Bazar günü, 2024-12-22, 10:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 25 » Bismillahın təfsiri. Lərzi cəlalə (2)
8:04 AM
Bismillahın təfsiri. Lərzi cəlalə (2)
Bismillahın təfsiri.Ləfzi cəlalə


(Əvvəli ötən sayımızda)

Müqəddəs ləfzi-Cəlalə (''Allah''), Qur’ani-Kərimin, ‘‘Bismillahir-Rəhmanir-Rəhim’’ ayələri ilə birlikdə, 1772 ayədə yazılmışdır.

Cəlal və Cəmal sifətlərini öz daxilində cəm edən müqəddəs ''Allah'' kəlməsi barəsində müfəssirlər çox sözlər demişlər.

Seyyid İbrahim Burucerdi ''Came'' kitabında ‘‘Allah’’ kəlməsinin təfsiri barəsində, Şeyx Səduqdan rivayət edərək yazır:

«Şeyx Səduq ''Tövhid'' kitabında, İmam Sadiqdən (Allahın salavat və salamı ona olsun) rəvayət edərək buyurur: Bir kişi İmam Sadiq (ə.s)-in yanına gələrək ərz edir: Ey Rəsulullahın övladı, camaat bu barədə mənimlə çox mübahisələr edir. Bu barədə məni çox təəccübləndiriblər. Allah nədir?!!! Həzrət (ə.s) onun cavabında buyurur:

«Ey Allahın bəndəsi, heç gəmiyə minmisənmi?» Ərz edir: Bəli. Həzrət (Allahın salavat və salamı ona olsun) buyurur:

«Dəryanın ortasında gəminiz sınıbdırmı?! Və elə bu vaxt sahilə çıxmaq üçün nə üzə bilirən nə də bir köməyin var. O vaxt, suda qərq olduğun zaman, ürəyin sənə qərq olmaqdan nicat verən bir varlığın olduğunu hiss etdiribmi?» Ərz edir: Bəli, ey Peyğəmbər övladı. Sizin dediklərinizin hamısı mənim başıma gəlib. Həzrət (Allahın salavat və salamı ona olsun) buyurur: «Suda qərq olduğun zaman hiss etdiyin varlıq, Allahdır.»

Molla Fəthullah Kaşani ''Minhacus-Sadiq'' kitabında, bə’zi din alimlərinin kitablarına əsaslanaraq, yazır;

«Bu müqəddəs ad (Allah), Tanrının zati adıdır. Tanrının bütün ad və sifətləri, bütövlükdə ‘‘Allah’’ kəlməsində cəm olmuşdur.»

Allahın sifətləri iki hissəyə bölünüb:

1- Sübuti sifətlər. Məsələn: Qüdrət, elm, həyat, ədalət, hikmət və s... Bu kimi sifətlərə Allahın sübuti və ya cəmaliyyə sifətləri deyilir.

2- Səlbi sifətlər. Məsələn: Allahın şəriki yoxdur, O cisim deyil, Onun məkanı yoxdur, gözə görünmür, digər varlıqlardan yaranmayıb (yə’ni mürəkkəb deyil), heç bir şeyə ehtiyacı yoxdur, aciz, cahil deyil, Onun üçün ölüm yoxdur, kiməsə zülm etmək ona aid deyil və s... bu kimi sifətlərə səlbiyyə sifətləri deyilir.

O böyük varlığın sifətlərinin bir çoxu Qur’ani-kərimdə müxtəlif surə və ayələrdə bir neçə dəfə zikr olunmuşdur. O cümlədən:

''Allah'', 1772 ayədə, ''Ər-Rəhman'', 158 ayədə, ''Ər-Rəhim'', 146 və ''Rəhim'', 61 ayədə, ''Əl-Mulk'', 28 və ''Mülk'' 32 ayədə, ''Əl-Quddus'', 2 ayədə, ''Əs-Səlam'', 7 və ''Səlam'', 22 ayədə, ''Əl-Mu'min'', 1 və ''Mu'min'' 11 ayədə, ''Əl-Muhəymin'' 1 ayədə, ''Əl-Əziz'' 64 və ''Əziz'' 24 ayədə, ''Əl-Cəbbar'' 1 və ''Cəbbar'' 3 ayədə, ''Əl-Mutəkəbbir'' 1 və ''Mutəkəbbir'' 2 ayədə , ''Əl-Xaliq'' 1 və ''Xaliq'' 7 ayədə, ''Əl-Bari'' 1 ayədə, ''Əl-Musəvvir'' 1 ayədə, ''Əl-Ğəffar'' 3 ayədə, ''Əl-Qəhhar'' 6 ayədə, ''Əl-Vəhhab'' 3 ayədə, ''Ər-Rəzzaq'' 1 ayədə, ''Əl-Fəttah'' 1 ayədə,  ''Əl-Əlim'' 32 və ''Əlim'' 106 ayədə, ''Əs-Səmi'' 20 və ''Səmi'' 21 ayədə, ''Əl-Bəsir'' 9 və ''Bəsir'' 27 ayədə , ''Əl-Hukm'' 10 ayədə, ''Əl-Lətif'' 2 və ''Lətif'' 4 ayədə, ''Əl-Xəbir'' 6 və ''Xəbir'' 25 ayədə, ''Əl-Həlim'' 1 və ''Həlim'' 10 ayədə, ''Əl-Əzim'' 36 və ''Əzim'' 49 ayədə, ''Əl-Ğəfur'' 11 və ''Ğəfur'' 52 ayədə, ''Əş-Şəkur'' 1 və ''Şəkur'' 8 ayədə, ''Əl-Ə'əla'' 9 ayədə, ''Əl-Kəbir'' 8 və ''Kəbir'' 11 ayədə, ''Həfiz'' 6 ayədə, ''Əl-Kərim'' 3 və ''Kərim'' 20 ayədə, ''Ər-Rəqib'' 1 və ''Rəqib'' 2 ayədə, ''Mucib'' 1 ayədə, ''Vasi''' 8 ayədə, ''Əl-Həkim'' 42 və ''Həkim'' 39 ayədə, ''Əl-Vədud'' 1 və ''Vədud'' 1 ayədə, ''Əl-Məcid'' 2 və ''Məcid'' 2 ayədə, ''Şəhid'' 13 ayədə, ''Əl-Həqq'' 104 və ''Həqq'' 36 ayədə, ''Əl-Vəkil'' 1 və ''Vəkil'' 5 ayədə, ''Əl-Qəviyy'' 3 və ''Qəviyy'' 4 ayədə, ''Əl-Mətin'' 1 və ''Mətin'' 2 ayədə, ''Əl-Vəliuu'' 2 və ''Vəliuu'' 18 ayədə, ''Əl-Həmid'' 10 və ''Həmid'' 6 ayədə, ''Əl-Həyy'' 8 və Həyy 2 ayədə, ''Əl-Qəyyum'' 3 ayədə, ''Əl-Vahid'' 6 və ''Vahid'' 18 ayədə, ''Əs-Səməd'' 1 ayədə, ''Əl-Qadir'' 1 və ''Qadir'' 2 ayədə, ''Muqtədir'' 2 ayədə, ''Əl-Əvvəl'' 2 və ''Əvvəl'' 20 ayədə, ''Əl-Axir'' 30 və ''Axir'' 6 ayədə, ''Əz-Zahir'' 1 və ''Zahir'' 1 ayədə, ''Əl-Batin'' 1 ayədə, ''Əl-Mutəal'' 1 ayədə, ''Əl-Birr'' 17 ayədə, ''Ət-Təvvab'' 6 və ''Təvvab'' 2 ayədə, ''Əl-'Əff'' 2 ayədə, ''Rəuf'' 6 ayədə, ''Əl-Mulk'' 17 və ''Mulk'' 20 ayədə, ''Zul-Cəlali vəl-İkram'' 1 ayədə, ''Came''' 3 ayədə, ''Əl-Ğəniy'' 8 və ''Ğəniy'' 7 ayədə, ''Ən-Nur'' 12 və ''Nur'' 8 ayədə, ''Hadi'' 1 ayədə, ''Bədi''' 2 ayədə, ''Əl-Varis'' 1 ayədə  və ''Ər-Raşid'' də 1 ayədə zikr olunmuşdur.

Əlbəttə yuxarıda qeyd etdiyimiz Tanrının bu ad və sifətlərinin sayları, digər hərf və kəlmə ilə tərkib tapmadığı surətdə axtarış aparılmışdır. Habelə həmin ad və sifətlər, göstərdiyimiz ayələrdə, bə’zən bir və ya bir neçə dəfə zikr olunmuşdur.

Molla Fəthullah Kaşani sözünün davamında yazır:


«Elə buna görə də (Allah kəlməsi bütün ad və sifətləri özündə topladığı üçün) ''İsmi-Ə'əzəm'' (Allahın böyük) adlarından biri sayılır.»

