Bazar günü, 2024-12-22, 1:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Iyun » 24 » 24 iyun ( Receb/1)Imam Muhemmed Baqirin (e) tevelludu gunudur.
5:25 AM
24 iyun ( Receb/1)Imam Muhemmed Baqirin (e) tevelludu gunudur.
 
 
24 iyun ( Receb/1)Imam Muhemmed Baqirin (e) tevelludu gunudur.
 
 
IMAM MӘHӘMMӘD BAQIR ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Məhəmməd
Ləqəbi: Baqir
Künyəsi: Әbu Cə᾽fər
Atası: Həzrət Səccad (ə)
Təvəllüd tarixi: Hicri 58-ci il
Imamlıq müddəti: 23 il
Ömrü: 59 il
Şəhadət olduğu tarix: Hicri 114-cü il
Məzarı: Mədinədə Bəqi qəbristanlığı.
 
TӘVӘLLÜDÜ
Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.
Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam həzrət Məhəmməd Baqir əleyhissalamın həyatını iki hissəyə ayırmaq olar:
1. Imamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).
2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).
HӘZRӘTIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Imam həzrət Məhəmməd Baqir əleyhissalam həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi.
Bir gün darfikirli insanlar o həzrəti tənqid edərək; baban Әli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən? — deyə söylədilər. O həzrət (ə) isə onların cavabında belə buyurdu: «O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, Әli əleyhissalam da ucuz paltarlar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyiməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyuğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur.
O həzrətin ədəb və tərbiyyəsi haqqında belə yazıblar:
«Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı». Imam Məhəmməd Baqir əleyhissalam heç vaxt əsəbləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur:
«Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar».
Imam dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi.
O həzrətin çoxlu bağları və tarlası vardı. Onun özü də sadə bir əkinçi kimi, tarlaya gedər, fəhlələrlə birgə işləyib xörək yeyərdi. Həzrət öz xadimləri ilə yaxından əməkdaşlıq edən bir malik idi.
Həzrət (ə) öz bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını tə᾽min edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı.
Şeyx Müfid Imam Məhəmməd Baqir əleyhissalam haqqında belə yazıb: «O həzrət bütün elm və mə᾽rifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pəhrizkarlığında möhkəm və sarsılmaz idi. Birilə bağladığı əhd-peymanına həmişə sadiq qalardı. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata islam əxlaqını tə᾽lim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi. Təəssübkeş sünni alimlərindən olan Ibni Həcər o həzrətin əxlaqı barədə yazır: «Imam Məhəmməd Baqir əleyhissalam səfalı və pak qəlbə malik bir şəxsiyyət idi. Sözü ilə əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani ziynətlərini vəsf etməkdə acizəm».
O həzrətin xidmətçilərindən biri onun haqqında belə demişdir: «Həzrətlə birlikdə Məkkəyə getmişdik. Gözü Allahın evinə sataşdıqda o qədər ağladı ki, bihuş oldu. Әrz etdim ki, niyə bu qədər ağlayırsan? Buyurdu: «Bəlkə Allah bu göz yaşlarıma görə qiyamət günündə məni bağışlasın və rəhmət etsin».
Sonra imam namaz qılmağa başladı və uzun müddət səcdə halında qaldı. Başını qaldırdıqda isə səccadəsi həzrətin göz yaşlarından islanmışdı.»
Yalançı şəxsiyyət sayılan Məhəmməd ibni Münkədir belə demişdir: Imamın çox işlədiyini görüb öz-özümə fikirləşdim ki, həzrət dünya malına aşiqdir və gərək bir gün qabağını kəsib bu barədə ona nəsihət edəm. Nəhayət bir gün onu qızmar havada çox işlədiyinə görə tərləmiş görüb qabağına gedərək salam verdim və dedim:
«Ey Peyğəmbərin oğlu, niyə bu qədər dünya malının dalıncasan? Әgər bu vəziyyətdə ölsən, nə edərsən?»
Imam (ə) buyurdu: «Bu mənim ən yaxşı zamanımdır. Çünki sizə və başqalarına möhtac olmamaq üçün işləyirəm. Әgər Allah bu vəziyyətdə mənim canımı alsa çox sevinərəm. Çünki Ona ibadət və itaət halındayam». Mən bu cavabdan başa düşdüm ki, yanılırmışam. O həzrətdən üzr istəyib dedim: Mən sizə nəsihət vermək istəyirdim. Halbuki, siz mənə nəsihət verərək məni ayıltdınız».
