Bazar günü, 2024-12-22, 6:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » May » 11 » Ailede Maadi Te'minat..
5:35 AM
Ailede Maadi Te'minat..
 
 
Maddi tə’minat nədir?

Burada məqsəd o deyil ki, insana atasından və ya başqa mənbədən müftə var-dövlət çatsın. Başqalarının zəhməti ilə qazanılmış bu sayaq var-dövlətin heç bir fəziləti yoxdur. Digər tərəfdən insanda müdiriyyət, iqtisadi faydalanma ləyaqəti yoxdursa, ona Qarunun xəzinəsini də versən az müddətdə havaya sovuracaq.

Maddi tə’minat dedikdə insanın çalışqanlığı, iqtisadi bacarığı nəzərdə tutulur. İnsan öz ləyaqəti ilə ağlını, qüvvəsini işə salıb halal ruzi üçün çalışmalıdır. Bununla o başqalarına ehtiyac olmadan alın açıqlığı ilə öz dolanışığını tə’min edər. Bu me’yar ailənin dolanışıq yükü çiyinlərinə düşmüş kişiyə aiddir. Kişidə bu ehtiyacları ödəmək ləyaqəti olmalıdır.
Ərə qayğı və evdarlıq

Dolanışıq məs’uliyyətinin kişinin üzərinə düşməsinə qarşılıqlı olaraq bir me’yar da vardır ki, qadına aiddir və bu ərə qayğı, evdarlıq, tərbiyə məsələsidir. Əlbəttə, həyat yoldaşına qayğı və tərbiyə müştərək vəzifədir. Ev işləri və ərə qayğı qadının mühüm vəzifəsidir. Övlad tərbiyəsi də ananın üzərinə düşür. Ona görə də həyat yoldaşı seçilərkən qadın üçün me’yarlardan biri onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır. Belə ki, onu nəyə isə də’vətə, nədənsə çəkindirməyə ehtiyac qalmamalıdır. Hətta qadının ərə qayğısı kişinin cihadi ilə yanaşıdır. («Vəsail» cild 14). Bu sayaq hədislər qarşıda şərh ediləcək.

Digər bir rəvayətdə buyurulur: «Evlənmək üçün qızların ən yaxşısı başqa me’yarlardan əlavə onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır». («Vəsail» cild 14).

Bunlar o qədər mühüm me’yarlardır ki, onlara əməl etməklə övlad tərbiyəsi üçün şərait yaranır. Əlbəttə, dini göstərişlər bu qədər də yığcam deyil. Addım-addım, mərhələ-mərhələ göstərişlər verilir ki, cəmiyyətə sağlam, pak övladlar qədəm qoysun. Növbəti hissələrdə bu mərhələlər haqqında danışacağıq.
AİLƏ ƏXLAQI
1-Dərin sevgi

Əvvəldə qeyd etdik ki, ailənin iki mə’nəvi əsasından biri məhəbbət, digəri bağışlamaqdır. Evlənmənin üç hədəfi o zaman ödənilir ki, bu iki əsas möhkəm olsun. Ailədə məhəbbət və güzəştə getmək varsa, sakitlik və rahatlıq da olacaq. Onun sayəsində övlad tərbiyəsi də mümkün olur. Çünki sakitlik məhəbbət və güzəştə getmədən başlayır. Nəticəsi sakitlik olan evlənmənin hədəfinin bəyanından sonra dərhal məhəbbət və güzəştə getmədən danışılır. Çünki məhəbbətsiz, güzəştsiz ailədə sakitlik də ola bilməz. Söz-söhbət, qalmaqal olan ailədə övlad tərbiyəsi mümkün deyil.

Ona görə də Qur’an və rəvayətlər dərin sevgini tə’kid edir. Sə’y göstərilir ki, ər-arvad arasında mümkün qədər səmimi münasibətlər qurulsun və ixtilaf yaradan amillərdən çəkinilsin.

