Bazar günü, 2024-12-22, 8:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

“Səqəleyn” hədisi və Islam birliyi
2012-12-19, 7:38 AM
"Səqəleyn” hədisi və Islam birliyi


"Səqəleyn" hədisi həm şiə, həm də sünni alimlərinin hədis kitablarında nəql etdikləri mütəvatir hədislərdəndir. Həzrət Peyğəmbər (s) bu hədisdə Islam ümmətinə xitab edərək buyurmuşdur: "Mən sizin aranızda iki ağır əmanəti qoyub gedirəm. Onlardan biri Allahın kitabı, digəri isə Əhli-beytimdir. Əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşüb yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki şey əmanət olaraq Kovsər hovuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqlar. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Əhli-beytimdir (ə). Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz".


Həzrət Peyğəmbər (s) Quran və Əhli-beytə (ə) "Səqəleyn" adını verdi. Çünki, "Səql" minnətlə verilən dəyərli və ağır şeyə deyilir. Əhli-beyt (ə) Allahın kitabını hamıdan qabaq bildikləri, Həzrət Peyğəmbərin (s) sünnəsinə əməl etdikləri və cənnət hovuzunda Həzrətə (s) qovuşana qədər Qurandan ayırlmayacaqları üçün əziz tutulmalı və onların hüquqlarına riayət olunmalıdır. Bu müqəddəs hədis hamı tərəfindən qəbul edilibdir.


Göründüyü kimi, bu hədis Quranla Əhli-beytin (ə) bir-birindən heç vaxt ayrılmayacağını həm zahiri, həm də mənəvi cəhətdən aralarında olan vəhdətini bizlərə çatdırır. Müsəlmanlara vacibdir ki, Qurani-Kərimdən sonra məsum Əhli-beytə (ə) müraciət etsinlər və Quranla birgə Əhli-beytin (ə) göstərişlərinə də əməl etsinlər. Amma bəziləri Əhli-beytindən (ə) başqa, bütün qapıları döyüb onlardan kömək istəyirlər.


Şiə və sünnilərin qəbul etdiyi "Səqəleyn" hədisi bütün dünya müsəlmanları arasında vəhdət yaratmağa qadirdir. Hər iki məzhəbin qəbul etdiyi "Səqəleyn" hədisinə əsasən, onların arasında mütləq vəhdət və birlik olmalıdır. Həqiqətən, Həzrət Peyğəmbərin (s) məsum Əhli-beyti (ə) kənara çəkilən vaxtdan etibarən müxtəlif məzhəblər yarandı və onların arasında ixtilaf düşdü.


Qurani-Kərimin məfhumlarını müsəlmanlara başa salmaq və ondakı çətinlikləri aydınlaşdırmaq Həzrət Peyğəmbərin (s) mühüm vəzifələrindən biri idi. Bu mühüm vəzifə Peyğəmbərdən (s) sonra onun məsum Əhli-beytinin (ə) öhdəsinə düşdü.


Əgər rəhbərlik məsələsi xalqın öhdəsinə qoyulsaydı, onda Həzrət Peyğəmbər (s) belə buyurmalı idi: "Bu iş ümmətə aiddir". Həzrətin (s) rəhbərlik haqda olan sözü eynilə Allahış risalət haqda olan sözünə bənzəyir: "Allah peyğəmbərliyi kimə tapşıracağını özü daha yaxşı bilir".
Quranın düzgün təfsir edilməsi, dini, şəriət hökümlərinin bəyan olunması, etiqadla əlaqədar yaranan suallara qaneedici cavab verib onları hər növ etiqad azğınlığından, şəriəti təhrif olunmaqdan qoruyub saxlamaq və sairə bu kimi işlər yalnız geniş elmə yiyələnib günah qarşısında məsum olmaqla mümkündür. Həmçinin, bütün bunları icra etmək sonsuz qüdrətli və elmli Allahın xüsusi inayət altında olan və Həzrət Peyğəmbərin (s) getdiyi yol ilə doğru hərəkət edən şəxslərin varlığını tələb edir. Yəni, bütün bu vəzifələri həyata keçirmək və ümmətə lazımınca rəhbərlik etmək üçün Həzrət Peyğəmbərin (s) elminə yiyələnib, hər növ azğınlıq və xətadan uzaq olmaq lazımdır.

