Şənbə günü, 2024-12-21, 9:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » May » 29 » HAQQA ŞƏHADƏT VERƏN ÖLÜM
3:00 PM
HAQQA ŞƏHADƏT VERƏN ÖLÜM
 

HAQQA ŞƏHADƏT VERƏN ÖLÜM


İnna lillahi və inna ileyhi raciun!


Bismilləhir-Rahmənir-Rahim! İslam tarixinin əlamətdar günlərindən biri, Əziz İslam Peyğəmbərinin (s) qızı Xanım Fatimeyi-Zəhranın (s.ə) vəfat və şəhadət günüdür. Həmin gün, İslam dünyasında, kədərli, ağrılı bir gündür. Bu səbəblə ki, Peyğəmbərimizin (s) sevimli qızı bu gündə şəhadətə yetmiş, dünyasını dəyişmişdir. Bir görüşə əsasən, Xanımın (s.ə) şəhadətə yetdiyi gün cəmadiul-əvvəl ayının 13-dür, bir başqa görüşə görəsə, Xanım Zəhra (s.ə) cəmadiul-əvvəl ayından sonrakı- cəmadius-sani ayının 3-də şəhadətə yetmişdir. Ümumən, bu iki tarixin arasındakı günlər (20 gün)- "Əyyami-Fatimə (s.ə)” adlanır, mənası "Fatimə (s.ə) günləri” deməkdir. Xanım Zəhranın (s.ə) şəhadətiylə bağlı, İmam Zaman (ə.f) ağaya və bütün müsəlmanlara başsağlığı verir, təsliyyət ərz edirik. Allah-Təala, Xanım Zəhra (s.ə) xatirinə Öz şəfaətini bizim üzərimizə etsin, Amin!

Zülmətli şəhadət.

Hər bir bəşər övladı xəlq edildiyi kimi, bir gün tərk edəcəkdir fani dünyanı. Bu, Allah-Təalanın təqdiridir və bütün qullarına aiddir. Bəndələrin ən üstünü olan məsumlar (ə) belə, müəyyən bir dövr yaşadıqdan sonra, ömrü başa vurub bu dünyanı tərk etmişlər. Biz Allah tərəfindən göndərilmişik, Allaha tərəfə qaytarılacağıq!

Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətə yetdiyi gün çox qəmli, ağrılı-acılı bir gündür. O gün peyğəmbərlərin (ə) əşrəfi, ən üstünü, nübuvvət və risalət silsiləsinin həm, ən öncülü və həm də, xatəmi olan Həzrət Peyğəmbərin (s) Əziz, Sevimli qızı, iki dünya xanımı, xanımlar Xanımı, cənnət xanımlarının Ağası- Xanım Zəhra (s.ə) dünyasını dəyişmişdir. O Həzrət (s.ə) təbii olaraq vəfat etməmiş, şəhid edilərək dünyasını dəyişmişdir. Atası Rəsulullah (s) kimi, O Həzrət (s.ə) də, bir çox əzab-əziyyətlərlə üzləşmiş, dövrünün zalimləri tərəfindən zülmə, haqsızlığa məruz qalmışdır.

Xanım Zəhra (s.ə) incidilərək, haqqı tapdanaraq, məzlumanə bir şəkildə dünyaya əlvida demişdir. Xanım Zəhra (s.ə) həm dövrünün zalimləri tərəfindən, həm də, O Həzrətə (s.ə) və ailəsinə qarşı edilən zülm və haqsızlıqlara- xilafət haqqının Əhli-Beytdən (ə), həyat yoldaşı Həzrət Əlidən (ə) alınmasıyla Həzrət Peyğəmbərin (s) mübarək nəsihət və əmrinin yerə salınması səbəbiylə və həm də, alovlandırılmış qapının mübarək vücudunu əzməsi, yaralanması, qabırğalarının sınması səbəbiylə şiddətli xəstəliyə düçar olmuşdur.

Əlbəttə ki, fiziki zülmlər, işgəncələr, xəsarətlər gəlib keçicidir, Xanım Zəhranı (s.ə) üzən, narazı və narahat edən isə, Həzrət Əlinin (ə) haqqının qəsbkarlar tərəfindən qəsb edilməsidir. Çünki Əlinin (ə) haqqı Rəsulullahın (s) haqqı, Allahın haqqıdır.

Rəsulullahın (s) vəfatı.

Bir qədər əvvələ- Rəsulullahın (s) vəfat etdiyi günə qayıtmaq maraqlı olardı. Burada çox incə bir məqam vardır. Peyğəmbərin (s) vəfat etdiyi gün, İslam tarixində ən kədərverici və qəmli bir gündür. Allahını, Rəsulunu (s) sevən bir kimsə yox idi ki, o gün dərin kədərə qərq olmasın, hüzn və matəm içində olmasın. Həzrət Peyğəmbər (s) də, Öz sələfləri olan öncəki peyğəmbərlər (ə) kimi, bir bəşər idi. Bir gün gələcək, O Həzrət (s) də, dünyadan köçəcək, Öz ailəsindən, yaxınlarından, səhabələrindən ayrılacaqdı.

