Şənbə günü, 2024-12-21, 8:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Avqust » 15 » Şeytan (Quran baxımından)
12:43 PM
Şeytan (Quran baxımından)

Şeytan (Quran baxımından)
 


Bütün xalqlarda olduğu kimi bizim xalqımızın arasında da bir sıra qeyri-adi inamlar və əqidələr mövcuddur, misal üçün, hər bir insanın özünəməxsus qaraçuxasının olması, cin-şeytan, ruh və s. Bunlar elə şeylərdir ki, hamı onların varlığına bir növ inam bağlamışdır. Xüsusi ilə keçmiş nəsil bu kimi şeylərə daha çox inanırdılar. Deyirlər, filankəsin cinlərlə əlaqəsi var. Yaxud deyirlər məni qaraçuxam tutub və yaxud anamın ruhu tutub, ona görə də hökmən bir Yasin surəsi oxutdurmalıyam. Və yaxud hamımızın dilimizdə əzbər olan bir cümlə var: Allah şeytana lənət eləsin. Bunlar hamısı xalq tərəfindən qəbul edilib. Deyirlər, mənə cadu olunub, mən tilsimlənmişəm, bu cadunu açdırmaq lazımdır və başqa-başqa bu kimi inamlar.
Bu inamlardan bir çoxu başqa xalqlar arasında da var. Misal üçün, ruslar evlərdə "damavoy" adlı bir məxluqun olmasına inanırlar. Afrikada və bəzi qərb ölkələrində kiminsə ruhunu çağırıb onunla söhbət edirlər və s.
Bu növ inamlar metafizik inamlar sayılır. Bunların içində xurafat da var, həqiqət də. Belə deyil ki, insanlar tərəfindən qəbul edilən hər bir inam haqdır. Xeyr, onların arasında xurafat da var. Kimlərinsə tərəfindən xüsusi məqsədlərlə və yaxud cəhalət və nadanlıq üzündən yaranan inamlar da var, dinköklü həqiqi inamlar da.
Çox gözəl, amma indi biz haradan bilə bilərik ki, bunların hansı xurafat və qondarma, hansı isə həqiqətdir? Təbii ki, bunu nə ağlımızla, nə də geniş yayılmış təcrübi elmlərlə ayırd edə biləcəyik. Elm hər hansı məsələ barəsində danışmaq istəyirsə, əvvəl onu laboratoriyada təhlil edir və sonra yekun sözünü deyir. Metafizik məsələlər isə laboratoriyalıq olmadığından elm də bu məsələlərdə sakitdir. Bir sözlə, bu növ məsələlərdə ağıl heyran, elm isə acizdir.
Onların haqla batilini, xurafatla həqiqətini biri-birindən ayırmaq üçün yeganə bir yol qalır. O da dini mənbələrə müraciət etməkdir. Din metafizik məsələlərlə doludur, ona görə də dini mənbələrdə bunlardan geniş formada söz açılıb. Cin, şeytan, ruh, cadu və sair bu kimi mövzulardan Qurani-kərimdə də bəhs olunub. Bunların hər birini arayıb-araşdırmaq müstəqil bir kitab tələb edir. Ona görə, biz bu məqalədə Cin adlı mövcuddan azacıq danışıb əsas söhbətimizi şeytanın üzərinə yönəldəcəyik.
Əvvəla bunu bilmiləyik ki, bir şeyi görmürüksə, bu, onun yoxluğuna dəlalət etmir. Ona görə gözlə görə bilmədiyimiz hər bir şeyi inkar etmək zorunda deyilik. Təbiətşünas alimlərin fikrincə, insanın zahiri hissləri ilə dərk edə biləcəyi varlıqlar onun dərk edə bilməyəcəyi varlıqların qarşısında heç saya da gəlmir. Varlıqları yalnız görünənlərdə məhdudlaşdırmaq düzgün deyil.
Allah-taala Qurani-kərimdə də görünən və görünməyən varlıqlara and içmişdir. Belə ki, O, əl-Haqqə surəsində buyurur: فَلا أُقْسِمُ بِما تُبْصِرُونَ وَ ما لا تُبْصِرُون
"And olsun gördüklərinizə və görmədiklərinizə" (2)

Cin
Bu aləmin gözə görünməyən varlıqlarından biri də cindir. Bir çox Quran ayələrində cin adlı bir məxluqun varlığına və onun xüsusiyyyətlərinə rast gəlmək mümkündür. Bundan əlavə, bir çox insanların cinlərlə qurduğu əlaqə və dostluqlar bu iddia üçün ən mühüm praktiki dəlil hesab oluna bilər.
Cin sözünün lüğəvi mənası "örtülü" deməkdir. Buna əsasən, ərəb dilində bağa cənnət deyilirsə, məhz onun torpağının ağacalarla örtüldüyünə görədir. (3) Amma dini terminologiyada cin insanın zahiri hisslərindən gizlində qalan, iradə və şüur sahibi olan bir məxluqdur ki, Quran da belə bir məxluqun olmasını təsdiqləmişdir.(4)
Qurani-kərimdə Cinin insandan qabaq yaradılması qeyd olunur. (5) Hədislərdə isə cinlər bir neçə dəstəyə bölünürlər. Mərhum Səduqun "Xisal" kitabında İmam Sadiqdən (ə) belə bir hədis rəvayət olunur: "Cinlər üç dəstədir: Onların bir dəstəsi mələklərlə birgədir, bir dəstəsi havada uçmaqda, başqa bir dəstəsi isə itlər və ilanlar şəkilindədir”. (6)
Xalis cinlər yeyib-içməsələr də, qeyri-xalis cinlər həm yeyir, həm də içirlər. (7) Onların bir qismi insanlar kimi qidalanırlar, təbii ki, bu dəstənin ömrü az olur. Başqa bir qismi yalamaqla qidalanırlar, bunların ömrü bir az çox olur. Daha başqa bir qisim isə yalnız iyləməklə qidalanır, bunlarınsa ömrü min ilə qədər uzana bilir.
Qurani-kərimdə 24-cü surə Cin surəsi adlandırılmışdır. Bundan əlavə, cinlə bağlı konkret olaraq bu yerlərdə bəhs olunmuşdur: Ənam /100, 112, 128, 129, 130; Əraf / 38; İsra / 88; Kəhf / 50; Nəml/ 17, 39; Səbə / 12, 13, 14, 41; Əhqaf / 29-32; Rəhman / 15, 33, 39; Cin / 1-19.
Bir sözlə, bizə gülməli və inanılmaz gəlsə də, cin adlı bir məxluqun varlığı inkarolunmaz faktdır. Belə ki, onlar da eynilə insanlar kimi Allah tərəfindən təklifləniblər. Yəni, onlarda da vacib və haram anlamı var, onlara da din gəlmiş, İslam dini və Qurani-kərimin göstərişləri onlara da aid edilmişdir. Onların da içində möminləri və kafirləri var, saleh əməlliləri və zülmkarları var. Qurani-kərimdə Allah-taala dəfələrlə insanlarla birgə onlara da müraciət etmiş və onların da düz yola hidayət olunmalarını istəmişdir: يا مَعْشَرَ الْجِنِّ وَ الْإِنْسِ أَ لَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آياتي‏ وَ يُنْذِرُونَكُمْ لِقاءَ يَوْمِكُمْ هذا
"Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?” (8)
Demək, biz insanlar bilməliyik ki, bu aləm təkcə zahirdə gördüyümüz aləm deyildir, əksinə, görmədiyimiz bir çox şeylər var ki, onların bəzilərini hətta ilahi və müqəddəs kitab olan Qurani-kərim də təsdiqləyir.
Bunun özü maddi aləmdə qərq olmuş insanlara həyəcan siqnalı ola bilər. Ey maddiyyatda məhv olan insan! Bu aləm təkcə görünən zahirdən ibarət deyil, pərdə arxasında bizə çox yaxın olub, amma görünməyən başqa bir aləm də var, bir az bunları da düşünmək lazımdır.