''Əsrarus-Səlat'' kitabının müəllifi, həmin kitabın 343-cü səhifəsində ''Allah'' kəlməsi barəsində rəvayət nəql edərək yazır:

«(Əs-Səbəbul-Ə’əla, Əl-Mustəqimu ələl-Huda və İmamu Əhlid-Dünya)  Həzrət Əli (Allahın salavat və salamı ona olsun) buyurur:

«Bütün məxluqat və yaranmışlar O böyük varlığı dərk etməkdə acizdirlər. Onun müqəddəs zatı gözlərdən gizli, gümanlardan məxfidir.»

Seyyid İbrahim Burucerdi ''Came'' kitabında yazır:

«Şeyx Səduq İmam Zeynal-Abidindən (Allahın salavat və salamı ona olsun) rəvayət edərək yazır: ‘‘Bismillahir-Rəhmanir-Rəhim’’ ayəsi barəsində Həzrət İmam Zeynal-Abidindən (Allahın salavat və salamı ona olsun) soruşduqda, Həzrət (Allahın salavat və salamı ona olsun) buyurdu:

«Atam, öz atası Əmirəl-Mö’minin (Miftahul-Huda, Ləysuş-Şəra və Ğəysun-Nəda) Əli ibni Əbu Talibdən (Allahın salavat və salamı ona olsun) nəql edərək, buyurur:

’’''Allah'' kəlməsi, Tanrının ən böyük adlarından biridir. Tanrıdan başqa heç bir varlığın adı, Allah kəlməsiylə adlana bilməz.’’»

Həmin kişi ərz etdi: Allah nədir? (Şəmsuz-Zuha, Mubəşşiru biə’əzəmil-Buşra və Əl-Mətlubu lid-Dünya) Həzrət (Allahın salavat və salamı ona olsun) buyurdu:

«O elə bir varlıqdır ki, insanlar çətin günlərində, bütün varlıqlardan mə’yus olduqları zaman, Ona doğru üz çevirib pənah gətirirlər. Kim nə qədər imkanlı olsa belə, yenə də həmin şəxs nəyəsə möhtacdır. O şəxslərin insanlar tərəfindən istəyi yerinə yetməyəndə Allaha doğru üz çevirərlər. Onların bütün istəklərini yerinə yetirən varlıq, yalnız Allahdır.»

 

LƏFZİ CƏLALƏ TANRININ ZATI ADIDIRMI?

Müqəddəs ‘‘Allah’’ kəlməsinin Tanrının zatı üçün ad olub-olmaması haqqında, alimlərin nəzərləri müxtəlifdir. Onların bə’ziləri ''Allah'' kəlməsini O, Vacibul-Vücud (Tanrı) üçün ad, bəziləri isə Tanrının sifəti kimi bəyan etmişlər.

Ayətullah Burucerdi öz kitabında qeyd edir ki; Bu müqəddəs kəlmənin Tanrı üçün ad olmasına qail olanlar, deyirlər; «O müqəddəs kəlmənin Tanrının digər sifətləri ilə sifətlənmə qabiliyyətinə sahib olmasıdır.»

Yə’ni Allah kəlməsi, Tanrının sifəti ilə sifətləndiyinə görə, həmin müqəddəs kəlmə, O böyük Varlıq üçün addır. Başqa bir sözlə desək, Tanrının Rəhman, Rəhim, Raziq, Xaliq, Vahid, Alim və s... bu kimi cəmal və cəlal sifətləri həmin adla xarakterizə olduğu üçün bu müqəddəs kəlmə Vacibul-Vücud üçün ad məqamındadır. Daha aydın desək, Allah üçün Allah Rəhmandır, Allah Rəhimdir, Allah Raziqdir, Allah Xaliqdir, Allah Vahiddir, Allah Alimdir və s... söyləyə bilərik, amma Tanrının digər sifətləri heç vaxt ''Allah'' ləfzi ilə sifətlənə bilməz. Belə ki, Rəhman Allahdır, Rəhim Allahdır, Raziq Allahdır, Xaliq Allahdır və s... deyə bilmərik.

Daha sonra o, sözünün davamında yazır: «Bunu da bilirik ki, yalnız addır ki, digər isimlərlə sifətlənə bilər.»