Nəhayət ki, həmin gün- səfər ayının 28-i gəlib çatmışdı. Həmin gün Həzrət Peyğəmbərlə (s) sevimli və istəkli qızı Xanım Zəhra (s.ə) arasında belə bir hadisə baş verir; İslam Peyğəmbəri (s) Həzrət Zəhranı (s.ə) yanına çağırdı. Xanım Zəhra (s.ə) Həzrət Peyğəmbərə (s) yaxınlaşıb başını O Həzrətin (s) bağrına basdı. Peyğəmbərin (s) Xanım Zəhraya (s.ə) söyləyəcəyi sözlər, bəlkə də, mübarək ömrün sonunda deyiləcək son sözlər idi. Bu əsnada Peyğəmbər (s) qızına bir söz buyurur ki, həmin sözdən Xanım Zəhra (s.ə) çox kədərlənir və ağlayır. Kimsə Əziz peyğəmbərin (s) mübarək dodaqlarından hansı kəlmələrin çıxdığını və Xanımın Zəhranın (s.ə) göz yaşlarının səbəbinin nə olduğunu bilmirdi.

Həzrət Peyğəmbər (s) bir daha Xanım Zəhraya (s.ə) pıçıltı ilə nəsə deyir və bundan sonra, Xanım (s.ə) gülümsəməyə başlayır, üzündəki kədər, hüzn bir anlığa sevinclə, təbəssümlə əvəzlənir. Xoşhal olur Xanım Zəhra (s.ə) bu dəfə. Görəsən, bu təbəssümün səbəbi nə idi?! Mələklərin üzünə təbəssüm gətirir Xanım Zəhra (s.ə) təbəssüm etməklə. Mələkləri sevindirir Xanım Zəhranın (s.ə) sevinci.

Bu sirri sizə açmayacağam.

Xanım Zəhrada (s.ə) iki- bir- birinə əks olan hal müşahidə edildi o an. Öncədən kədərlənən, göz yaşı tökən Xanım (s.ə), bu kədərlənməsinin ardınca sevinir, üzünə təbəssüm, şadlıq qonur, sevincə qərq olur bir anlığa. Bu ardıcıl və bir-birinə zidd olan iki halət- insanları təəccübləndirməyə bilmir. Oradakılar Xanım Zəhradan (s.ə) ilk öncə kədərlənib ağlaması, bir qədər sonra isə, sevinib təbəssüb etməsi haqda soruşurlar; Xanım Zəhranın (s.ə) cavabı isə, bu olur: "Peyğəmbər (s) həyatda olduqca, bu sirri açmayacağam.”

Həzrətin (s) vəfatından sonra isə, bu sirri Xanım Zəhra (s.ə) belə açıqlayır: "O günü atam birinci dəfə məni yanına çağırarkən mənə acı bir xəbər verdi- yaxınlaşmaqda olan və qaçılmaz ölümünü açıb dedi. Buyurdu ki, bu xəstəlikdən sağalmayacaq və axirət dünyasına tələsəcək. Bərk ağlamağıma səbəb də elə bu xəbər oldu. Lakin ikinci dəfə mənə işarə edərkən şirin bir xəbər verdi. Atam buyurdu: "Sən ev əhlimdən mənə qovuşacaq ilk şəxssən.” Bu xəbər mənə şadlıq və sevinc bəxş etdi, çünki anladım ki, bir azdan əziz atama qovuşacağam. Buna görə də o cür bərk ağlamağımdan sonra birdən dodaqlarıma sevinc təbəssümü qondu.”

Burada biz Xanımdan (s.ə) ibrət almalıyıq. Bu hadisəyə təkcə bir tarixi hadisə kimi baxmamalıyıq. Biz, bu səhnədə ömrünün baharını yaşayan 18 yaşlı bir Xanımın (s.ə) tez bir zamanda dünya həyatı ilə vidalaşacağı xəbərini aldıqda nə kimi reaksiya verdiyini görürük. Bütün ömrünü Allaha həsr etmiş bir Xanım (s.ə), tezliklə, Allahın dərgahına qaytarılacağı və Peyğəbərə (s) qovuşacağı xəbərini- Peyğəmbərdən (s) alır və bu xəbərdən şad olur. Dünyada Öz Atası Rəsulullaha (s) bağlı olduğu kimi, Cənnətdə də, Rəsulullaha (s) qovuşur Həzrət Zəhra (s.ə). Həmin anlarda bütün müsəlmanlar, bütün İslam dünyası kədərli ikən, Xanım Zəhra (s.ə) güldü, təbəssüm etdi.

