Bazar günü, 2024-12-22, 8:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Ilahi vəhyin hədəfi
2012-12-25, 8:29 AM
Ilahi vəhyin hədəfi


Islam aləmində geniş bəhs olunması zəruri olan məsələlərdən biri də "Imam və imamət" mövzusudur. Müxtəlif zamanlarda tarixi sənədlər əsasında söhbət açılıb, fikir mübadilələri aparılmasına baxmayaraq, kifayət qədər bu haqda danışılmamışdır. Dərin fikir və elmi bəhslərə yer verilməmişdir.


Mövcud olan şərait, insanların elm və savad baxımından gözə çarpan irəliləyişi, bundan əlavə mənəvi ehtiyacları bu barədə geniş bəhsin zərurətini göstərdiyindən bu haqda bir-iki məqalə yazılması dəryaya düşən bir qətrəyə bənzəyir.


Bütün bunlara baxmayaraq cavan nəslin islam həqiqətlərini bilməsi, ilahi lütfdən lazımınca bəhrələnməsi və islama biganə olan məzhəblərə aludə olmaması üçün, fürsət yaranarsa, ardıcıl bəhslərlə bu barədə geniş danışa və fikir mübadilələri apara bilərik.


Qədir Xum hadisəsi islam tarixində gizlədilə biləcək, ya üstündən asanlıqla keçilməsi mümkün olan məsələlərdən deyil. Məzhəbindən asılı olmayaraq islam tarixçiləri öz tarixlərində bu mövzu haqqında danışmışlar.


Hicrətin 10-cu ilində islamın əziz Peyğəmbəri (s) həcc mərasimini yerinə yetirib, ilahi vacibatı yerinə yetirmək üçün Məkkəyə yollandı. Bu həcc həzrətin həyatında sonuncu mərasim olduğu üçün "həccətül-vida" (vida həcci) adı ilə tarixdə qalmışdır.
Bu səfərdə həzrətlə həccə gedənlərin sayı 120 minə qədər qeyd olunmuşdur. Həcc mərasimi başa çatıb, hacılar geri qayıdırdı. "Cöhfə" məntəqəsinin yaxınlığında olan Qədir Xum adlanan yerə çatdıqda vəhy mələyi nazil olub peyğəmbərə dayanmaq əmrini verdi.

Peyğəmbər öz növbəsində karvanın dayandırılması, qabaqda olanların geri çağırılması və geridə qalanların çatmasını istədi. Belə bir şəraitdə (havanın çox isti və susuz bir yerdə dayanmaq) hamıda mühüm bir hadisənin baş verməsi fikrini yaratdı. Allah Rəsulu (s) buyurdu: "Allah mələyi vəhyi gətirmiş və mənə onu çatdırmağı əmr etmişdir. "Ey Peyğəmbər! Pərvərdigarından sənə nazil olanı camaata çatdır. Əgər bunu etməsən, risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan (xətərindən) saxlayar." (Maidə, 67)


Bu ayədə bir neçə nöqtəyə diqqət yetirmək lazımdır. Çatdırılası məsələnin çox mühüm olması. 1. Belə ki, əgər Allah Rəsulu (s) məsələni çatdırmasaydı, öz risalətini tamamlamamış olurdu. 2. Bu elə bir məsələ idi ki, müqabilində camaatdan təhdid və qorxu gözlənilirdi və Allah ona arxayınlıq verib qoruyacağını bildirir.


Şiə hədisləri və eləcə də əhli-sünnət alimlərinin bir çoxu bu ayənin Qədir Xumda Allahın əmri ilə peyğəmbərin Əlini (ə) möminlərin rəhbəri təyin etməsi haqqında nazil olmasını deyirlər (O cümlədən Təbəri, Əbu Nueym Isfəhani, Ibni Əsakir, Əbu Ishaq Həmiyyini, Cəlaləddin Süyuti və s. qeyd etmək olar). Peyğəmbər (s) zöhr namazından sonra (ayəni insanlara çatdırmaq məqsədilə) onun üçün hazırlanmış mənbərə qalxıb insanlardan şəhadət alaraq buyurdu: "Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlarla necə rəftar edəcəksiniz?"


Bir nəfər soruşdu: - O qiymətli iki şey nədir? Həzrət buyurdu: "Onlardan biri Allahın kitabı Quran, ikincisi isə Əhli Beytimdir. Onlar Qiyamətə qədər bir-birindən ayrılmayacaqlar. Ey insanlar Allahın kitabı və Əhli Beytimdən irəli keçməyin və geridə qalmayın ki, məhv olarsınız."


Bu zaman peyğəmbər həzrəti Əlinin (ə) əlini yuxarı qaldıraraq buyurdu: "Ey camaat! Mən hər kimin mövlası və rəhbəriyəmsə, Əli də onun rəhbəridir." Allahın Rəsulu (ə) bu cümləni üç dəfə təkrar etdi.
Hələ peyğəmbər (s) yerindən tərpənməmişdi ki, vəhy mələyi nazil olub Maidə surəsinin 3-cü ayəsini çatdırdı: "Bu gün nemətlərimi sizə tamaladım və dininizi kamil etdim."

Bu ayədə dinin kamil olması bəşəriyyətə elan olundu. Allahın Rəsulu təkbir deyib buyurdu: "Allaha şükr edirəm ki, dinin kamil nemətini sona çatdırıb, mənim risalətim və məndən sonra Əlinin vilayətinə razı olub."


Peyğəmbər yerindən çəkildi və səhabələr bir-bir Əliyə (ə) beyət edərək onu özlərinin və hər bir mömin kişi və qadının mövlası olması ilə təbrik etdilər.


Yuxarıda qeyd olunanlar tarixə qısa bir baxışdır. Əlbəttə, tarixi baxımdan Peyğəmbərin (s) Əlini özündən sonra müsəlmanlara imam təyin etməsi təkcə Qədir Xumla tamalanmır. Həzrət müxtəlif vaxtlarda dəfələrlə bu mövzuya işarə edib, Əlini özündən sonra islam aləminə rəhbərlik edərək insanların hidayət olunmasına öhdəçi olmasını bildirmişdir.


Qeyd etdiyimiz kimi bütün bu mövzular həm tarixi, həm elmi, həm də ictimai baxımdan araşdırılmalı, imam və imamətin həqiqi mənası və zəruriliyi təkcə islam aləminə deyil, bütün bəşəriyyətə çatdırılmalıdır. Islam dini ümumbəşəri din olduğu kimi, imamət də ümumbəşəri bir məsələdir. Bu iki həqiqət heç zaman bir-birindən ayrılmamış və ayrılması mümkün olan məsələ də deyildir.


Bütün insanların nicat qapısı olan Əhli Beyt və imamətdən itaət etməyə də vəd etməklə onlara bu yolda Allahdan kömək istəyirik.

ihq.az


Category: Tövhid | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]