Bazar günü, 2024-12-22, 4:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Iyun » 2 » PEYĞӘMBӘRIN MÜHARIBӘLӘRI
1:08 PM
PEYĞӘMBӘRIN MÜHARIBӘLӘRI
 
 
 
PEYĞӘMBӘRIN MÜHARIBӘLӘRI

 
1. BӘDR MÜHARIBӘSI

Həzrət Peyğəmbər (s) strateji baxımdan yaxşı şəkildə təchiz olunduqdan sonra, əvvəlcə Mədinənin ətrafındakı qəbilələrlə, onların Mədinəyə həmlə etmələrinin qarşısını almaq məqsədi ilə, bir sülh müqaviləsi bağladı.

Sonra belə qərara gəldi ki, Şama gedən və o məntəqədən keçən Qüreyşin böyük bir karvanına basqın etsin. Bununla o, həm küfr ilə şirk başçılarının qürurunu sındıracaq, həm də mühacirlərin Məkkədəki var-dövlətlərini talan edərək evlərini yıxanlara cavab verəcəkdi.

Bu müharibə Bədr quyularının yanında baş verdiyinə görə Bədr müharibəsi adlandı. Peyğəmbərimiz (s) bu müharibədə səhabənin böyükləri ilə məsləhətləşdiyi və düşmənin vəziyyətindən kifayət qədər xəbərdar olduğu üçün tezliklə hücuma başlamaq əmrini verdi. Әshabın imanı sayəsində müsəlmanlar qələbə çaldı, müşriklər isə məğlub oldular.

2. ÜHÜD MÜHARIBӘSI

Müsəlmanların Bədr müharibəsində qələbə çalması və müşriklərin öldürülməsi, onların başçılarını çox əsəbiləşdirmişdi. Belə ki, Әbu Süfyan heç kimə ölənlərə yas tutmağa icazə verməmişdi.

Digər tərəfdən isə, yəhudilər müsəlmanların qələbəsindən çox nigaran idilər. Buna görə də yəhudilərdən Kə᾽b ibni Әşrəf adlı birisi sür᾽ətlə Məkkəyə gəlib camaatı üsyana çağıran şe᾽rlər oxuyaraq, müşriklərin ölülərinə ağlaya-ağlaya Qüreyşi onların intiqamını almağa təhrik edirdi.

Axırda müşriklər Darün-nüdvədə yığıncaq keçirərək bir çox müzakirələrdən sonra, gələn müharibənin büdcəsi olan əlli min dinar qızılı təsdiq və tə᾽min etdilər. Sonra da müharibə üçün könüllü döyüşçü yığmağa və Məkkə ətrafındakı qəbilələrdən kömək almağa başladılar.

HӘRӘKӘTIN RITMI

Üç min nəfərdən ibarət olan müşrik ordusu Məkkəyə yola düşmüşdü.

O günə kimi müsəlman olduğunu gizlədən Abbas ibni Әbdülmüttəlib peyğəmbərimizin köməyinə gəlmişdi. Mədinəyə tərəf sür᾽ətlə hərəkət edən bir nəfərə verdiyi məktubda əhvalatı həzrət Peyğəmbərə (s) bildirmişdi.

Әbu Süfyanın komandanlığı altında hərbi təchizatla hərəkət edən müşriklər ordusu Ühüd dağları yaxınlığında çadır qurdu. Onların piyada əsgərlərinin sərkərdəsi Xalid ibni Vəlid idi. Peyğəmbər (s) əhvalatdan xəbər tutan kimi əshabı ilə məsləhətləşib əksəriyyətin təsdiqi ilə qüvvələrini Mədinədən xaricə çıxarmağı qərara aldı.

Həzrət Peyğəmbər (s) 1000 nəfər könüllü əsgərdən ibarət islam ordusu ilə Hicri 3-cü ilin Şəvval ayının yeddisində, sübh namazından sonra, Ühüdə sarı yola düşdü. Islam ordusu düşmənin düşərgəsi yaxınlığında çadır qurdu.

Peyğəmbər (s) Abdulla ibni Cubeyri əlli ox atan ilə birlikdə Ühüd keçidinə göndərdi ki, strateji əhəmiyyətə malik olan həmin keçidi qorusunlar. Onlara nə olursa olsun, (qələbə yaxud məğlubiyyət) oranı tərk etməyə haqları olmadığını söylədi.

Nəhayət tövhid və şirk orduları qarşı-qarşıya gəldilər və ilk toqquşma Qüreyş əsgərlərindən olan Әbu Әmir tərəfindən başlandı.

Әvvəlcə qüdrətli Islam ordusu tam cəsarət və imanla döyüşüb küfr ordusunu dağıtdı, ancaq birdən-birə müharibənin şəkli dəyişdi.

Peyğəmbərimizin (s) bu keçidi qorumaq üçün göndərdiyi əsgərlər müharibənin qurtardığını güman etdiklərinə görə qənimət yığmaq üçün oranı buraxmış və strateji əhəmiyyətə malik olan bu keçid müdafiəsiz qalmışdı.

Düşmənin piyada hissələrinin sərkərdəsi Xalid ibni Vəlid də bu fürsətdən istifadə edərək qüvvələri ilə birlikdə dağın arxa tərəfindən keçmiş və keçidə girəndə qənimətləri yığmaqla məşğul olan müsəlmanlara həmlə edərək onların çoxlarını öldürmüşdülər.

Müsəlmanlar yetmiş şəhid verərək müharibə meydanından geri çəkilməyə məcbur oldular. Müharibədə müşriklər qələbə çaldılar. Ancaq Allahın peyğəmbəri həzrət Әli (ə)-ın fədakarlıqları nəticəsində əsgərləri təzədən toplayıb düşməni tə᾽qib edərək onlardan bir qismini öldürməklə, müşriklərin yenidən Mədinəyə basqın etməsinin qarşısını aldı.

3. XӘNDӘK (ӘHZAB) MÜHARIBӘSI

Mədinə yəhudiləri, xəyanətləri və düşmənlə əməkdaşlıq etdiklərinə görə bu şəhərdən sürgün olunmalarına baxmayaraq yenə də xəyanətdən əl çəkməmişdilər.

Onların başçıları Məkkəyə gedib Qüreyşi müsəlmanlarla müharibə etməyə təşviq etmiş və beləliklə də onlara kömək edəcəklərinə və᾽də vermişdilər.

Nəhayət, yəhudilərin təhriki nəticəsində ayrı-ayrı qruplardan ibarət islam düşmənlərindən bir cəbhə yarandı. Buna görə də bu müharibəyə Әhzab (qruplar, partiyalar) müharibəsi deyilir.

Müşriklərdən, müstəkbirlərdən, yəhudilərdən, münafiqlərdən və Mədinədən qaçanlardan ibarət bu qüvvələrin hamısı Islam əleyhinə bir birlik yaratmışdılar.

Onlar tezliklə islamı aradan apara biləcəklərini güman edirdilər.

On min nəfərdən ibarət olan müşriklər ordusu Hicri 4-cü ilin Şəvval ayında Әbu Süfyanın komandanlığı altında Mədinəyə tərəf yürüşə başladı.

Xuzaə qəbiləsindən bir neçə atlı sür᾽ətlə özlərini Mədinəyə çatdırıb vəziyyəti Peyğəmbərə (s) bildirdikdə Allah Peyğəmbəri (s) müharibəyə hazırlıq əmrini verərək hərbi sərkərdələrin fikrini öyrənmiş, uzun sürən müzakirədən sonra Salmanın fikri qəbul edilmişdi. Mədinənin ətrafında xəndək qazılmış, müsəlmanlar isə xəndəyin arxasında keşik çəkirdilər.

Üç min fədakar müsəlman gecə-gündüz çalışaraq 12000 metr uzunluğu, 5 metr dərinliyi və təqribən 6 metr eni olan xəndəklər qazdılar. Xəndək boyunca keçid üçün yol-körpü salıb, oralara növbətçi qoymuşdular. Xəndəyin arxasında müxtəlif səngərlər düzəldərək şəhəri müdafiə etmək üçün orada ox atanları yerləşdirmişdilər.

Şirk ordusu Mədinəyə çatanda qarşılarında keçilməsi mümkün olmayan bir xəndəyin olduğunu gördülər. Buna görə də xəndəyin arxasında çadır qurmağa məcbur oldular.

Әbu Süfyan ordunun əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün Bəni Nəzir yəhudilərinin başçısı Xəyy ibni Әxtəbi çağırtdırıb əmr etdi ki, Bəni Qürəyzə yəhudilərinin başçısı Kə᾽əb ibni Әsəd ilə görüşərək onlara itaət edənlərlə birlikdə Mədinədə üsyan qaldırsınlar. Bu cür olarsa müşriklərin həmləsi üçün də yol açılacaqdı. Həyy ibni Әxtəb Әbu Süfyanın əmrini yerinə yetirdi. Lakin Peyğəmbər (s) öz uzaqgörənliyi ilə işin bu cür baş verəcəyini anlamışdı və beş yüz döyüşçünü şəhərin içindən gözlənilən hər hansı bir təhlükəyə qarşı hazır vəziyyətdə saxlayırdı. Beləliklə də, düşmənin bu hiyləsi də boşa çıxdı.

Bu vəziyyəti görən müşriklərin əsgərləri gecə-gündüz xəndəyin arxasında gözləmək məcburiyyətində qaldılar.

Bir gün müşrik döyüşçülərdən beş nəfər Әmr ibni Әbdüvədin başçılığı ilə xəndəyin eni az olan bir yerindən keçməyə müvəffəq oldular.

Әmr bağıraraq deyirdi: Ey öldürüldükdən sonra cənnətə gedəcəklərini iddia edənlər, haradasınız? Gəlin, sizi oraya göndərək. Həzrət Әli (ə)-dan başqa heç kəs Әmrin cavabını verməyə cür᾽ət etmədi.

Әli (ə) ildırım kimi üstünə şığıyaraq bir zərbə ilə onu yerə çırparaq ucadan Allahu Әkbər dedi.

Әmrin yanında olanlardan biri qaçanda xəndəyin içinə düşdü, amma Әli (ə) ona da aman verməyib öldürdü. On nəfəri isə qaçıb gedə bildi.

Әli (ə)-ın qüdrəti və sür᾽əti islam əsgərləri üçün meydana böyük bir zəfər gətirmişdi. Belə ki, Peyğəmbər (s) buyurdu: «Әlinin bu fədakarlığı və müvəffəqiyyətinin dəyəri insanların və cinlərin 70 illik ibadətindən daha çox və daha üstündür.»

Sabahsı gün Xalid ibni Vəlid məğlubiyyətin əvəzini çıxmaq üçün atlı dəstələrlə birlikdə xəndəyi keçmək istəyirdi. Ancaq islam əsgərləri onların da qarşısını aldılar. Bu vəziyyət düşmənin əhval-ruhiyyəsini tamam pozmuşdu. Peyğəmbər (s) müvəffəq olmuşdu ki, Nəim ibni Məs᾽udun vasitəsilə müşriklərlə Bəni Qüreyzə yəhudiləri arasında iki tirəlik yaratsın. Məhz ondan sonra bu iki qəbilə arasındakı müqavilə pozulmuşdu.

