Əsas səhifə » 2009 Avqust 23 » Nəyin üzərinə səcdə vacibdir?
5:34 AM Nəyin üzərinə səcdə vacibdir? | |
Nəyin üzərinə səcdə vacibdir? 1-Ibadətlər arasında səcdənin əhəmiyyəti Islam nəzərində Allah-taala üçün səcdə etmək ən mühüm ibadətlərdən biridir. Rəvayətlərdə qeyd olunduğu kimi, səcdə halında olan insan sair hallara nisbətən Allah dərgahına daha yaxın olur. Böyük din rəhbərləri, xüsusilə Peyğəmbər (s) və onun Əhli-beyti uzun-uzadı səcdələr edərdilər. Allaha uzun-uzadı səcdə etmək insanın ruhuna pərvəriş verir, çünki o, Pərvərdigari-aləmin dərgahında bəndəçilik və xüzunun ən bariz nümunələrindən biridir. Həmin səbəbə görə namazın hər bir rəkətində iki səcdə yerinə yetirilməsi göstəriş verilmişdir. Şükür səcdəsi, Quran tilavətinin vacib və müstəhəb səcdələri də səcdənin ən bariz nümunələrindən biridir. Insan səcdə halında Allahdan başqa hər bir şeyi unudur özünü onun dərgahına çox yaxın bilir və Allahın qurb busatında özünə yer açır. Seyri-süluk və irfan ustadları, əxlaq müəllimləri səcdə məsələsinə çox təkid etmişlər. Bu qeyd olunanların məcmusu "Insanın heç bir əməli şeytan üçün səcdədən də artıq narahatedici deyildir." məşhur hədisin məzmunudur Peyğəmbər (s) öz səhabələrindən birinə buyurdu: Qiyamətdə Allahın səni, mənimlə birgə məhşur etməsini istəyirsənsə, Vahid və Qəhhar olan Allah üçün uzun-uzadı səcdələr yerinə yetir." 2-Səcdə Allahdan qeyrisi üçün caiz deyildir! Biz inanırıq ki, Allahın pak və müqəddəs zatından başqa bir şey üçün səcdə etmək caiz deyildir. Çünki səcdə xüzunun (bəndəçilik izhar etməyin) son həddi, pərəstişin bariz nümunəsidir, bəndəçilik də yalnız Allaha məxsusdur. "Asimanda və yerə olanların hamısı yalnız və yalnız Allah üçün səcdə edirlər!" (Rəd surəsi, 15.) Həmçinin, "Əraf" surəsinin 206-cı ayəsidə səcdənin yalnız Allaha məxsusus olmasının digər bir bəyanedicisidir.. Ümumiyyətlə səcdə xüzunun (bəndəçilik izhar etmək) son dərəcəsidir və o, Allaha məxsusdur. Əgər başqa bir şəxsə, yaxud digər bir şeyə səcdə etsək, onu Allahla eyni səviyyədə qərar vermiş olarıq ki, bu da düzgün iş deyildir. Tövhidin mərhələlərindən biri də ibadətdə tövhiddir. Yəni ibadət və pərəstiş yalnız Allaha məxsusdur və bu iş olmadan tövhid kamil olmaz. Başqa sözlə desək, Allahdan qeyrisinə səcdə etmək şirkin qisimlərindən biri və səcdə də bir növ pərəstiş olduğu üçün, deməli, Allahdan başqasına səcdə etmək caiz deyildir. Amma Quranın bir neçə ayəsində deyildiyi kimi, mələklərin Adəmə səcdə etməsinə gəldikdə isə, müfəssirlər buyurmuşlar ki, burada səcdə Adəmə ehtiram, təzim və onu əzizləmək mənasına olmuşdur, amma əsla pərəstiş mənasında deyilməmiş, əksinə, mələklərin məqsədi bu şeirdə deyiləndir: Tərif yalnız o kəsə layiqdir