Bazar günü, 2024-12-22, 3:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Iyun » 15 » Allahın qoyduğu daş
2:24 PM
Allahın qoyduğu daş

Allahın qoyduğu daş
 
İlk İbadət Evi

Çox qədim zamanlardan Məkkə şəhərində yerləşən və müsəlmanların qibləsi sayılan Kəbə Evi çoxsaylı insanların müqəddəs ziyarətgahı olub. Bu müqəddəs ocaq Yer üzündə tikilmiş ilk ibadət evidir. "Ali-İmran" surəsinin 96-cı ayəsindən göründüyü kimi, Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir:
"Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır".
 
Kəbənin tikilməsi

Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar. Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır. Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.
Rəvayətə görə, Həzrət İbrahim Peyğəmbər (s.ə.s) xanımı Hacərin ölümündən sonra tez-tez Məkkə ətrafına səfər edib orada qalırdı. Növbəti səfərlərinin birində Allah ona Adəmin məbədinin yerində Kəbə Evini tikib bərpa etməyi buyurur. Bu yeri İbrahim Peyğəmbərə Mələk Cəbrail göstərmişdir və o, Kəbə Evinin tikilməsində İbrahim və onun oğlu İsmayıla kömək etmişdir. Bununla da ilk insan - Həzrət Adəmin ucaltdığı ibadət ocağı yenidən bərpa edilmişdir.
 
Kəbə olduğu kimi

 

"Kəbə" ərəb dilində "kub" deməkdir. Sahəsi: 10x12 metr, hündürlüyü isə 15 metrə yaxındır. Kəbənin qapısı təmiz qızıldandır və çəkisi 286 kiloqramdır. Kəbə qara ipəkdən olan parça ilə örtülüdür. Bu örtük ildə bir dəfə dəyişdirilir. Qapını örtən örtüyün üzərində Qurani-Kərimdən kəlamlar var.
 
Tarixdə Kəbə

Qədim zamanlardan müxtəlif tayfalar Kəbə Evini özləri üçün bütxanaya çevirmişlər. Məbədin içərisində yüzlərlə büt var idi. Onların arasında İbrahim Peyğəmbərin və İsa Peyğəmbəri (s.ə.s) əllərində saxlayan Məryəm Ananın şəkli də var idi.
Məkkənin fəthi zamanı Kəbədəki bütlər Peyğəmbər tərəfindən məhv edildi. Burada yalnız Kəbə Evinə yapışdırılmış Qara daşı saxladılar. Kəbə bütün müsəlmanların ibadətgahı elan edildi. Oranı ziyarət etmək isə İslamın başlıca şərtlərindən biri oldu.
Beləliklə, İslam sivilizasiyasının ərsəyə gəldiyi ilk vaxtlardan - 632-ci ildən başlayaraq Məkkəni və oradakı ən qədim ibadət ocağı olan Kəbə Evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmışdır. Bu ayin Həcc ziyarəti adı ilə məşhurdur. Allah"Ali-İmran" surəsinin 96-97-ci ayələrində buyurur:
"Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur".

Meteorit, yoxsa cənnət bağından endirilən daş?


Bir sıra alimlər belə hesab edirlər ki, Kəbədəki Qara daş möhkəm energetikaya malik meteoritdir. Bəzi alimlər isə belə fikir irəli sürür ki, bu daşda çatlar olduğu üçün o, dəmir deyil. Digər tərəfdən, suda batmadığına görə, daş meteorit ola bilməz. Analoci arqumentlər bu daşın meteorit olmamasını, məsələn, bazalt və ya əqiq olmasını da inkar edir.
Geoloqlar Qara daşın meteorit olduğunu iddia etsələr də, bəzi inanclı müsəlmanlar bu daşın səmadan, cənnət bağlarından endirildiyinə inanır. Onlar bu daşın Həzrət Adəmə Cənnətdən qovulduqdan sonra günahlarının təmizlənməsi üçün göndərildiyini düşünür.

Kəbə-qiblə

Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər hələ hicrətdə - Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytül-Müqəddəsə, Qüds şəhərinə tuturdular.
Buna dair Allah-Təala "Bəqərə" surəsinin 149-cu ayəsində belə buyurmuşdur:
"Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..".
 
Kəbə və Məkkə bütün qurunun mərkəzidir


Misir mütəxəssisi, Qahirə Universitetinin professoru doktor Hüseyn Kəmaləddin elmi olaraq sübut etmişdir ki, vulkanik fəaliyyət nəticəsində ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. Həmin vaxta qədər isə bütün planet su ilə örtülmüşdür. Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanmışdır. Uzun araşdırmalar nəticəsində 1977-ci ildə Kəbə və Məkkənin bütün quru ərazilərin mərkəzi olduğu rəsmi surətdə sübut edilmişdir. Məlum olmuşdur ki, Kəbənin dayandığı nöqtədə Yerin maqnit mərkəzi yerləşir. Maraqlıdır ki, Yerin maqnit qütbləri dəyişdiyi halda, Kəbədəki maqnit mərkəzi əvvəlki kimi qalır. Bu, dünyanın hər bir nöqtəsindən Kəbəyə olan istiqaməti (qibləni) ölçəndə müəyyən olunmuşdur. Alimlərin təəccübünə səbəb olan fakt bu olmuşdur ki, qiblə maqnit xətlərin (onlar bütün istiqamətlərdən Məkkəyə, Kəbəyə yönəlir) istiqaməti ilə üst-üstə düşür. Bundan başqa, Hüseyn Kəmaləddin müəyyən etmişdir ki, Yerin həqiqi maqnit meridianı hər kəsin düşündüyü kimi, İngiltərədən, Qrinviç şəhərindən deyil, Məkkədən keçir. Məlum olmuşdur ki, Qrinviç meridianı maqnit qütblərin dəyişməsi ilə yerini dəyişir, lakin Kəbədən keçən meridian öz yerində qalır. Belə ki, Yerin maqnit oxu məhz Kəbədən keçir.
Bir maraqlı faktı da nəzərinizə çatdırmaq istərdik. Elmi olaraq sübut edilmişdir ki, insan bədənində maqnit meridianlar mövcuddur. Bu meridianların Yerin maqnit xətləri ilə üst-üstə düşüb-düşməməsindən asılı olaraq, insan orqanizminə müsbət və ya mənfi təsir olunur. Bəlkə də bu, namaz qılarkən üzü qibləyə tərəf dayanmağın səbəblərindən biridir. Məlumdur ki, Peyğəmbərimiz mümkün qədər çox üzüqibləyə dayanmağa çalışardı; harada olur-olsun, nə etdiyindən asılı olmayaraq, məsələn, moizə və ya dua edərkən, dəstəmaz alarkən, hətta yatdığı zaman üzüqibləyə - Kəbə Evinə doğru yönələrdi.