Qur’ani-kərim məhəbbəti qarşılıqlı bilir. Qadın kişini, kişi də qadını sevməlidir. Qur’an buyurur ki, məhəbbət iki tərəfin arasında qərarlaşıb. Rəvayətlərdə də kişinin qadına, qadının kişiyə məhəbbəti tə’kid edilib. Həyat yoldaşına məhəbbət nişanəsi, imanın böyüklüyüdür. İmam Sadiq (ə) buyurur: «İmanın artımı ailəyə məhəbbəti yüksəldir». Başqa bir rəvayətdə nəql olunur ki, ailəyə dərin sevgi peyğəmbərlərin əxlaq üsullarındandır. («Bəhar» cild 100).

Layiqli həyat yoldaşının xüsusiyyətlərindən biri də ərə dərin məhəbbətdir. («Vəsail» cild 14). Qadınların ən yaxşısı doğumlu, ərini sevən, pak qadınlardır.

Məhz əhəmiyyətli olduğu üçün ər-arvadın məhəbbəti ilahi nişanələrdən hesab olunur. Bu məhəbbət o qədər dərin və özünəməxsusdur ki, onu heç nə əvəz edə bilməz. Həzrət Peyğəmbərdən (s) nəql olunub: «Ər məhəbbətini heç nə əvəz edə bilməz». («Nurus-səqəleyn» cild 4). Əlbəttə, kişi üçün də yoldaşı ilə münasibət əvəz olunmazdır. Məhəbbətin əhəmiyyətli roluna görə onu dərinləşdirən amillər – məhəbbətin izharı, qarşılıqlı ehtiram, gözəl ünsiyyətə rəğbətləndirilir, onu zəiflədən amillərdən çəkindirilir. Bu iki qaydaya əməl etdikdə məhəbbət qorunur.
Məhəbbətin izharı

Bəli, məhəbbət ailə bünövrəsini mökəmləndirir. Amma onu dərinləşdirməkdən ötrü məhəbbətli olmaqdan əlavə bu məhəbbəti dil ilə izhar etmək lazımdır. Həyat yoldaşını sevdiyi halda bunu dilinə gətirməyənlər çoxdur. Hansı ki, rəvayətlərdə bizə göstəriş verilib ki, məhəbbəti dərinləşdirməkdən ötrü onu izhar edin. Həzrət Peyğəmbərdən (s) belə bir nurani hədis nəql olunub: «Ər öz arvadına izhar edərsə ki, mən səni sevirəm, bu heç vaxt onun xatirəsindən silinməz». («Vəsail» cild 14). Bu ərin öz zövcəsi üçün ən gözəl cümləsidir. Diqqət edin, son Peyğəmbər (s) məhəbbəti artırmaq üçün nə yol göstərir! Əlbəttə, bu qarşılıqlı olmalıdır. Qadın da öz məhəbbətini izhar etməlidir.
 
Qarşılıqlı hörmət
 
İnsan böyük şəxsiyyətə məxsusdur və öz insani kəramətinə bağlıdır. Buna görə də cəmiyyətdə alçalmaq, təhqir olunmaq istəmir. Başqalarının da təhqir olunması ona xoş gəlməməlidir.

Ailə kiçik bir cəmiyyətdir və ər-arvad müxtəlif şəraitlərdə bir-birinin hörmətini saxlamalıdırlar. Qarşılıqlı hörmət razılıq və məhəbbət yaradır, ailə mühitinə səmimiyyət bağışlayır.

İnsan övladlarının, qohumlarının, qonşularının hüzurunda öz həyat yoldaşı ilə ədəblə davranmalı, acı sözlərdən çəkinməlidir. Adam arasında həyat yoldaşının şəxsiyyəti qorunmalıdır. Həyat yoldaşını cəmiyyət içində yüngül tutmaq onun zehnində silinməz xatirələr qoyur. Qur’an bu barədə qısaca buyurur: «Həyat yoldaşınızla mə’rifətlə dolanın». («Bəqərə» 228). İmam Baqir (ə) buyurmuşdur ki, həyat yoldaşı seçən adam onu əziz tutmalıdır. («Bəhar» cild 100). Digər bir rəvayətdə isə həzrət Peyğəmbər (s) buyurur ki, həyat yoldaşını incidən şəxs həyat sevincini əldən verəcək. Layiqli qızlar üçün kamal və ədəb imtiyaz sayılır.