ki, Sudan, palçıqdan belə bir qəlb yaratdı! Ikinci ehtimala görə, səcdə Allahın fərmanı ilə olduğu üçün, əslində Allah dərgahında bəndəçilik məqsədilə olmuşdur. Digər bir ehtimal da budur ki, səcdə Allaha şükr etmək məqsədilə yerinə yetirilmişdir. Yəqubun (ə) özünün, övladlarının və həyat yoldaşının Yusifin (ə) qarşısında səcdə etmələri ("Onun qarşısında hamılıqla səcdəyə düşdülər" "Yusif" surəsi 100) ya Pərvərdigari-aləm qarşısında şükr səcdəsi, ya da ehtiram və təzim mənasına olmuşdur. Maraqlıdır ki, şiələrin mötəbər mənbələrində olan "Vəsailuş-şiə" kitabının "namazın səcdələri" bölməsində "Allahdan qeyrisinə səcdə caiz deyil" unvanı ilə bir fəsil qeyd edilmiş və orada əziz Peyğəmbərimizdən (s) və məsum imamlardan yeddi rəvayət nəql edilmişdir. Bu rəvayətlərdə Allahdan qeyrisinə səcdə edilməsi caiz hesab edilməmişdir. (Bu mətləbi yaxşı yadda saxlayın, gələn bəhslərdə ondan nəticə alacağıq.) 3-Nəyin üzərinə səcdə etməliyik? Əhli-beyt (ə) məktəbi ardıcılları yekdil nəzərlə inanırlar ki, torpaqdan başqa bir şeyin üzərinə səcdə etmək olmaz. Əlbəttə, onlar inanırlar ki, yerdən cücərən şeylərə də səcdə etmək olar, bu şərtlə ki, yeyilməli, içilməli və geyilməli şeylərdən olmasın. O cümlədən ağacların yarpağı, taxta, həsir və s. kimi şeylər. Halbuki, sünni fəqihlərinin hamısı,ümumiyyətlə hər bir şeyə səcdə edilməsini caiz bilmişlər. Onların bəziləri də paltarın qolu, yaxud əmmamənin küncü və s. kimi şeyləri istisna edərək onları caiz hesab etməmişlər. Əhli-beyt ardıcılları Rəsuli-Əkrəm (s) və məsum imamlardan nəql olunan rəvayətlərə, eləcədə səhabələrin ənənə və əməllərinə istinad edərək bu əqidəyə israr edirlər. Buna görədə Məscidul-Həramda və Peyğəmbər məscidində xalçaların üzərinə deyil, yerə döşənmiş daşların və bəzəndə özləri ilə apardıqları həsirin üzərinə səcdə etməyə üstünlük verirlər. Iran, Iraq və digər şiə yaşayan ölkələrin məscidləri xalça döşəndiyi üçün, müsəlmanlar namaz vaxtı "Möhür" adlı bir torpaq parçasını xalçanın üzərinə qoyub onun üzərinə səcdə edirlər ki, insanın ən şərafətli üzvü alın, Allaha səcdə zamanı torpağa dəysin və onun dərgahında bəndəçiliyin son həddi hasil olsun. Bəzən bu möhürləri şəhidlərin türbətindən hazırlayırlar ki, onların Allah yolunda fədakarlığını xatırlatsın, namazda daha artıq hüzuri-qəlb hasil olsun. Onlar Kərbəla şəhidlərinin türbətini digər şəhidlərin türbətindən üstün hesab edirlər, lakin həmişə türbət üzərinə səcdə etməyə iltizamlı deyildirlər. Yuxarıda qeyd etdiyimiz kimi, Məscidul-Həram və Məscidun-Nəbi kimi yerlərdə məscidin döşəmələrində olan daşlara rahat şəkildə səcdə edirlər. (diqqət edin!) Əhli-beyt ardıcılları səcdənin torpağa və yerə edilməsinin vacibliyini isbat etmək üçün çoxlu dəlillər