Kuleyni isə o həzrətin haqqında belə yazıbdır: «Imamın dostlarından bir dəstə belə deyirlər: Günlərin bir günündə imamla görüşmək üçün evinə getdik. Salam verib halını soruşduqdan sonra gördük ki, həzrət çox narahatdır. Səbəbini soruşduqda övladının ağır xəstə olduğunu öyrəndik. «Әgər bu uşaq ölsə, imamın başına nə gələr» - deyə düşündük. Xudahafizləşib getdik. Sabahısı günü halını soruşmaq üçün həzrətin mənzilinə təkrar gəldikdə imamı xoşhal gördük. «Yəqin Allah lütf edib uşağı sağaldıb. Imam da buna görə xoşhaldır» - deyə düşündük. Lakin mə᾽lum oldu ki, uşaq ölüb. Biz imamdan «nəyə görə uşağın ölümündən qabaq çox narahat idiniz, lakin ölümündən sonra xoşhalsınız» - deyə soruşduqda imam cavabımızda belə buyurdu: «Övladım xəstə idi, mən də atalıq və insanlıq borcuma görə çox narahat idim və sağalması üçün cəhd edib Allahdan şəfasını diləyirdim. Lakin Allah onun ölərək əzab-əziyyətdən qurtarmasını məsləhət gördü. Mən də Onun əmr və istəyinə təslim olub Allaha şükr etdim. Biz Onun rizayəti naminə hər bir şeyə razıyıq və Onun sevdiyini sevirik.»
IMAMIN ELMI MӘQAMI
Imam Məhəmməd Baqir əleyhisslamın elmi məqamı haqqında Şeyx Tusi belə yazmışdır: »Şam əhalisindən olan bir kişi Imam Məhəmməd Baqir əleyhisslamın hüzuruna gəlib dedi: «Sən elmli və biliklisən. Belə ki, sənin məclisin mənim üçün çox mənfətli və dəyərlidir. Lakin sənin məclisində iştirak etsəm də özünü və xanədanını özümə düşmən hesab edirəm».
Imam heç bir cavab vermədi. Neçə gündən sonra həmin kişi xəstələnib yatağa düşdü. Imam dostları ilə birlikdə onun əyadətinə gəlib yatağının yanında əyləşdi və halını soruşdu. Bu alicənablığı görən şamlı kişi dediyi sözdən peşman olub imamdan nə cür üzr istəyəcəyini bilmirdi
Həzrət (ə) xəstənin dərmanları və pəhrizi haqqında ailəsinə danışdı və sağalmasını dua etdi. Çox çəkmədi ki, o kişi yaxşılaşıb xəstəlik yatağından qalxdı. Sabahısı gün imamın dərsinə gəlib dediyi sözdən peşman olduğunu söyləyərək ondan üzr istədi. Beləliklə də həmin şamlı kişi həmişəlik olaraq imamın dostlarından birinə çevrildi.
CABIR IMAMIN HÜZURUNDA
Həzrət Peyğəmbər (s) təqvalı səhabələrindən biri sayılan Cabir ibni Abdullaha buyurmuşdu: «Ey Cabir! Sən sağ qalaraq Tövratda adı Baqir olaraq yazılmış övladım Məhəmməd ibni Әli ibni Hüseyni görəcəksən. O zaman mənim salamamı ona yetirərsən».
Peyğəmbər (s) vəfat etdikdən sonra Cabir uzun müddət yaşadı. Bir gün Cabir imam Zeynül-abidinin evinə gəldikdə orada balaca bir uşaq gördü və həzrət Səccaddan «bu uşaq kimdir?» - deyə soruşdu.
Imam (ə) cavab verdi: «Bu oğlum Məhəmməd Baqirdir ki, məndən sonra müsəlmanların imamı olacaq».
Bu zaman Cabir imamın ayağını öpüb dedi: «Sənə canım qurban olsun ey Peyğəmbərin övladı. Baban Peyğəmbərin salamını qəbul et. O mənim vasitəmlə sənə salam göndərmişdir».
Imamın gözləri yaşardı və buyurdu: «Babam Peyğəmbərə (s) göy və yerlə durduqca salamlar olsun, sənə də ey Cabir salam olsun ki, onun salamını mənə yetirdin.».
IMAMIN TӘRBIYӘ METODU
O biri imamlar kimi Imam Məhəmməd Baqir əleyhisslamın da elm və biliyi vəhydən qaynaqlandığı üçün bütün məsələlərin cavabını bilirdi. Imamın elmi şəxsiyyəti o qədər yüksək idi ki, alimlər onun məclisində uşaqlar müəllimin qarşısında əyləşdikləri kimi əyləşirdilər.
