Main » Files » Əqidə » Tövhid |
Islam ümməti (1)
2012-12-17, 7:48 AM | |
Vəhdət Qurani Kərimin hər bir bir müsəlman üçün vəzifə hesab etdiyi məsələlərdən biridir. Allah Təala Ali Imran surəsinin 64-cü ayəsində Peyğəmbərə (s) kitab əhlinin müsəlmanlara onların arasındakı müştərək nöqtədə birləşməyə çağırmağı əmr edərək buyurur: "Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "Indi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq." Islam ümmətinin vəhdəti məsələsi də həmişə bu ilahi dinin əsas hədəf və məqsədini dərk edən insanlar üçün diqqət mərkəzində olmuş və tarix boyu bir çox şəxsiyyətlər bu yolda mühim addımlar atmışlar. Islam ümmətinin müxtəlif məzhəblərə parçalanması gerçəklikdir və və bu parçalanmanın gerçəklik olduğunu qəbul etmədən vəhdət barəsində danışmaq əbəsdir. Belə ki, mövcud hər bir problemin həll edilməsi üçün onu yaradan səbəbləri araşdırılması ilk addımlardandır. Ən azı ona görə ki, biz özümüzdə xəstəlik hiss etməyincə onun müalicəsi istiqamətində addım atmırıq. Bəli, heç bir şeydən çəkinmədən Islam ümməti arasında bir sıra məsələlərdə ixtilafın olduğunu etiraf etmək lazımdır. Amma xöşbəxtlikdən sevindirici hal burasındadır ki, xəstəliklərin bəzisi sağalan, bəzisi isə sağalmaz olduğu kimi Islam ümməti arasındakı bu ixtilaf sağalmayan xəstəliklərdən deyil. Islam ümmətinin bir-biri ilə müştərək nöqtələri ixtilaf nöqtələrindən daha çoxdur. Bəziləri Islam ümmətinin vəhdəti məsələsini bütün sünnilərin şiə və ya bütün şiələrin dönüb sünni olması prizmasından baxırlar. Məsələyə bu cür yanaşma tərzi isə heç vaxt onun həllinə nəinki kömək etmir, hətta bəzən onun dərinləşməsinə səbəb olur. Islam ümmətinin vəhdəti onların hər birinin öz əqidə və təməl inanclarında qalmaları ilə də mümkündür. Təəssüf doğuran səbəblərdən biri də budur ki, bir çox hallarda məzhəblər arasında qalmaqal və çəkişmələrin səbəbi, məzhəb ardıcıllarının arasındakı fərqli baxışlar deyil, nadanlıq və kor təssübkeşliyin kənar amillər tərəfindən qıcıqlandırılması və Islam maarifindən xəbəri olmayan gənclərin bu işə qatılmalarıdır. Buna görə də Islam ümmətinin vəhdətinin təmin edilməsi üçün ən ağır məsuliyyət bu ilahi dinin müxtəlif məzhəblərinin alimlərinin öhtəsinə düşür. Çünki, əgər Islam maarifindən xəbəri olan həqiqi alimlər bu gözəl dini insanlara olduğu kimi çatdırsalar, ümumi kütlənin ixtilaflı hesab etdiyi bir çox məsələlərdə vəhdət hasil olar. "Ali-Imran" surəsinin yuxarıda qeyd etdiyimiz ayəsi Islam vəhdətinin gerçəkləşməsi üçün ən gözəl örnəkdir. Belə ki, həmin ayədən əvvəlki və sonrakı bir neçə ayəyə nəzər saldıqda görürük ki, Islam vəhdət deyəndə fərqli baxışlar barəsində müzakirə aparmamağı və bütünlüklə susmamağı tövsiyə etmir. Islam baxımından haqqında ayrı-ayrı düşüncələr olan məsələlər barəsində araşdırma və müzakirələr aparmalı, eyni zamanda müqəddəs hədəflərin gerçəkləşməsi üçün müştərək nöqtələrdə birləşmək lazımdır. Islam ümmətinin müştərək nöqtələri isə kifayət qədərdir və onlardan biri də Əhli-beyt (ə) sevgisidir. Əhli-beyt (ə) kəlməsi bütün Islam ümməti üçün çox tanış və eyni zamanda çox müqəddəs kəlamlardan biridir. Bu kəlmə Islam mənbələrində dəfələrlə vurğulanmış və müsəlmanlara həmin kəlmənin nümunələrinə sarılmaq tapşırılmışdır. Hər bir müsəlman üçün bu kəlməni müqəddəsləşdirən əsas səbəb Qurani-Kərimdə Əhli-beytin (ə) şəninə nazil olan ayələr və Peyğəmbərin (s) öz kəlamlarında Əhli-beyt (ə) haqqında heç bir kəs barədə işlədilməyən ifadələr işlətməsidir. Məzhəbindən asılı olmayaraq bütün təfsirçilər "Əhzab" surəsinin "Təthir" ayəsi kimi məşhurlaşmış 33-cü ayəsinin, "Şura" surəsinin "Məvəddət" ayəsi kimi məşhurlaşmış 23-cü ayəsinin, həmçinin "Ali-Imran" surəsinin "Mübahilə" ayəsi kimi tanınan 64-cü ayəsinin təfsirində Əhli-beytin (ə) kimliyi, onların