Şeytan isə...
Cinlər barədə az da olsa danışdıq, bu barədə geniş söz açmaq istəsəydik, ayrıca bir kitab yazmaq lazım gələrdi. Amma Şeytan nədir? Budamı həqiqətdir? Yoxsa insanların özlərindən uydurduğu hər hansı bir xurafatdır?
Gün ərzində hər birimiz dəfələrlə şeytana lənət oxuyuruq, yaxud bu şeytan əməlidir deyirik, kimisə göstərib şeytan onun qəlbinə girmişdir deyirik. Görəsən doğurdan da şeytan adlı bir məxluq varmı? Əgər varsa, onun insanla nə kimi əlaqəsi var? O, insana nə qədər yaxındır? Doğrudurmu ki, şeytan insanı azdırır? Bəs din necə, belə bir məxluqun varlığını qəbul edirmi? Bu sualların hamısının cavabını adətimiz üzrə, hər bir şeyə aydınlıq gətirən Qurani-kərimdə axtaracağıq.
İlk öncə, şeytanın kökü barədə bir az söhbət edək. Qurani-kərimdə açıq-aydın surətdə şeytanın əslində bir cin olması qeyd olunur: َ فَسَجَدُوا إِلاَّ إِبْليسَ كانَ مِنَ الْجِن ِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّه...
"...İblisdən başqa hamısı (bütün mələklər) səcdə etdilər, cin olan İblis isə öz Rəbbinin fərmanından boyun qaçırdı..." (9)
Nümunə təfsirində bu ayənin şərhində belə yazılır: "Şeytan mələklərdən deyildi, (əslində o, cinlərdən idi) amma ibadət və itaət etmək vasitəsilə onların cərgəsinə girib, hətta onların müəllimləri də olmuşdu. Amma bir dəfə təkəbbür və xudpəsəndlik etməklə elə gözdən düşdü ki, bütün olan-qalan mənəviyyatını əldən verib, Allah dərgahının ən nifrət olunmuş və qovulmuş bir bəndəsinə çevrilıdi”. (10)





Hiyləgər Şeytan
Qurani-kərim şeytanın bəzi xüsusiyyətlərini açıqlayır, bəzi ayələrdə şeytan, öz rəbbinə naşükür olan hiyləgər bir məxluq kimi qələmə verilir. Eyni zamanda bəzi ayələrdə də onun xüsusi bir firqəsi, necə deyərlər partiyasının olmasına işarələr vardır: وَ كانَ الشَّيْطانُ لِرَبِّهِ كَفُورا
"Şeytan öz Rəbbinə qarşı naşükür idi". (11)
فَقاتِلُوا أَوْلِياءَ الشَّيْطانِ إِنَّ كَيْدَ الشَّيْطانِ كانَ ضَعيفا
"O halda Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!" (12)
ِ أُولئِكَ حِزْبُ الشَّيْطانِ أَلا إِنَّ حِزْبَ الشَّيْطانِ هُمُ الْخاسِرُون
"Onlar Şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır! (13)

İnsanın ən böyük düşməni
Şeytan uzun illər Allah dərgahında ibadətlə məşğul ikən Allah-taala Adəmi yaradır. O, mələklərin sorğu-suallarına cavab olaraq Adəmin bəzi üstünlüklərini üzə çıxarır. Nəhayət, Ulu Tanrı təzim əlaməti olaraq şeytanla birgə bütün mələklərə Adəmin qarşısında səcdə etməyi əmr edir. Bu fərmanı eşitcək bütün mələklər səcdəyə düşürlər. Şeytan isə bu fərmandan boyun qaçırıb səcdə etmir. Şeytan etdiyi paxıllıq və təkəbbürə görə Allahın dərgahından qovulmağa məruz qalır. O, Allah dərgahından qovularkən Allahın izzətinə and içir ki, sənin bəndələrinin qəlblərinə girəcək və onları düz yoldan sapdıracağam. Beləliklə, şeytan insanın ən böyük düşməninə çevrilir. Bu macəranı Quranın dilindən eşidək:
"(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və qoxumuş qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (təzim məqsədilə) səcdə edin!” Bundan sonra mələklərin hamısı ona səcdə etdilər. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
(Allah buyurdu:) "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
(Şeytan) dedi: "Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
(Allah) buyurdu: "Buradan çıx. Sən qovulmuşsan.! Sən qiyamət gününə qədər lənətlənmişsən!” (İblis) dedi: "Ey Rəbbim! İnsanların diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!”
(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən” Ancaq məlum vaxtın gününə qədər
(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (insanlara pis əməllərini,) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!Yalnız Sənin sadiq bəndələrindən başqa!” (14)
O gündən etibarən qovulmuş şeytan insanın ən böyük düşməninə çevrildi. O, müxtəlif hiylələrlə, cürbəcür vəsvəsələrlə insanı da öz gününə salmağa çalışdı. Şeytanın ilk qurbanı bəşəriyyətin atası sayılan həzrət Adəm oldu, belə ki, şeytan onu nəhy olunmuş ağacın meyvəsindən yeməyə həvəsləndirərək bir növ İlahi göstərişə etinasızlıq göstərməyə vadar etdi. Bu etinasızlıqdan sonra həzrət Adəm Həvva ilə birlikdə cənnətdən yerə endirildi.

