Bazar günü, 2024-12-22, 11:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 22 » ATASINA LAQEYD OLANIN AQİBƏTİ
8:31 PM
ATASINA LAQEYD OLANIN AQİBƏTİ
ATASINA LAQEYD OLANIN AQİBƏTİ
Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq üçün həmin vilayətə gedirlər. O, qardaşlarının vasitəsilə köynəyini atasına göndərir. Həmin köynəyi həzrət Yaqubun (ə) kor olmuş gözlərinə sürtən kimi gözləri açılır.
Həzrət Yaqubun (ə) tapşırığı ilə elə həmin gün ailə üzvləri Misirə yola düşürlər. Karvan böyük şadlıqla və iti sürətlə Misirə tərəf hərəkət edirdi. Kənandan yola düşən karvan doqquz günə mənzil başına çatdı. Çünki neçə il övlad həsrətində olan ata oğlunu görməyə gedirdi.
Atası və qardaşlarının gəlişini eşidən Yusif (ə) təmtəraqla onları qarşılamaq üçün yola düşdü. Padşahın xüsusi qoşunundan əlavə, minlərlə şəhər camaatı Yusifi (ə) müşayiət edirdi.
Bu təmtəraqlı mərasimi görən Yaqub (ə) oğlu Yəhudadan soruşdu:
Bu gələn Misir padşahıdır?
"Xeyr atacan. Bu oğlun Yusifdir”– deyə Yəhuda cavab verdi. Yaqub (ə) atdan enib Yusifə (ə) tərəf addımladı.
Yusif (ə) uzaqdan atasını görəndə tez atdan enmək istədi. Amma öz padşahlıq məqamına görə bir az ləngidi. Atası ilə salamlaşıb görüşəndən sonra (mərasim sona yetəndə) Cəbrayıl (ə) nazil olub dedi:
"Ey Yusif! Allah-təala buyurur:
"Bizim saleh bəndəmiz və sənin zəhmətkeş atan olan Yaqubu (ə) görəndə nəyə görə ondan sonra (bir az gec) atdan endin? İndi isə əlini aç. Elə bu vaxt Yusifin barmaqları arasından parlaq bir nur xaric oldu.”
Yusif (ə) dedi: Ey Cəbrayıl! Barmaqlarımın arasından çıxan bu nur nə idi belə?
"Bu peyğəmbərlik nuru idi. Sənin atandan sonra atdan enməyin, atana qarşı hörmətsizlik sayılır- dı. Ona görə də Allah-təala peyğəmbərliyi sənin nəslindən kəsdi. Səndən sonra gələcək peyğəmbər daha sənin nəslindən olmayacaq.” – deyə Cəbrayıl (ə) cavab verdi.
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
Valideynlərinə ehsan və yaxşılıq edən insanlar haqqında söz açmazdan əvvəl burada mühüm bir məsələyə işarə edirik:
İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə də Allah-təala Quranın dörd surəsində bu məsələni Allahı dərklə eyni səviyyədə tutmuşdur.
1-O cümlədən də Bəqərə surəsinin 83-cü ayəsində buyurur:
"Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin...
2-Həmçinin Ənam surəsinin 151-ci ayəsində buyurur:
"Ya Rəsuləllah! De: "Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin...”
3-Allah-təala Nisa surəsinin 36-cı ayəsində camaata xitab edərək onları ibadətə dəvət edib buyurur:
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin...”
4-Həmçinin İsra surəsinin 23-cü ayəsində Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:
"Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”
Ata-anaya yaxşılıq etmək haqqında İslam Peyğəmbəri (s) buyurmuşdur:
"Valideynlərə hörmət və yaxşılıq etmək, namaz, oruc, həcc, ümrə və Allah yolundakı cihaddan qat-qat üstündür.”("Cəmiüş-səadət" c. 2. səh,264)
Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır. Hətta valideynin üzünə baxmaq belə Həcc ziyarətinin savabı ilə bir sırada qeyd olunmuşdur.
Peyğəmbər (s) buyurur:
"Elə bir gözəl əməl sahibi olan övlad yoxdur ki, hər dəfə valideynlərinə rəhmət və qayğıkeş nəzərlərlə baxdığında, Allah-təala həmin övladın hər baxışının əvəzində onun əməl dəftərinə qəbul olmuş bir Həccin savabını yazmamış olsun.”
Ərz olundu: "Ey Allahın Rəsulu! Əgər gündə yüz kərə baxsa necə?
Buyurdu: "Bəli! Mehriban Allah o həddə böyük və pakdır ki, hətta min kərə baxsa belə ona hər baxışın müqabilində həmin savabı yazar.”
ATAYA HÖRMƏT VƏ PEYĞƏMBƏRLİK NURU
Lavi, Həzrət Yusifin (ə) ən böyük qardaşı idi. Onun o biri qardaşlarından fərqli olaraq bir çox müsbət xüsusiyyətləri vardı. Biz burada bir-iki nümunəyə işarə etməyi lazım bilirik.
Lavi digər qardaşlarından daha ağıllı və uzaqgörən idi. Qardaşı Yusiflə (ə) də çox mehribanlıqla rəftar edərdi. Qardaşları Yusifi (ə) öldürmək istəyəndə o belə bir təklif edir:
Gəlin Yusifi su quyusuna ataq. Su götürmək üçün quyuya yaxınlaşan karvan onu oradan çıxarıb özləri ilə başqa bir vilayətə aparacaqlar. Qardaşlar onun bu təklifi ilə razılaşırlar.(Yusif surəsində götürülmüşdür. 9-cu- 10-cu ayə)
Həmçinin Lavi atasına çox bağlı idi. Onu narahat görməyə dözümü yox idi. Elə bu səbəbdən də Yusifin (ə) anabir qardaşı olan Benyamini oğurluq adıyla öz yanında saxlamaq istədiyini eşidəndə Lavi qardaşlarına deyir: Mən sizinlə Kənana qayıtmayacağam. Çünki Benyaminin həbs olunması xəbərini atamız Yaquba (ə) xəbər vermək mənimçün çox çətindir. Hər kəsin ixtiyarı öz əlindədir və mən burada qalmaq üçün qəti qərara gəlmişəm. Vətənə qayıtmağım üçün ya gərək atam izin verə və ya Allah-təala özü mənə kömək ola.(Həmin ayə 79)
Allah-təala onun bu iki yaxşı əməlinin əvəzini bu dünyada ona nəsib etdi və peyğəmbərlik nurunu onun nəslində bərqərar etdi.(Bürhan təfsirindən çıxarış, c. 2, səh. 270. hədis 12. ) Həzrət Musa ibn İmran (ə) üç vasitə ilə onun övladlarındandır.(Nəzhətül-məcaris. c. 1, səh 111)
YAXŞILIQ VƏ VAR-DÖVLƏT
Bəni-İsrail tayfasında çox ağıllı və ədəbli bir cavan varmış. Bu cavan oğlan ata-anasına hədsiz hörmət edər və onların sözündən heç vaxt çıxmazdı. O, valideynlərinin icazəsi olmadan bir iş görməzdi.
Günlərin birində həmin cavan oğlan bir miqdar mal alır və aldığı malların pulunu vermək üçün evə getməli olur. O, içərisinə pul qoyduğu sandıqçanın açarını axtarır. Təsadüfdən atası açarı ciibnə və paltarları da başı altına qoyub yatmışdı. Oğlanın atasını oyatmağa ürəyi gəlmədi. Atasının yanında oturdu ki, bəlkə o yuxudan ayıla. Amma kişi çox yorğun olduğundan ağır yuxuya getmişdi.
Oğlanın mal aldığı adam hava qaralmamış öz vilayətinə qayıtmalı idi. O səbəbdən də çox gözləyə bilməzdi. Oğlan sandıqçanın açarını götürmək üçün atasını oyatmadı və aldığı malı sahibinə geri qaytarıb üzrxahlıq etdi.
Atası yuxudan ayılandan sonra oğlundan soruşdu: "Oğlum, bu günkü alış-verişin necə olub? Bir-şey qazana bilmisənmi?
Cavan oğlan almaq istədiyi mal barədə atasına danışıb dedi: "Əgər açar sizin başınız altında olmasaydı və həmin malları alsaydım çoxlu mənfəət əldə edərdim.”
Atası oğlunun bu işinə görə çox sevindi. Dedi: "Ey əziz oğul! Bu gün əlindən çıxan həmin gəlirin əvəzində öz inəyimi sənə bağışlayıram. Bununla da bu gün əldən qaçırdığın fürsətin əvəzini gələcəkdə əldə edəcəyinə ümidvaram.”
Bu əhvalatdan bir müddət keçəndən sonra oğlanın atası öldü. O vaxtlar Bəni-İsrail tayfasından bir nəfəri öldürmüşdülər. Camaat qatilin kim olduğunu bilmək üçün həzrət Musanın (ə) yanına gedirlər. Musa (ə) onlara deyir: "Əgər qatilin kim olduğunu bilmək istəyirsinizsə, bu nişanələri olan inəyi alıb kəsin. Həmin inəyin quyruğunu ölən adama vursanız dirilər və qatilin kim olduğunu deyər.
Həzrət Musanın (ə) dediyi bütün nişanələr ancaq bu cavan oğlanın inəyinə aid idi. Bəni-İsrail tayfası inəyi almaq üçün oğlanın yanına gedirlər. Anası oğluna deyir: Bəni-İsrail tayfasına de ki, inəyi almaq istəyirlərsə, gərək onun dərisini soyub içərisini qızıl sikkələrlə doldurub təhvil versinlər.
Onlar oğlanın qoyduğu şərt ilə razılaşmağa məcbur olduqlarından inəyin dərisini qızılla doldurub oğlana verdilər.(Bəqərə surəsindən götürülmüşdür.67-72- ci ayə.Məcməul bəyan təfsiri. c. 1, səh 137. Burhan təfsiri, c. 1.səh. 137, Burhan təfsiri. c. 1, səh 111)
Valideynlərinə etdiyi hörmət və yaxşılığın əvəzində Allah-təala ona belə böyük bir sərvət əta etdi. Həmçinin Quranın ən böyük surəsi həmin inəyin əhvalatına görə Bəqərə (yəni inək) adlanmış və Allah-təala bu surədə həmin əhvalata işarə etmişdir.
