Bazar günü, 2024-12-22, 8:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Islam ümməti (3)
2012-12-19, 7:37 AM
Islam ümməti (3)

 Islam mənbələrində Əhli-beyt (ə) sevgisi barəsindəki hədislər o qədər çoxdur ki, onları araşdırarkən məsələnin əhəmiyyətinin düşündüyündən qat-qat artıq olduğu məlum olur.


Indiyə kimi nəql etdiyimiz Qurani-Kərimin bəzi ayələrinin təfsiri və izahı ilə bağlı nəql edilmiş rəvayətlər idi. Bunlardan əlavə, Peyğəmbər (s) digər hədislərdə də ümmətə Əhli-beytini (ə) tapşırmış və Əhli-beyti (ə) Islam ümməti üçün nicat mənbəyi kimi təqdim etmişdir. Həmin hədislərə nəzər salanda Əhli-beytin (ə) ümmət üçün Quranın kənarında hidayət çırağı olması cəhəti diqqəti daha çox cəlb edir. Həmin hədislərin ən məşhuru "Səqəleyn" hədisidir ki, Peyğəmbər (s) həmin kəlamında Əhli-beyti (ə) Quranın kənarında ümmətin hidayət mənbəyi kimi təqdim etmiş və səadətə qovuşmaq üçün Quranla Əhli-beytin (ə), hər ikisinə birlikdə sarılmağın zəruriliyini vurğulamışdır. Əhli-sünnə müfəssirlərindən olan Qurtubi "Səqəleyn" hədisi barəsində deyir: "Bu vəsiyyət və bu böyük təkid Peyğəmbərin Əhli-beytinə (ə) ehtiramın vacibliyini, onlara yaxşılıq edilməsini, hörmətlə yanaşılmasını və məhəbbət göstərilməsini tələb edir. Bu elə bir vacib əməldir ki, ondan boyun qaçıran heç bir kəs üzürlü sayıla bilməz". (Feyzül-qədir, cild 3, səh 14)


Lakin Peyğəmbərin (ə) Əhli-beyt (ə) barəsindəki saysız-hesabsız hədislərindən daha bir neçəsini yada salmaq yerinə düşərdi.


"Mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimimdir, ona minən nicat tapdı, ondan üz döndərən suda qərq oldu". (Hakim Nişapuri "Əl-müstədrək ələs-səhihəyn", cild 3, səh 151.)


Peyğəmbər (s) bu hədisdə bir daha Əhli-beytin (ə) məqamının yüksək olmasını və onlara məhəbbətin onların yollarının davam etdirilməsi ilə bağlılığa işarə edir. Bu hədisdə Əhli-beyt (ə) Nuhun gəmisinə bənzədilir və müxtəlif azğınlıqlardan nicat mənbəyi kimi təqdim edilir. Bu, həm də yalnız Əhli-beytə (ə) sığınanların nicat tapacaqlarına işarədir. Çünki, Nuhun gəmisinin ən bariz xüsusiyyəti onun sakinlərinin nicat əhli olması idi.


Digər bir hədis Zeyd ibn Ərqəmin dilindən deyilir: "Peyğəmbər (s) Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynə (ə) dedi:- Mən sizin vuruşduğunuz şəxslə düşmən, sizin sülh, barışıqda olduğunuz şəxslə sülhdəyəm". ("Sünəni-Tirmizi", Kitabul-mənaqib, hədis 3805. "Sünəni ibn Macə", Kitabul-müqəddimə, hədis 142.)