Bundan əlavə, Xüzeyfə adlı bir nəfəri də gecə çağı düşmən əsgərlərini ruhi cəhətdən zəiflətməkdən ötrü mə᾽mur etmişdi. O, müşriklərə havanın soyuqluğu və təhlükəli tufandan danışmış, axırda əsgərlərlə sərkərdələr arasında görüş ayrılığı meydana gəlmişdi.

Nəhayət Әbu Süfyan qüvvələrini toplayıb Məkkəyə qayıtmaq məcburiyyətində qaldı. Bunun üçün isə gecənin qaranlığından istifadə etdi.

Sübh tezdən, müsəlmanlar namaz qılmaq üçün qalxdıqları zaman düşmənlərdən bir izin belə qalmadığını gördülər.

Peyğəmbər (s) düşmənin qaçdığını öyrəndikdən sonra əshabına hərbi mövqelərini buraxıb şəhərə qayıtmalarını əmr etdi.

BӘNI QÜREYZӘNIN AQIBӘTI

Xəndək müharibəsindən sonra Peyğəmbər (s) Bəni Qüreyzə qalasına tərəf hərəkət etdi. Iyirmi beş gün davam edən mühasirədən sonra onları təslim olmağa məcbur edib həzrət Әli (ə)-ın köməyi sayəsində tərk-silah etdirdi.

Bəni Qüreyzə məğlub olduqdan sonra Peyğəmbərdən (s) Mədinədən getmək üçün icazə istədilər. Lakin, Peyğəmbər (s) onların bu istəyini qəbul etmədi, çünki, onların fürsət tapdıqda yeni bir müharibə planı hazırlayacaqlarını qabaqcadan çox gözəl bilirdi. Eyni şəkildə Bəni Qəynüqə yəhuidiləri də fürsət tapandan sonra Ühüd müharibəsi və Bəni Nəzir yəhudiləri də Xəndək müharibəsinə girişmişdilər.

Nəhayət onlar müharibə əsnasında düşmənlə əməkdaşlıq və xəyanət etdiklərinə görə Sə᾽d ibni Übadənin hökmünə təslim oldular. Həmin hökmə əsasən kişilər öldürülməli var-dövlətləri isə müsadirə olunmalı idi.

HÜDEYBIYYӘ SÜLHÜ

Müsəlmanların daxili müharibələrdə sisiləvari qələbə çalması, düşmənlərin, xüsusilə Bəni Müstələq qəbiləsinin məğlubiyyətə uğraması və həzrət Peyğəmbərə (s) iman gətirmələri Qüreyşi bərk qorxutmuşdu. həzrət Peyğəmbər (s) hicri 7-ci ilin Zil-qə᾽də ayında müsəlmanlardan ibarət 1400 yüz nəfərlə Kə᾽bəni ziyarət etmək məqsədi ilə Mədinədən Məkkəyə yola düşdü. Zülhüləyfə adlı bir yerdə ehram bağlamışdı. Bu müsafirət, mə᾽nəvi və ibadi nöqteyi-nəzərindən əlavə əhəmiyyətli, siyasi dəyərə də malik idi. Bu vəziyyət müsəlmanların ərəbistan yarmadasında mövqelərinin yaxşılaşması demək idi.

Qüreyşlər Peyğəmbərin (s) hərəktindən xəbərdar olduqları vaxt Məkkəyə girməklərinə əngəl olacaqlarına dair bütlərə and içərək Xalid ibni Vəlidi iki yüz atlı ilə birlikdə onların qabağını almaq üçün müsəlmanların üstünə göndərdilər.

Peyğəmbər (s) toqquşma baş verməsin deyə, kəsə yoldan gedərək Hüdeybiyyə ərazisinə çatdı. Peyğəmbər (s) əvvəlcə bir neçə elçi göndərdi ki, Qüreyşə onlarla müharibə etmək fikrində olmadıqlarını və müsəlmanların məqsədinin ancaq həcc mərasimini yerinə yetirmək olduğunu bildirsinlər. Lakin onlar Peyğəmbərin (s) göndərdiyi qasidlər ilə yaxşı rəftar etmədilər. Onların rəftar və hərəkətlərindən fikirlərinin yalnız müharibə etmək olması aydınlaşdı.

Həzrət Peyğəmbər (s) bir ağacın altında əshabından yenidən bey᾽ət aldı. Onların hamısı Peyğəmbərə (s) söz verdilər ki, son nəfəslərinə kimi öz hədəflərinə bağlı qalacaqlar. Qüreyşlər əhvalatı öyrənəndən sonra qorxub Süheyl adlı bir nəfəri Peyğəmbərlə (s) sülh müqaviləsi imzalamaqdan ötrü həzrət Məhəmmədin (s) yanına göndərdilər.

Onların istədiyi müsəlmanların bu il Məkkəyə daxil olmaqdan vaz keçərək geri qayıtmaları, gələn il isə silahsız gəlmələrindən ibarət idi. Qüreyş isə müsəlmanların dini mərasimlərində sərbəst buraxıb onların mal və canlarını qoruyacaqdır.

Müsəlmanlardan bə᾽ziləri isə Məkkənin fəthinə zəmin yaradan bir müqavilənin parlaq gələcəyini hələ anlaya bilməmişdilər. Lakin bütün bunlara baxmayaraq Qüreyş beş maddədən ibarət sülh müqaviləsi imzaladı. Dediyimiz kimi müsəlmanlardan bə᾽zisi narahat olub Peyğəmbərə (s) e᾽tiraz etdilər. Müqavilənin maddələrindən biri də bu idi: «Әgər Məkkə müsəlmanlarından biri, Mədinəyə pənah gətirərsə, Qüreyşə geri qaytarılacaq» onlar belə güman edirlər ki, bu iş müsəlmanlar üçün zillət və alçaqlıq gətirəcəkdir.

