Bazar günü, 2024-12-22, 4:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 19 » 21 il geriyə
6:51 PM
21 il geriyə

image

... 19-dan 20- nə keçən gecə qan yaddaşımız heç vaxt sağalmamaq üzrə güllələnmişdir! Vücudlardakı qəlpələri çıxarmaq bəlkə mümkün olub, bəs yaddaşımızda- hər il  "20-Yanvar” günü tərpənib bizə dəhşətli ağrılar verən "qəlpələri”- "xilaskar” ordumuzun nişanələrini kim çıxaracaq?! Bu mümkündürmü?! Şüurlardakı yaraları sağaltmaq olarmı?! Məncə əsla! Vətəninini sidq ürəkdən sevən, ona bağlı olan qeyrətli oğullar-qızlar üçün bu qətiyyən silinməz yaradır!

"...19-dan-20- nə keçən gecə bizim üçün əsarətdən azadlığa doğru uzanan "Sirat körpüsü” idi!  Biz o körpünü "Vətən” adlı ən şərəfli imtahanı verərək şəhidlərimizin canı, tökülən qanı bahasına keçib, azadlığa yol açdıq! Beynimizə, şüurumuza qazınıb - işlənmiş "Sovet”, "Sosializm”  möhürlü 70 illik nəhəng zənciri nəhayət ki, düşüncəmizdən, təfəkkürümüzdən, mənəviyyatımızdan, ruhumuzdan o məşum gecə qırıb atdıq!.. ”

("Tale qurbanları” adlı romanımın "20 Yanvar” hissəsindən. Müəllif.)

00000_428

...Bakı siyasi meydanda "qaynar qazana” bənzəyirdi... Və bu qazanı "dərindən” "qarışdırmaq” Qorbaçovun başçılığı altında- Yazova, Primakova, Vəzirova və onlar kimi xalq qanına susamış rəhbərlərə həvalə olunmuşdu!... Onlar, əliyalın, günahsız xalqımıza "19-20 Yanvar” adlı ölüm "kokteyli” hazırlamışdılar!..

O gecə "Azadlıq” sədaları altında yumruğa dönmüş haqqın yüzlərlə qolunu nadanın od saçan güllələri dibindən kəsdi. "Tufan” əməliyyatı tufan kimi gəldi, bir anda aldı Bakının başı üstünü! İlqarı, Ülvini, Rahimi, Fuadı, Xəlqanı, Azadı və daha yüzlərlə neçə-neçə qəhrəman oğul - qızlarımızı, aldı bizdən! Sinəmizə əsrlər keçsə belə silinməyəcək dağ çəkdi!  İblis öz hiyləsindən zövq aldı o gecə! İnsan cildində yerə enib, qan gölünə çevirdi küçələri! Bakı "Qiyamət günü” nü vaxtsız yaşadı! "Kərbəla müsibəti” təkrar olundu! Erməniyə əsrlər boyu dayaq duran "mehriban düşmənlərimiz”, Türk qanını şərab yerinə içən ermənini öz ordusunun tankların tərkinə aldı, Bakımızı qanına qəltan elədi!

70- illik köləliyin qarşılığında belə "mükafatlandırdı” bizi Sovet İmperiyası!  Türkün kökünü kəsməyi vəsiyyət etmiş Pyoturun "törəmələri” onun vəsiyyətini yerinə yetirdi o gecə! Bizim olan hər şeyə- binaya, nəqliyyata, canlı-cansız fərq etmədən güllə açdılar!  özləri ilə bədbəxtlik, uğursuzluq gətirdilər yurdumuza! Ocaqlarımızı söndürüb, qanlarına qəltan etdikləri qurbanların acı mənzərəsinin tamaşasına durdular! Maşınında xıncımlanan, küçədə getdiyi yerdə atəşə tutulan, evində, həyətində gülləyə tuş gələn günahsızlar mənim başı bəlalı millətimin övladı, anası, bacısı, qardaşı, atasıdır! Görəsən nə idi günahları? Tanrım necə dözdü bu dərdə?

 1263936128_1232400846_20yanvar_338

Bu ah-naləyə, bu fəryada? Mənə görə bu sualın bir cavabı var-siyasi oyunların ağrısını həmişə millət çəkir. Qurbanları əliyalın kütlə olur. Amma qorxusu nifrətə, qəzəbə, çevrilən xalqın önündə heç bir ordu tab gətirə bilməz! Çünki bu faciə nə qədər böyük olursa-olsun, ağrısı ürəkləri nə qədər göynədirsə göynədsin, qəddimizi nə qədər büküsə büksün, qəlblərdən "Vətən”, "Azadlıq”, "Torpaq” sevgisini silə bilmədi. 70- illik tilsimi o gecə qırdı şəhidlər!  Səbr kasası dolub-daşan xalq, "Qaradan artıq boyaq olmaz! ”- deyib, silkələnib oynadı 70- illik yuxudan ! Özünü tanıdı!