Xoşrəftarlıq

Xoşrəftarlıq başqalarının diqqətini cəlb edir, müvəffəqiyyətə səbəb olur. Əli (ə) buyurmuşdur ki, əlaqə və nüfuz yolu xoş rəftardır. («Bəhar» cild 17). Xoş rəftar həyatı sakitlik, aramlıq, şadlıqla doludur. Əksinə pis əxlaq, tünd xasiyyət bədbinlik gətirir, ailə mühitini cəhənnəmə çevirir.

Dini əsərlərdə xoşrəftarlı olmaq dəfələrlə tapşırılmışdır. Qur’ani-kərim buyurur: «İnsanlarla xoş danışın». («Bəqərə» 83). Həzrət Peyğəmbərdən rəvayət olunub: «Din qardaşınla xoş rəftar et». («Kafi» cild 3). Yenə də buyurur ki, xoş rəftar kin-küdurəti aradan qaldırar. («Kafi» cild 2).

Müsəlman müsəlmanla xoşrəftarlı olmalı, əxlaq qaydalarına riayət etməlidir. Heç zaman nəfs istəklərinin əxlaq ölçülərini üstələməsinə yol verməməlidir.

Xoşrəftarlıq me’yarı

Rəvayətlərdə zikr olunmuş xoşrəftarlıq me’yarlarından bə’zilərini yada salırıq. İmam Sadiqdən (ə) sual olundu ki, xoşrəftarın həddi nədir? Həzrət buyurdu: «Xoşrəftarlığın həddi budur ki, səninlə əlaqədə olanlarla xoş davranıb, sərt olmayasan. Danışığın pak olsun. İstehza, təhqir, acı sözə yol verməyəsən. Başqaları ilə açıq üzlə davranasan». Diqqət edin qarşılıqlı münasibətdə üç mühüm me’yar qeyd edilir.

Qarşılıqlı e’timad və məhəbbətdə xoşrəftarlığın əhəmiyyəti baxımından ər-arvad öz ünsiyyətlərində ehtiyatlı olmalı, bir-birləri ilə xoş rəftar etməlidirlər.

İki həyat yoldaşı ev və çöl çətinliklərinə dözməli, dolanışıq problemləri onları əxlaqi dəyərlərdən uzaqlaşdırmamalıdır. İnsanların kimliyi ictimai hadisələr zamanı aşkarlanır. Əgər ər-arvad həyat çətinliklərini xoş üzlə qarşılayarlarsa, bütün çətinliklər həll olar. Bu şəraitdə övlad tərbiyəsi də asanlaşar. Yox əgər çətinliklər dözümlə qarşılanmasa, yeni-yeni problemlər yaranacaq.

Buna görə də ər-arvada ailədə xoşrəftarlı, gözəl əxlaqlı olmaq tə’kidlə tapşırılır. Qur’ani-kərim buyurur: «Həyat yoldaşınızla mə’rifətlə dolanın». («Bəqərə» 228). Eləcə də pis əxlaqlı şəxslə ailə qurmaq pislənir.

Kişinin ailədə cihadı

Qeyd etdik ki, kişinin öhdəsinə düşən böyük məs’uliyyətlərdən biri də özünün, ailəsinin, övladlarının maddi tə’minat məsələsidir. Bu məs’uliyyətin kişinin öhdəsinə düşməsinin səbəbi onun fərqli xüsusiyyətlərə malik olmasıdır. Kişi sə’y göstərib halal yolla öz həyatını tə’min etməli, başqalarına möhtac olmamalıdır. Zəhmət çəkib işləməklə ailəni tə’min etmək insanın, onun ailəsinin və cəmiyyətin fəxridir. Ona görə də islamda quruculuq işinə yüksək əhəmiyyət verilib və işsizlik, qarınqululuq, tənbəllik pislənir.

Peyğəmbər və İmamlar (ə) hər biri halal zəhmətlə məşğul olmuşlar. Əlbəttə halal ruzi qazanmaqla ehtiyacları tə’min etmək asan iş deyil. Bəlkə də çox-çox çalışmaq lazım gəlir. Kimsəyə müftə ruzi yetirməyən Allah buyurur: «Yeri sizin üçün ram edən Odur. Onun qoynunda gəzin, Allahın ruzisindən yeyin. Axır dönüş də Onadır». («Mulk» 15). Ruzi çalışmaqla qazanılar, müftə yox. Abadlıq, məhsuldarlıq, faydalı qazıntılar, düşünmə və çalışmaqla əldə edilir.