gətirirlər. O cümlədən, Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan hədislər və səhabələrin üslubu, Əhli-beyt imamlarının (ə) rəvayətlərini misal gətirmək olar (sonrakı bölmələrdə qeyd edəcəyik). Bununla belə, bəzi sünnü qardaşların bu fətvalar qarşısında kəskin əks-reaksiya göstərib onu bəzən bidət, bəzən şirk, bəzən də bütpərəslik adlandırmaları çox təəccüblü haldır. Əgər onların qəbul etdikləri kitablara istinadən Peyğəmbərin, yaxud onun köməkçilərinin yerə səcdə etdiyini isbat etsək, yenə də bu işi bidət sayacaqlarmı?! Əgər o həzrətin Cabir ibni Əbdullah Ənsari kimi bəzi köməkçilərinin qızmar havada yandırıcı daş çınqıl və ya bir miqdar qumu əlində saxlayıb bir az soyutmalarını və namazda alınlarını onun üstünə qoymalarını isbat etsək, onda Cabir ibni Əbdüllahın bütpərəs yaxud bidətçi olduğunu iddia etmək olarmı?! Bir şəxs Məscidul-Həramın, yaxud Məscidun-Nəbinin döşəməsindəki daşların üzərinə yaxud onun üzərinə salınmış həsir üzərinə səcdə edərsə onda bu iş həsirə, yaxud məscidin üzərindəki daşlara səcdə sayılarmı?! Onlar bizim minlərlə fiqh kitabımızdan hər hansı birinin "üzərinə səcdə etməyin caiz olduğu şeylər" - fəsillərini mütaliə etməməli və bu yersiz iftiraların, həqiqətlə azacıq belə, uyğun olmadığını bilməməlidirlərmi?! Görəsən bir kəsi bidət, küfür və bütpərəsliklə müttəhim etmək Allahın qiyamət günü asanlıqla güzəştə getdiyi işlərdəndir?! Şiələrin nə üçün yerə səcdə etmələri aydın olsun deyə, imam Sadiqin(ə) buyurduğu bir hədisi qeyd etməyimiz kifayətdir. O həzrətin savadlı şagirdlərindən olan Hişam ibni Həkəm soruşdu ki, nəyin üzərinə səcdə etmək olar və nəyin üzərinə səcdə etmək olmaz? Imam (ə) buyurdu: " Səcdə yalnız yerə və yerdən göyərənlərə - yeməlilər və geyməlilər istisna olmaqla caizdir." Hişam dedi "Sənə fəda olum, onun hikməti nədir?" Imam buyurdu: "Çünki səcdə mütəal Allahın dərgahıda xüzunun (bəndəçilik izhar etməyin) son həddidir, buna görədə yeməlilərin üzərinə səcdə edilməsi yaxşı olmaz. Çünki dünyapərəstlər yeməlilərin, geyməlilərin quludurlar, səcdə edən şəxs də səcdə halında Allaha ibadətlə məşğul olduğuna görə, layiq deyildir ki, alnını dünyanın bər-bəzəklərinə məftun olub aldananların məbudunun üzərinə qoysun." Sonra imam (ə) buyurdu: "Torpağa səcdə etmək daha fəzilətlidir, çünki bu, Allah dərgahında bəndəçilik və xüzunu daha yaxşı yetirir." 