Imam öz dərs məclisində bir bulud kimi elm yağışını tələbələrin zehninə yağdırırdı və hər kəs iste᾽dadı qədər ondan istifadə edirdi.
Məşhur şair Hişam 106-cı hicri ilində şamlılardan olan bir dəstəylə Məkkəyə gəlmişdi. O, həcc mərasimindən sonra istirahət etmək üçün Məscidül-həramda əyləşmişdi ki, birdən gözü Imam Məhəmməd Baqir əleyhisslama sataşdı. Həzrət bir küncdə əyləşmişdi, camaat da onun ətrafına yağışmışdı və hər kəs də öz məsələsini ondan soruşurdu. Bunu görən Hişam hirslənib alimlərdən biri olan Nafe᾽ni o həzrətin yanına göndərdi ki, imama cavabını bilmədiyini zənn etdiyi suallara verərək həzrətin nüfuzunu xalqın gözündən əskiltsin.
Saray alimi qabağa gəlib salam verərək sual vermək üçün imamdan izn istədi. Imam (ə) onun salamını alıb buyurdu: «Istədiyin sualı ver».
Nafe᾽ soruşdu: Isa ilə Məhəmmədin arasında zaman fərqi neçədir?
Imam buyurdu: «Bizim nəzərimizə əsasən 500 il».
Nafe᾽ soruşdu: Peyğəmbərə «vəs᾽əl» (soruş) buyuran bu ayə Onun kimdən soruşmasını nəzərdə tutur?»
Imam (ə) cavab verdi: «Içində hər şey yazılmış olan Allahın Lövhi-məhfuzundan».
Nafe᾽ soruşdu: Allah nə vaxtdan mövcuddur?
Imam buyurdu: «Vay sənin halına! Zamanı Allah yaradıbdır. O, cism deyil və doğulmayıbdır ki, zamana da ehtiyacı olsun».
Nafe᾽utanıb dedi: Allaha and olsun ki, sən zəmanənin ən bilici şəxsiyyətisən.
Bir nəfər Abdullah ibni Ömərə sual verdi. O da sualın cavabını bilməyib onu verənə dedi: Bu uşaq Imam Məhəmməd Baqir əleyhisslamdır. Onun yanına get və sualını ondan soruşduqdan sonra aldığın cavabı mənə də deyərsən. Həmin adam imamın yanına gəlib sualını həzrətdən soruşdu və doğru cavab aldı. Sonra da Abdullah ibni Ömərin yanına gəlib imamın verdiyi cavabı ona dedi.
Abdullah ibni Ömər cavabı eşitcək dedi: Bunlar Allahın elm və bilik ziynəti ilə bəzədiyi xanədandırlar.
Imamın elmi məqamı o qədər yüksək idi ki, hər yerdə Peyğəmbərin xanədanından danışıldığı zaman Imam Məhəmməd Baqir əleyhisslamı Peyğəmbərin elminin yeganə varisi sayırdılar.
IMAMIN XRISTIAN ALIMLӘ OLAN MÜBAHISӘSI
Imam Sadiq (ə) buyurmşudur: «Bir gün atamla birlikdə Hişamın məclisindən qayıdırdıq ki, yolumuz xristianların yığışıb alimlərinə sual verdikləri yerdən düşdü. Yaxınlaşdıq ki, görək nə xəbərdir.
Saçı ağarmış bir qoca kişinin onların arasında oturduğunu, Məsihi ardıcıllarının da onun qarşısında əyləşdiklərini və ona müxtəlif suallar verdiklərini gördük. Biz də onların arasında oturduq.
Qoca xristian atam Imam Məhəmməd Baqir əleyhisslamı gördükdə dedi: «Sən bizdən ya Məhəmmədin ardıcıllarındansan?»
Atam cavab verdi: «Məhəmmədin ardıcıllarındanam».
Qoca kişi dedi: «Alimlərdənsən ya cahillərdən?»
Atam buyurdu: «Cahillərdən deyiləm».
Qoca kişi dedi: «Mən səndən soruşum ya sən məndən soruşursan?»
Atam buyurdu: «Sən soruş».
Qoca kişi heyrətlə atama baxdı və dedi: «Ey Allahın bəndəsi! Gecə olmayan və gündüz də olmayan saat hansı saatdır?»