Belə ki, əgər biz hər-hansı bir varlığın sifətini tanıtmaq istəyiriksə, onda gərək, onun adını bilək və həmin adla, onun sifətlərini, qarşımızda olan bir şəxsə bəyan edək. Yə’ni əgər biz təkcə Rəhmandır, Rəhimdir, Ruzi verəndir Xaliqdir və s... desək, Rəhmanın, Rəhimin, Ruzi verənin, Xaliqin və s... kim olduğu bizim üçün məlum olmaz. O zaman, həmin varlığın sifətini bildirmək üçün, addan istifadə etməyimiz labüddür.

Ayətullah Burucerdi (r.ə) sözünün davamında yazır: «(Əgər ''Allah'' kəlməsi Tanrının adı deyilsə,) gərək onda Tanrının zatının digər adı olmalıdır və O böyük Varlığın sifətləri həmin ad üçün sifət kimi tanınmalıdır.»

Belə ki, sifətini bəyan etdiyimiz hər-hansı bir varlığı bildirən əlamət olmalıdır ki, həmin əlamətlə onun sifətini zahirə çıxaraq. Elə həmin əlamət, onun adıdır.

O, sözünün davamında yazır: «Mə’lumdur ki, hər-hansı bir sifətin, sifətlənmişə (ada) ehtiyacı vardır.»

Yə’ni əgər biz ''Allah Rəhmandır'' cümləsinə diqqətlə nəzər salsaq, görərik ki, əgər ''Allah'' kəlməsi olmasaydı ''Rəhmanın'' hansı vücuda məxsus olduğunu əldə edə bilməzdik. Beləliklə rəhman kəlməsini (yə’ni sifəti) zikr etmək üçün Allah sözünü (sifətlənmir) deməyimiz labüddür.

Aydındır ki, sifətlənmiş isim, həmin varlığ üçün ad olmalıdır. Bu da mə’lumdur ki, ‘‘Allah’’ kəlməsindən başqa, Tanrının sifətlərini özündə cəm etməyə heç bir ismin ya adın qabiliyyəti və səlahiyyəti yoxdur. Yalnız, o müqəddəs kəlmə, Tanrının bütün ad və sifətlərini özündə cəm etmək qabiliyyətinə malikdir. Nəticədə, ''Allah'' ləfzi O böyük Tanrının zatı adıdır.

Müəllif sözünün davamında yazır: «Əgər ‘‘Allah’’ kəlməsini ad yox sifət fərz etməli olsaq, ''La İlahə İllər-Rəhman'' cümləsi də, ''La İlahə illa Allah'' cümləsi kimi Tanrının birliyinə və onun Yeganəliyinə dəlalət edərdi.»

 

Cünki, ''La illahə İllər-Rəhman'' cümləsində ''Rəhman'' sözü Allahın tək və yeganə olduğunu bildirmir. Yə’ni aləmdə Rəhmandan başqa digər bir varlığın da mövcud olduğu başa düşülür. Və həmin cümlənin mə’nası isə belədir: ''Heç bir məbud yoxdur, məgər Rəhman'' Əgər belə demək mümkün olsaydı, onda Allahın bütün adları üçün həmin cümlədən istifadə etmək düzgün olardı. Məsələn: ''La ilahə illər-Rəhman, La ilahə illər-Rəhim, la ilahə illər-Raziq və s...  Başqa bir sözlə desək ''La İlahə İlləllah'' kəlməsi, Tanrıdan başqasına aid olardı. Çünki, sifət, bu və bu kimi cümlələrdə aydın və aşkar olmaz. Lakin biz görürük ki, bu belə deyil. Yə’ni biz ''La ilahə illəllah'' dedikdə Tanrıdan başqasına aid olmadığını görürük.

Seyyid Muhəmməd Hüseyn Təbatəbai ''Təfsirul-Mizan'' kitabında bu haqda yazır: ‘‘Allah’’ kəlməsi Tanrının məxsus adlarındandır. Belə ki, Tanrının bütün sifətləri, həmin kəlmə üçün sifətdir. Məsələn: deyə bilərik ki, Allah Rəhmandır, Allah Rəhimdir, Allah ruzi verəndir, Allah Bağışlayandır, Allah yaradandır və s.... Lakin əksinə ‘‘Allah’’ kəlməsi Tanrının digər ad və sifətləri üçün sifət ola bilməz. Məsələn: Rəhman Allahdır, Rəhim Allahdır, Ruzi verən Allahdır, Bağışlayan Allahdır, Yaradan Allahdır və s....