Bəs görəsən, bu qanlı cinayətin bilavasitə təşkilatçıları, bu planı icra edənlər ədalət məhkəməsində cavab verdilərmi?!  Layiqli cəzalarını aldılarmı?! Hamımızı düşündürən bu suala, qəzetlərdən birində bu başlıq altında gedən bir müsahibədə nə qədər ağır olsa da qismən cavab tapdım: "Ordunu Bakıya dəvət edən şəxs hazırda da Azərbaycanda yüksək vəzifədədir!” 

11111111111_447

 "21  il geriyə!”

Bakı- yaran sağalıbmı,  heç?!.

Yoxsa ki, üzdə gülüb göz yaşlarını daxilinə axıdırsan?! 20 il əvvəl sinənə sıxdığın şəhidlərimiz, bu gün, bizdən giley-güzar edirmi sənə?! Edirsə... Nə deyir, sən bilərsən?!

20 il !..- Az vaxt deyil! Amma o yaraların göynəyini unutduracaq, tamamilə sağalda biləcək uzun zaman da deyil!

Şəhidlərin yaxınları, ailələri və o gecənin şahidləri üçün heç şübhəsiz bu yara ilk günki qədər təzə və ağrılıdır!  20 il onlar üçün əslində 20 gün, bəlkə 20 saata bərabərdir! Amma bu hüzn, bu kədər, bu ağrı təkcə bu ailələr üçün deyil, bizim üçün də sözün həqiqi mənasında, hər cəhətdən keçərli olmalıdır! Çünki o tarixi gecə şəhid olanlar bizim müstəqilliyimiz, azadlığımız uğrunda canlarından keçmişlər! Və biz nə qədər varıq, bir xalq,  bir millət kimi mövcuduq, bunu şəhidlərimizə borcluyuq !!!

20 Yanvar ! – Mən başqa tarix tanımıram məni bu qədər sarsıda biləcək qüvvəni özündə daşısın. Həmin gün istəsəm də gülə bilmirəm, çünki ruhum qəmə batıb!

20 Yanvar - o vəhşət gecəsi barədə indiyədək çox söz  deyilib, çox yazılar dərc olunub. Mənim üçün bu barədə bir söz demək həm çətin, həm də bir o qədər məsuliyyətlidir. Çünki o faciəni bilavasitə yaşamış, o dəhşətlərin şahidi olmuş insanların bu günədək dediklərinin qarşılığında mənim sözlərim boş, mənasız söz yığımı, cəfəng vəziyyətə düşə bilər.

 254279_396

Tarix isə yalanı, şişirtməni sevmir. Günün üzünü örtmək mümkün olmadığı kimi həqiqətləri də ört-bastır etmək ancaq bir yerə qədərdir. Mənimsə o vaxt vur-tut səkkiz yaşım vardı və "20 Yanvar”ı sonralar yalnız telezviziyadan, ağlım kəsəndən isə qəzet-jurnallardan oxuyub (tam təfərrüatı ilə olmasa da) məlumatlanmışam. Sözlərim təkrarçılıq olar məncə. Amma bir azərbaycanlı kimi hiss etdiklərimi - bu barədə fikirlərimi kağıza köçürməyi özümə borc bildim.

"20 Yanvar” dedikdə göz önünə gələn ilk mənzərə-Bakı küçələrinə xalı kimi sərilmiş qərənfil "örtüklər”, insan selində tabut qatarı, güllələrdən gülləyə basılmış binalar, əzik-üzük maşınlar, və s.

"20 Yanvar” dedikdə məktəb illərində, faciənin il dönümü yaxınlaşarkən əmək dərsində hazırlağım süni qərənfilləri xatırlayıram. Və bir də o zamanlar B. Vahabzadənin dillər əzbəri olan "Şəhidlər” şerini  necə həyəcanla, nöqtəsini vergülünü əskiltmədən, səlist tələffüslə ucadan deməyimiz indi gözlərim önündən keçən bir kino lentinə bənzəyir. Həmin illər müəllimlərin o qanlı faciədən mütəəssir halda bizə çatdırdıqları həqiqətlərdən təsirlənir, bir qədər kövrəlir, sanki özümüzü kabus dolu, dəhşətli bir "nağılın” içərisində zənn edirdik.