Atam buyurdu: «Danın söküldüyü ilə günəşin çıxdığı vaxtın arası».
Qoca dedi: Hansı saatlardandır?
Atam buyurdu: «Cənnətin saatlarındandır. Bu saatda xəstələr ayılar, ağrılar toxtayar və gecə yuxusuz qalan yuxulayar».
Kişi dedi: Cənnət əhli yeyib-içərlər, amma bir şey ifraz etməzlər. Bu dünyada da onlara bənzər bir şey varmı?
Atam buyurdu: «Bəli, uşaq anasının bətnində yeyər, lakin yediyi şeyi ifraz etməz.»
Qoca dedi: Iddia edirsən ki, cənnət əhli cənnətin meyvələrindən nə qədər yesələr də o meyvələrdən heç bir şey azalmaz və əvvəlki halına qayıdar. Dünyada da elə bir şey varmı?
Atam buyurdu: «Bəli, çıraqdır. Әgər yüz çırağı bir çıraqdan yandırsan yenə də ondan bir şey azalmaz».
Xristian alim yerindən qalxıb dedi: Bu kişi məndən daha alimdir və mübahisə etdiyi adamın Imam Məhəmməd Baqir əleyhisslam olduğunu öyrənən kimi ona iman gətirib müsəlman oldu.»
HIŞAMIN MӘCLISINDӘ
Imam Sadiq (ə) buyurmuşdur: «Illərin birində Hişam ibni Әbdülməlik həcc üçün Məkkəyə gəlmişdi. Həmin il mən də atamla birlikdə həccə getmişdim. Bir gün yığıncaqda mən belə dedim: Allaha həmd olsun ki, xalqa doğru yolu göstərmək üçün Məhəmmədi peyğəmbərliyə seçdi və bizə də o həzrətin varlığı sayəsində dəyər verdi. Biz Allahın bəndələrinin seçilmişləri və Onun yer üzündəki xəlifələriyik. Bizə tabe olan xoşbəxtdir, bizimlə müxalif və düşmən olanlar isə bədbəxtdirlər. Camaat arasındakı Hişamın xüsusi casusu olan qardaşı eşitdiklərini Hişama xəbər verdi. Hişam Məkkədə bizə toxunmadı, lakin Şama qayıtdıqdan sonra Mədinədəki nünayəndəsinə məni və atamı Şama göndərməsini yazdı. Mədinənin hakimi bizi Şama göndərdi. Hişamın məclisinə daxil olduğumuz zaman Şamın əyanlarının hamısının orada olduğunu gördük.
Hişamın özü səltənət taxtında oturmuş, əyanları isə onun qarşısında durmuşdular. Uzaq bir məsafədə bir nişan qoymuşdur ki, hamı ona ox atırdı.
Məclisə girdikdə Hişam atama hörmət edib, dedi: Yaxın gəl sən də ox at.
Atam buyurdu: «Mən qocalmışam, məndən ox atmağı istəmə».
Hişam and içdi ki, əl çəkməyəcək. Atam çarəsiz qalıb yayı götürüb nişan aldı. Ox hədəfin tam ortasına dəydi. Bir ayrı ox atdı, o da əvvəlki oxun ortasına dəyib onu yarı böldü, üçüncü ox da ikincinin ortasına dəyib onu yarı böldü. Bu iş doqquzuncu oxa qədər davam etdi.
Hişam dedi: Bəsdir ey Әbu Cə᾽fər. Sən ox atmaqda hamıdan mahirsən. Qəzəb odunda yanan və işindən peşman olan Hişam elə orada atamı qətlə yetirmək qərarına gəldi və özünü vəziyyətdən qurtarmaq üçün yaltaqlanmağa başlayıb dedi: Qüreyş qəbiləsi ərəblər və ə᾽cəmlərdən üstündür, çünki sənin kimi bir şəxsə sahibdir.
Daha sonra atamdan belə soruşdu: Belə dəqiq ox atamağı hardan öyrənmisən?
Atam cavab verdi ki, Allah-taala hər bir elm və mə᾽rifəti tam şəkildə bizə əta etmişdir.
Hişam atamın sözlərində çox qəzəblənib, başını aşağı saldı, sonra qaldırdı və belə dedi:
Məgər bizlər və sizlər Әbdu Mənafın nəslindən deyilik? Məgər Peyğəmbər (s) Әbdu Mənafın nəslindən deyildi ki, Allah onu bütün xalqın rəhbəri olara tə᾽yin etdi? Siz bu biliyi haradan irs aparmısınız?