Mollah Fətullah Kaşani ''Minhacus-Sadiq'' kitabında yazır: «‘‘Allah’’ kəlməsi əslində sifətdir. İnsanlar arasında bu müqəddəs kəlmə, yalnız O uca Tanrıya aid olduğuna görə, həmin söz O böyük varlığ üçün ad məqamına kimi yüksəlmişdir. ‘‘Allah’’ kəlməsinin sifət olmasının sübutu isə, Haqqı-Təalanın zatının varlığının ehtiyacsızlığıdır.»

Əgər Allah kəlməsi O, varlığ üçün addır desək, belə olan surətdə, Tanrının varlığının, varlığ cəhətindən, xarici bir şeyə (Allah kəlməsinə) ehtiyacı olduğu başa düşülər.

Molla Fətullah Kaşani sözünün davamında yazır:

«Çünki, kəlmənin təsəvvürü, həmin varlığın həqiqi baxımından təsəvvür edilməsinə dəlalət edir. Tanrının zatının dərki isə qeyri mümkündür. Belə olduğu surətdə kəlmənin, həmin varlığa dəlalət olunması da təsəvvür oluna bilməz.»

Biz hər-hansı bir varlığın adını çəkdikdə, onu, öz zehnimizdə təsəvvür edirik. Məsələn: Daş, bitki, heyvan və insan dedikdə, onların necəliyini və zahirdə hansı xüsusiyyətlərə malik olduğunu təsəvvür edirik. Lakin, biz Allah dedikdə, Onun varlığının necəliyi təsəvvür olunmur. Çünki, Onun barəsində heç bir təsəvvürümüz yoxdur. Əgər biz O böyük varlığı digər məxluqlar kimi, təsəvvür edə bilsəydik, onda mütləq onun da hansısa bir şəkildə olmağını təsəvvür edə bilərdik. Bəs onun zatının təsəvvür olunmaması, bizim onun zatı barəsində məlumatımızın olmamasıdır. Elə Xaliqin xaliqiyyətinə sübut, Onun məxluqa oxşamamasıdır.

Müəllif sözünün davamında yazır: «Əgər ‘‘Allah’’ kəlməsi, Tanrının mücərrəd zatına aid olarsa, belə olan surətdə ''Huvəl-Lahu fis-səmavat'' ayəsinin mə’nası (O bir Allahdır ki, asimanlardadır). Tanrının mürəkkəbliyinə dəlalət etmiş olar.»

Yəni ayənin mə’nası belə olardı; ''O, asimanlarda qərar tapmış müşəxxəs bir zatdır'' belə olan surətdə, asiman Tanrı üçün məskən sayıla bilər və bu da Tanrının məkana, mühitə ehtiyacı olması ilə bağlı olacaq. Necə ki, bir çox Əhli-Təsənnün təriqətləri və onlardan doğan müxtəlif firqələr də elə məhz bu fikirdədirlər. Məsələn Vəhhabilərin ən böyük alimi sayılan, İbni Teymiyyə, Allahın asimanlarda qərar tutduğuna qaildir. O öz möizələrinin birində belə deyir:

’’Bir vaxt olacaq Allah asimandan yerə enəcək, necə ki, mən bu minbərdən bir pillə yerə enirəm.’’

Rəvayət edirlər ki, o bu sözü dedikdən sonra minbərdən bir pillə aşağı düşür.

İslam dininə daxil olan bu batil əqidənin əsas mənbəyi isə ayənin düzgün təhlil olunmamasıdır.

Bu məsələnin sübutu üçün İslam ideologiyası kitabalarına müraciət edə bilərsiniz.

Əgər həmin müqəddəs kəlməni Tanrının zatı üçün sifət tutsaq, onda ayənin mə’nası belə olar: ’’O, asimanlarda məbud olan bir Allahdır’’

Bu mə’na daha düzgün və səhihdir.

Beləliklə alimlər arasında Allah ləfzinin Tanrı üçün ad olub-olmaması barəsində onların bütün dəlillərini nəzərdən keçirtdikdən sonra, bu nəticəyə gəlirik ki, ikinci nəzəriyyə daha məqsədə uyğun və Allah ləfzinin O, Böyük Tanrı üçün sifət olması daha düzgün fikirdir. Çünki, yalnız Allah ləfzidir ki, Tanrıdan başqa bir varlıq üçün sifət və ad olmur. Bəs əslində bu müqəddəs ləfz Tanrı üçün sifətdir, lakin insanlar arasında həmin ləfz yalnız O, uca Tanrıya işarə olunduğuna görə, Onun üçün ad məqamına çevrilmişdir.


 

(Davamı növbəti sayımızda)

iman.ge

Category: Diger me'lumatlar | Baxış: 877 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]