fəzilət və yüksək məqamı barəsində söz açmışdır. Hər şeydən əvvəl bu kəlmənin mənası barəsində danışmaq yerinə düşərdi. Ilk öncə qeyd etmək lazımdır ki, əhli-beyt kəlməsi ərəb sözü olub "ev əhli" mənasını verir. Amma qeyd etmək lazımdır ki, bütün dillərdə olduğu kimi ərəb dilində də bir sıra kəlmələrin termin kimi daşıdığı məna, heç də hər yerdə eyni ilə onun lüğəvi mənasını vermir. Hərçənd, bu iki məna arasında bir bağlılıq və bir uyğunluq mövgud olur. Islam terminləri də bu qaydadan kənar deyil. Məsələn, ərəb dilində bizim namaz dediyimiz ibadət "salat" adlanır. Lakin salat kəlməsinin bizim qıldığımız namaz barəsindəki istifadəsi onun termin mənası baxımındandır. Salat kəlməsinin lüğəvi mənası isə "dua"-dır. Oruc, həcc, xüms, zəkat və başqa kəlmələr də belədir. Buna görə də hər hansı bir elm sahəsinə daxil olarkən onun terminləri ilə tanış olmaq ilk zərurətlərdəndir və əgər kimsə həmin sahədə işlədilən terminləri öyrənmədən ondan nəsə başa düşmək istəsə, mütləq, səhvə yol verəcəkdir. Islamda əhli-beyt kəlməsindən məqsədin nə olmasını bilmək üçün onun mənbələrini araşdırmaq, onun dilini öyrənmək lazımdır. Çünki, təkcə ərəb dili ilə kifayətlənərək Islamı başa düşməyi mümkün saymaq səhv fikirlərdəndir və belə düşünənlər yanılırlar. Çünki, Islam yalnız ərəb dilini bilməklə olduğu kimi başa düşülsəydi və bu dili bilməklə bu dinin bütün maarifini anlamaq mümkün olsaydı, onda bütün ərəblər Islamşünas olardı. Halbuki, bu, heç də belə deyildir. Lüğət kitablarına nəzər salanda belə məlum olur ki, "əhl" kəlməsinin mənası onun izafət tərkibinə girdiyi kəlmə ilə bağlı olur. Məsələn, o "qəryə" (kənd) kəlməsinə izafə edildikdə "sakin" mənasını, "Əl-kitab" (kitab) kəlməsinə izafə edildikdə "kitabı oxuyanlar və ona tabe olanlar", "ər-rəcül" (kişi) kəlməsinə izafə edildikdə isə onun yaxın adamları, qohumları və xas adamları və həmin şəxsi nəsəb və dinin bir yerə topladığı şəxslər mənasını verir. Qurani-Kərimdə də bu kəlmənin müxtəlif mənalarına dəlalət edən ayələr mövcuddur. Məsələn, Allahtəala "Taha" surəsinin 132-ci ayəsində buyurur: "Vəmur əhləkə bis-səlah". Bu ayədəki "əhl" kəlməsindən məqsəd yaxın qohumlar və insana nəsəb vasitəsi ilə bağlı olan kəslərdir. Yaxud "Hud" surəsinin 46-cı ayəsində buyurulur: "Ya Nuh, innəhu ləysə min əhlik". Bu ayədə həzrət Nuha (ə) xitab olunur və onun oğlu barəsində "o sənin oğlun deyil" buyurulur. Burada "əhl" kəlməsindən məqsəd Nuhun oğlunun onun dinində, yolunda olmamasıdır. Insanın əhli-beyti deyildikdə isə onun nəsəb baxımından yaxın qohumları nəzrdə tutulur. Qurani-Kərimdə də bu kəlmə həzrət Ibrahimin (ə) övladları və nəvələri barəsində işlədilmişdir. Beləliklə, lüğəvi baxımdan araşdırarkən əhli-beyt kəlməsinin Peyğəmbərin (s) nəsəb cəhətdən yaxın qohumlarına şamil olması məlum olur. Amma, biz Qurani-Kərimdə bu kəlmənin Islam Peyğəmbərinin (s) qohumları barəsində işlədilmə yerinə baxanda Həzrətin (s) bu kəlməni daha məhdud çərçivəyə şamil etməsinin şahidi oluruq. Əgər Peyğəmbər (s) "Təthir" ayəsi nazil olan zaman və ondan sonrakı hadisələrdə əhli-beytin kimliyini məxsus şəkildə aydınlaşdırmasaydı, həmin kəlmədən onun sırf lüğəvi mənasını başa düşmək olardı. Amma ayənin məqsədi onun sırf lüğəvi mənası olmadığı üçün və Peyğəmbər (s) ondan lüğəvi mənasının başa düşülməməsi üçün Islam ümmətinə əhli-beytin məxsus nümunələrini müəyyən etmiş və həm əməldə, həm də mübarək kəlamı ilə bunu müsəlmanlar üçün açıqlamışdır. Islam məzhəblərinin hamısı Əhli-beytə (ə) ehtiram və məhəbbət göstərilməsini vacib hesab edir. Müsəlmanların Peyğəmbər (s) Əhli-beytinə (ə) məhəbbətinin bir neçə səbəbi vardır. Onlardan biri Allah-təalanın Qurani-Kərimdə Əhli-beyt (ə) barəsində nazil etdiyi ayələrdir. | |
Views: 712 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |