843 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]