Atam onun cavabında belə buyurdu: «Biz vəhy ailəsiyik və Allah bizə, başqa adamlara bəxş etmədiyi xüsusiyyətləri bəxş etmişdir. Necə ki, Peyğəmbər (s) kürəkəni Әli əleyhissalama, başqa adamlara demədiyi sirləri deyirdi. Әli əleyhissalamın özü də belə idi. Belə ki, o həzrət bir gün Kufədə belə buyurdu: «Allahın Peyğəmbəri elmin min qapısını mənim üzümə açmışdı ki, hər bir qapıdan min təzə qapı açılır».
«Ey Hişam, təkcə biz o elmləri irs aparmışıq, başqaları yox».
Hişam heç bir söz demədi və əmr etdi ki, bizi ehtiramla Mədinəyə yola salsınlar.
ISLAMI SIKKӘLӘR IMAMIN ӘMRI ILӘ KӘSILDI
Ilk hicri əsrində hələ kağızqayırma sənayesi rumların əlində idi. Misir xristianları bu sənəti rumlulardan öyrənib özləri də kağız düzəltməyə başladılar və onlar kimi xristianların şüarı olan «ata – oğul – ruhülqüds» şüarını çap etdilər.
Zirək bir adam olan Әbdülməlik Mərvan həmin kağızları görüb üsündə yazının mə᾽nasını öyrəndikdə çox narahat oldu. Axı Misir islam ölkəsi idi və bu şüardan istifadə etmək ağlabatan deyildi. Buna görə də dərhal Misir hakiminə belə bir məktub yazdı: Bundan belə kağızların üstündə tövhid şüarını yazmalısınız.
Üstündə tövhid şüarı yazılmış yeni kağızlar Rum şəhərələrinə çatdı və Rumun padşahı olan Qeysər əhvalatı öyrənib Әbdülməlik məktub göndərərək onu belə hədələdi: Әgər bu şüarı pozdurmasan, Rumda kəsdirilən sikkələrin üstünə islam Peyğəmbərinə söyüş yazmalarını əmr edəcəyəm. Bu sikkələr kəsildikdən sonra artıq sənin abrın gedəcək.
Әbdülməlik öz-özünə düşündü ki, əgər bu iş baş tutsa, işin səbəbkarı olduğum üçün islam hökmdarlarını ən pisi hesab edilərəm. Tezliklə bir iclas çağırıb məmləkətin böyükləri ilə məsləhətləşdisə heç bir nəticə almadı. Iclasda iştirak edənlərdən biri belə dedi: Bu məsələnin həllini Imam Məhəmməd Baqir əleyhisslamdan soruşmalıyıq.
Әbdülməlik onun təklifini bəyənib dərhal Mədinə hakiminə əmr etdi ki, imamı ehtiramla Şama göndərsin. Özü də Qeysərin elçisini Şamda saxladı.
Imam (ə) Şama yetişdikdə əhvalatı həzrətə danışdılar ki, bir çıxış yolu göstərsin.
Imam (ə) buyurdu: «Qeysər səni qorxudubdur. O, bu işi görməyəcək və Allah-taala ona bu işi görməkdə mane olacaq. Lakin, bununla belə, çıxış yolu bundan ibarətdir ki, sənətkarları çağırıb onlara əmr edəsəniz ki, bir üzündə tövhid surəsi, digər üzündə isə Peyğəmbərin adı həkk olunmuş sikkə kəssinlər. Beləliklə Rum sikkələrinə ehtiyacımız olmayacaq.» Sonra isə sikkələrin ağırlığı və ölçüsü barədə izahat verib buyurdu: «Sikkələrin kəsildiyi şəhər və tarixi də üstünə yazılmalıdır.»
Әbdülməlik imamın əmrini yerinə yetirdi və bundan sonra müsəlman şəhərlərində yeni sikkələrin dövrdə olduğunu, köhnə sikkələrin isə artıq dövrədən çıxdığını və ködnə sikkəsi olanlar gətirib yeni sikkələrlə dəyişə biləcəklərini e᾽lan etdi. Daha sonra Qeysərin elçisinə gördüyü işləri izah edib onu ölkəsinə qaytardı.
Qeysər əhvalatı öyrəndikdə nə edəcəyini bilmədi. Sarayında olanlar ondan təhdidini həyata keçirməsini tələb etdikdə o, belə cavab verdi: Bu iş mə᾽nasızdır. Çünki islam şəhərlərində artıq Rum sikkələrindən istifadə olunmur.
