Şənbə günü, 2024-12-21, 9:22 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » May » 30 » QURAN İLAHİ MÖCÜZƏDİR
9:03 AM
QURAN İLAHİ MÖCÜZƏDİR
 
ƏL-BƏYAN
QURAN İLAHİ MÖCÜZƏDİR
 

İslam və Quran tarixindən məlumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir. Həzrət Məhəmməd (s) bəşəriyyəti Quranla birliyə, qardaşlığa çağırır. Müxalif olanların etirazlarının qarşısında Quran ayələrinə istinad edir və bunun bəşər kəlamı olduğunu iddia edənlərə Quran ayələrinə oxşar bir ayə gətirmələrini tələb edirdi. O, deyərdi: Əgər dedikləriniz düzdürsə Qurana oxşar bir kitab gətirin, gətirərsinizsə mən öhdəmə düşən vəzifədən əl çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki höccətini, həm də öz peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmiş olurdu.
     O, iddiaçıların uğursuzluqlarını görüb Qurana oxşar on ayə gətirmələrini təklif etdi. Bunun da öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi.
     Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir.
     İlk baxışda şer və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün Qurana oxşar ikinci bir kitabın tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi.
     Amma fəsahətli ərəblər Quran ayələrini tilavət etdikləri ilk gündən onun ilahi Möcüzə olduğunu dərk etdilər. Onlar artıq başa düşürdülər ki, Quranla mübarizə aparmaq yalnız onların məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Quranın əzəmətinin qarşısında aciz olduqlarını etiraf etdilər.
     Beləliklə onlardan bəziləri İslamı qəbul edərək Məhəmməd (s)-a iman gətirdi, bəziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular.
     Fəsahətli ərəblərin Quranı ilahi Möcüzə kimi qəbul etmələri və onun qarşısında özlərinin aciz olduqlarını etiraf etmələri, Quranın bir daha ilahi vəhy olduğunu sübuta yetirir.
    
BİR İRAD VƏ ÜÇ CAVAB

     Bəzi məlumatsız şəxslər belə bir iddia irəli sürürlər ki, ərəblər o zaman Qurana oxşar kitab yazmış, amma zaman keçdikcə istifadə olunmadığından unudularaq aradan getmişdir.
     Bu nəzəriyyəni üç cəhətdən əsassız hesab edə bilərik:
     1. Həqiqətən əgər belə bir əsər olsaydı, şersevər ərəblər ondan öz şer məclislərində istifadə edər və öz məqsədlərinə nail olmaq üçün ondan səmərəli istifadə edərdilər.
     Digər tərəfdən isə belə bir kitabın mövcud olduğu tarix və ədəbiyyat kitablarında qeyd olunar və nəticədə yaddaşlardan silinməzdi.
     2. Quranın mübariztələblik çağırışı təkcə ərəblərə deyil, eləcə də bütün bəşəriyyətə şamil olunurdu. Çünki, Quranın bu dəvəti ümumbəşəri xarakter daşıyırdı. Bu haqda İsra surəsinin 88-ci ayəsində deyilir:
     «(Ya Peyğəmbərim!) De ki: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər».
     Tarix boyu məsihilər və islamın digər düşmənləri bu müqəddəs ilahi dinin əzəmətini aradan aparmaq üçün milyonlarla pul xərcləmiş və saysız-hesabsız məkirli planlar tərtib edərək həyata keçirmişlər. Əgər onlar Qurana oxşar bir surə də yazmış olsaydılar, islamın məhvi uğrunda gecə-gündüz fədakarlıq göstərən şəxslər bundan səmərəli istifadə edər və öz hədəflərinə nail olardılar.
     «Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də - öz nurunu (dinini) tamamlayacaqdır». (Səf surəsi, ayə 8)
     3. Kəlam nə qədər fəsahətli və bəlağətli olsa belə, insan bir müddət məşğul olduqda onun kimi və ya heç olmasa ona oxşar ifadələr bəyan etməyə qadir olur. Bu hamıya məlum olan ümumi bir qanundur. Qurani-Kərim isə bu ümumi qanundan istisnadır.
     Belə ki, insan nə qədər çox Quran əzbərləsə, onun ayələri haqda düşünüb-daşınsa, nəhayət fəsahət və bəlağət elmlərinə dərindən yiyələnsə bu işin qeyri-mümkünlüyünü daha yaxşı dərk etmiş olar. Demək, etiraf etmək lazımdır ki, Quranın bəyan tərzi və onun ifadə üslubu təkrarolunmaz olub təlim olunası deyildir.
     Buradan belə məlum olur ki, əgər Quran Peyğəmbər (s)-ın öz buyurduqları sözlərdən ibarət olsaydı, onda o, nəql olunmuş digər hədis və rəvayətlərə oxşar olmalıydı. Quran və hədis üslubları arsında belə bir oxşarlıq nəzərə çarpsaydı, islam düşmənləri bunu nəzərdən qaçırmaz, onu istifadə etdikləri planlara və müsəlmanlara qarşı tərtib etdikləri mübarizə proqramına daxil edərdilər.
     Bunu da nəzərdən qaçırmamalıyıq ki, adətən ədəbiyyatın bir sahəsində va ya müəyyən bir janrda müvəffəqiyyət qazana bilən şəxslər, digər bölümlərdə öz məharətlərini bir o qədər də göstərə bilmirlər.
     Məsələn, gözəl şer ustaları nəsr yazmaqda, dastan yazanlar şer sənətində, nohə yazanlar hekayə və poema yazmaqda bir o qədər də uğur qazana bilmirlər. Qurani-Kərimdə isə biz bunun tam əksini müşahidə edirik. Bu müqəddəs kitabda müxtəlif mövzular haqda söhbət açılmasına baxmayaraq, bir neçə ədəbi fənlərdən istifadə olunmuş və onların hamısında fəsahət və bəlağət qanunlarından ən yüksək formada istifadə olunmuşdur.
    
Ayətullah Haci Seyid Əbülqasim Xoyi

Category: Diger me'lumatlar | Baxış: 2662 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]