Bütün müsəlmanların kədərinin bir tək səbəbi var idi- Əziz Peyğəmbərin (s) vəfatı. Lakin, bu kədər Xanım Zəhra (s.ə) üçün, iki qar idi. Çünki O Həzrət (s.ə) Öz Peyğəmbərindən (s) əlavə, həm də, Atası ilə vidalaşırdı. Amma, ən üzücü bir məqamda Xanım Zəhra (s.ə) şadlanmağı, təbəssüm etməyi bacarır. Çünki həmin gün vidalaşdığı Peyğəmbərə (s) tez bir zamanda qovuşacağına dair O Həzrətdən (s) xəbər almışdı.

Əlinin (ə) ilk şiəsi.

Biz tarixi vərəqləyərkən Peyğəmbərin (s) sağlığında olduğu kimi, Həzrətin (s) vəfatından sonra da, Xanım Zəhranın (s.ə) zülmlə, istibdadla daim mübarizə və əks cəbhədə olduğunu açıq-aydın görürük. Xanım Zəhra (s.ə) necə ki, Atasının sağlığında haqqı müdafiyyə edir, batilə, zülmə, haqsızlığa qarşı çıxırdı, eləcə də, Peyğəmbərin (s) vəfatından sonra da, bunu edirdi. Xanım Zəhra (s.ə) Peyğəmbərin (s) vəfatından sonra, Həzrətin (s) Öz yerinə təyin etdiyi həqiqi və fasiləsiz canişi və xəlifəsi olan Əlini (ə) müdafiyyə və himayə edirdi.

Əlinin (ə) ilk şiəsi idi Xanım Zəhra (s.ə). Xanım Zəhra (s.ə) Əlinin (ə) haqq canişin, həqiqi xəlifə və rəhbərliyinin canlı dəlili və tutarlı sübutu idi. Əlinin (ə) haqlı olduğuna və xilafətin məhz, Əlinin (ə) haqqı olduğuna dair başqa bir sübuta ehtiyyac yox idi. Xanım Zəhranın (s.ə) Rəsulullahdan (s) sonra, xoş gün görməməsi, çəkdiyi əzab-əziyyətlər, məruz qaldığı zülm və haqsızlıqlar, qəsbkarların nalayiq əməlləri, Xanımın (s.ə) Muhsin adlı körpəsinin bətnində ikən dünyasını dəyişməsi (siqt olunması), qabırğalarının sındırılması, vücudunun divar ilə adlu-alovlu qapı arasında qalıb yanması və əzilməsi bir sübut və açıq höccət idi- Əlinin (ə) haqlı olduğuna dair.

Bütün bu işgəncələr, əzab-əziyyətlər bir kənara qalsın- Əhli-Beytin (ə), Əlinin (ə) Öz haqqından kənarlaşdırılması üzmüş, xəstə etmişdi Xanım Zəhranı (s.ə). Xanımın (s.ə) üzləşdiyi bu qədər haqsızlıqlar- Əlinin (ə) vilayətinə və xilafətinə bir şəhadət idi. Xanımın (s.ə) gizli şəkildə dəfn edilməsi, indiyədək məzarının gizli qalması, Əlinin (ə) Peyğəmbərin (s) həqiqi, layiqli və fasiləsiz canişini olmasına dair bir sübutdur. O Həzrətin (s.ə) gecə ikən dəfn edilməsi Öz vəsiyyətinə əsaslanırdır. İnsanlar bunun səbəbini soruşarkən bunun Xanımın (s.ə) Öz vəsiyyət və istəyi əsasında olduğunu bilir və O Xanımın (s.ə) ümmətdən narazı və şikayətçi halda getməsini öyrənmişlər.

Xanım Zəhra (s.ə) şəhadətiylə zalımları xar etdi. Bu gün də, Xanım Zəhranın (s.ə) həyatını mütaliə edən və bu tarixin sonuna varan şəxslər, Xanım Zəhranın (s.ə) xəlvəti dəfn edilməsi və məzarının gizlədilməsi, bu günədək dəqiq bilinməməsi məqamına çatdıqda sual edirlər; "Haradadır Xanım Zəhranın (s.ə) məzarı? Nə üçün dəqiq bəlli deyil Xanım Zəhranın (s.ə) məzarı?” Bəli, bu Əhli-Beytə (ə) edilən zülmlərin bir açıq göstəricisidir. O Xanımın (s.ə) vəfatı haqqa əbədi bir şəhadət və batilə əbədi olaraq qarşı çıxmaq, etiraz etmək idi.

İlahi, bizi dünya və axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salma!

Category: Diger me'lumatlar | Baxış: 1125 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 1
0  
1 Muselman   (2009-05-29 5:04 PM) [Daxil et]
sad

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]