Bazar günü, 2024-12-22, 8:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 3 » Aqil kimdir?
2:17 PM
Aqil kimdir?

Əmirəl-möminin Əli (ə) buyurur:
مَن لَم یُهذِّبُ نَفسَهُ لَم یَنتَفِع بالعَقلِ
"Ruhunu və canını islah etməyən şəxs, ağlından istifadə etməmişdir". (1)
Bu cümlə bir çox lətif və zərif mənalara malikdir. "لم ینتفع" ilə "لا ینفع" kəlmələri arasında fərq var. Əgər həzrət (ə) "لا ینفع" buyursaydı, mənası belə olardı ki, nəfsi tərbiyələndirməmənin qalıcı təsiri, nəticədə ağıldan istifadə edə bilməməyə səbəb olur. Amma "لم ینتفع" sözü daha yüksək mənaya aid olur. Yəni, nəfsin islah olunmaması ağıldan bəhrələnməməyin nişanəsidir. 
Nəfsində islahat aparan şəxs ağlından istifadə etmişdir. Bunun əksi olaraq nəfsini tərbiyələndirməyən kəs, ağlından bəhrələnə bilməmişdir. Ona görə ki, ağıldan istifadənin nəticəsi nəfsin saflaşmasıdır.
İstər dahi və müqəddəs şəxsiyyətlərin, istərsə də maddi aləmdə ömürlərini eyş-işrətlə başa vuran şəxslərin həyatlarını araşdırarkən iki görüşlə qarşılaşırıq:
Ömrünü təqvaya, paklığa, xalqa xidmətə, təbliğə, tədrisə, İslam və müsəlmanlara xidmətə həsr etmiş dəyərli bir insanın həyatını icmali surətdə mülahizə etdikdə, deyirik: "Çox ağıllı insan imiş!"
Amma nəfsini islah etmədiyi üçün məhdud ömrünü maddi, keçərli, narahatlıqsız ötüşməyən ləzzətlərdə sona yetirən şəxs barəsində deyirik: "Çox etinasız insan imiş, ömrünü mənəviyyata sərf etmək, İslam və müsəlmanlara xidmət etmək əvəzinə, dünyaya üz çevirməklə məqsədinə, intizarında olduğu ləzzətlərə çatmadan günahların ağır yükünü çiyinlərinə almışdır”. 
Buna əsasən, ağıl, insanın nəfsini tərbiyələndirməsini, azğınlıqlara və maddi məsələlərə düçar olmamasını, özünü bu işlərdən yüksəkdə bilməsini zəruri hesab edir. Peyğəmbərdən (s) soruşdular: "Ağıl nədir?". Buyurdu: "Allahın əmrlərinə itaət etməkdir. Həqiqətən, Allahın əmr və göstərişlərinə əməl edənlər, ağıllı şəxslərdirlər". (2) 
Nəhayət illər ötəcək, həyat sona çatacaqdır. Dünya həyatı baxımından şəhvət və ləzzətdə qərq olan şəxslə, qənaət və nəfsi islahlarla yaşayan kəs arasında fərq azdır. Amma həyatın sonunda və ömrünün hasilatında iki qrup arasında minlərlə kilometr fasilə olacaq. "Məgər mö’min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!" (3)
Əmirəl-mömininin (ə) bu hədisi İmam Sadiqin (ə) məşhur hədisini təsdiqləyir. Hədisdə İmam Sadiqdən (ə) soruşurlar: "Ağıl nədir?". Həzrət buyurur:
مَا عُبِدَ به الرّحمَنُ وَ اکتُسِبَ به الجِنان
"Ağıl elə bir şeydir ki, Rəhman Allah onun vasitəsi ilə pərəstiş olunur  və cənnət qazanılır". (4)
Zahirdə ağılla Allaha bəndəlik  arasında uyğunluq azdır. Amma bir az düşüncə və təfəkkürlə bu nəticəyə gəlmək olar ki, aqil, işin aqibəti barədə düşünən və həqiqi, daimi yaşayışı – Quranın deyimi ilə, Axirət yurdunu və əbədi həyatı(5) mülahizə edən şəxsdir.
Əgər şəxs gözünü həqiqətlər qarşısında yumub, işin aqibətini düşünməsə, yalnız maddi həyatı nəzərə alsa, bir gündə böyük bir sərmayə qazanan, lakin həyatı təkcə bugünlük sanıb gələcəyi diqqətə almadan bütün var-dövlətini həmin gündə xərcləyən tacirə bənzəyir. Belə şəxsin aqil olmaması tam aydındır. 
Dünya işlərində aqili belə tərif etdik: "İşinin nəticə və aqibətini düşünən, fikirləşən kəsdir". Bu formulu dini məsələlərə tətbiq etsək, nəticə belə olacaqdır: "Aqil şəxs altmış, yetmiş, səksən illik yaşayışı düşünən yox, o biri dünyanın sonsuz həyatını mülahizə edəndir. Ağıllı insan bilməlidir ki, axirətdə əbədi səadət, nəfsi islah etməyə və hazırkı mövqeyindən istifadəyə bağlıdır.
Nəzərdən qaçırmayaq ki, imamların (ə) bəyanları ümumidir və bütün insanlara şamil olur.

Qeydlər:
1.     "Ğürər əl-hikəm", səh. 293.
2.    "Bihar əl-ənvar", c.1, bab:4, səh. 131.
3.    "Səcdə", 18.
4.    "Üsul əl-kafi", c.1, səh. 11.
5.    "Ənkəbut", 64.
 
Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani
Çevirən: Xəyal Tofiqoğlu
islammektebi.org

Category: Exlaq | Baxış: 910 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]