Bazar günü, 2024-12-22, 8:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Mübarək Rəcəb ayı
2012-12-25, 8:40 AM
Mübarək Rəcəb ayı


"Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir çayın adıdır.” (İmam Kazim (ə)) Bismillahir-Rəhmanir-Rəhim! Əlhəmdu lillahi Rəbbil-aləmin! Allah Təbarək və Təalanın rəhmət və mərhəmətindəndir ki, ehsan etdiyi saysız-hesabsız nemətlər müqabilində şükürsüzlüyə qapılan qullarını məhvə məhkum etməmiş, yol verdikləri hər nöqsan və günaha görə, onlara bəla göndərməmişdir. "Ərhəmər-Rahimin” olan Allah, bəndələrinin günahdan təmizlənib, qəlblərinin imanla dolması, beləliklə də, Allaha yaxınlaşmaları üçün, müəyyən vasitələr qərar vermişdir. O vasitələr ki, həqiqətən də, onlardan lazımınca istifadə edə bilsək, xeyir əldə edənlərdən və nicat tapanlardan olarıq. Şərafət və fəziləti böyük olan, dua və ibadət ayı kimi tanıdığımız üç ay-Rəcəb, Şaban və Ramazan ayları da, həmin vasitələrdəndir.




Allahın lütfünə çatmağımız, günahlarımızın bağışlanması üçün, fürsətdir ki, bu aylardan istifadə edib faydalanaq! İbadət etmək, oruc tutmaq, Allahdan bağışlanma diləyib tövbə etmək və duaya məşğul olmaq, adları çəkilən aylarda daha çox tövsiyyə edilmişdir. Müsəlman şəxs, bu zaman çərçivəsində, mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün, gözəl şans qazanır. Axirət azuqəsi toplamaq üçün, bu aylar münasibdir. Bu üç ayın, hər birinin özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Allah, bu mübarək ayları ibadətlə keçirən bəndələrinə, dünya və Axirət səadəti vəd etmişdir. Bəli, bu ayların birincisi Rəcəb ayıdır.




Rəcəb ayı, hicri təqviminin 7-ci ayıdır. Bu ay, Allahın müsəlmanlara bəxş etdiyi lütfdür. Bu ay, İslamda müqəddəs, mübarək, kəramətli ay hesab edilir. İmam Kazimın (ə) təbiri ilə desək, Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir nəhrin (çayın) adıdır. Eyni zamanda, Rəcəb ayı, haram sayılan aylardan biridir. Haram aylar 4-dür: Zil-qədə, Zil-hiccə, Muhərrəm və Rəcəb. Bu aylar "Əşhurul-Hurum” adlanır və bu aylarda müharibə etmək haramdır. Quranda "haram aylar” haqqında belə buyurulur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır.” (Tövbə 36) Deməli, Rəcəb ayı, həm də, əmniyyət, rahatlıq, arxayınlıq ayıdır. Müsəlmanların bu ayda daha çox ibadət və itaət etmək imkanı vardır.

Bu ayın fəziləti haqqında, bir hədisində Həzrət Peyğəmbər (s) belə buyurur: "Rəcəb ayı, böyük aydır, hörmət və fəzilətdə heç bir ay, ona çatmaz və kafirlərlə qital, bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə, mənim ümmətimin ayıdır. Rəcəb ayında, 1 gün oruc tutan şəxs, Allah-Təalanın rizayətinə səbəb olar, İlahi qəzəb ondan uzaq olar və Cəhənnəm qapılarından biri, onun üzünə bağlanar.” Gördüyümüz kimi, şərif hədis böyük məna kəsb etməkdədir. Əgər biz hədisi 2 hissəyə bölsək, görərik ki, 1-ci hissədə bu ayın böyüklüyündən, hörmət və fəzilətindən bəhs edilmişdir. Peyğəmbərimiz (s) "hörmət və fəzilətdə heç bir ay, ona çatmaz” buyuruğunda, bu ayın fəziləti açıqca bəyan edilmişdir.