Nə qədər ki dağlar dayanıb, o da var olcaq!..


Məhəmməd Peyğəmbərin (s.ə.s) 35 yaşı olanda, onun mənsub olduğu Qüreyş qəbiləsi Kəbə Evini yenidən qurmaq fikrinə düşür. Kəbənin dağılmasından və xəzinəsinin oğurlanmasından ehtiyat edərək qüreyşilər dam tikmək istəyirlər. Belə ki, bəzi insanlar Kəbənin xəzinəsini gəlib oğurlayırdı. Xəzinə, adətən, Kəbənin içindəki quyuda olurdu. Lakin məbədi dağıtmaq istədikdə onun yanında nəhəng bir ilan peyda oldu. İlan heç kimə Kəbə Evinə yaxın gəlməyə imkan vermirdi. Qüreyşilər ilandan qorxub onu yemləyirdilər. Lakin ilan yenə də məbədə yaxınlaşmağa mane olurdu. Onda qüreyşilər Allaha üz tutub yalvardılar: "Ey Allah! Əgər razısansa, Sənin Evini ucaltmaq və bəzəmək istəyirik. Əgər yox, onda nə məsləhət bilirsənsə, onu da et!". Birdən onlar nəhəng bir quşun qanad səsini eşitdilər. Quş ilanı götürüb özü ilə apardı. Beləliklə, qüreyşilər Kəbə Evini söküb yenidən bərpa etmək istədilər. Elə bu zaman dəniz Ciddə yaxınlığındakı sahilə Bizans tacirinə məxsus bir gəmi atdı. Qüreyşilər Kəbənin yenidən tikilməsində dağılmış gəminin taxta hissələrindən istifadə etməyi qərara aldılar. Lakin Əbu Vəhab bin Əmr adlı birisi Kəbə Evinə yaxınlaşıb onu sökmək üçün bu məbədin bir daşını çıxartmaq istədikdə, gözlənilmədən daş onun əlindən sıçrayıb əvvəlki yerinə qayıtdı. Əbu Vəhab dedi: "Ey qüreyşilər! Kəbənin tikintisində yalnız halal yolla əldə etdiyinizi istifadə edin! Bu Evin tikintisində haram yolla, sələm və hər hansı bir insanın haqqını əzməklə əldə olunanı istifadə etmək olmaz!". Qüreyşilər Kəbə Evini halallıqla yenidən qurmağa hazırlaşdılar. Rəvayətlərə görə, onlar Kəbənin sütununda Assuriya dilində yazılmış aşağıdakı məktubu tapmışlar: "Mən Allah, Məkkənin sahibiyəm. Mən onu yeri və göyü yaratdığım, günəş və ayı işıqlandırdığım gün yaratdım. Mən onu 7 pak mələklə əhatə etdim. Nə qədər ki dağlar dayanıb, o da var olacaq. Onun əhalisinə suyunda və südündə xeyir-bərəkət olsun".
Sonra qüreyşilər Kəbənin tikilməsi üçün daşlar yığdılar. Hər tayfa ayrılıqda daşları yığırdı. Növbə Allahın hələ Həzrət Adəmə göndərdiyi Qara daşı məbədə yerləşdirməyə çatdıqda, onların arasında mübahisə yarandı. Hər tayfa digər tayfanın iştirakı olmadan Qara daşı qaldırmaq istəyirdi. Bir gün onlar məbəddə yığışıb mübahisə etməyə başladılar. Qüreyşilərin ağsaqqalı Əbu Üməyyə belə dedi: "Qüreyşilər! Kim bu ibadətgahın qapısından birinci girsə, sizin mübahisənizə o aydınlıq gətirsin". Elə də etdilər. İlk daxil olan şəxs isə Həzrət Məhəmməd oldu. Peyğəmbərimiz belə dedi: "Mənə parça gətirin!". O, Qara daşı götürüb öz əlləri ilə həmin parçanın üzərinə qoydu. Sonra dedi: "Qoy hər tayfa parçanın bir tərəfindən yapışsın və sonra onu hamınız birlikdə qaldırın". Onlar elə də etdilər. Daşı yerinə gətirdikdən sonra, Məhəmməd Peyğəmbər onu öz əlləri ilə divara yerləşdirdi.


Category: Diger me'lumatlar | Baxış: 1690 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]