Allahın qəti iradəsi bu olmuşdur ki, Əhli-beyti (ə) hər növ çirkinlik və günahlardan pak etsin. Qurani-Kərimin Əhzab surəsinin 33-cü ayəsinedə buyurulur: "Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökümlərində) Allaha və (Ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz ( Peyğəmbərin) Əhli-beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir".


Bu ayə Əhli-beytin (ə) məsum olmasına dəlalət edir. Allah-təalanın onların hər bir eybdən və çirkinlikdən uzaq olmasını istəməsi, onların məsum və günahsız olmasına bərabərdir. Bu paklıq bütün ümmətdə deyil, təkcə xüsusi şəxslərdədir və o da Əhli-beytdədir (ə). ×ünki ümmət həmişə günahla üzləşir və üzləşə bilər.


Məlumdur ki, bütün uca və Ilahinin sevdiyi şəxsləri ümmətə rəhbər təyin etmək ümmətin bilik və bacarıq dairəsindən kənardır. Məhz belə bir rəhbər Allahın fərmanı əsasında və Həzrət Peyğəmbərin (s) vasitəsi ilə təyin olunmalıdır.


"Səqəleyn" hədisindən göründüyü kimi Həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Qurani-Kərim ilə yanaşı qeyd etmişdir. Deməli, Qurani-Kərim hər növ səhv, xəta və azğınlıqdan uzaq olduğu kimi, Həzrətin (s) Əhli-beyti (ə) də hər növ fikir və əməl günahlarından pak və təmizdir. Bu mətləb hədisin davamında daha çox nəzəri cəlb edir: "Bu iki böyük əmanətə (Quran və Əhli-beytə) sarılsanız, heç vaxt azğınlığa düşməyəcəksininz".


"Mənim yadigar qoyduğum bu iki əmanət heç vaxt bir-birindən ayrılmaz və qiyamət günü (Kövsər) hovuzu kənarında mənim yanıma gələcəklər".


Aydın məsələdir ki, heç vaxt Qurandan ayrılmayan və itaət olunduqda insanı hidayət edən Əhli-beyt (ə) hər növ xəta və günahdan uzaqdır.


Əhli-beyt (ə) Islamın əzəmətinin qorunub saxlanılmasına, Islamın izzət və başucalığına, Islam əhlinin yekdil olub qardaşlıqlarının hifz olunmasına, qəlblərdən hər növ düşmənçiliyin, nəfslərdən kin-küdurətin təmizlənməsinə həddindən artıq meyilli olduqları ilə tanınmışdır.


Əmirəl-möminin Həzrət Əlinin (ə) özündən qabaqkı xəlifələr qarşısında seçdiyi hərəkət tərzi heç vaxt unudulası deyil. Həzrət (ə) xilafətin ona məxsus olduğunu, xəlifələrin isə onun haqqını qəsb etdiklərini bilməklə yanaşı, (Islam birliyinin qorunub saxlanılması naminə) xilafətin onun özünə məxsus olması barədə fikirlərini gizli saxladı və təmkinlik nümayiş etdirdi. Hətta məhz özünün xilafətəi təyin olunduğunu yalnız hakimiyyətə gəldikdən sonra ümumi yerlərdə açıqladı. Belə ki, məşhur "Rəhbə" günündə Qədir-Xumda Həzrət Əli (ə) Peyğəmbər (s) tərəfindən xilafətə təyin olunmasını görən səhabələrdən şahid olmalarını istədi.


Həzrət Əli (ə) islam və müsəlmanların mənafeyinə olan şeyləri dərhal xatırladırdı. Məhz əvvəlki xəlifələrin dövrünə işarə edərək buyurardı: "Qorxdum ki, əgər Islama və müsəlmanlara kömək etməsəm, ona ağır zərbələr dəyər və o məhv olardı". (Nəhcül-bəlağə, 62-ci yazı)


Necə ki, (xilafət hadisəsindən sonra) heç vaxt sözü, yaxud rəftarı ilə xəlifələrin qüdrət və şövkətinə zərbələr vurmadı, yaxud onların səltənətini zəifləməsi müşahidə olunmadı, güclərinin azalmasına səbəb olmadı. Xəlifələrdən vaxtilə gördüyü xoşagəlməz işlərə baxmayaraq, öz nəfsinə hakim kəsildi, evinin guşəsinə çəkildi.


Bu işlərin hamısına Islamın dünyəvi mənafeyini və məsləhətinin qorunub saxlanılması, habelə Islam və müsəlmanların birliyinə zərbə dəyməməsi naminə sinə gərirdi. Belə ki, Həzrətin (ə) bu işlərə riayət etməsini başa düşürdülər. Ömər ibn Xəttab deyirdi: "Elə bir çətim işim olmadı ki, Əbəl-Həsən (Əli) onu həll etməsin". ("Adrese-Təbəqat", Ibn Səd, cild 2, səh 339 və bir çox başqa sənədlərdə) "Əgər Əli olmasaydı, Ömər həlak olardı". ("Əl-Mənaqib" Xarəzmi və s.)


Imam Həsənin (ə) Islamın müdafiəsi üçün Müaviyə ilə sülh bağlaması heç vaxt unudulmazdır. Imam Həsən (ə) müharibənin davam etdirilməsinin Quranın və Ilahi hökumətin, ümumiyyətlə Islamın adının əbədi məhv olmasına gətirib çıxaracağını gördükdə, heç olmasa Islamın zahirinin və dinin adının qorunub saxlanılmasını üstün hesab etdi, dinin və müsəlmanların, xüsusilə şiələrin inadkar və kinli düşməni olan Müaviyə ilə sülh sazişi bağlamağa məcbur oldu. Halbuki, Müaviyə Imama (ə) və onun şiələrinə qarşı saysız-hesabsız zülmlər etməkdə idi. Bəni-Haşim və Imamın bəzi şiələrinin şılıncları sıyrılmışdı, onlar haqlarını almadan və onu müdafiə etmədən geri qayıdıb sülh müqaviləsi bağlamağa razı deyildilər. Amma bütün bunlara baxmayaraq, Islamın ali-məqam və məqsədlərinin nəzərə alınması Imamın (ə) fikrincə hər şeydən üstün idi.