Kişi min bir əziyyətlə qazandığı ruzini açıq ürəklə, səxavətlə xərcləməlidir. Bu məsələdə ailəyə minnət qoymaq olmaz. Xəsislik kimi pis xüsusiyyətlərdən çəkinin. Ailəni tə’min edib, ona minnət qoymaq insanın kiçikliyidir. Bunun nəticəsində ailədə məhəbbət əskilər, çəkilən zəhmətlər hədər gedər. Çünki kişi öz qazancından o vaxt faydalana bilər ki, açıq ürək, geniş qəlblə ailəyə məhəbbət hədiyyə etsin. yalnız bu şərtlər daxilində ruzi qazanmaq Allah yolunda cihadla yanaşı dayanar. («Vəsail» cild 12).

Bəli, məhəbbət hədiyyə edən zəhmət cihadla yanaşıdır. Əksinə, çalışıla, zəhmət çəkilə, ehtiyaclar ödənə, amma bununla yanaşı pis əxlaqla davranıla – zəhmət hədərdir!

Əgər kişi ailəni tə’min edərkən səxavətli, açıq qəlbli olarsa, ailənin sevincini artırar, məhəbbət dərinləşər, ailə bünövrəsi möhkəmlənər. Bu sayaq müsibət ehsan mərtəbəsindədir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sizin ən yaxşınız qadınına, övladına, ailəsinə ehsan edəninizdir». («Vəsail» cild 14). Başqa rəvayətdə: «Sizin ən yaxşınız həyat yoldaşı üçün ən yaxşı olanınızdır». Mən həyat yoldaşım üçün ən yaxşıyam. Ehtiyacların bu sayaq tə’mini ailə haqqında kişinin cihadıdır. Buna müqabilində qadının cihadı – ərə qayğı dayanır.
Ərə qayğı və ya qadının cihadı

Evdarlıq, yəni təmizlik, səliqə, evin bəzənməsi, övladlara diqqət, mətbəx səliqəsi bir ev sahibəsinin bacarığıdır ki, o, bu işlərlə ev mühitinə səfa verir, ərinin, övladlarının məhəbbətini qazanır. Amma öz şəxsi səliqəsinə, geyiminə, bəzək-düzəyinə məşğul olmaq qadının ər qarşısındakı məs’uliyyətlərindəndir.

Qadının ərə qayğısında iki əsas

İslamda bu məsələyə lazımınca diqqət yetirilib. Qadın uyğun iki əsasa əməl etməklə ərin iffətinin və cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Bir tərəfdən əri üçün münasib geyimlər geyinmək, özünü bəzəməklə ərinin diqqətini cəlb edir, onun nəfs istəklərini qanuni yolla ödəyir. Əri başqalarından gözünü çəkib, təkcə onu sevir. Bu əsasa riayət olunması bir məs’uliyyət kimi tə’kid edilir. Hədisə əsasən həzrət Peyğəmbər (s) buyurur: «Qadın ən gözəl ətirlərlə ətirlənməli, ən gözəl üsulda bəzənməli, ən gözəl geyimlərini geyinməli və əri üçün hazırlanmalıdır». («Vəsail» cild 14).

Bir nöqtəyə diqqət edilməlidir: Kişinin hüququ kimi bəyan edilən hazırlanmaq, ətirlənmək təkcə qadına aid deyil. Bu müştərək vəzifədir. Ər-arvadın iffətinin hifz olunmasında bu qaydanın mühüm rolu vardır. Rəvayətdə buyurulur: «Kişinin bu vəzifəyə əməl etməməsi qadının iffətinə zərbə vurulmasına səbəb olur». («Vəsail» cild 14).

Yenə də buyurulur ki, təmiz, səliqəli, ətirli olmaq peyğəmbərlərin əxlaqındandır. Başqa bir rəvayətdə qadının ərindən başqasına görə bəzənməsinin qarşısı alınır.

