Bazar günü, 2024-12-22, 10:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 5 » BATİNİ HƏYAT
7:53 AM
BATİNİ HƏYAT
 
 
BATİNİ HƏYAT


    İnsan bu dünyada bir zahiri həyata malikdir ki, onun cismi və bədəni ilə əlaqədardır. O yeyir, içir, yatır, hərəkət edir, iş görür, lakin eyni halda onun zatının batinində nəfsani bir həyatı da vardır. O, bu dünyada yaşaması ilə eyni zamanda zatının batinində ya səadətə, kamala və nuraniyyətə doğru seyr edir, ya da bədbəxtliyə, qaranlıqlara doğru yuvarlanır. Ya insaniyyətin həqiqi yolunda Allaha doğru hərəkət edir, ya da insaniyyət yolundan azaraq heyvanlığın qaranlıq, zülmətli və alçaq vadilərinə yuvarlanır, ya kamalın yüksək dərəcələrindən nura, sevincə, camala gedən yoldadır, ya da zülmətlərə, əzab və süquta aparan yoldadır. Camaatın əksəriyyətinin bu batini həyatdan qafil olmasına baxmayaraq bu bir həqiqətdir.
  Allah Quranda buyurur: “Dünya həyatının zahirindən agahdırlar, lakin axirət həyatından (batini həyatdan) qafildirlər.” 
Amma bilməyin, yaxud bilməməyin real gerçəkliyə heç bir təsiri yoxdur. Qiyamətdə maddiyyat pərdələri insanın gözləri önündən çəkildikdə özünün feliyyətə çatmış gerçəkliyindən agah olacaqdır. Mütəal Allah Quranda buyurub: “(Qiyamətdə insana deyilər:) Sən dünyada bu məsələdən qafil idin, lakin bu gün sənin gözlərin daha itidir.” 
    Bu ayədən məlum olur ki, axirətlə əlaqədar olan işlər elə bu dünyada və insan vucudunun batinində mövcuddur, lakin insan ondan qafildir. O, qəflət pərdələrinin götürüldüyü axirət aləmində hər bir şeyi əyani olaraq müşahidə edəcəkdir. Qurani-Kərim ayələrindən və hədislərdən məlum olur ki, insanın nəfsi bu dünyada müəyyən şeylər kəsb edir. Onun kəsb etdiyi şeylər həmişə onunla yanaşı olacaq, onun axirətdəki müqəddəratını həll edən rol ifa edəcəkdir. Nümunə olaraq aşağıdakı ayələri qeyd edirik:
“Hər bir kəs nəfs gördüyü əməllərin girovundadır. (Hərə öz əməlinin əvəzini alacaqdır.)”
“Hər bir nəfs kəsb etdiyi şeyləri qiyamətdə tamam-kamal olaraq alacaqdır.”
“Allah sizi bihudə andlarınız vasitəsi ilə deyil, qəlblərinizin kəsb etdiyi şeylərin vasitəsi ilə cəzalandırıb mükafatlandırar. Allah bağışlayan və həlimdir.” 
Digər bir ayədə buyurulur: “Allah heç kəsdən qüdrəti çatmadığı şeyi tələb etməz. (Nəfsin) kəsb etdiyi bütün yaxşılıqlar onun özününküdür və onun bütün pis işləri də öz ziyanına tamam olacaqdır.”