Imam Baqir (ə) bu fövqəladə işi ilə müstəmləkəçilərin nüfuzunun qarşısını aldı.
IMAMIN ӘSHABI
Imam Məhəmməd Baqir əleyhisslam zamanında Әməvi xəlifələri öz şəxsi işləri ilə məşğul olduqlarından və həm də Abbasilərlə hakimiyyət uğrunda mübarizə apardıqlarından o həzrət üçün islam mə᾽rifətlərini yaymaq fürsəti yaranmışdı. Imam (ə) bu fürsətdən istifadə edərək dərs və tədqiqat məclisləri təşkil etməyə başladı və öz məktəbində öz səviyyələrində misilsiz olan tələbələr yetirdi. Həmin tələbələrdən bə᾽zisi bunlardan ibarətdir:
1. Imam Səccad (ə), imam Baqir (ə) və imam Sadiq əleyhissalamın məhzərində dərs oxuyan, zəmanəsinin görkəmli elmi şəxsiyyətlərindən sayılan, təfsir, fiqh, hədis və lüğət elmlərində dərin biliyə sahib olan Әban ibni Təğlib. Imam Baqir (ə) ona belə buyurmuşdu: «Ey Әban, Mədinə məscidində otur, xalqa fətva ver.
2. Imam Məhəmməd Baqir əleyhisslam və imam Sadiq əleyhissalamın məzhərində dərs oxuyan, hədis, fiqh və şiə mə᾽rifətlərindən dərin elmə malik olan Zürarə. Imam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: «Әgər Zürarə və dostları olmasaydılar Peyğəmbərin əsərləri məhv olmuşdu.»
3. Görkəmli şair, lüğət və ədəbiyyat elmlərində ustad olan Küməyt Әsədi. Küməyt həqiqətləri bəyan etmək və zülmkar hakimləri tənqid etməkdə misilsiz idi. O, gözəl şe᾽rləri ilə Әhli-beyti müdafiə edirdi, buna görə də bə᾽zən öldürülməklə təhdid olunurdu. Әhli-beytin əsərlərini və onların üstünlüklərini bəyan etmək Әməvilər zamanında olduqca təhlükəli bir iş idi. Lakin bu azad şair, Әhli-beyt üçün bütün təhlükələrə sinə gəlirdi.
Küməyt Imam Məhəmməd Baqir əleyhisslamı çox sevirdi. Bir gün imamın hüzurunda çox gözəl və rəvan şe᾽rlər oxuduqda həzrət (ə) Kə᾽bəyə tərəf dönüb belə buyurdu: «Ey Allah! Küməytə rəhmət qıl.»
4. «Әhli-beytin fəqihi» ləqəbini alan Məhəmməd ibni Müslim, Imam Məhəmməd Baqir əleyhisslam ilə imam Sadiq əleyhissalamın həqiqi dostlarından sayılırdı. Imam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: «Әhli-beyt elmləri onun vasitəsilə davam etmişdir».
IMAMIN ŞӘHADӘTI
Nəhayət Imam Məhəmməd Baqir əleyhisslam illərlə zəhmət və islam maarif və mədəniyyətinə xidmət etdikdən sonra hicri 114-cü ilin Zilhəccə ayının 4-də 59 yaşında ikən, Hişamın əmri ilə zəhərlənib şəhid oldu. O həzrətin pak bədənini Bəqi qəbristanlığında, başqa imamların yanında torpağa tapşırdılar.
IMAMDAN QISA HӘDISLӘR
1. Yalan danışmaq imanın zəifliyindəndir.
2. Mö᾽min qorxaq, tamahkar və paxıl olmaz.
3. Allah həyalı və dözümlü şəsxi sevər.
4. Faydalı alimin dəyəri yetmiş min savadsız abiddən daha çoxdur.
5. Allah, ağzını təmiz saxlamayan şəxsi sevməz.
6. Tənbəllikdən çəkin. Çünki hər bir pisliyin açarı tənbəllikdir ki, insanın din ilə dünyasını korlayar.
7. Allahın bəndələrinə zülm edən bizim şiələrimizdən deyil.
8. Bir-birinizə paxıllıq etməyin, xudbin olmayın, zülm etməyin, namaz qılın və yoxsulları sevin.
9. Hər kim xalqın çətinliklərini aradan qaldırmaq üçün cəhd göstərsə, Bədr və Ühüd müharibələrində şəhid olan bir müsəlman kimidir.
 
Category: Tarix | Baxış: 1509 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]