Imam Hüseynə gəldikdə isə, onun qiyam etməsinin səbəbi bu idi: Həzrət (ə) Bəni-Üməyyə hökumətinin bu minvalla davam etdiyi və onların bədniyyətli əməllərinin heç kim tərəfindən ifşa olunmadığı təqdirdə, onların Imamı məhv edəcəyini, Islamın əzəmətinin aradan aparacağını qabaqcadan görürdü. Imam (ə) onların Islama qarşı dərin düşmənçiliklərini, zülmlərini, bəd əməllərini, Peyğəmbər (s) şəriətinə qarşı qəfil hücumlarını ifşa etmək istəyirdi. Əgər onun müqəddəs qiyamı olmasaydı, Islamı kökündən məhv edəcəkdilər və tarixdə Islam yalnız batil bir din kimi yad olunacaqdı. Şiələrin Imam Hüseynin (ə) xatirəsini yad etmək üçün müxtəlif yollardan istifadə etmələrinin səbəbi budur ki, onlar zülm və haqsızlığa qarşı mübarizə aparmaqdan ötrü Həzrətin (ə) getdiyi yolu təkmilləşdirmək, onun məqsədini dirçəltmək istəyirlər. Məqsəd isə bu idi ki, Həzrətdən (ə) sonrakı imamların (ə) Aşura xatirəsini canlandırmaq üçün onun göstərişlərinə əməl etmiş olsunlar. Əhli-beytin (ə) ən inadkar düşmənlərinin hakimiyyəti əllərinə almalarına baxmayaraq, Islamın əzəmətinin qorunub saxlanılması üçün kəskin reaksiya göstərmələri Imam Səccadın (ə) həyatında açıq-aydın görünməkdədir. O Həzrət (ə) Bəni-Üməyyə rəhbərləri ilə bir zamanda yaşayırdı. Onlar Həzrətin (ə) əzizlərinin qanını nahaq yerə axıtmış, o pak sülaləyə qarşı hörmətsizlikdə həddi aşmışdılar. Imam (ə) Bəni-Üməyyənin törətdiyi kədərli Kərbəla faciəsində onun əziz atasına və Əhli-beytinə (ə) etdikləri zülmlərdən qəmli idi. Amma bunlara baxmayaraq Həzrət (ə) gizlində Allahdan Islam ordusu üçün qələbə və izzət, müsəlmanlara əmin-amanlıq, salamatlıq arzulayırdı. Imam Səccadın (ə) Islam maarifini yaymaq üçün yeganə silahı dua idi. Həzrət öz ardıcıllarına Islam ordusu və müsəlmanlar üçün necə dua etmək lazım olduğunu öyrətdi. O həzrət "Səhtfeyi-Səccadiyyə" nin 27-ci duası olan "Sərhədçilər" duasında buyurur: "Ilahi, bunun səbəbi ilə müsəlmanların tədbir və uzaqgörənlik bacarıqlarını möhkəmləndir, şəhərlərini möhkəm, sərvətlərini bol et, sənə bəndəçilik və itaət etmək üçün onları müharibələrdən və Sənilə xəlvətgahlarda münacat etmək üçün çarpışmalardan xilas et ki, yer üzünün hər yerində Səndən başqasına pərəstiş olunmasın, Səndən başqası üçün səcdəyə alın qoyulmasın".
Digər imamların da zəmanə hakimləri müqabilində tutduqları yol da elə bu cür idi. Əhli-beyt (ə) və onların ardıcıllarının yolu məhz bu idi ki, Islamı, Quranı və müsəlmanların vəhdətini qorusunlar və Islamın düşmənlərini sevindirməsinlər.

Əhli-beytin (ə) əqidəsi budur ki, Allahın birliyinə, Quranın həqq kitab olmasına, Islam Peyğəmbərinin (s) risalətinə şəhadət verən hər bir müsəlmanın canı, namusu və heysiyyəti möhtərəmdir.


"Razılığı olmadan heç bir müsəlmanın malı başqasına halal deyildir".
Müsəlman müsəlmanın qardaşıdır. Necə ki, doğma qardaşların bir-birlərinin üzərində haqları var.

Nəticədə "Səqəleyn" hədisindən bu dərsi almaq olar ki, Əhli-beyt (ə) Qurani-Kərimin yanında yerləşir və Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, bunlar heç vaxt bir-birindən ayrılmayacaq və həər kəs bunların hər ikisini bircə tutsa uğur qazanıb, hidayət olunacaq, nəinki, birini atıb o birini tutsun.


Biz müsəlmanlar da gərək Allahın rizasını qazanaq, gərək Peyğəmbərimizin (s) dediklərinə əməl edək və aramızda mehribanlıq, qardaşlıq və birlik yaradaq ki, düşmənlər sevinməsinlər. Çünki, bizim Allahımız vahid, Quranımız, Islamımız, Peyğəmbərimiz (s) vahid olduğu üçün, məqsədimiz də birdir. Allahın rizasını qazanmaq üçün gəlin biz də birgə olaq.

ihq.az

Category: Tövhid | Added by: Ənfal
Views: 763 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]