Yenə buyurulur: “O gündə ki, hər bir nəfs yerinə yetirdiyi yaxşı işi öz qarşısında hazır görəcəkdir. Yerinə yetirdiyi pis işləri görəcək və arzu edəcəkdir ki, kaş onunla pis işləri arasında uzun-uzadı fasilə olaydı!”
“Hər kəs saleh bir əməl yerinə yetirsə öz nəfsi üçün yerinə yetirmişdir, hər kəs çirkin bir işə mürtəkib olsa öz nəfsinin ziyanına olacaqdır. Sonra sizin hamınız Pərvərdigarınıza doğru qaytarılacaqsınız.” 
“Qiyamət günü hər kəs zərrə qədər yaxşı iş görmüş olsa onu görəcəkdir, hər kəs də zərrə qədər pis iş görmüş olsa onu görəcəkdir.”
Başqa ayədə buyurulur: “İnsan üçün özünün səylərinin hasilindən başqa bir şey qalmaz və o qiyamətdə öz səylərini görəcəkdir.”
Yenə buyurulur: “Əvvəlcədən (bu dünyada) öz nəfsləriniz üçün göndərdiyiniz şeylərin hamısını Allah yanında tapacaqsınız.”
“O gündə (qiyamətdə) insanın mal-dövləti və övladları ona heç bir fayda yetirməz. Yalnız Allahın görüşünə sağlam qəlblə gələnlərdən başqa.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) səhabələrdən birinə buyurdu: “Ey Qeys! Sən hökmən özün üçün bir munis hazırlayacaqsan və o, qəbirdə səninlə olacaq. O diridir və sən onunla birlikdə dəfn olunacaqsan. Əgər o yaxşı və əziz olsa səni də əziz edəcək, əgər alçaq olsa səni də alçaldacaqdır. Sonra sən qiyamətdə onunla birlikdə diriləcəksən. Səndən hesab-kitab çəkiləcəkdir. Çalış, özün üçün əməli saleh bir munis seç. Əgər saleh olsa onunla ünsiyyətdə olacaqsan, əgər azğın və fasiq olsa sənin vəhşətin və əzabın onun tərəfindən başqa bir şey olmayacaqdır. Həmin munis sənin əməllərindir.” 
    İnsan elə bu dünya da özünün axirət həyatının təmin olunmasına və nəfsinin pərvəriş edilməsinə məşğuldur. Əqidə və fikirlər, səciyyə və xasiyyətlər, məhəbbət, bağlılıq və ünsiyyətlər, eləcə də nəfsdə təsir qoyan sair işlər tədricən qurulur və inkişaf edir. Onun necə olması bu kimi işlərlə bağlıdır. Haqq mərifət və əqidələr, gözəl əxlaq və insani səciyyələr, Allaha məhəbbət və bağlılıq, Allahla ünsiyyət və Ona diqqət yetirmək, Allaha itaət edib Onun razılığını qazanmaq, Allahın əmr etdiyi saleh əməlləri yerinə yetirmək insanın mələkuti ruhunu kamal dərəcələrinə doğru yüksəldir və Allahın qürb məqamına çatdırır. İnsan iman və saleh əməl vasitəsi ilə elə bu dünyada yeni və pak-pakizə bir həyata malik olur və bu da axirət aləmində aşkar olur.

