Bazar günü, 2024-12-22, 11:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 8 » BƏLALAR MÜQABİLİNDƏ SƏBİR
9:27 PM
BƏLALAR MÜQABİLİNDƏ SƏBİR
 
BƏLALAR MÜQABİLİNDƏ SƏBİR

Bundan əvvəl deyildiyi kimi, bəlalar dünyanı əhatə edib. Hər kəsin bir cür giriftarçılığı və bu giriftarçılıqların hər birisinin öz səbəbləri var. Onlardan ən mühümü bu yarış meydanında kimin qalib gəlməsini müəyyənləşdirən imtahan və sınaqdır. İndi isə digər bir amilə diqqət yetirək. Bu, acı hadisələr və bəlalara səbir etməkdir. Gərək insan bəlalar qarşısında son həddə qədər dözüb, səbir və müqavimət göstərməklə mümkün olmayanları reallaşdırıb, Allah fərmanına təslim olsun.
Bir çeşmə ayrıldı qayadan düzə,
Qəfildən bir daşla gəldi üz-üzə.
Həlimliklə belə söylədi daşa:
Yol ver, qoy yolumu mən vurum başa.
Qəlbi qara daş qaldırıb səsini,
Dedi: Uzaq dayan, kəsərəm nəfəsini.
Sellər tərpətməmiş məni yerimdən,
Sənin qarşındanmı qaçmalıyam mən?!
Bu sözlər çeşməni razı salmadı,
Təkan vurdu daş yerində qalmadı.
Çalışdı-vuruşdu, durmadı bir an,
Ötüb-keçdi daşdan, yol oldu asan.
Zəhmətlə çatarsan hər bir istəyə,
Atdığın ox çətin ki, daşa dəyə.
Get tər axıt, üzülməsin ümidin
Qisməti ölümdür hər naümidin.
Bil, işdə olarsa səbirin, dözümün,
Çətinliklər asan olası bir gün.
Qurani-məciddə yüz dəfədən çox müxtəlif təbirlərlə səbir və müqavimətli olmaq barəsində söz açılır. Ancaq səbir, əlini əlinin üstünə qoyub, gözləmək deyil. Əksinə, səbir lüğətdə bir işi yerinə yetirmək və onu davam etdirmək üçün polad kimi iradəli olmaq və qəlbin əzmkarlığı mənasındadır. Səbir və müqavimət təkcə insanın ruhiyyəsinin aşağı enməsinin qarşısını almır. Əksinə, insanın ruhiyyəsini neçə dəfə yüksəldir. Eləcə də cəbhədə düşmən qarşısında səbir barəsində Quranda buyurulur: "Əgər içərinizdə iyirmi səbirli və müqavimətli kişi olsa, iki yüz kafirə qalib gələr”.[Enfal suresi, aye 65]
"Ali-İmran” surəsinin 200-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Səbir edin. Düşmənlərin müqaviməti müqabilində də dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!”
Mütəal Allah bu ayədə qələbəyə olan ümidi dörd şeydə bilir:
Nəfs istəkləri və meylləri, çətinliklər və bəlalar müqabilində səbir və müqavimət.
Düşmən qarşısında səbir və müqavimət.
Sərhəd keşiyində səbir və müqavimət (bu, istər müsəlman məntəqələrinin sərhədi olsun, istərsə də siyasət və İslam mədəniyyətinin).
Hər bir şeyin əsası olan pərhizkarlıq və paklıqdakı (iffətdəki) səbir.
Quranda belə bir təbirlər də var ki, "Allah səbir edənlərlədir”[Beqere suresi, aye 249] və "Allah səbir edənləri sevər”.[Ali-Imran suresi, aye 146] Quranda dörd yerdə buyurulur ki, insanı hidayət edən ibrətamiz dərslər, çox şükür və səbir edən kəslər üçün haqq və xeyir əlamətidir.[Ibrahim suresi aye 5,Logman suresi, aye 21,Seba suresi, aye 19. Sura suresi , aye 33] "Məhəmməd” surəsinin 31-ci ayəsində buyurulur: "Biz içərinizdəki mücahidləri və səbir edənləri ayırd etmək üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri də yoxlayacağıq (kimin həqiqi, kimin yalançı olub şayiə yaydığı və nifaq üzündən (məqsədilə) söz danışdığı üzə çıxsın)”.
Talutun macərasında, Həzrət Samuel Peyğəmbər (ə) tərəfindən təyin edilən güclü və şücaətli bir kişi az bir dəstə ilə zəmanənin zalım diktatoru Calutun hər cəhətdən döyüşə hazır vəziyyətdə olan ordusunun qarşısında durdu. Görürük ki, Talut az adamla Calutla döyüşə gedəndə onun tərəfdarları bütün varlıqları ilə dedilər: "Pərvərdigara, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”[Beqere suresi, 250]
Həmin böyük ruh yüksəkliyi ilə Calutun hər cəhətdən döyüşə hazır olan ordusunu məğlub etdilər. Bu zaman (Davud adlı) yeniyetmə cavan Talutun qoşununda idi. Ordu cəbhənin ön xəttinə çatanda, o, əlindəki sapandla çox məharətlə Caluta tərəf bir-iki daş atdı. Daş Calutun alnından dəyərək onu yerə yıxdı. Calutun ordusu qorxuya düşüb, bir neçə itki verdikdən sonra qaçmağa başladı və bəni–İsrail qövmü qalib gəldi.[Mecmeul-Beyan, 1-ci ve 2-ci cild, seh 357]
Bəli, səbir və müqavimət belə bir möcüzə yarada bilir. Müşkül görünən işləri həyata keçirir və mümkün olmayanları da mümkün edir.

Məhəmməd Məhəmmədi İştiharidi

Category: Exlaq | Baxış: 877 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]