Peyğəmbər (s) bu barədə çıxış edərək onların cavabını vermişdi.

Imam Sadiq (ə) bu sülh müqaviləsinin dəyəri haqda belə buyururdu: «Həzrət Peyğəmbərin (s) həyatında heç bir hadisə Hüdeybiyyə müqaviləsindən xeyirli olmayıb.»

4. XEYBӘR MÜHARIBӘSI

Hicri 7-ci ilin Rəbül-əvvəl ayında həzrət Peyğəmbər (s) 1600 islam əsgəri ilə birlikdə Mədinədən Xeybərə doğru hərəkət edərək düşməni qəfildən məğlub etmək üçün sür᾽ətlə Qətfan torpaqları ilə Xeybər arasında olan Rasi adlı bir yerə istiqamət aldı. Bu müharibə taktikası ilə aralarında hərbi ittifaq olan Qətfan ərəbləri ilə Xeybər yəuhidərini bir-birindən ayıraraq onların yardım yollarını kəsdilər.

Xeybər qalası hələ gecə ikən müsəlmanlar tərəfindən mühasirəyə alındı. Islam döyüşçüləri xurmalıqlar arasında münasib bir yer seçərək, Xeybər və düşmən əsgərlərinin vəziyyətini öyrənib vuruşmağa başladılar. Cəsarətlə canlarından keçərək qalalaları bir-bir ələ keçirdilər. Sadəcə yəhudilərin müdafiə etdikləri iki əhəmiyyətli qala qalmışdı ki, onlar yuxarıdan müsəlmanları ox yağışına tutdular.

Peyğəmbərin (s) əmri ilə islam ordusu üç gün ardı-arası kəsilmədən Әbu Bəkr, Ömər və Sə᾽d ibni Übadənin başçılığı altında ayrı-ayrı qalalara basqın etsələr də, məğlubiyyətə uğradılar. Bunu görən həzrət Peyğəmbər (s) buyurdu: «Sabah bayrağı elə bir adama verəcəyəm ki, bu qalanı fəth edəcək.»

Hamı o şəxsin kim olduğunu öyrənmək üçün səhəri gözləyirdi. Həmin şəxs həzrət Әli (ə)-dan başqa kim ola bilərdi?

Və᾽d olunan gün gəlib çatdıqda həzrət Peyğəmbər (s) zəfər bayrağını Әli (ə)-a verərək qalanı fəth etmək vəzifəsini onun öhdəsinə qoydu. Bununla həzrət Peyğəmbər (s) həzrət Әlinin o biri sərkərdələrindən daha üstün və dəyərli olduğunu göstərmək istəyirdi.

Әli (ə)-ın əsgərləri qalaya yaxınlaşdıqları vaxt Haris və Məhrab adlı iki döyüşçü qardaş əllərindəki toxmaqları ilə onlara həmlə edirdilər. Nəticədə müsəlmanlar onların həmləsinə tab gətirməyib qaçdılar. Amma həzrət Әli (ə) öz böyük və sarsılmaz müqaviməti ilə onların hər ikisini öldürdü. Yəhudilər qorxularından qalaların qapılarını bağladılar. Qaçanlar bu səhnəni görəndə müharibə meydanına qayıtdılar. Həzrət Әli (ə) ilə birgə döyüşə atıldılar.

Həzrət Әli (ə) qəzəbli şir kimi qalaya tərəf gələrək onun qapısını yerindən çıxararaq onu özü üçün qalxan etdi. Daha sonra qapını qalanını ətrafındakı xəndəyin üstünə atıb əsgərlərin keçməsi üçün körpü düzəltdi. Bu qapı o qədər ağır idi ki, müsəlmanlardan yeddi nəfər belə onu yerindən tərpədə bilmirdi.

Həzrət Әli (ə) özünün bu heyrətləndirici gücü barədə buyurdu: «Mən onu öz adi gücümlə qaldıra bilməzdim. Allahın köməyi və imanım sayəsində bu işi görə bildim.»

Nəhayət islam qüvvələri bütün qalaları ələ keçirərək yəhudiləri ağır məğlubiyyətə uğratdılar. Yəhudilər Peyğəmbərə (s) bildirdilər ki, öz yerlərində qalıb əkinçiliklə məşğul olmaq və qazanclarının yarısını müsəlmanlara vermək istəyirlər. Peyğəmbər (s) bu istəyi qəbul edib onları sərbəst buraxdı.

FӘDӘK QӘSӘBӘSI

Xeybər qalasının müsəlmanlar tərəfindən işğal olunması xəbəri Fədək qəsəbəsində yaşayanlara çatan kimi, onlar da qorxularından tez Peyğəmbərin (s) hüzuruna nümayəndə göndərərək sülh müqaviləsi imzaladılar və Fədəyin yarısını Peyğəmbərə verdilər. Həzrət Peyğəmbər (s) həmin qəsəbəni qızı Fatiməyə bağışladı ki, ona və məhrumlara yardım olsun.

Həzrət Peyğəmbər (s) Xeybər müharibəsindən sonra yəhudilərin başqa bir mərkəzi olan Vadil Qürrə məntəqəsinə tərəf hərəkət edib oranı da mühasirə vasitəsi ilə ələ keçirdi. Daha sonra onlara da Xeybər yəhudiləri kimi, öz torpaqlarında qalaraq qazanclarının yarısını müsəlmanlara vermələrini icazə verdi.