Gördüyümüz kimi, Peyğəmbər (s) öz Əhli-beytini (ə) birmənalı şəkildə təsdiqləyir və onların hər hansı bir məsələdə tutduqları mövqeyi heç nə ilə şərtləndirmir. Əhli-beytin (ə) Peyğəmbər (s) tərəfindən bu cür mütləq şəkildə təsdiqlənməsinin mənası onların "Təthir" ayəsində buyurulduğu kimi, hər bir eyb və nöqsandan, səhv və xətadan məsum olamalarından başqa bir şey deyil. Əgər belə olmasaydı, Peyğəmbər (s) heç bir şərt qoymadan onları necə təsdiqləyərdi?! Bu, həm də bir daha Əhli-beytdən (ə) məqsədin Peyğəmbərin (s) bütün qohumları və zövcələri olmamasına dəlalət edir. Çünki, bildiyimiz kimi Peyğəmbərin (s) həm zövcələri, həm də nəsəb qohumlarından ən azı bəzi xətalar baş vermişdir. Peyğəmbər (s) Əhli-beyt (ə) kimi müəyyənləşdirdiyi şəxslərdən, yəni Əli (ə), Fatimə (s.ə) və onların övladlarından (ə) isə heç bir kitabda nə bir günah və çirkin bir əməl, nə də xəta nəql edilməmişdir. Islamın ilk əsrlərinin hər bir kiçik hadisəsini nəql etmiş tarix kitablarının heç biri şəmin şəxslər barəsində hansısa bir mənfi iş nəql etməməsinin özü də onların məsumluğunun dəlillərindəndir.


Peyğəmbərin (s) Əhli-beyt (ə) barəsində bu qədər təkidlərinə baxmayaraq, tarixin müxtəlif dövrlərində onlara qarşı böyük zülmlər edilmiş və onlar haqq yolunda şəhid edilmişlər. Əhli-beytin (ə) şəhid edilməsindən acı hadisə isə onların qatillərinin bu cinayətlərinə müxtəlif "don"-lar geyindirilməsidir. Islam tarixi bu acı hadisələrlə doludur. Müslim özünün "Səhih" kitabında onlardan birini belə nəql edir: "Müaviyə ibn Əbu Süfyan Sədə əmr etdi. (Maraqlıdır ki, Müslim Müaviyənin Sədə nə əmr etməsini demir. Amma söhbətin davamından belə məlum olur ki, Əliyə (ə) lənət oxumağı əmr edib və Səd onun əmrini yerini yetirməyib.) müaviyə ona deyir:- Sənə Əbu Turabı (Əlini) söyməyə nə mane olur?


Səd deyir:- Peyğəmbər (s) onun barəsində üç şey deyib ki, mən heç vaxi Əlini söymərəm və əgər həmin üç şeydən biri mənim olsaydı, o mənə qırmızı yunlu dəvədən də sevimli olardı. Peyğəmbər (s) müharibələrdən birində Əlini özü ilə aparmayıb yerdə qoyduğu zaman Əli dedi:- Ey Allahın Peyğəmbəri(s)! məni qadın və uşaqlarla saxlayırsan? Peyğəmbər (s) ona dedi:- Sən mənə nisbətdə Harun Musaya olan kimi olmağa razı deyilsən? - bu fərqlə ki, məndən sonra peyğəmbərlik yoxdur. Həmçinin, Peyğəmbərin (s) Xeybər günü belə buyurduğunu eşitdim ki:-Mən bayrağı Allahı və Onun Peyğəmbərini sevənə və Onun Peyğəmbərinin də sevdiyi şəxsə verəcəyəm.


Səd sözünə davam edib deyir:- Biz hamımız onun kim olmasını bilməyə can atırdıq. Peyğəmbər (s) buyurdu: Əlini mənim yanıma çağırın!


Əli gözü ağrıyan halda Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) ağzının suyundan onun gözünə sürtdü və bayrağı ona verdi və Allah onu istiqamətləndirdi. Və "gəlin biz öz oğullarımız, siz öz oğullarınızı…" ayəsi nazil olan zaman Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni çağırıb buyurdu:- Ilahi, bunlardır mənim Əhli-beytim (ə)!" (Səhihi-Muslim, Fəzailus-səhabə, hədis 4420. Sünəni-Tirmizi, Kitabul-mənaqib, hədis 3658.)


Bəli, Peyğəmbərin (s) saysız-hesabsız təkidlərinə baxmayaraq, Əhli-beytə (ə) qarşı bu cür haqsızlıqlar edilmişdir və onları Islam tarixinin ən qara səhifələri adlandırmaq olar.


