Bazar günü, 2024-12-22, 4:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 27 » Allahın sevdikləri
2:35 PM
Allahın sevdikləri
«Biz sevgidən hasil olduq, sevgi ilə yaradıldıq, sevgiyə doğru yönəldik və könlümüzü sevgiyə verdik ». Sevginin nə olduğundan xəbərdarıqmı? Sevgi bir cazibə qüvvəsidir. Sevgi ürəyin bir meyvəsidi. İnsan sevgini ruhu ilə yaşayır, duyur. Sevgi insanın xərclədikcə artan  qüvvəsidi.. Sevgidən danışırıqsa demək sevən və sevilən mövcuddur. Sevgini bilən və yaşayan, qəlbində sevgi toxumu daşıyan biri, mütləq onu paylaşacaq birini axtarar. Ətrafımızda gördüyümüz və görmədiyimiz, duyduğumuz və duya bilmədiyimiz hər şeyin bir Yaradanı, tək bir Sahibi mövcuddur. Sevgini Yaradan Allah, yaratdığı hər varlığın nütvəsində sevgi yerləşdirmişdir.. Alimlərin cazibə qüvvəsi adlandırdıqları sevgidən qaynaqlanan cazibə deyilmi?  Hər şeyin  olduğu kimi sevginin də qaynağı vardır ki, o qaynaq da Allahdır. Sevgi bulağının qaynağı Ondan qaynaqlanır. Bundan başqa, Allah bizə sevməyi və sevilməyi öyrədən düsturlar məcmuəsi olan Kitablar endirib, peyğəmbərlər göndərib.. Allah sevgini insana ən böyük güc kimi verib. Əgər insanlarda sevgi varsa, bu, Tanrı sevgisinin əksindən başqa bir şey deyil və Tanrı tərəfindən onların daxilində parladılır. Quran Allahla bəndə arasında münasibətlərin təməlini sevginin təşkil etdiyini vurğulayır: ibadət və iman özü Yaradan ilə məxluq arasında sevgi mübadiləsindən başqa bir şey deyil. Yaradılışın mahiyyətinə varmaq əzmində olan hər bir insanı düşündürən ən əsas suallardan biri Yaradanın məhəbbətini qazanmaqdır. Bəndə özünə sual edir ki, «hansı keyfiyyətlərə malik olmaq lazımdır ki, Allah Təalanın məhəbbətini qazananlardan olum?» «Nə edim ki, ən kamal sifətlərin təcəssümü olan Rəbb məni sevsin?» Allahın sevdiyi varlığa çevrilmək üçün nələri etməli və nələrdən çəkinməlidir? Əvvəla onu qeyd edək ki, qəlb Allaha məxsusdu gəlin görək o evə nəyi yerləşdirmişik. Qəlb müqəddəs yerdi o Allah üçün yaradılıb ki, orda Allah yerləşdirilsin. Əgər insanın  qəlbi təmizlənsə Allahın məhəbbəti daxil olar. Heç zaman çirkli qəlbə, rəzalətlərlə, çirkinliklərlə dolu olan qəlbə Allah məhəbbəti daxil ola bilməz. Özünü təmizləyən nicat tapacaq. Nicat tapacaq o kəski qəlbini təmizləyib Allahın sevgisini ora daxil edib. Allah o bəndə haqda buyurur: Bəndələrin içində səni əzəmətlə yad edərəm. Fərq etməz ya qadın ol,ya kişi. İnsan Allahı sevdikcə, Allaha bağlandıqca Allah da onu sevir. Mövlana yazırdı ki, könlündə Tanrı sevgisi artdımı, demək, Tanrı səni sevir. Bəs Allah, kimləri sevir? Allahın sevdiyi insanlar kateqoriyasını Quranda dəqiqliklə öyrənmək olur.


"ALLAH TƏQVA SAHİBLƏRİNİ SEVƏR "

(Ali İmran, 76)

Allah tərəfindən sevilən xoşbəxtlərin önündə təqva sahibləri gəlir. «Təqva» qorunma deməkdir. İnsan Allaha qarşı öz məsuliyyətini dərk etməli, mələklərdən üstün yaradılışının fərqində olmalı, Allaha şərik qoşmaqdan, nəfsin təhrikedici pıçıltılarından, şərdən qorunmalıdır. Qorunanlar Allah qatında çox yüksək dəyər sahibidirlər. «Şübhəsiz, Allahın dərgahında sizlərdən ən dəyərli olanı təqvası daha çox olan kəsdir» (Hücurat, 13). Hər bir insan doğuluşdan Allah taalaya eyni məsafədədir. Ancaq insanın öz əməlləri nəticəsində bu məsafə çoxala və ya azala bilər. Fərd pis əməllərdən qorunmağa çalışanda bu məsafə qısalır. « Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. » (Zumər, 61). İmam Əli (ə): «Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki o, hər bir ümidvar axtaranın arzusu və hər bir sığınacaq axtaranın etimad yeridir. Təqvanı bədəninizə yapışan paltarınız edin.