Şeytan və insan
Qurani-kərimin ayələrində bu böyük düşmənin insana etdiyi əməllər təfsilatı ilə açıqlanır, belə ki, təqribən 10-a yaxın iş şeytan əməli sayılır. Bu əməllərin bəzisi şeytanın insana etdiyi pisliklər, bəziləri isə onun insanı azdırması üçün işlətdiyi hiylələridir.
1. O, İnsanı yoldan çıxarır. وَ لا يَصُدَّنَّكُمُ الشَّيْطان
"Şeytan sizi yoldan çıxartmasın”. (15)
2. O, insanı alçaq işlərə həvəsləndirər. الشَّيْطانُ يَعِدُكُمُ الْفَقْرَ وَ يَأْمُرُكُمْ بِالْفَحْشاء
"Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər”. (16)
3. O, insanı zəlalətə sürükləyər. ِ وَ يُريدُ الشَّيْطانُ أَنْ يُضِلَّهُمْ ضَلالاً بَعيدا
"Şeytan isə onları çox uzaq olan zəlalətə sürükləmək istər”. (17)
4. O, insanların arasında kin və düşmənçilik yaradar. إِنَّما يُريدُ الشَّيْطانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَداوَةَ وَ الْبَغْضاءَ فِي الْخَمْرِ وَ الْمَيْسِرِ
"Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salar”. (18)
5. O, insana etdiyi pis əməllərini gözəl cilvələndirər. وَ زَيَّنَ لَهُمُ الشَّيْطانُ أَعْمالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبيل
"Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı”. (19)
6. O, Allahı insanın yadından çıxarar. ْ اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطانُ فَأَنْساهُمْ ذِكْرَ اللَّه
"Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur”. (20)
7. O, insanı tək qoyar. وَ كانَ الشَّيْطانُ لِلْإِنْسانِ خَذُولاً
"Şeytan insanı (yoldan çıxartdıqdan sonra) yalqız buraxar”. (21)
8. O, insana yalan vədlər verər. وَ ما يَعِدُهُمُ الشَّيْطانُ إِلاَّ غُرُورا
"Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” (22)
9. O, insana vəsvəsə edər. ْفَوَسْوَسَ إِلَيْهِ الشَّيْطانُ قال...
"Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi...” (23)
Hər kəs öz daxilinə diqqət etsə, bu vəsvəsələri tamamilə hiss edəcəkdir. Biz bu daxili pıçıltıları təbii və adi bir ürəkdə danışmaq kimi qiymətləndiririk. Amma əslində o ürəkdə danışmaların böyük hissəsi şeytanın pıçıltı və vəsvəsələridir. Görürsünüz ki, hər hansı bir yaxşı iş görmək istədikdə onun əksi, yəni o işi görməmək fikiri də beyninizə gəlir. Kimsə bu beyinə gələn fikrə diqqət etmir və Allah şeytana lənət etsin deyib yaxşı işinə davam edir, kimisi isə o vəsvəsə və fikirlərə uyub işindən əl çəkir və beləliklə şeytanı sevindirir.
Qardaşlar! Şeytan yorulmur, o, həmişə çalışmaqdadır. Onun özünün xüsusi partiyası var və bu partiya günü-gündən qüdrətlənməkdədir. Şeytanın partiyasına üzv olanlar təkcə cinlərdən deyillər, O, insanları da özünə cəlb edib, partiyasının fəal üzvünə çevirir. Ona görə də, Qurani-kərimdə bəzi ayələrdə insan simalı şeytanlardan da söz açılıbdır. (24) İnsan o qədər şeytana uyur ki, artıq şeytan ona hakim olur, onu istədiyi tərəfə sürüyür, istədiyi çirkinlikləri onun əlilə həyata keçirir. Belə bir insan artıq insan simasından çixmış, əslində şeytan simalı olmuşdur. Şeytan nəinki, fərdi insanları hətta bəzi böyük dövlətləri belə özünə həmkar edə bilir. Böyük-böyük imperiyalar dünya səviyyəsində qeyri-insani və qeyri-ilahi siyasətlər yürüdürlərsə, əslində onlar da şeytanın tlisiminə məhkum olmuşlar.
Burada bir məsələ də var. O da budur ki, şeytan bütün insanlara vəsvəsə edir. Onun vəsvəsəsi hamıya tuşlanır. Amma kimsə ona qulaq asmayıb qalib gəlir, kimsə aldanıb məğlub olur. Elə isə onda biz nə edək ki, şeytanın vəsvəsəsi bizə təsir edib bizi yoldan çıxarmasın? Onun vəsvəsəsi ilə üzləşmənin yolu nədir? Şeytanla necə mübarizə etməliyik?
Şeytanla addımlama!
Bəqərə surəsində belə bir fərman var: ً وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطان‏
"Şeytanın addımlarıyla addımlamayın". (25)
Quran şərhçisi Məkarim Şirazi bu ayə ilə bağlı belə yazır: "Şeytanın addımları" ifadəsinin bəlkə də dəqiq bir tərbiyəvi nöqtəyə işarəsi var. O da budur ki, adətən azğınlıqlar insanda bir dəfəyə və birdən-birə deyil, tədricən yer edirlər. Misal üçün, bir cavanın narkotika və spirtli içkilərə qurşanmasının neçə mərhələsi var. Əvvəlcə o, belə məclislərdə adi bir tamaşaçı kimi iştirak edir, ikinci addımda maraq üçün özü də ondan istifadə edir, amma bu, sadəcə maraq üçündür. Üçüncü addımda deyir ki, bir az istifadə edim sonra tərk edərəm. Nəhayət, şeytan addım-addım bu cavanı aldadaraq əsl bir narkamana çevirir. Ona görə də, Allah-taala buyurur ki, elə həmin ilk addımdan şeytandan uzaq ol və onun addımlarıyla addımlama”. (26) Demək, şeytanla üzləşmənin ilkin yolu onun hətta ən ibtidai addımlarından belə uzaq olmaqdır.