Qurani-kərimdə buyurulur: “Hər kəs – istər qadın, istərsə də kişi imanı olduğu halda saleh bir əməl görsə Biz onu pak və gözəl bir həyatla dirildərik.” 


   İnsan bu dünyada bədən və cismi ilə ləzzət alıb bəhrələndiyi nemətlərdən əlavə mənəvi nemətlərdən də bəhrələnir, onların vasitəsi ilə öz ruhuna pərvəriş verir, özünün mənəvi və axirət həyatını qurur. Bunun da nəticəsi axirət aləmində zahir olur.
İmam Cəfər Sadiq (ə) buyurur: “Allah Öz bəndələrinə buyurur: “Ey mənim siddiq (sadiq) bəndələrim! Dünyada Mənə ibadət nemətindən istifadə edin ki, axirət aləmində elə bunlardan da bəhrələnəsiz.””
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub: “Allahı zikr etməkdə davamlı olmaq ruhların qidasıdır.”
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurub: “Allahı zikr (yad) etməyi heç vaxt unutmayın, çünki o, qəlblərin nurudur.”[56]
Behişt və onun nemətləri, eləcə də cəhənnəm və onun əzabları elə bu dünyada, insanın əqidə, əxlaq və əməllərinin vasitəsi ilə əmələ gəlir. Biz ondan qafil olsaq da, axirət aləmində, sirlərin aşkar olduğu bir gündə həqiqətlər aşkar olacaqdır.
İmam Səccad (ə) buyurub: “Agah olun! Hər kəs Allah övliyası ilə düşmənçilik etsə, Allah dinindən başqa bir din seçsə, Allah vəlisinə etina etməsə və öz rəyinə əməl etsə bədənləri atəş şölələri arasına daxil olar. Bunlar elə bədənlərdir ki, ruhlarını əldən vermiş və bədbəxtlik onlara qələbə çalmışdır. Bunlar elə ölülərdir ki, atəşin hərarətini dərk etmirlər. Əgər diri olsaydılar atəşin əzabını və hərarətini dərk edərdilər. Ey bəsirət sahibləri! İbrət alın və Allaha sizi hidayət etdiyinə görə həmd edin.”
Quranda buyurulur: “Yetimlərin mal-dövlətini nahaq yerə yeyənlər öz qarınlarına od daxil edirlər və bu odlar tezliklə şölələnəcəkdir.” 
İnsan bu dünyada axirət üçün ya nur və bəsirət hazırlayır, ya da zülmət və qaranlıq. Əgər bu dünyada kor və nursuz olsa axirət aləmində də kor və nursuz olaraq məhşərə gətirilər.
Quranda buyurulur: “Hər kəs (qəlbinin gözü) bu dünyada kor olsa axirətdə də kor və azğın şəkildə məhşur olunar.” 
Mərhum Əllamə Təbatəbai (rizvanullahi əleyh) buyurub: Nəcəfi Əşrəf şəhərində çox abid və zahid bir şeyx yaşayırdı. Ona “Şeyx Əbud” deyirdilər. O, Allah övliyalarından, seyri-süluk əhlindən idi. Daim zikr deyər, ibadətlə məşğul olardı. Bəzi vaxtlar “Vadiyussəlam” qəbristanlığına gedər, saatlarla orada oturub fikirləşər, bəzən də gəzişərdi. Köhnə və təzə qəbirlərə diqqətlə nəzər salardı. Bir gün qəbristanlıqdan qayıtdığı zaman alimlərdən bir neçəsi onunla qarşılaşıb halını soruşur və deyirlər: “Şeyx Əbud, “Vadiyussəlam” da nə xəbər var?” O deyir: “Təzə bir xəbər yoxdur.” İsrar etdikləri zaman deyir: Çox qəribə bir məsələ ilə qarşılaşdım. Köhnə və yeni qəbirlər barəsində nə qədər diqqət etdimsə onlarda ilan, əqrəb və əzab vasitələrini görmədim. Qəbirlərin birindən soruşdum: “Rəvayətlərdə qeyd olunur ki, qəbirdə meyyitə ilan, əqrəb və sair əzab verən həşəratların vasitəsi ilə işgəncə verilir. Amma mən sizin yanınızda ilan-əqrəb görmürəm.” Qəbirdən belə cavab gəldi: “Bəli, bizim yanımızda ilan əqrəb yoxdur, siz özünüz dünyadan özünüzlə birlikdə ilan-əqrəb gətirirsiniz və burada sizə onlarla işgəncə verilir.”
   İnsanın nəfsani və batini həyatı həqiqi və real bir həyatdır. İnsan öz zatının batinində real bir yolu ötüb keçir; bu yol ya onu səadətə və kamala çatdırır, ya da bədbəxtçiliyə və fəlakətə düçar edir. Onun həqiqi və real həyatı vardır ki, insanın əqidə, əxlaq və əməlləri nəticəsində formalaşır.
Allah-təala Quranda buyurur: “Hər kəs izzət istəyirsə (bilməlidir ki, ) bütün izzətlər Allaha məxsusdur. Pak kəlmələr (pak nəfslər) Allaha doğru qaldırılır və saleh əməl də onu yuxarı aparır.” 

Bizim nəfsimizin feliyyəti bizim fəaliyyət, iş və əməllərimizin məhsulu olub bizim əqidə, əxlaq, səciyyə, xislət və əməllərimizin vasitəsi ilə formalaşır. Onun yaxşı və ya pis nəticəsi də axirət aləmində aşkar olacaqdır.

 Ayətullah İbrahim Əmini 

Category: Exlaq | Baxış: 1056 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]