    İnsan nə qədər çox təqvaya malik olsa, Haqq Təalanın bir o qədər çox məhəbbətini qazanar.

    İnsan istəsə əbədi, daimi olan bir varlığa tapınsın, yəni İlahi dərgahda sevimli və əziz olsun – bunun yolu yalnız təqvadan keçir. Günahlara mürtəkib olmaqla, insanların haqqını basmaqla, yalan danışıb rüşvət almaqla, zülmə baş əyməklə Allahın sevimlisi olmaq kimi bir zirvəyə yetişmək mahaldır, mümkünsüz bir işdir. Allahın Peyğəmbəri (s): «Təqvalılar o kəslərdir ki, harama düşmək qorxusundan çəkinmək yeri olmayan şeydən də çəkinir və Allahdan qorxurlar.»

 

"ALLAH SƏBİRLİLƏRİ SEVƏR"

(Ali İmran, 146 ).

Səbr hər cür çətinliyə dözmək, fəlakətə və ya bəlaya düşəndə təlaş etmədən hər şeyin Allahdan olduğunu dərk edib təhəmmül etməkdir. Əgər fərd bunu anlayır və üsyan etmirsə, bu, təqdir olunur. Səbrsizlik isə qınanır: Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər. Qurana görə, insanın təkcə özünün səbr sahibi olması yetərli deyil, onu başqalarına da tövsiyə etməlidir: «And olsun zamana, insan ziyan içindədir, şübhəsiz. İman gətirənlər, saleh işlər görənlər, imana gəlməyi, səbrli olmağı bir-birinə tövsiyə eləyənlər isə ziyana uğramazlar » (Əsr, 1-3).

Səbrin sirri ondadır ki, insani kamilliyə aparır. Bu kamillik yolunu tutanlar ilahi sevgiyə nail olurlar. Allah taalanın ən gözəl adlarından biri də Səburdur. İnsanı səbrli olmağa çağıran Rəbbimiz peyğəmbərlərdən örnək gətirir. Quranda ayrı-ayrı peyğəmbərlər haqqında yazılanları oxuyanda onların çox vaxt səbr edib əvəzində uğur qazandığının şahidi oluruq. «İsmaili, İdrisi, Zulkifli də yada sal. HƏR BİRİ SƏBR YİYƏSİYDİ. Rəhmətimizin ağuşuna aldıq onları, yaxşılardan idilər»

 

(Ənbiya, 85-86).

 

"ALLAH ADİLLƏRİ SEVƏR”

 

 (Maidə, 42)

Ədalət bir neməti yerinə qoymaqdır. «Ağaclara su vermək ədalət, tikana su vermək isə zülmdür». Ədalət ölçülü davranma, doğruluqdur. İslamdakı ədalət aləmin nizamıdır, çünki Allah taala hər şeyi təyinatı üzrə və qədərincə, bir tənasüblə nizama qoyub. Bu səbəbdən ədalət əməl və itaətdə qaçınılmaz əxlaqi bir fəzilət kimi qiymətləndirilir. Ədalətin ziddi isə haqsızılq, əziyyət, işgəncə mənasında olan zülmdür. Ədalət Quranın əsas məfhumlarından biridir. Allah taala ədalətlə hökm verənlərin ən xeyirlisi kimi səciyyələndirilir (Əraf, 87). İnsanın vəzifəsi də ədalətlə davranmaq, ölçünü gözləmək, haqq üzrə hökm verməkdən ibarətdir. Heç bir situasiya insanın ədalətsizliyinə haqq qazandıra bilməz. «Ey iman gətirənlər! Allah xatirinə ədalət örnəyi şahidlər olun. Bir dəstə adama bəslədiyiniz kin sizi ədalətdən çəkindirməsin. Ədalətli davranın. Təqvaya ən yaxın olan odur. Çəkinin Allahdan, etdiklərinizdən, şübhəsiz, Allah xəbərdardır » (Maidə, 8). Tərəflərin kim olmasından asılı olmayaraq, hakimlik və ya şahidlik ədalətlə olmalıdır: «Ey iman gətirənlər! Özünüzün, ata-ananızın, yaxınlarınızın əleyhinə olsa belə ədalətli olun şahidlik eləyəndə bir kimsəyə, (varlısa da, fəqirsə də bu kimsə.) varlıya da, fəqirə də sizdən yaxındır Allah. Buna görə ədalətdən uzaqlaşıb nəfsinizə uymayın. Şahidlik edəndə dilinizi əyər, bükər və ya çəkinərsəniz, bilin etdiklərinizdən Allah xəbərdardır (Nisa, 135). Ədalətli olanlar Allah sevgisinə nail olurlar: «Mö'minlərdən ibarət iki tayfa bir-biriylə savaşsa, düzəldin onların aralarını. Əgər biri digərinə təcavüz eləyirsə, təcavüzkar tərəflə savaşın ta bu tayfa Allahın əmrinə tabe ola. Tabe olarsa ədaləti gözləyib düzəldin aralarını, insaflı olun. Şübhəsiz, Allah adilləri sevər » (Hücurat, 9)Hakimlik eləsən ədalətlə hökm ver!