Həzrətin (s) daha sonra, Rəcəb ayının Allah ayı olduğunu vurğulaması, bir daha bu ayın möhtəşəmliyindən, əzəmətindən xəbər verir. 2-ci hissəyə gəldikdə isə, bu ayda bircə gün belə oruc tutmağın, hansı qazancın əldə edilməsinə səbəb olmasından danışılır. Rəcəb ayının bir xüsusiyyəti də vardır ki, bu ayda ibadət edən bəndələrin "həsənə” (yəni, yaxşı olan) əməllərini Allah-Təala bir neçə dəfə artırır, pis əməl və günahları yuyub aparır (yəni, bağışlayır). İmam Kazim (ə) buyurur: "Rəcəb bir əzəmətli aydır ki, Allah Təala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər...” Bizim üzərimizə düşən vəzifə, bu ayın bərəkətindən istifadə edib faydalanmaq və bu ayı gözəl şəkildə dəyərləndirməkdir.

Rəcəb ayı tövbə və "istiğfar” ayıdır.

Rəcəb ayı, həmçinin, tövbə etmək, Allahdan günahların bağışlanmasını istəmək üçün də, münasib və əlverişli aydır. Bu ay, bizlərə fürsət verir ki, Allah dərgahında tövbə edək, günahlarımızın silinməsini, səhvlərimizin bağışlanmasını Allahdan istəyək. Allahın tövbə qapısı hər zaman bəndələrinin üzünə açıqdır, amma, Allah hörmətli qərar verdiyi bu ayın xatirinə, bu ayda tövbə edənlərin tövbəsini daha tez qəbul edir. Odur ki, daha çox "istiğfar” etməli, Allahın rəhmətinə sığınınb, bu mübarək ayda, günahlarımızın bağışlanmasını diləməliyik! İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: "Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ayda günahların bağışlanmasını diləyin ki, Allah-Təala bağışlayan və mehribandır. Belə isə "əstəğfirullahə və əsəluhut-təubə” zikrini çoxlu deyin.” Həzrət Peyğəmbərdən (s) aşağıdakı məzmunda hədis nəql edilmişdir: "Hər kim rəcəb ayında 100 dəfə "əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” desə və oxuduğu bu duanı sədəqə ilə xətm etsə, Allah da, onun vəziyyətni rəhmət və məğfirətlə ilə xətm edər. Və hər kim bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabını yazarlar». İlahi, bizləri, bu ayda tövbə və "istiğfar” edənlərdən və tövbələri qəbul olunmuş kimsələrdən qərar ver, Amin!

Rəcəb əhli, Behişt əhlidir.



Rəcəb ayında oruc tutan, tövbə edib məğfirət diləyən, bir sözlə ibadət edən kimsələr, bu ayın hörmətini uca tutan, Allahın razılığını düşünən kimsələrdir. Onlar hədisdə "Rəcəb əhli”, "Rəcəb ayının camaatı” kimi təqdim edilmişdir. "Rəcəb əhli” bu ayı ixlas ilə ibadət edənlərdir ki, Allah-Təala onlara Behiştdə saraylar vermiş, onların çöhrəsini nurlu etmiş, bu nurdan ətrafdakıları da, faydalandırmışdır. Allah-Təala bu insanları mübarək qılmış, məqamlarını əziz tutmuş, onların başlarına dürr və yaqutla bəzədilmiş sultanlıq tacları qoymuş və kim bilir başqa hansı nemətləri onlara əta etmişdir.

İmam Sadiq (ə) buyurur. "Qiyamət günü, carçı ərşin bətnindən bir fəryad çəkər: Eynər-Rəcəbiyyun? (Rəcəb əhli haradadır?) Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində 1000 mələk və sol tərəfində 1000 mələk olar və onlar deyərlər: Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənin üzərinə əta etdiyi, sənin üzərinə mübarək olsun! Bu zaman, Allah tərəfindən nida gələr: Ey mənim qadın və kişi bəndələrim! İzzət və Cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə Behiştdə saraylar verəcəyəm ki, orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdılar. Siz, könüllü surətdə mənim xatirimə bir ayda ki, onun hörmətini uca tutdum və haqqının riyaət olunmasını vacib bildim-oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi Behiştə aparın! Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta, 1 gün olsa belə-əvvəlində, ortasında və ya axırında.” Bəli, həmin insanların mükafatı Behiştdir. Çün ki, bu insanlar Rəcəb ayını ibadətlə keçirmiş, bu ayı hörmətli ay hesab edib məqamını uca tutmuşlar və bu ayın camaatı olmuşlar. Allah-Təala özü zəmanət vermişdir ki, "Rəcəb əhli”, Behişt əhlidir, Behiştdə əbədi qalacaq kimsələrdir. İlahi, bizi Rəcəb ayını ibadətlə keçirənlərdən və bu mübarək ayın camaatından qərar ver, Amin!