Ziynətlərini göstərib, özünü tamaşaya qoymağa qadının haqqı yoxdur. Başqalarının diqqətini cəlb edəsi qeyri-münasib geyimlərlə qadın evdən bayıra çıxa bilməz. Belə hərəkət cəmiyyətin hisslərini qızışdırır, əxlaqsızlığa səbəb olur. Allah-taala buyurur: «Öz-özlüyündə görünən istisna olmaqla ziynətlərini başqalarına göstərməsinlər». («Nur» 31). Hamıya aid olmaqla Peyğəmbərin (s) zövcələrinə buyurulur: «İlkin cəmiyyət dövründəki kimi açıq-saçıq olmayın». («Əhzab» 33). Rəvayətlərdə də bu xoşagəlməz hal qadağan olunur. Hətta buyurulur: «Ərindən başqası üçün bəzənən qadının ibadəti və namazı qəbul deyil, özünü bu çirkinlikdən təmizləyənə qədər!» («Vəsail» cild 14).

Peyğəmbərdən (s) rəvayət olunub ki, bir qadın ətirlənib evdən çıxarsa, evə qayıdanadək lə’nətlənər.

Bu qadının ərə qayğı məsələsində diqqət edəcəyi ikinci əsasdır. Başqa bir rəvayətdə bu iki əsas – özünü ər üçün hazırlamaq və başqalarının diqqətini cəlb etməmək qadının cihadı kimi qeyd edilir. Peyğəmbər (s) çox dəqiq və gözəl şəkildə bu xüsusiyyətləri qadının cihadı bilir.

Bu günümüzə sual

Doğrudanmı, bu iki əsasa əməl etmək cihad deyil?

Bu iki əsasa əməl etmək ərə qayğı deyil?

Bu iki əsasa əməl etməklə xanımlar özünün, ərinin, cəmiyyətin iffətini hifz etmirmi?

Bu Qur’anın həmin pak qadınlara etdiyi sitayiş deyilmi? «Əməli-saleh qadınlar itaət edib, Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar». («Nisa» 34).

Məgər cəmiyyətin əksər qadınaları bu əsaslara zidd hərəkət etmirmi?!

Azdırmı evdə pinti görkəmdə qalıb, bayıra çıxarkən saatlarla güzgü qabağında dayanan qadınlar?!

Budurmu ərə qayğı?

Bu sayaq rəftar əri evdən soyudub, çöldə günaha salmazmı?!

Bu sayaq rəftarlar cəmiyyəti günaha, hisslərin alovlanmasına sürükləmirmi?!
Ərə qayğı nə zaman cihaddır?

Bəli, ərə qayğı asan məsələ deyil və qadın ona heç də asanlıqla nail ola bilməz. Əgər Peyğəmbər (s) buyurursa ki, qadının ərə lazımınca qayğısı cihaddır, kişinin bütün həcc və cihad kimi əməlləri ilə yanaşıdır, demək bu sadə iş deyil. Ləyaqətli işlər kişi üçün necə çətinliklə ələ gəlirsə, qadın üçün də belədir. Əgər qadın böyük cihada-nəfsi susdurmağa nail olmayıbsa, bu mühüm işə də müvəffəq olmayacaqdır. Əslində ər qayğısı qadın üçün elə böüyk cihaddır və bunun yerinə yetirməklə qadın bütün fəzilət məqamlarında kişi ilə çiyin-çiyinə dayanır.

Ümid edirik ki, bu kiçik izahat uyğun şərif hədisin mə’nasını aşkarlayacaq və həzrət Peyğəmbərin (s) qısa bir buyruğunun dərin hikməti aydın olacaq.
Bura qədər deyilənlər

Bura qədər «ailə əxlaqı» adı altında ailə məhəbbəti, onun bünövrəsini möhkəmləndirən bə’zi amillərdən danışıldı. Bu hissənin mövzularını belə ümumiləşdirə bilərik: İslam ailədə ünsiyyəti, ülfəti, məhəbbəti yaşadacaq bütün amillərə rəğbətləndirir. Qadın və kişi ailə mühitində qarşılıqlı anlaşmaya, sakitliyə çalışmalıdırlar. Ehtiyatlı olub, bir-birinin məhəbbətini qazanmalıdırlar.