Peyğəmbər (s) Əhli-beyti (ə) barəsində bu cür hadisələrin baş verəcəyini bildiyi üçün müsəlmanlara əvvəlcədən haqqı tapmaq məqsədilə meyar da göstərmişdi. Peyğəmbər (s) Əhli-beyti (ə) sevməyi iman nişanəsi, onlara düşmən olmağı isə münafiqlik əlaməti kimi təqdim etmişdir. Elə bu səbəbdən də demək olar ki, müsəlmanlar üçün Əhli-beyt (ə) məhəbbəti həm də iman və küfr söhbətidir. Yəni, Əhli-beyt (ə) onların imanı ilə bağlı olan məsələdir.


Muslim, Nisai, Ibn Macə, Əhməd və Tirmizi özlərinin mühüm sayılan kitablarında həzrət Əlidən (ə) belə nəql edirlər:- Peyğəmbər (s) mənimlə belə əhd edib ki, səni yalnız mömin sevər və səninlə yalnız münafiq düşmən olar.


Bəli, Əhli-beyt (ə) məhəbbəti və ya Allah eləməmiş, onlara düşmən olmaq Islamda imanla nifaqın təyin edilməsi üçün bir meyardır. Belə olan halda kimsə deyə bilərmi ki, Peyğəmbər (s) onları yalnız öz qohumları olduğu üçün bu qədər tapşırmış və müsəlmanların onları sevmələrini buyurmuşdur? Yəqin ki, heç kəs bu suala "bəli" deyə cavab verməz. Təftəzani deyir: "Peyğəmbərin (s) Əhli-beyti (ə) tapşırmasının səbəbi onların şərəfli nəsəbə malik olmaqla yanaşı, elm və təqva sifətlərinə də malik olmalarına görədir. Məgər görmürsənmi ki, Peyğəmbər (s) ümmətin zəlalətdən nicat tapması üçün onlara sarılmağı Allahın kitabı ilə yanaşı qoymuşdur? Kitabda olan elm və hidayəti götürmədən kitaba sarılmaq mənasız olduğu kimi, Əhli-beytdə (ə) olan elm və hidayəti götürmədən onlara sarılmaq mənasızdır". ("Şərhul-məqasid", cild 5, səh 303.)


Qurtubi öz təfsirində Peyğəmbərin (s) belə buyurmasını nəql edir: "Bilin, kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, dünyadan şəhid gedib. Kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, Allah mələkləri və mərhəmətini onun qəbrinin zəvvarı edər. Kim Muhəmməd (s) Əhli-beytinə kin və nifrətlə ölsə, qiyamətdə alnına "Allahın mərhəmətinə ümidi kəsilmiş" yazılmış halda gələr. Kim Muhəmməd (s) Əhli-beytinə kin və nifrətli olan halda ölsə, cənnətin ətrini duymaz. Kim Muhəmməd (s) Əhli-beytinə kin ilə ölsə, onun mənim şəfaətimdən nəsibi olmaz".


Qurtubi daha sonra deyir:- Zəməxşəri bu xəbəri öz təfsirində daha geniş şəkildə nəql etmişdir. O, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, dünyadan şəhid gedib, kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, dünyadan imanı kamil mömin kimi gedib. Bilin, kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, ölüm mələyi və sonra Nəkir və Munkər onu cənnətlə müjdələyər. Bilin, kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, onun üçün qəbrində cənnətə iki qapı açılar. Bilin, kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, Allah onun qəbrini rəhmət mələklərinin ziyarətgahı edər. Bilin, kim Muhəmməd (s) Əhli-beytinin sevgisi ilə ölsə, sünnə və icma kimi dünyadan gedib. Kim Muhəmməd (s) Əhli-beytinə kin və nifrətlə ölsə, qiyamətdə alnına "Allahın mərhəmətinə ümidi kəsilmiş" yazılmış halda gələr. Bilin. Kim Muhəmməd (s) Əhli-beytinə kin və ədavətlə ölsə, dünyadan kafir gedib. Bilin! Kim Muhəmməd (s) Əhli-beytinə kin və ədavətlə ölsə, cənnətin ətirin duymaz!"
Islam alimlərinin Əhli-beytin fəzilət və məqamını bəyan edərkən diqqət yetirdikləri digər bir məqam Peyğəmbərə (s) salavat göndərərkən Əhli-Beytə (ə) də salavat göndərilməsinin vacibliyidir.Fəxr Razi öz təfsirində deyir: "Əhli-beytə (ə) dua etmək böyük bir məqamdır və buna görə də həmin dua namazda təşəhhüdün sonunda deyilir "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vərhəm Muhəmmədən və ali Muhəmməd." bu ehtiram və təzim əhli-beytdən başqa heç kəs barəsində mövcud deyildir. Bütün bunlar Əhli-beyt (ə) sevgisinin vacib olmasına dəlalət edir".