Allaha sığın!
Qurani-kərimdə şeytanla mübarizə yollarından biri də Allaha sığınmaqdır. Əraf surəsində belə deyilir: وَ إِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَميعٌ عَليم
"Əgər sənə şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!” (27)
Əslində hər bir işi görəndə Allaha sığınmaq lazımdır. Allaha sığınmaq Ona arxalanamaq və ondan kömək istəmək deməkdir. Amma hər hansı bir problemlə üzləşdikdə bu ehtiyac özünü daha da qabardır, istər-istəməz insan sığınmağa bir qüvvə, bir kəs axtarır. Bu zaman Allah buyurur ki, uzağa getmə, mənə sığın, çünki, mən həm eşidənəm və həm də bilən. Allah demək istəyir ki, bu halda sən əgər mənə sığınsan və məndən çarə istəsən, sözsüz ki, cavab alacaqsan, çünki, mən eşidənəm. Sonra buyurur ki, sənə etdiyim çarə də düzgün və şəfabəxş olacaqdır, çünki, mən hər şeyi bilənəm. Sən məndən başqa hər hansı bir məxluqa sığınıb çarə istəsəydin, mümkün idi ki, o, səni başa düşməsin və ya sənə düzgün çarə bulmasın. Amma mən, səni yaradan xaliq, belə deyiləm, çünki, eçidən və bilənəm. Şeytanın şərindən Allaha sığınmaq o qədər mühümdür ki, Allaha-taala bu işi insandan Quran oxumağa başlayarkən belə tələb edir. Nəhl surəsində buyurur: فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطانِ الرَّجيم
"Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın!” (28)
Quran oxuyarkən belə əgər şeytan insanın qəlbində olsa, oxunan ayələrdən şeytani nəticələr çıxardıla bilər. Əhsənül-hədis təfsirində bununla bağlı belə deyilir: "Nəzərə belə gəlir ki, Allahın insandan Quran oxuyarkən ona sığınmasını istəməsinin iki səbəbi var: Birincisi buna görədir ki, şeytanın insanı azdırma yollarından biri də onun insana unutqanlıq və qəflət gətirməyidir. (29) Demək şeytan Quran oxuyan insana qəflət və unutqanlıq gətirib o insanın Quranın ali məzmunlu ayələrinin kənarından sadəcə üzünü oxuyub, qafil halda keçməsinə və onların mənalarına diqqət etməməsinə səbəb olacaq və ona bu ayələrdə fikirləşməyə imkan verməyəcəkdir. İkinci səbəb isə budur ki, Quranda "mütəşabih" ayələr var, belə ki, bu ayələrin dəqiq mənalarını dərk etmək hər kəsə mümkün olmadığından azğın mənaların ortaya çıxma ehtimalı var. Şeytan da fürsətdən istifadə edib məhz bu ayələrin mənasında insana pis vəsvəsələr edib, onu azdıra bilər. Ona görə də Quran oxuyarkən Allaha sığınmaq lazım və zəruridir”. (30)

Sadiq bəndə ol!
Şeytanla mübarizənin yollarından birini də elə şeytanın özü Allah dərgahından qovularkən dilinə gətirir. O, Allahın izzətinə and içir ki, mən sənin sadiq və ixlaslı bəndələrindən başqa bütün bəndələrini düz yoldan sapdıracağam. قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعين
"(İblis) dedi: "Sənin izzətinə and olsun ki, onların hamısını azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!” (31)
Asan təfsirində müəllif şeytanla mübarizənin bir neçə yolunu saydıqdan sonra belə deyir: "Nəhl surəsinin 99-cu ayəsindən belə aydın olur ki, şeytanın vəsvəsəsi həmçinin düzgün, imanlı və yalnız Allahahına təvəkkül edən bəndələrdə də təsir etmir. (32) Ayə belədir: إِنَّهُ لَيْسَ لَهُ سُلْطانٌ عَلَى الَّذِينَ آمَنُوا وَ عَلى‏ رَبِّهِمْ يَتَوَكَّلُون
"Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hakimiyyəti yoxdur!” (33)
Demək, şeytan düzgün imanlı, ixlaslı və sadiq, Allahına sığınıb yalnız Ona təvəkkül edən bəndələri azdıra bilmir. Elə isə O lənətlənmişin şərindən amanda qalmaq üçün çalışıb bu Allah deyən dəstədən olmaq lazımdır.

Mənbələr
1. Nümunə təfsiri, c. 25, s. 156.
2 . Haqqə / 38-39.
3 . Məcməül bəhreyn, c. 6, s. 226.
4 . Əlmizan, c. 17, s. 274.
5 . Hicr / 26-27.
6 . Xisal, Babüs səlasə, c. 164, s. 160.
7 . Bəharül ənvar, c. 60, s. 114.
8 . Ənam / 130.
9 . Kəhf / 50.
10. Nümunə təfsiri, c. 12, s. 462.
11. İsra / 27.
12. Nisa / 76.
13. Mücadilə / 19.
14. Hicr / 28-40.
15. Zuxruf / 62.
16. Bəqərə / 268.
17. Nisa / 60.
18. Maidə / 91.
19. Ənkəbut / 38.
20. Mücadilə / 19.
21. Fürqan / 29.
22. İsra / 64.
23. Taha / 120.
24. Ənam / 112.
25. Bəqərə / 168.
26. Nümunə Təfsiri, s. 573.
27. Əraf / 200.
28. Nəhl / 98.
29. Mücadilə / 19.
30. Əhsənül-Hədis təfsiri, c. 5, s. 502.
31. Sad / 82-83.
32. Asan təfsiri, c. 9, s. 292.
33. Nəhl / 99.
İlqar Haşımov


Category: Diger me'lumatlar | Baxış: 1458 | Added by: el-kafirel_kufri | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]