Rəcəb ayında oruc tutmaq.

Rəcəb ayında oruclu olmaq, müsəlmanlara tövsiyə edilmişdir. Bu ayın orucu, bir neçə tərəfdən faydalıdır. Hər şeydən əvvəl oruc tutmaq, bu ayda bəyənilmiş və müstəhəb əməllərdən biridir və səbəb olur ki, günahlar bağışlansın. Bu ayın orucunu tutmaq, insanı pəhrizkar olmağa çağırır və növbəti ayların-Şaban və Ramazan aylarının orucunun müqəddiməsi sayılır. Bundan əlavə, bu ayın orucu, Şaban, xüsusən Ramazan ayının vacibi orucunu yerinə yetirmək üçün, hazırlıq mərhələsidir. Rəcəb ayında oruc tutan şəxs, artıq həm cismən, həm ruhən Ramazanın vacibi orucundan ötrü, bir növ hazırlıqlı olur. Rəcəb ayında mümkün qədər bu və digər ibadətləri yerinə yetirmək, imanı gücləndirən amildir. Rəcəb ayının orucunu tuta bilməyənlər, savaba nail olmaq üçün, sədəqə versinlər, imkansız şəxslərə yardım etsinlər.

Hədislərdə Rəcəb ayının orucu.


İndi isə, görək Məsumların (ə) buyurduğu hədislərdə, Rəcəb ayında oruc tutan kimsələrə verilən İlahi sərmayə nədir ki, Qiyamət günü onların karına çatacaqdır! Qeyd etdik ki, Peyğəmbəri-Əkrəm (s) Rəcəb ayında bir gün də olsa, oruc tutan kimsələrin, Allahın rizayətinə səbəb olacaqlarını, İlahi qəzəbin onlardan uzaq olacağını və Cəhənnəm qapılarından birinin, onların üzünə bağlanacağını buyurmuşdu. Bir başqa hədisdə, İmam Kazimin (ə) belə buyurduğu nəql edilir: "Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir nəhrin (çayın) adıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs, mütləq o nəhrdən içəcəkdir.” "Eynər-Rəcəbiyyun” hədisinin sonunda da, öz istəyi ilə Allah rizası üçün oruc tutan kişi və qadınların, Allahın əmri, mələklərin vasitəsilə Behiştə aparılmalarından bəhs edilmişdir. Görün bu mübarək ayda bircə gün oruc tutmaq, bizə nələr qazandırır!


İbn Babivey adlı bir şəxs, mötəbər sənədlə Salimdən rəvayət etmişdir: "Rəcəb ayının axırına bir neçə gün qalmış, İmam Sadiqin (ə) hüzuruna getdim. O həzrət məni görən kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox! Yəbnə Rəsuləllah. Həzrət buyurdu: O qədər savab əlindən çıxıbdır ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Təala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəm? Buyurdu: Ey Salim! Allah bu ayın axırından 1 gün oruc tutan şəxsi, ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırında 2 gün oruc tutan şəxs, siratdan asanlıqla keçər. 3 gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar.” İmam Kazim (ə) buyurur: "...Bəs hər kəs ki, Rəcəb ayında 1 gün oruc tutsa, cəhənnəmdən bir illik yol miqdarında uzaqlaşar və hər kəs o ayda 3 gün oruc tutsa, behişt ona vacib olar” Müsəlmanlar bu İlahi mükafatlara layiq görülmək istəməzlərmi? Belə bir məqama çatmaqdan ötrü səy etməzlərmi?

Rəcəb ayının bəzi əməlləri.



Hədislərdə Rəcəb ayının əməllərinin 2 qisim olduğu bildirilmişdir. 1-ci qisim əməlləri, bu ayın bütün günlərində yerinə yetirmək olar. Yəni, həmin əməllər məxsusi 1 gün üçün deyildir. 2-ci qisim əməllər isə, müəyyən edilmiş gün gecələrdə yerinə yetirilir.