"ALLAH GÖZƏL İŞ GÖRƏNLƏRİ SEVƏR”

 (Ali İmran 148)

Peyğəmbəri Əkrəm buyurmuşdur: "Qiyamətdə əməl dəftərinə, gözəl əxlaqdan da fəzilətli bir şey qoyulmaz.” Quranda «mühsin» sözü keçir. Ehsan edən, yaxşılıq edən, gözəl düşünüb, gözəl davranan mənasındadır. Yer üzünün xəlifəsi şərəfinə layiq görülən insanın vəzifələrindən biri də gözəl davranışdır. Quranda bu, məziyyət sayılır və sevgi ilə mükafatlandırıldığı vurğulanır: «Gözəl davranın, çünki Allah gözəl davrananları sevər » (Bəqərə, 195); «Hər kim özü gözəl olaraq üzünü Allaha tutarsa, e'tibarlı bir dəstəkdən yapışmış kimidir. bütün işlər Allaha qalar » (Loğman, 22). Gözəlliyin qaynağı Allahdır. Allahın yaratdıqları gözəl, sözü gözəl, hökmü gözəl, adları gözəldir: «Allahdır yaratdığı hər şeyi gözəl yaradan» (Səcdə, 7); «Ən gözəl kəlamları Qur'an olaraq göndərmiş Allah» (Zumər, 23). Bu səbəbdən o gözəl davrananların tərəfindədir.


"SALEH İŞLƏR GÖRÜBLƏR, RƏHMAN SEVİMLİ EDƏCƏK ONLARI”

 (Məryəm, 96)

Saleh əməl dedikdə insanlığa xidmətə və sülhə yönəlik bütün hərəkətlər nəzərdə tutulur. Qurana görə, Allah pozğunçulardan nə qədər uzaqdırsa, varlıqlara xidmət edən və yaxşı iş görən saleh əməl sahiblərinə o qədər yaxındır. Sad surəsinin 28-ci ayəsində deyilir: «Yoxsa iman gətirənləri, əməli salehləri yer üzündə qarışıqlıq salanlarla bərabərmi tutmalıyıq? Yoxsa müttəqiləri əxlaqsızlıq edənlərə bərabərmi tutmalıyıq?» Ümumiyyətlə, Qurani-Kərimdə çox vaxt iman edənlər və saleh əməl sahibləri ifadələri qoşa işlənir. Bu Allahın saleh əmələ verdiyi dəyərin göstəricisidir. Saleh əməl sahibləri Allahın sevdikləri sırasındadır. İnsan öz sevdiyi insanın razılığını qazanmaq istədikdə, onun xoşuna gəlməyi arzu etdikdə görüşə ən gözəl paltarlarını geyir və ən gözəl şəkildə hazırlaşır. Həmin şəxsə hədiyyə vermək fikrində olanda, ən qiymətli və ən gözəl bir şey alır və ya özündə olan ən qiymətli bir şeyi ona bağışlayır. Qarşılığında alacağı mükafat və ya əldə edəcəyi bir şey çox böyükdürsə, var gücüylə əlindən gələni edir ki, o şeyə nail olsun.