ATAYA XİDMƏTİN MÜKAFATI
"Nəql olunur ki, bir kişinin dörd oğlu var idi. Oğlanların atası ağır xəstə idi. Oğlanlardan biri o biri qardaşlarının yanına gedib dedi: "Mənim belə bir şərtim var: Ya siz atama baxın və ölümündən sonra mirasdan əl çəkin və ya mən özüm ona baxıb, mirasdan imtina edirəm.
Qardaşlar ona dedilər: "Yaxşısı budur ki, sən atamıza qulluq edəsən. Həmçinin ölümündən sonra sənə düşəcək mirasdan imtina edəsən. Oğlan razılaşıb atasını öz evinə apardı. Bir müddətdən sonra atası dünyasını dəyişdi. Günlərin birində bu oğlan atasını yuxuda görür. Atası ona deyir: Ey əziz oğlum! Filan yerdə bir dinar qoymuşam. Get onu götür və ehtiyacın olan şeyə xərclə. Allah-təalanın o bir dinara çoxlu bərəkət verəcəyinə və beləliklə də sənin var-dövlət sahibi olacağına ümidvaram. Bu vasitə ilə də mənimçün çəkdiyin zəhmətin bəhrəsini görərsən. Oğlan soruşdu: "Məgər o bir dinarda nə bərəkət var?
"Bəli, bu bir dinarın bərəkəti çoxdur”– deyə atası cavab verdi.
Oğlan yuxudan ayılandan sonra atasının qoyduğu bir dinarı götürüb bazara yollandı. Bazarda qarşısına bir balıq satan çıxır. O, əlində tutmuş iki balığı göstərərək müştəri səsləyirdi. Oğlan yaxınlaşıb balıqların qiymətini soruşdu. Balıqsatan dedi: "İkisini bir dinara satıram. O həmin bir dinarı verib, balıqların ikisini də aldı. Balıqların içindən iki dənə cəvahir çıxdı. O, beləsini heç yerdə görməmişdi. Bu xəbər padşahın qulağına çatanda onları çox baha qiymətə oğlandan aldı. Beləliklə də oğlan dövrünün tanınmış var-dövlət sahiblərindən oldu.(Xəzinətül-cəvahir kitabından ixtisarlaş səh. 621. hekayə 42)
Dövrümüzün sufi şairlərindən olan Münim Ərdəbili valideynlərə münasibətin hansı nəticələr doğurduğunu nəzmə çəkmişdir:
Aqvalideynə dünya tufandı, Allah, Allah!
Dünyavü-axirətdə veylandı, Allah, Allah!
Vurmuşdu valideyni bir şəxsi-bimürüvvət
Dünyadə fəqr odunda odlandı, Allah, Allah!
İncitmə valideyni, axır zəlil olarsan
Aqvalideynə dünya zindandı, Allah, Allah!
Nifrin edəndə valid, amin deyər muhasen
İzzət yolu ol şəxsə bağlandı, Allah, Allah!
Öp əllərindən indi, qəbrin daşından öpmə
Beş gün sənin evində mehmandı, Allah, Allah!
Pul ver, məhəbbət eylə, mehmandı xidmət eylə
Bir gün baxıb görərsən, üryandı, Allah, Allah!
Düş, öp ayaqlarından versin duai-xeyri
Dərdə həmin dualar dərmandı Allah, Allah!
Bir şəxsin altı oğlu getdi biri dayandı
Çox-çox böyük məqamə qovzandı, Allah, Allah!
İndi həmin cavanın sərvət yağır başından
İqbalı, təxtü-bəxti tabandı, Allah, Allah!
Aləmdə sərvətilə xoşbəxt olammaz insan
Şərti-rizayi madər rizvandı, Allah, Allah!
Hər evdə nığ-nığ olsa, cəncalü-şurü-qoğa
Axırı ol dudmanın virandı, Allah, Allah!
Hər evdə ki səfa var, ya mehü ya vəfa var
Ey xoş ol dudmana ki, xəndandı, Allah, Allah!
Category: Exlaq | Baxış: 1437 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 3
0  
3 SETRUS   (2012-01-14 8:16 PM) [Daxil et]
[color=green][size=22]COX SAGOL..UZUR ISTEYIREM SIZE BIR SUALIM VAR.MENEN BIR QIZ ISDIYEIR EHLI SUNNIDI DEYIREM KI BU GUN IMAM HusEyinIN (e) 40 DI.DEYIRKI ISLAMDA BELE SHEY YOXDU 3 u .7 si .40 i.. diyir bu adet eneneden qalib bu duzdumu???? sad

0  
2 Ənfal   (2012-01-09 4:01 PM) [Daxil et]
SETRUS indi görə bilərsiz.

0  
1 SETRUS   (2012-01-09 11:46 AM) [Daxil et]
SALAM ALEYKUM.SIZ BUNU NIYE BELE HERIFLERNEN YAZIRSIZ HECNE GORSENMIR ??????

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]