Bu ayın 1-ci gecəsində, bir kəsin ayı gördükdə bu duanı oxuması müstəhəbdir. "Allahummə əhilləhu ələynə biləmni vəlimani vəssələmətə vəl-İsləmi rəbbi və rəbbukəllahu əzzə və cəllə.” Həmçinin, bu ayın əvvəlində, ortasında və axırında qüsul etmək müstəhəbdir. Bir kəs bu günlərdə qüsul edərsə, günahları bağışlanar.


Rəsuli-Əkrəm (s) buyurur: "Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsul edən şəxs, o aydan çıxanda, dünyaya gələndə pak olduğu kimi, günahlardan paklanır.” Bu gecənin müstəhəb əməllərindən 1-i də, İmam Huseynin (ə) və digər Məsumların (ə) pak hərəmini ziyarət etməkdir. Bu gecədə müstəhəbdir ki, möminlər namaz qılsın, və bir-birini dua etsinlər. Rəcəbin 1-ci günü, oruc tutmaq müstəhəbdir. Rəvayətdə vardır ki, Həzrət Nuh (ə) gəmiyə bu gün minmiş, və gəmiyə minənlərə oruc tutmağı əmr etmişdir. Bu gün də, qüsul etmək və İmamları (ə) ziyarət etmək müstəhəbdir. İmam Baqir (ə) da, bu gün, yəni, Rəcəb ayının 1-i dünyaya gəlmişdir. Rəcəbin 13-cü günü, oruc tutmaq müstəhəbdir. Bu günün bir əlamətdarlığı da, budur ki, möminlərin əmiri həzrət Əli (ə) bu gün müqəddəs Kəbə evində dünyaya gəlmişdir.

Bu ayın 15-ci gecəsində də, qüsul etmək, İmamları (ə) ziyarət etmək, namaz qılmaq, hətta, oyaq qalıb ibadət etmək müstəhəbdir. Rəcəb ayının 15-ci günü, namaz qılıb oruc tutmaq tövsiyə edilmişdir. Rəyyan ibn Əssəltdən belə nəql edirlər: "İmam Cavad (ə) Bağdadda olan zaman, rəcəb ayının 15-i və 27-si oruc tutdu. Həzrətin (ə) ətrafında olanlar da, oruc tutdular. Həzrət (ə) bizi, 12 rəkət namaz qılmağa əmr etdi.” Həmçinin, qüsul etmək və İmam Huseyni (ə) ziyarət etmək də, bu günün müstəhəbatındandır. İbn Əbi Nəsr deyir: "İmam Rzadan (ə), İmam Huseyni (ə) hansı ayda ziyarət etməyi soruşdum. Həzrət buyurdu: Rəcəb və Şaban aylarının yarısında.” Rəcəb ayının 27-ci günü, şərafətli günlərdən biridir. Bu gün, İslamın bayramı və zühur etdiyi gündür. Bu gün məbəs, yəni, həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür.

Bir neçə əməl, bu gündə müstəhəbdir. O cümlədən qüsul etmək, oruc tutmaq, salavat zikr etmək, Məsumları (ə) ziyarət edib dua etmək və təyin edilmiş duaları oxumaq bu gün müstəhəbdir. Bu gün, il ərzində həmin 4 gündən biridir ki, o günlərdə oruc tutmaq, 70 ilin (müstəhəb) orucuna bərabərdir. Odur ki, bu gün oruc tutmaq faydalıdır. Rəcəbin sonuncu günü, müstəhəbdir ki, möminlər qüsul etsin, oruc tutsunlar və namaz qılıb çoxlu dualar etsinlər. Bu gündə tutulan oruc, günahların bağışlanmasına səbəb olur. (Rəcəb ayının əməlləri haqqında ətraflı məlumat üçün, "Məfatihul-Cinan” kitabına müraciət edə bilərsiniz!)


Allahı and verək öz İzzət və Cəlalına, bizləri bu mübarək günlərin bərəkətindən faydalananlardan qərar versin, ibadət və dualarımızı qəbul etsin, günahlarımızı bağışlasın, dünya və Axirətdə Quran və Əhli-beytdən (ə) ayrı salmasın, Amin!


ihq.az

Category: Tövhid | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]