Həzrət Peyğəmbər (s) bu müqavilələrlə islam ordusunun düşmən qarşısındakı həmlə və müdafiə gücünü artırmaq üçün öz iqtisadi vəziyyətini düzəltmiş oldu.

5. MUTӘ MÜHARIBӘSI

Peyğəmbər (s) Vusra padşahını islama də᾽vət etmək üçün onun yanına elçi göndərdi. Elçi Mutə torpaqlarına çatdıqda o diyarın hakimi həmin elçini şəhid etdi. Həmin hadisədən sonra Peyğəmbər (s) on altı təbliğatçını oraya göndərdi.

Ancaq onların hamısı öldürüldü, onlardan yalnız bir nəfər sağ qaldı.

Sağ qalan mübəlliğ gecə vaxtı qaçaraq Mədinəyə gəldi. Bu iki hadisə Peyğəmbərə (s) çox ağır tə᾽sir etdi və səbəb oldu ki, hicri səkkizinci ilin Cəmadül-əvvəl ayında Mutəyə ordu göndərsin. Müharibə e᾽lan olunduqdan sonra on min nəfər könüllü əsgər müharibəyə hazırlaşdı. Peyğəmbər (s) onlar üçün bir nitq söylədi. Daha sonra sərkərdələri aşağıdakı şəkildə tə᾽yin etdi: Cə᾽fər ibni Әbu Talib birinci sərkərdə, Zeyd ibni Harisə ikinci sərkərdə, Abdullah ibni Rəvahə üçüncü sərkərdə. Әgər onlardan hansı biri şəhid olsaydı ardıcıl olaraq o birisi onun yerinə keçəcəkdi. Әgər üçü də şəhid olsaydı, əsgərlər öz aralarından bir nəfəri seçib sərkərdə tə᾽yin edəcəkdilər.

Islam əsgərləri Mutə torpaqlarına tərəf hərəkət edib Muan şəhərinə çatdıqda oradakı müsəlmanlar xəbər verdilər ki, Rum qeysəri Herakl yüz min nəfərdən ibarət Rum ordusu ilə yüz min nəfər ərəb ordusunu bir yerə toplayıb.

BӘRABӘR OLMAYAN MÜHARIBӘ

Iki yüz min nəfərdən ibarət düşmən ordusu on min nəfərdən ibarət islam ordusuna həmlə etdi. Cə᾽fər şəhid olana qədər şücaətlə döyüşdü. Ikinci və üçüncü sərkərdə də eyni şəkildə döyüşərək şəhid oldular.

Daha sonra əsgərlər Xalid ibni Vəlidi özlərinə sərkərdə seçdilər. Xalid təcrübəli və ağıllı adam idi. O, belə fikirləşdi ki, əgər müharibə bu şəkildə davam etsə onların hamısı öləcək. Demək, başqa bir müharibə taktikası ilə düşmənin hərəkət və həmləsinin qarşısını almaq lazım idi.

O, əsgərlərə gecə yarısı geri çəkilmələrini, səhər isə hay-küylə müharibə meydanına yenidən girmələrini əmr etdi. Bu zaman düşmən belə güman edəcəkdi ki, Mədinədən təzə köməkçi qüvvələr yetişibdi.

Xalid bu taktika ilə düşməni qorxudub müharibəni dayandırmağa müvəffəq oldu.

Әshabın şəhid olması xəbəri Peyğəmbərə (s) çatanda o həzrət (s) çox narahat olub onların ölümünə ağladı, Xalidi isə müvəffəqiyyətinə görə təbrik etdi.

6. MӘKKӘNIN FӘTHI

Müsəlmanların Mutə müharibəsində geri çəkilməyə məcbur olmaları, Qüreyş müşriklərini cəsarətləndirmişdi. Onlar müsəlmanların zəiflədiyini güman edirdilər. Ona görə də Hüdeybiyyə müqaviləsinə baxmayaraq onlarla müqaviləsi olan müşriklər Bənu Bəkir qəbiləsinin köməyinə gəlib müsəlman Xüzaə qəbiləsinə həmlə edərək onların bir çoxunu öldürdülər.

Bu hadisənin cavabsız qalmayacağını düşünən Әbu Süfyan, Peyğəmbərlə (s) müqavilənin müddətini çoxaltmaq və bu hadisəyə görə üzr istəmək üçün tez Mədinəyə gəldi.

Amma Peyğəmbər (s) onunla soyuq davranıb müsbət cavab vermədi. Әbu Süfyan əli boş Məkkəyə qayıtdı. Həzrət Peyğəmbər (s) müharibə e᾽lan edən kimi on min döyüşçü hazır olduqlarını bildirdilər.

Düşmənə qəfildən həmlə etmək və bu barədə müşriklərə heç bir xəbərin çatmaması üçün Mədinənin ətrafına növbətçi qoyulmuşdur.

Amma Hatib adlı xəyanətkar bir şəxs, Məkkədə qohumları olduğu və Qüreyşdən qorxduğu üçün, bir qadının vasitəsilə Qüreyşə məktub yazdı. Ancaq bundan xəbər tutan müsəlmanlar məktubu həmin qadından alıb, Hatibi cəzalandırdılar. Peyğəmbər (s) əmr etdi ki, heç kim onunla danışmasın. Bu cəza onun üçün ölümdən də ağır idi.