4. Məsələnin mənbələri Indi isə həmin məsələnin mənbələrini qeyd edir və əvvəlcə Peyğəmbərin (s) kəlamından başlayırıq: a) Torpağa səcdə etmək barəsində məşhur peyğəmbər hədisi. Sünnü və şiə raviləri bu hədisi Peyğəmbəri-Əkrəmdən (s) nəql etmişlər: "Yer mənim üçün səcdəgah və təharət (təyəmmüm) səbəbi qərar verilmişdir." Bəziləri güman etmişlər ki, hədisin mənası budur ki, yer kürəsi başdan-başa Pərvərdigari-aləm üçün ibadət yeridir və ibadətin yerinə yetirilməsi hansısa bir yerə məxsus deyildir, yəhudi və məsihilərin əqidələri kimi, "ibadət yalnız kilsədə və xüsusi məbədlərdə yerinə yetirilməlidir"-deyə təsəvvür olunmamalıdır. Lakin azacıq diqqət yetirdikdə, bu yozumun hədisin mənası ilə uyğun gəlmədiyi məlum olur. Çünki Peyğəmbər buyurur: "Yer mənim üçün həm təhur (təharət), həm də səcdəgah qərar verilmişdir." Bildiyimiz kimi, "təhur" olan və üzərinə təyəmüm edilməsi caiz olan şey daş və yerin torpaqlarıdır. Deməli, səcdəgah da torpaqdan və daşdan ibarət olmalıdır. Əgər əziz Peyğəmbərimiz (s) bu hədisi, bəzi sünni fəqihlərinin başa düşdüyü kimi bəyan etməli olsaydı, onda belə deməli idi: "Yer kürəsinin hər yeri mənim üçün səcdəgah və onun torpağı təharət və təyəmmüm vasitəsidir." Lakin Peyğəmbər (s) belə buyurmamışdır. Deməli, burada qeyd olunan "məscid" səcdəgah mənasınadır, səcdəgahda üzərinə təyəmmüm edilə biləsi şeylərdən olmalıdır. Amma şiələrin torpağa səcdə etməyə iltizamlı olmaları və səcdənin xalça, palaz və s. kimi şeylərə caiz olmamasını demələrinə gəldikdə isə, əsla səhvə, xətaya yol verməmişlər. Çünki Peyğəmbərin (s) göstərişinə əməl etmişlər. b) Peyğəmbərin (s) sirəsi (adət-ənənəsi) Çoxlu rəvayətlərdən aydın olur ki, Rəsuli-Əkrəm də (s) yalnız torpağa səcdə etmiş, palaz, xalça, paltar və s. kimi şeylərə səcdə etməmişdir. Əbu Hüreyrənin nəql etdiyi hədisdə deyilir: "Peyğəmbəri yağışlı bir gündə gördüm. O, torpağa səcdə edir və (palçığın) əsərləri onun alnında və burnunda görünürdü." Ayişə deyir: "Mən heç vaxt görmədim ki, Peyğəmbər (s) (səcdə vaxtı) alnını bir şeylə örtmüş və ya bürümüş olsun." Ibn Həcər bu hədisin şərhində yazır: "Bu hədis göstərir ki, səcdədə ilk şərt alının torpağa dəyməsidir, lakin imkan olmadıqda bu iş vacib deyildir." Digər bir rəvayətdə Peyğəmbərin (s) qadınlarından biri olan Məymunədən belə nəql olunur: "Peyğəmbəri-Əkrəm (s) bir parça həsir üzərində namaz qılır və elə oradaca səcdə edirdi." Aydındır ki, bu hədis Peyğəmbərin (s) həsirdən olan səccadənin üzərinə səcdə etməsini göstərir. Sünnülərin məşhur mənbələrində mövcud olan çoxlu rəvayətlər Peyğəmbərin (s) xumrəyə səcdə etdiyini göstərir (xumrə, xurma ağacının yarpaqlarından toxunmuş səccadə, yaxud kiçik həsirə deyilir). Qəribədir! Əgər şiələr bu cür əməl edərək namaz vaxtı həsirdən olan səccadəni ayaq altına qoysaydılar, bəzi təəssübkeşlər və ifratçılar tərəfindən bidətdə müttəhim olunacaq, onlara qəzəb nəzərlərilə baxılacaqdı, halbuki, yuxarıdakı hədislərdə bu işin peyğəmbər sünnəsi olduğu vurğulanır. Nə qədər ağrılı haldır ki, sünnələr bidət hesab olunur. Heç vaxt unutmaram: Allah evinin ziyarətinə getdiyim səfərlərin birində Peyğəmbər (s) məscidində kiçik bir səccadənin üzərində namaz qılmaq istədim. Vəhhabi alimlərindən olan təəssübkeş bir şəxs mənim yanıma gəldi, həsiri qəzəblə dartıb bir tərəfə tulladı. Deməli, o sünnəni bidət hesab etmişdi! c) Səhabə və tabeinlərin tutduğu yol Bu bəhsin maraqlı məqamlarından biri də səhabələrin və ondan sonra gələnlərin (tabein adı ilə məşhurdurlar) vəziyyətləridir. Bu vəziyyət göstərir ki, onlar da yerin üzərinə səcdə edirlərmiş. Nümunə üçün: Cabir ibn Əbdullah Ənsari deyir: "Mən zöhr namazını Rəsulullah (s) ilə birlikdə qılırdım. Bir qədər kiçik daş qırıntılarını götürüb o əlimdən bu əlimə verirdim ki, soyusun və ona səcdə edim. Bu iş havanın şiddətli isti olmasına görə idi." Bu hədis göstərir ki, Peyğəmbərin səhabələri yer üzərinə səcdə etməyə iltizamlı idilər. Hətta havanın qızmar olduğu şəraitlərdə belə, özləri üçün bir çarə yolu fikirləşirdilər. Əgər torpağa səcdə etmək vacib olmasaydı, bu əzab-əziyyətli işə heç bir lüzum olmazdı.Ənəs ibn Malik deyir: "Biz qızmar bir havada Peyğəmbərin (s) hüzurunda idik. Xırda daş parçalarını əlimizə alıb, soyudur, sonra onu yerə qoyaraq üzərinə səcdə edirdik." Bu təbir göstərir ki, bu məsələ səhabələrin arasında adi bir iş olmuşdur. Əbu Ubeydə belə nəql edir: "Əbdullah ibn Məsud torpaq tapmayınca namaz qılmır, yaxud səcdə etmirdi." Əgər "yer" dedikdə məqsəd palaz, xalça olsaydı onu deməyə heç bir lüzum olmazdı. Deməli yer dedikdə məqsəd elə torpaq, daş, çınqıldır. Məsruq ibn Əcdənin (Ibni Məsudun şagirdlərindəndir) tərcümeyi halında yazılır: "O, torpaqdan qeyri bir şeyin üzərinə səcdə etməyə icazə vermirdi. Hətta gəmiyə minən zaman, özü ilə bir (daş, torpaq və s.) şeyi aparır və onun üzərinə səcdə edirdi." Əli ibn Əbdullah ibni Abbas, Rəzinə belə yazdı: "Mənim üçün Mərvə dağının daşlarından düz (hamar) bir daş göndər, onun üzərinə səcdə edim." "Fəthul-Bari" kitabında ("Səhihi-Buxari"nin şərhidir) nəql olunan digər bir rəvayətdə belə deyilir: "Ömər ibni Əbdül əziz həsirin üzərinə səcdə etməklə qənaətlənmirdi; o, həsirin üzərinə bir qədər torpaq qoyaraq torpağın üzərinə səcdə edirdi." Bu hədislərin məcmusundan belə aydın olur ki, səhabələr və onlardan sonra tabeinlər, ilk əsrlərdə yerə, yəni yerin daşına, torpağına çınqılına və s. kimi şeylərinə səcdə edirdilər. Indi əgər bizim əsrimizdə müsəlmanlardan bir qurupu bu sünnəni irəli çəkmək istəsələr, bidətçi kimi yad edilməlidirlərmi?! Sünnü alimləri və fəqihləri qabağa düşərək bu Peyğəmbər (s) sünnəsini irəli çəkməməlidirlərmi?! Hansı ki, həmin işlər Allah dərgahında bəndəçilik və xüzunun son həddini çatdırır və bu da yalnız səcdənin həqiqəti ilə uyğundur. | |
|
Total comments: 2 | |
|