Həyat yoldaşları bir-birinin zəhmətini qiymətləndirməlidirlər. Əgər kişi ailəni tə’min etməyə məs’uldursa, min bir əziyyətlə bu məs’uliyyəti yerinə yetirirsə, öz qazancını minnət qoymadan, səxavətlə dolanışığa xərcləyirsə, qadın onun zəhmətini qiymətləndirib, açıq-qəlblə təşəkkür etməlidir.

Əgər qadın müxtəlif üsullarla ailə və evin təmiz saxlanması zəhmətinə dözməklə, ərə qayğı məs’uliyyətini yerinə yetirməklə vəzifəsini layiqincə icra edirsə, ailəyə səfa və məhəbbət hədiyyə edir. Kişi də onun zəhmətini lazımınca qiymətləndirib, təşəkkür etməlidir.

Qadın və kişi istər ev, istərsə də evdən kənar işlərdə yekdil olub, bir-birinə yardım göstərməlidir. Kişi elə təsəvvür etməməlidir ki, ev işlərinin ona dəxli yoxdur və bu məs’uliyyət yalnız qadına aiddir.

Ər-arvad ev və ailə məsələlərində bir-birinə məsləhətçi olmalıdır. Məsləhətləşmə yalnız bir-birinin təcrübəsindən istifadə etmək üçün deyil. Bu yolla ailədə qarşılıqlı hörmət yaranır və ailə sevgisi dərinləşir.

Eləcə də ər-arvad səmimi olmalı, e’timadsızlıq yaradan bütün şeylərdən çəkinməlidirlər.

Soyuqluq yaranmasından çəkinmək

Digər tərəfdən inamsızlıq yaradan bütün işlərdən ciddi şəkildə çəkinmək lazımdır. İki həyat yoldaşı soyuq münasibət, ədəbsiz danışmaqdan uzaq olmalı, bir-birlərini incitməməlidirlər. Ailədə ehtiramsızlıqdan, diqqətsizlikdən, dost-tanışa qarşı hörmətsizlikdən, ailə işlərinə laqeyidlikdən çəkinmək vacibdir.
Ailə işlərinə diqqət

Evdən kənarda işləyən kişi evə gəliş-gediş vaxtını tənzimləməlidir. Üzürsüz səbəbdən evə gəliş vaxtını dəyişməməlidir. Eləcə də qadın evdən kənarda işləyirsə, öz gəliş-gediş vaxtının tənzimlənməsinə kifayət qədər diqqətli olmalıdır.

Kişi işdən sonra ailə ağuşunda istirahəti özünə vacib etməlidir. Evdən kənarda istirahətlərdən, qayıtma vaxtına diqqətsizlikdən çəkinməlidir. İmam Sadiqdən (ə) nəql olunub: «Ailəsinin yaşadığı şəhərdə kişinin başqa yerdə istirahət etməsi düzgün deyil». («Vəsail» cild 14). Bəli, qadın və kişi soyuqluq yaradan bütün işlərdən uzaq olmalıdırlar. Ailənin ən mühüm əsası olan səmimiyyət və məhəbbətə bais olan bə’zi əxlaqi məsələlərdən danışıldı.
2-Əfv və güzəştə getmək

Ailə bünövrəsinin ikinci əsası əfv etmək, güzəştə getməkdir. Cəmiyyətdə daim büdrəmələr, hüquq pozğuntuları olur. Bə’ziləri buna mübtəladır. İctimai münasibətlərdə büdrəməyən, kiminsə haqqını tapdalamayan adam azdır. Dinin ilk göstərişi başqalarının hüququnu gözləməkdirsə də, insan həyatı büdrəmələrsiz ötüşmür. Səhvlərdən ixtilaf, dava-dalaş yaranmaması üçün əfv etmək, güzəştə getmək əmr olunub. Bu xüsusiyyət insanın böyüklüyünə dəlalət edir. Dini əsərlərdə bu əməl tə’kid olunur, çünki güzəştə getmək düşmənçiliyi aradan qaldırır.