Həzrət Peyğəmbər (s) hicri səkkizinci ilin Ramazan ayının onunda hərəkət əmrini buyurdu. Islam əsgərləri sür᾽ətlə irəliləyib bir həftə ərzində Məkkəyə çataraq şəhər yaxınlığında çadır qurdular. Peyğəmbər (s) öz müharibə taktikası əsasında əmr etdi ki, əsgərlər gecə vaxtı çöldə od yandırsınlar. Beləliklə düşmən Məkkədən böyük bir ordu gəlməsini və onların müharibəyə hazır olmasını zənn edəcəkdi. Tonqallardan qalxan alovlar, müsəlmanların hay-küyü, dəvə və atların kişnəməsi bütün çölü bürümüşdü. Әbu Süfyan və Qüreyş böyüklərindən bir qismi vəziyyəti daha yaxından öyrənmək üçün gəldikləri vaxt çox qorxdular. Әbu Süfyan yanında olanlara heyrətlə belə demişdi: Indiyə qədər belə böyük bir ordu görməmişəm.

Әbu Süfyan Abbasla görüşüb danışmağa başladı. Abbas Әbu Süfyana aman verib onu Peyğəmbərin (s) hüzuruna gətirdi və dedi: Әbu Süfyan qüdrət sevir və onun bu zə᾽if cəhətindən müsəlmanlar yaxşı istifadə edə bilərlər.

Həzrət Peyğəmbər (s) müsəlmanların xeyrini nəzərdə tutub buyurdu: «Hər kim Әbu Süfyanın evinə girsə amandadır. Әbu Süfyan bu haqda Məkkə əhalisinə söz verə bilər.» Әbu Süfyan bu imtiyazı alıb Məkkəyə qayıtdıqda, islam əsgərlərinin əzəmətini camaat üçün danışaraq onları qorxutdu.

Beləliklə psixoloji baxımdan onları islam əsgərlərinə qarşı döyüşməkdən çəkindirdi. Nəhayət, Məkkə qan tökülmədən müsəlmanların əlinə keçdi.

ÜMUMI ӘFV

Müsəlmanların bir hissəsi, xüsusilə də mühacirlər, intiqam almaq istəyirdilər. Lakin həzrət Peyğəmbər (s) ümumi əfv e᾽lan edib buyurdu: «Bu gün rəhmət günüdür, intiqam almaq günü deyildir. Heç kimin camaatla, bir neçə nəfəri çıxmaq şərti ilə, pis rəftar etməyə haqqı yoxdur. O neçə nəfəri isə hər yerdə tapsanız öldürün. Çünki onların cəzasını əfv etmək mümkün deyil.»

Daha sonra Peyğəmbər (s) onların adını sadaladı. Həzrət Peyğəmbər (s) bir az istirahət etdikdən sonra Allahın hərəminə gedib Kə᾽bəni o murdar bütlərdən təmizlədi. Daha sonra Bilal azan verərək hamı birlikdə namaz qıldılar.

7. HÜNEYN MÜHARIBӘSI

Müşriklərin mərkəzi olan Məkkənin müsəlmanların əlinə keçməsi Məkkə ətrafındakı qəbilələr arasında böyük qorxu yaratmışdı. Həmin qəbilələr müsəlmanların əleyhinə hərbi ittifaq təşkil etmək üçün bir yerə yığılmışdılar.

Onlar müştərək bir qərara gələrək Həvazin qəbiləsinin başçısı Malik ibni Aufi özlərinə sərkərdə seçdilər.

Bu hərbi ittifaqın təşkil olunması xəbəri həzrət Peyğəmbərə (s) çatan kimi bir nəfəri qəbilələrin arasına göndərdi ki, əhvalatı yaxından öyrənsin. Peyğəmbərin (s) göndərdiyi adam öz öhdəliyini yerinə yetirdikdən sonra Məkkəyə qayıdıb vəziyyət barədə o həzrətə (s) mə᾽lumat verdi.

HÜNEYNӘ DOĞRU HӘRӘKӘT

Həzrət Peyğəmbər (s) düşmənin vəziyyətini tam şəkildə öyrəndikdən sonra on iki min silahlı əsgərlə hicri 8-ci ilin Şəvval ayının beşində Hüneyn vadisinə tərəf hərəkət etdi. Düşmən əsgərlərinin sərkərdəsi Malik üç nəfəri kəşfiyyat üçün islam əsgərlərinin arasına göndərdi.

Onlar islam əsgərlərinin qüdrətini görəndən sonra qayıdıb əhvalatı öz sərkərdələrinə danışdılar.

Malik başa düşdü ki, müsəlmanlarla bacara bilməyəcək. Ona görə də əsgərlərinə əmr etdi ki, Hüneyn boğazının təpəsinə çıxıb, qayalıqlarının arasında gizlənsinlər və orada özləri üçün səngər düzəltsinlər. O istəyirdi ki, islam əsgərləri boğazdan keçəndə onlara qəfildən yürüş etsin.

HÜNEYN BAĞAZINDA

Hicri 8-ci ilin Şəvval ayının onunda çərşənbə axşamı islam əsgərləri Hüneyn vadisinə çatdılar.

Peyğəmbərin (s) əmri ilə gecəni istirahət etdilər. Səhər çağı Xalid, əsgərlərin sərkərdəsi olaraq, vadiyə girmişdi.

Hər baxımdan hazırlanmış olan düşmən birdən-birə hər tərəfdən islam əsgərlərinə həmlə etmişdi.

Gecənin qaranlığı, atların hürkməsi və təzə müsəlman olan iki min əsgərin islam ordusunda olması düşmən üçün əlverişli şərait yaratmışdı. Bunun nəticəsində Xalid geri çəkilmək məcburiyyətində qalmışdı. Daha sonra əsgərlər qaçmağa başladılar. Həzrət Peyğəmbərin (s) ətrafında olan mühafiz dəstəsindən yalnız on nəfər qalmışdı. Peyğəmbər (s) uca səsi olan bir nəfərə əmr etdi ki, qaçanları köməyə çağırsın və onlardan geri qayıtmalarını tələb etsin.