Həmçinin, Nişapuri "Məvəddət" ayəsinin təfsirində deyir: "Peyğəmbər (s) Əhli-beytinə (ə) bu şərəf və iftixar kiyayətdir ki, bütün namazlarda təşəhhüd onları zikr etməklə və onlara salavat göndərilməsi ilə bitir".


Muhibbiddin Təbəri Cabir ibn Abdullahdan nəql edilir ki, əgər Muhəmməd (s) və onun Əhli-beytinə (ə) salavat göndərmədən bir namaz qılsam, onun qəbul olunmasını güman etmirəm.
Qazi Əyyaz "Əş-Şifa" kitabında Ibn Məsuddan Peyğəmbərin (s) belə buyurmasını nəql edir: "Kim mənə və Əhli-beytimə (ə) salavat göndərmədən namaz qılsa, onun həmin namazı qəbul olunmaz".

Bəli, bütün bunlar Əhli-beyt (ə) sevgisi barəsində edilmiş təkidlər idi. Amma bir daha xatırlatmaq istəyirəm ki, Əhli-beyti (ə) sevməyin əməldə özünü göstərməməsi həmin sevginin dəyərdən salır. Çünki, Əhli-beytin (ə) buyurduğu kəlamlara əməl etmədən, onların yolunu davam etdirmədən sevgi iddiası etmək bu iddianı edən şəxsin öz iddiasında səmimi olmamasına dəlalət edir. Çünki, əsl sevgi insanı hərəkətə gətirməli və əmələ vadar etməlidir. Bunu bizə Quran buyurur. Allah-təala "Ali-Imran" surəsinin 31-ci ayəsində Peyğəmbərə (s) Allahı sevdiklərini iddia edənlərə belə buyurmasını əmr edir: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın".


Bəli, Əhli-beyti (ə) sevən şəxs onların ardınca getməli və onları sevərək düşmənləri ilə düşmən olmalıdır.


Islam ümmətinin vəhdəti elə də əlçatmaz bir məsələ deyil və ona nail olmaq mümkündür. Sadəcə bunun üçün Allahın Qurani-Kərimdə və Peyğəmbərin (s) öz mübarək kəlamlarında buyurduqlarına müraciət etmək lazımdır. Allah-təala bizlərə hər hansı bir məsələdə ixtilafa dücar olan zaman onun həllini Allaha və Peyğəmbərə (s) həvalə etməyimizi buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğməbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin. Bu daha xeyirli və nəticə etibari ilə daha yaxşıdır".


Allah və Peyğəmbər (s) də gördüyümüz kimi, bizlərə Qurani-Kərimlə birgə Əhli-beytə (ə) sarılmağı tövsiyə edir və Əhli-beytə (ə) sarılmağı ixtilafdan amanda qalmaq amili adlandırır. Əgər biz doğrudan da Allaha və qiyamət gününə inanırıqsa, bu tövsiyələrə əməl etməli və Əhli-beytə (ə) sarılmalıyıq. Çünki, əks təqdirdə ixtilafa düçar olaraq onun içində qalmağımız labüddür və sonda Peyğəmbərin (s) buyurduğu kimi iblisin ordusuna çevriləcəyik. Ibn Abbas Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ulduzlar yer (kürəsi) əhalisinin (suda) qərq olmaqdan aman vasitəsidir (sığınacağıdır), mənim Əhli-beytim (ə) isə ixtilafdan amanda qalmaq amili. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxsa, ixtilafa düşər və Iblisin ordusuna çevrilər". (Həkim Nişapuri, Əl-mustədrək ələs-səhiheyn, cild 3, səh 149.)
Allah-təala bizləri Əhli-beyti (ə) sözün əsl mənasında sevənlərdən etsin və iblisin əsgəri olmaqdan qorusun.
Category: Tövhid | Added by: Ənfal
Views: 735 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]