Bu insanın səhvini bağışlamaq düşmənçiliyin dostluğa çevrilməsinə səbəb olur. Mö’min insanlar arasında düşmənçiliyi aradan qaldırmaq hünərdir.

Əfv və güzəştə getmənin ümdə rolu düşmənçiliyin aradan qaldırılması və onun dostluğa çevrilməsidir. Qur’an buyurur: «Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmən olan şəxsi sanki bir dost görərsən». («Fussilət» ayə 34).

Kiçik cəmiyyət olan ailədə də, güzəştə getmək eyni funksiyanı daşıyır. Müştərək həyatda bə’zi büdrəmə baş verir və tərəflər bir-birlərinin hüquqlarını tapdalayırlar. Hansı ki, birinci göstəriş hüquqlara riayət etməkdir.
Səhv olubsa, nə etməli?

Əgər səhv olubsa, nə etməli? Səhvin ardınca düşüb, kiçiyi böyütmək, dava-dalaş salmaqmı? Yoxsa səhvi bağışlayıb səmimiyyətə, məhəbbətə yol açmaqmı? Qur’an və Əhli-beyt ikinci yolu göstərir.

İslam ailə əsaslarını möhkəmləndirmək üçün məhəbbətin qorunmasında sə’y göstərdiyi kimi, büdrəmələr zamanı da çalışır ki, güzəştə getməklə ixtilaflar aradan qalxsın.

Qur’ani-kərim ailənin bir əsasını məhəbbət, digərini əfv və güzəşt kimi bəyan etməklə buyurur: «Ər arvad arasında həm məhəbbət, həm də güzəşt qərar verildi ki, bir-birinin səhvini bağışlamaqla məhəbbəti möhkəmlətsinlər». Məhəbbət güzəştə, güzəşt isə daha böyük məhəbbətə səbəb olur.

Rəvayətlərdə də bu nöqtəyə işarə olunub ki, ailə münasibətlərində səhvlərə göz yumulsun. Belə olsa, həyat şirin və səmimi olar. İmam Sadiq (ə) buyurur: «Həyat yoldaşının tə’minatına, geyiminə diqqətli ol, onun səhvlərini bağışla». («Vəsail» cild 14).

Eybi örtmək

İslamda mal və can kimi xalqın abır-isməti də möhtərəmdir. Kimsənin xalqın abır-ismətinə toxunmaq hüququ yoxdur. Başqalarının sirrini öyrənmək üçün axtarış, casusluq olmaz. Casusluq haramdır və bu Qur’an əmridir. («Hücürat» cild 12).

Əgər biri təsadüfən digərinin sirrindən xəbərdar olmuşsa, onu yaymamalıdır. Sirrin qorunması hər bir müsəlman üçün vəzifədir.
Sirrin qorunması

Sirrin qorunması bir vəzifədir və ailə daxilində bu vəzifəyə əməl olunmalıdır. Ailə sirlərin açıldığı yerdir. Az adam öz sirrini həyat yoldaşından gizlədə bilər. Yaxın münasibət batini zahirə çıxarır. Ailə daxilində sirr saxlamağa imkan yoxdur. Bu sirr ailəyə mə’lum oludqda isə onun kənara çıxmasına yol verməməlidir. Ailə sirrinin açılması ailə əsaslarına zərbə vurur, onun adına nöqsan gətirir.

Qur’ani-kərim bu mühüm əsası kiçik bir cümlədən bəyan edib, ər-arvad haqqında buyurulur: «Onlar sizin, siz də onların libasısınız». («Bəqərə» cild 187). Libas insanın eyblərini örtdüyü kimi, qadın və kişi də bir-birlərinin eyblərini örtüb, sirrlərini açmamalı, bir-birlərinin şəxsiyyətinin alçalmasına yol verməməlidirlər.

İki mehvərdə qələmə alınanlardan bə’zisi əhəmiyyətli ailə əxlaqı əsaslarındandır. Növbəti hissədə zikr ediləcək məsələlər evlənmənin məqsədlərinə, layiqli övlad tərbiyəsinə nail olmaq üçün şərait hazırlayır.

Category: Exlaq | Baxış: 1270 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]