Abbasın uca səsi qaçanları geri qaytardı. Müharibənin əvvəlində qələbə çalan düşmən qoşunu yavaş-yavaş öz gücünü itirməyə başlamışdı. Nəhayət düşmənin müdafiə xətti qırıldığından düşmən əsgərləri bir çox qənimət geridə qoyaraq qaçmağa başladılar. Həzrət Peyğəmbər (s) bir hərbi hissəsini onların dalınca göndərdi ki, düşməni darmadağın etsinlər, belə ki, bir daha yığışıb təşkilat yarada bilməsinlər.

Düşməni qovan hissə öz vəzifəsini yerinə yetirib qayıtdıqdan sonra Peyğəmbər (s) qənimətləri əsgərlərin arasında böldü.

8. TӘBUK MÜHARIBӘSI

Hicri 9-cu ilin Rəcəb ayında Peyğəmbərə (s) xəbər verildi ki, müsəlmanların şimal-şərq (Әrəbistan) sərhədi Rum imperiyası  tərəfindən təhdid olunur və onlar islam torpaqlarına həmlə etmək arzusundadırlar.

Həzrət Peyğəmbər (s) güclü bir ordu topladıqdan sonra, əvvəllər öz hədəfini gizlətdiyi halda, bu dəfə əksinə hədəfini hamıya e᾽lan etdi və onlardan əllərindən gələn köməyi islam ordusundan əsirgəməmələrini istədi. Xalq böyük həvəs və istəklə əsgərlərə lazım olan hər şey tə᾽min edib müharibə xəzinəsini doldurdular.

MÜNAFIQLӘRIN RӘFTARI

Münafiqlər könüllü islam əsgərlərinin səfərbər olduqları andan e᾽tibarən psixoloji müharibəyə başlayıb müxtəlif şayiələrlə xalqı Rum əsgərlərindən qorxudurdular.

Münafiqlər zəhərli təbliğatlarını apara bilmək və xalqı cihadda iştirak etməkdən çəkindirmək üçün Zirar adlı bir məscid də tikdilər. Lakin Peyğəmbərin (s) qəti mövqeyi onların bütün hiylələrini puça çıxardı.

Həzrət Peyğəmbərin (s) əmirlə münafiqlərin yığıncaq mərkəzi olan Süveyləmin evi yerlə yeksan olundu və bununla da onların bütün planları nəticəsiz qaldı.

TӘBUKӘ DOĞRU

Otuz min döyüşçüdən ibarət misilsiz islam ordusu hazırlandıqdan sonra Mədinə çölündə çadırlar quruldu.

Həzrət Peyğəmbər (s) komandanlığı öz öhdəsinə aldı və ordunu təftiş etdikdən sonra əsgərlər üçün bir nitq söylədi.

Daha sonra Әli (ə)-ı Mədinədə öz canişini tə᾽yin edib Təbukə doğru yola düşdü. Islam ordusu çölün qızmar istisində 600 kilometr yol gedib Təbukə çatdıqda orada Rum ordusundan heç bir əsər-əlamətin olmadığını gördülər. Onlar qəlbi şəhidlik eşqi ilə vuran güclü islam ordusunun hərəkət etməsindən xəbərdar olan kimi şimala tərəf geri çəkilmişlər.

Islam ordusu iyirmi gün gözlədikdən sonra heç bir toqquşma baş vermədən, Peyğəmbərin (s) əmri ilə Mədinəyə qayıtdı.

MÜNAFIQLӘRIN HIYLӘSI

Təbukdan qayıdanda xalqdan qorxduqları üçün orduya qoşulan münafiqlərdən bir qrupu Təbukun dar keçidlərində gizlənərək gecənin qaranlığından istifadə edib Peyğəmbərin (s) dəvəsini hürküdərək, həzrəti dərəyə atıb öldürmək istədilər, amma onların bu hiyləsi nəticəsiz qaldığı üçün qaçmağa məcbur oldular. Islam əskərləri onları öldrümək istədilər, lakin Peyğəmbər (s) bu işdə onlara mane oldu.

Həzrət Peyğəmbər (s) qayıdandan sonra Allahın əmri ilə münafiqlərin mərkəzi olan Zirar məscidini uçurtdu.

MÜŞRIKLӘRDӘN BӘRAӘT
 
Hicri 9-cu ilin Zil-həccə ayının onunda, həcc mərasimi əsnasında müşriklər yenə də köhnə ən᾽ənələrinə sadiq qalıb bu mərasimdə iştirak etmişdilər. Müşriklər haqqında surə nazil olan kimi, Peyğəmbər (s) Allahın əmri ilə həzrət Әli (ə)-a buyurdu ki, Məkkəyə gedib xalqa bu ayəni oxusun: «Bu ildən sonra heç bir müşrik həccə getməyəcək və heç bir çılpaq Kə᾽bə ətrafında təvaf etməyəcək.» Həzrət Әli (ə) öz vəzifəsini yerinə yetirmək üçün Məkkəyə gəlib müşriklərdən bəraət surəsini Allahın evini ziyarət edənlərə oxuduqdan sonra Peyğəmbərin (s) əmrini onlara bildirdi.

MÜBAHILӘ

Həzrət Peyğəmbər (s) əhəmiyyətli ölkələrin başçılarına məktub göndərdikdən sonra Nəcran xristianlarının hakiminə də məktub yazaraq oranın xristianlarını islama də᾽vət etdi. Həzrət (s) həmin məktubda onlardan ya islama iman gətirmələrini, ya da vergi verərək islam hökumətinin himayəsi altında yaşamalarını istəmişdi.