 88888_360

Bir-birimizdən xəbərsiz, sanki bir anlıq o "nağılın” ovsununa düşür - qəhrəmanların (azadlıq aşiqlərinin) arasında - o zəhimli tankların üstümüzə necə gəldiyini, günahsız, əliyalın insanları, uşaqları, qocaları, cavanları necə amansızcasına əzib keçdiyini, güllələrin havada necə uçuşduğunu xəyalımızın gücüylə görər kimi olur, beləcə "nağılın təsiri altına düşürdük. Amma bu "nağıl da insanları qaranlıq dünyadan işıqlı dünyaya aparan simurq quşu heç vəclə gəlib çıxmırdı. Qara qüvvələri öz ağlının, gücünün köməyi ilə ram edən, bəd heybətlərin kökünü kəsən qəhrəmanlar, "ağ atlı” oğlanlar nədənsə görünmürdülər.

Bu "nağıl”ın sonunda göydən üç alma düşmürdü. Başdan sonadək qırmızı, odlu güllələr yağırdı. Biri- şəhidlərimizin bağrına, o biri - mənəviyyatımıza, biri də qan yaddaşımıza!!!

Amma düzünü deyim, biz hələ o vaxtlar qəmin, kədərin, matəmin nə olduğunu, nə məna verdiyini  bir o qədər də anlamırdıq. Bizə görə matəm, təkcə sənə əziz olanı itirdikdən sonra kədərin təcəssümü idi. Lakin illər sonra həyata baxışım, düşüncələrim dəyişəndən bəri, mən bu fikri təkzibləyirəm: Matəm-Azadlıq uğrunda mübarizəyə qalxan vətənin qeyrətli oğul-qızlarının meydanlarda qəfil gülləylə susdurulması!

9a6a2feec9eb_409

Matəm-inandığın ordunun iç üzünə bələd olmaq imiş! Matəm-şəhərinin viranəliyə çevrilməyi!.. Əliyalın millətinin gözünün qabağındaca gülləbaran edilməyi! Qanına qəltan olmuş xalqının günahsız ikən "günahkar” qələmə verilməyi imiş! Matəm-şəhidlərini sənə tuşlanmış silahların nəzarəti altında dəfn etməyinmiş! Matəm-Bayrağının təhqir olunması! Sənin mənəvi və fiziki təhqirlərə məruz qalmağın!.. Qisasını almaq haqqının sənə verilməməsi imiş !!! Matəm-Sapı özümüzdən olan nakəslərin xalqa, millətə, azadlığa olan xəyanəti imiş!!!

... Həyat mənə bu qısa vaxtda qəbr evinə kimi yaddaşımdan silinməyəcək, unuda bilməyəcəyim çox ağır dərslər verdi! Mən, pis günün-qəm-qüssənin, göz yaşının, puç olmuş xəyalların, qırılan ümidlərin, xəyanətin, əzab və iztirabın və daha  nələrin  nə demək olduğunu bütün çılpaqlığı ilə dərk etdim! Bu dərslərdən ən öndə gedəni və bu saydıqlarımı bir nöqtədə özündə birləşdirən məvhumun adı –Kədər idi! O nabələdliklə çıxdığım həyat yolumda mənimlə bir addımlayan "yol yoldaşı” ydı.

 dsc_0141_482_01

Təəssüf elə indi də elədir! Və mən onu- arzulamadığım "yol yoldaşı” mı yaxından "tanıdıqca”, ona  dərindən "bələd” olduqca, həyata uşaq gözləri ilə deyil, "20 Yanvar”a dəhşətli bir "nağıl” kimi yox, reallıqda dəhşətin iç üzü-əsl siması kimi yanaşıram. Bu qəm dastanının- qəhrəmanlıq səlnaməsinin oxuduğum hər səhifəsi, "kəşf” etdiyim hər məqamı məndə necə kədər doğurur (sözün əsl mənasında), qəlbimin ən gizli güşəsində necə sızıltı qoparır, bir Allah bilir. Bəzən, vətən üçün cüzi də olsa nə isə edə bilmədiyimə, mənasız yaşadığıma xəcalət hissi duyuram. Ümidvaram, tanrı mənə bu dəhşətli hissdən qurtulmaq üçün bir şans verəcək! Çünki "Torpaq- uğrunda ölən varsa, vətəndir!” anlamı öz həqiqi təsdiqini tapacaqdır.

Amma sonda bir şey mənə məlumdur - "20 Yanvar” o zaman təqvimimizə qara haşiyəli, qan yaddaşımıza "Qanlı gün” kimi qazınıb! Artıq 20 - ildir bu gün yalnız bir rəngdədir və dəyişməz olaraq da qalacaq !!!


ihq.az


Category: Tarix | Baxış: 1488 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]