Allah Təala qullarının Ona ən gözəl şəkildə ibadət etməsini sevir. Əgər Ona yaxınlaşmaq istəyirlərsə, etdikləri əməlləri yalnız kamil və tamam halda qəbul edir. Allah Təala Qurani Kərimdə bir çox ayələrdə, görülən əməllərin ən gözəl şəkildə olmasını şərtləndirib. Həmçinin Qurani Kərimdə möminlər, ən gözəl əməl görənlər kimi təsvir edilib.

Ən gözəl əməllərdən də biri sayılan Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaqdır.

Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın! (Əl-Bəqərə, 152)

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Əl-İmran, 191)

O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə'ninə tə'riflər deyib şükür et!" buyurdu. (Əl-İmran, 41)

Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! (Əl-Əraf, 205)

Rəbbinin adını zikr et və Ona tərəf yönəl. (Əl-Muzəmmil, 8)

 

 

"ALLAH TÖVBƏ EDƏNLƏRİ  SEVƏR "

(Bəqərə, 222)

Tövbə - etdiyi işdən peşman olmaq, bir də təkrarlamamağa söz vermək, Allahdan bağışlanmasını istəməkdir. Tövbə, əslində, bir ibadət şəklidir. Hücurat surəsində tövbə etməyənlər pislənir: «belələri zalımdır»  Çox tövbə etmək, çox günahları arxada qoymaq, bir daha onları təkrar etməməyə söz vermək. Bu, təqdir olunur və bu yolu seçənlər Allah sevgisini qazanırlar. Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm! (Bəqərə;160) Peyğəmbər buyurur ki, Allah yanında tövbə edən mömin kişi və qadından daha sevimlisi yoxdu.Allahın ən xoşladığı səs peşman olan günahından ötəri tövbə edən möminin istiğfar səsidi. O ki peşman olub günahını gətirib deyir Allah bağışla qəlbdən peşman olub bunu deyir gözündən yaş çıxır, Allahın hüzurunda ağlayır, Allahın xoşu gəldiyi səs bu səsdi. Hərçənd bütün tövbələr də qəbul olunmur. Muhəmməd Baqir(ə) «Hər tövbəyə izin verilməz. Tövbəyə də bir şimşək və bulud lazımdı. (göz yaşı)» "Günah əmələ görə tövbə edən günahsız kimsə kimi, günah işləməyə davam etdiyi halda isə Allaha istehza edən kimidir"


"HƏQİQƏTƏN, ALLAH TƏVƏKKÜL EDƏNLƏRİ SEVİR "

 (Ali-İmran 159)

 "Təvəkkül” sözü işini birinə həvalə etmək mənası verir. Dində təvəkkül deyəndə qəlbən Allaha güvənmək nəzərdə tutulur. Quranda təvəkkülün lazım gəldiyi vurğulanır. Amma təvəkkül ətalət, tənbəllik qaynağı olmamalıdır. Hər kəsin vəzifəsi əlindən gələni edəndən sonra təvəkkül etməlidir. Mövlana yazır ki, gəmiyə yükü yükləmək sənin işindir, ondan sonrasını Allaha təvəkkül etməlisən. Bir işin yaxşı nəticəsi üçün lazım olanı edəndən sonra Allaha güvənmək, sığınmaq lazım gəlir. «Gəldinmi bir qərara, güvən Allaha. ONA GÜVƏNƏNLƏRİ, şübhəsiz, Allah sevər » (Ali İmran, 159) "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.”( (Ənfal surəsi,8/2) Ey insan, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün ishlerinde Allaha təvəkkül ve etimad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir.

"ALLAH  PAKLARI, TƏMİZLƏRİ SEVİR”

Allah taala mənəvi təmizlik kimi fiziki təmizliyə də diqqət verməyi tövsiyə edir. Peyğəmbərimizə nazil olan ayələrdən biri də təmizlik haqda idi: «Paltarını təmiz saxla » (Muddəssir, 4). İslamda bədən təmizliyi bir ibadət halına gəlib. Allah məscidə gedəndə və ya evdə namaz zamanı təmiz və gözəl geyinməyi tövsiyə edir: «Ey Adəm oğulları! Hər məscidə gedəndə gözəl və təmiz geyinin» Təmizliyə riayət edənlər də Allah sevgisinə nail olurlar. Məsumlardan nəql edirlər:" Hər nə qədər bacarırsınız pakizə olun;cünki Allah-Taala İslami pakizəlik üzərində qərar vermişdir və behiştə yalnız pakizə insanlar daxil olacaq."

iman.ge

Category: Exlaq | Baxış: 1224 | Added by: Mursəlat | Rating: 1.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]