Xristianların başçısı müqəddəs kitablarda oxumuşdu ki, həzrət Isadan sonra başqa bir peyğəmbər gələcək. Buna görə də həqiqəti öyrənmək üçün Mədinəyə bir neçə tədqiqatçı göndərdi. Onlar Mədinəyə gələndən sonra Peyğəmbərlə mübahisə etsələr də qane olmamışdılar. Allah tərəfindən bir mələk nazil olub dedi ki, hər iki qrup qabaqcadan tə᾽yin olunmuş bir vaxtda çölə gedib Allaha yalvarsınlar və yalançı olan qrupa lə᾽nət oxusunlar.

Mübahilə vaxtı gəlib çatdıqda Peyğəmbər (s) müsəlmanlar və qohumlarının arasından yalnız dörd nəfəri özü ilə birlikdə seçib gətirdi. O, Hüseyn (ə)-ı qucağına almış, Həsən (ə)-ın əlindən tutmuşdu. Fatimə (ə) ilə Әli (ə) isə onun dalınca gəlirdilər. Xristianların başçısı onları görən kimi belə dedi:

«Allaha and olsun, elə simalar görürəm ki, əgər lə᾽nət etsələr bu çölü cəhənnəmə çevirərlər, əzabı Nəcrana qədər çatar. Buna görə də bütün xristianların məhvə olmasından qorxuram.» Xristianlar o andan e᾽tibarən nəhayət vergini ödəməyi, eləcə də hər il müsəlmanlara iki min uzun paltar və otuz zireh verməyi qəbul etdilər.

VIDA HӘCCI
Həzrət Peyğəmbər (s) hicri 10-cu ilin Zil-qə᾽də ayının iyirmi beşində əmr etdi ki, xalqa belə e᾽lan etsinlər: «Allahın Peyğəmbəri (s) Allah evini ziyarət etməyə gedəcək və hər kim istəsə onunla birlikdə gedə bilər.» Bu xəbər xalqı həyacana gətirdi və coşqun qəlbli minlərlə müsəlman bu işə hazır olduqlarını bildirdilər. Peyğəmbər (s) Әbu Dəcanəni Mədinədə özünə vəkil seçib əshabı ilə birlikdə yola düşdü. Zülhüləyfə ərazisinə çatdıqları vaxt ehram geyib «ləbbeyk» deyərək Məkkəyə doğru yola düşdülər. On gün sonra Məkkəyə çatıb həcc əməlləri və vacibatını yerinə yetirdilər. Həzrət Peyğəmbər (s) Әrəfə günü və ondan sonrakı gün xalq üçün nitq söyləyib onları dində müqavimətə eləcə də bu dinə qarşı daha sıx bağlılığa çağırıb tövsiyə etdi.

QӘDIRI-XUM

Zilhəccə ayının 18-i cümə axşamı günü, Peyğəmbər (s) Cühfədən Xum vadisinə çatdığında Cəbrail Allahdan xəbər gətirdi ki, Әli (ə)-ı özündən sonra xəlifə tə᾽yin etsin.

Bu öhdəliyi yerinə yetirmək üçün həzrət (s) hamını çağırıb belə buyurdu: «Peyğəmbər sizinlə əhəmiyyətli bir mövzu haqqında danışacaq. Hamı gəlsin.» Minlərlə hacı o qızmar havada Peyğəmbəri (s) eşitmək üçün bir yerə toplaşmışdı. Peyğəmbər (s) namaz qılandan sonra, onun üçün düzəldilmiş xüsusi yerdə oturub buyurdu: «Həmd və səna Allaha məxsusdur. Ondan yardım dilər, Ona inanar və Ona təvəkkül edərəm... Mən şəhadət verirəm ki, Ondan başqa mə᾽bud yoxdur, Məhəmməd Onun qulu və Peyğəmbəridir. Ey camaat, mən sizin aranızdan gedəndə iki dəyərli şeyi, Qur᾽anı və Әhli-beyti, sizin üçün əmanət qoyuram. Onlar qiyamət günündə Kovsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar. Buna görə də Qur᾽ana və Әhli-beytə bağlanın və onlardan heç vaxt uzaqlaşmayın ki, həlak olarsınız.»

Daha sonra Әli (ə)-ın əlindən tutub göyə qaldırdı və buyurdu: «Ey camaat, mən hər kimin mövlasıyamsa Әli də onun mövlasıdır. Allahım, onu sevəni se, onunla düşmən olanla düşmən ol, onun dostlarına yardım et, onu alçaltmaq istəyənləri alçalt». Peyğəmbər (s) xütbəsi qurtardıqdan sonra o həzrətə mələk nazil olaraq bu müjdəni verdi: «Bu gün Әlinin seçilməsi ilə islam dini kamil və Allahın ne᾽mətləri xalqa tamamlanmış oldu.»

HӘZRӘT MӘHӘMMӘDIN VӘFATI
 
Peyğəmbər (s) həcc səfərindən qayıtdıqdan sonra xəstələnib yatağa düşdü. Hiyləgər və həmişə fürsət sorağında olan bir qrup peyğəmbərlik iddiası etsələr də onun əmri ilə qətlə yetirildi. Bir gün Peyğəmbər (s), ağır xəstə olduğu halda, Әli (ə)-la birgə Bəqi qəbristanlığına, əshabın qəbirlərini ziyarət etməyə getdi. Daha sonra evinə qayıtdı. Peyğəmbərin (s) xəstəliyi gün-gündən şiddətlənirdi. Nəhayət hicri 11-ci ilin Səfər ayının 28-də, başı həzrət Әlinin sinəsində ikən Allaha qovuşdu və bütün islam dünyasını sonsuz bir yasa düçar etdi.
 
 
 
Category: Tarix | Baxış: 1322 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]