Şənbə günü, 2024-12-21, 9:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Avqust » 5 » UÇAN DİVARIN ALTINDAN QAÇMAYANLAR
5:31 AM
UÇAN DİVARIN ALTINDAN QAÇMAYANLAR
 

UÇAN DİVARIN ALTINDAN QAÇMAYANLAR



İnsan elə bir varlıqdır ki, onu hər zaman vücudi suallar maraqlandırır. Kimdir, bu həyata gəlməkdə məqsəd nədir, nə kimi məsuliyyət daşıyır və s. Bu silsilə suallar içərisində tale, qəza və qədər ilə bağlı suallar da diqqət mərkəzində durur. Tale, qəza və qədər adlı sonsuz dərəcədə qüdrətli bir güc dünyanın bütün hadisələrinə hökmranlıq edirmi? İnsan çarəsiz və məcbur şəkildə dünyaya gəlib, beləcə də dünyadan gedirmi? Bəzi insanlar qəza-qədər anlayışını insan iradəsini məhdudlaşdıran bir qayda kimi qəbul edirlər. Bəzən onu müsbət qiymətləndirərək insanın pis işlərə məcbur olduğunu bildirir, öz günahlarını qəza-qədərin ünvanına yazır, bəzən isə mənfi qiymətləndirərək, insanın bir sıra vəzifələr qarşısında aciz olduğunu iddia edir, insani vəzifələrindən boyun qaçırırlar.

Əslində necədir? Qəza-qədər Allahın varlıq aləminə hakim olan qanunlarıdır. Dünyada hökm sürən qanunlar və qaydalar dəyişməzdir. Təbii varlıqlar dəyişkən olsalar da, təbiətdəki nizam dəyişməz və sabitdir. İnsan həyatı daim dəyişmə və təkamüldədir. Gah kamillik həddinə çatır, gah da durğunluq keçirir. Gah iti surətlə irəliləyir, gah da ləngiyir. Müxtəlif amillər insanların taleyini dəyişdirir.

Allah Təalanın elmi bütün hadisələrə vaqifdir. O, gələcəkdə baş verəsi, keçmişdə baş vermiş və hazırda baş verən bütün hadisələrdən eyni dərəcədə xəbərdardır, onun xəbərsiz olduğu məsələ yoxdur. Zaman və məkanca qeyri-məhdud bir varlıq üçün "keçmiş”, "bu gün”, "gələcək” kimi məfhumların mənası yoxdur. Onun üçün keçmiş də, bu gün də, gələcək də eynidir. O, hər şeydən xəbərdardır. İnsansa azad və ixtiyar sahibi yaradılmışdır. Həyatda da özünə yol seçməkdə azaddır.

İslamın başlanğıc dövründəki müsəlmanlar vəhy mənbəyinin təsiri sayəsində qəza-qədər məsələsini düzgün anlamışdılar və insanın istək və iradəsinə zidd bilmirdilər. Bir gün Həzrət Əli (ə) uçulmaqda olan divardan kənarlaşarkən ondan soruşdular ki, məgər Allahın qədərindən qaçırsan? Əli (ə) buyurdu: "İlahi qəzadan İlahi qədərə pənah aparıram, yəni bir taledən o biri taleyə qaçıram”.

İnsan iki yoldan birini seçməkdə azaddır. O, uçulmaqda olan divarın altında otursa, əlbət ki, öləsidir. Yəni uçulmaqda olan divarın altında oturan insanın ölümü Allahın təqdiridir.

Qəza-qədərə inanmaq iradə azadlığını inkar etmək deyil. Qəza-qədər məsələsi ilə cəbr məsələsi arasında kəskin fərq var. Bir zaman Avropada bunları eyniləşdirib belə nəticə çıxarırlar ki, İslam cəbri bir dindir, guya müsəlmanların tənəzzülünün başlıca səbəbi qəza-qədərə inanmalarındadır. Mərhum Seyyid Cəmaləddin Əsədəbadi Parisdə olduğu vaxt bu tənqidlərə diqqət yetirib xüsusi bir risalə yazmışdır. O, bu risalədə yazır: ”Çağdaş müsəlmanlar hərbi və siyasi qüvvə cəhətindən avropalı millətlərdən geri qalmışlar. Yalan, hiylə, düşmənçilik, təfriqə, dünya vəziyyətindən xəbərsizlik, xeyrini-şərini bilməmək, məişətdə dilənçi payı ilə kifayətlənmək onların arasında geniş yayılmışdır. Tərəqqi fikri, düşməni dəf etmək qayğısı çəkmirlər. Qərblilər bütün bu çirkinlik və alçaqlıqların taleyə etiqaddan doğduğunu deyirlər. Avropalılar qəza-qədərə inamla bütün əməl və işlərində mütləq məcbur olduğunu söyləyən cəbr məzhəbi arasında fərq qoymurlar”.

İnsanın iş və fəaliyyəti elə hadisələr zəncirindəndir ki, onun taleyi mütləq və qeyd-şərtsiz deyil. Bir insan, bir xalq öz təşəbbüsü ilə öz hal və vəziyyətini dəyişdirməyincə, Allah onların hal və vəziyyətində heç bir dəyişiklik etməz.

Hər şey İlahi qəza-qədərlə bağlıdır. Lakin insanın da burada rolu olmamış deyil. Dua insan taleyinə təsir edərək qəza-qədərin qarşısını ala bilir. Sədəqə və ehsan da taleyin dəyişməsinə və əvəz edilməsinə təsir göstərir.

Ümumiyyətlə günah və tövbə, ədalət və zülm, yaxşılıq və yamanlıq və bu kimi işlər sağ-salamatlıq və ruzi baxımından insan taleyinə təsir göstərir. İmam Sadiq (ə) buyurur: ”Günahlar vasitəsilə ölənlərin sayı, ömrün başa çatması ilə ölənlərin sayından çoxdur. Yaxşı işlərlə ömürlərini uzadanların sayı, öz ömrünü yaşayanların sayından çoxdur”.

Yəni əcəl və ölüm İlahi qəza və qədərin hökmü ilə müəyyən olunsa da, bu işlər taleyin dəyişmə və əvəzetmə amilləridir.

İslam Peyğəmbəri (s) buyurur: ”Beş tayfanın duası qəbul olmaz. Bunlardan biri uçulmaqda olan divarın altından qaçmayan adamdır”.

Allah bizi kortəbii və süst olmaqdan qorusun! İlahi, amin.

Aynur Məmmədova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicis

Category: Diger me'lumatlar | Baxış: 1114 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 1
0  
1 Xedice   (2009-08-05 6:39 PM) [Daxil et]
Allah boyukdur

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]