Bazar günü, 2024-12-22, 8:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

İslam ümməti (2)
2012-12-19, 7:36 AM
İslam ümməti (2)

Bu hədisdə diqqət çəkən məqamlardan biri budur ki, Peyğəmbər (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) gələndə Ümmü Sələməyə "Tənhi ən əhləl-bəyti" (Əhli-beytimdən uzaqlaş) buyurur. Bu, bir daha Peyğəmbərin (s) öz zövcələrini Əhli-beytdən hesab etməməsini göstərir.


Ümmü Sələmədən nəql edilmiş digər bir rəvayətdə bu məsələ başqa bir şəkildə açıqlanmışdır. "Əbu Səid Ümmü Sələmədən belə deməsini nəql edir ki: Bu ayə - "Həqiqətən, Allah siz Əhli-beytdən hər cür pisliyi (çirkinliyi) təmizləmək və sizi paklığın bütün cəhətlərində pak etmək istəyir" - ayəsi mənim evimdə nazil olub və onda mən evin qapısında oturmuşdum. Mən Peyğəmbərə (s) dedim: Ey Allahın Peyğəmbəri, məgər mən Əhli-beytdən deyiləm? Peyğəmbər (s) buyurdu: Sən xeyirdəsən və sən Peyğəmbərin zövcələrindənsən.


Ümmü Sələmə deyir: Həmin vaxt Peyğəmbərin (s) evində Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) var idi".


Ibn Hauşəb əmisioğlundan nəql edir ki: "Atamla Ayişənin yanına getdim və ondan Əli (ə) haqqında soruşdum. Ayişə dedi: Sən məndən Peyğəmbərin (s) insanlar içərisində ən çox sevdiyi şəxs, o həzrətin qızının əri və ən çox sevdiyi adam barəsində soruşursan? Mən Peyğəmbərin (s) Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyni (ə) çağırıb onların üstünü örtərək - "Allahım, bunlar mənim Əhli-beytimdir! Çirkinliyi onlardan uzaqlaşdır və onları pak-pakizə et" - deməsinin şahidi olmuşam. Həmin vaxt Peyğəmbərə yaxınlaşaraq - Mən də sənin Əhli-beytindənəm? - deyə soruşdum. Peyğəmbər (s) buyurdu: Uzaq ol. Sən xeyirdəsən." (Ibn Kəsir "Təfsir Əl-Quran əl-Əzim", cild 3, səh 493-494)


Bu mənada olan hədislərin sayı həddən artıq çoxdur. Onların hamısında Peyğəmbərin (s) Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynin (ə) üstünü əba və ya hansısa parça ilə örtərək, Əhli-beytin (ə) həmin şəxslərlə məhdudlaşdırıldığı nəql edilir.
Müsəlmanlar üçün Əhli-beyti (ə) sevməyin digər bir səbəbi Islam Peyğəmbərinin (s) özünün Əhli-beyti (ə) sevməsi idi. Axı Qurani-Kərimin buyurduğu kimi Peyğəmbər (s) hər bir müsəlman üçün ən gözəl örnəkdir. Hər bir müsəlmanın da vəzifəsi Həzrətin (s) yerinə yetirdiyi əməlləri yerinə yetirmək, tərk etdiklərini tərk etməkdir. Əgər Peyğəmbər (s) Əhli-beyti (ə) xüsusi məhəbbətlə sevirdisə, bu, hər bir müsəlman üçün də vacibdir.

Abdullah ibn Əta ibn Burəyyədən, o da atasından nəql edir ki, Peyğəmbər (s) qadınlardan ən çox Fatiməni (s.ə), kişilərdən isə Əlini (ə) sevirdi. (Sünəni-Tirmizi, Kitabul-mənaqib, hədis 3803.)


Əbu Usamə ibn Zeyd nəql edir ki: "Bir dəfə gecə bir məsələyə görə Peyğəmbərin (s) yanına getdim. O Həzrət (s) başa düşə bilmədiyim bir şeyə bürünmüşdü. Işim qurtardıqdan sonra dedim: Bu büründüyün şey nədir?


Həzrət büründüyü şeyi açdı və gördüm ki, Həsənlə (ə) Hüseyn (ə) onun qucağındadırlar. Həzrət (s) buyurdu: Bunlar mənim oğullarım və nəvələrimdir. Ilahı, mən onları sevirəm. Sən də həm onları, həm də onları sevənləri sev." (Sünəni-Tirmizi, Kitabul-mənaqib, hədis 3702. Buxari "Kitabul-mənaqib", hədis 3464. "Musnədi-Əhməd", "Musnədul-ənsar", hədis 20827.)


Suməy ibn Uməyr Təymi nəql edir ki: "Əmməm ilə Ayişənin yanına getdim və ondan Peyğəmbərin (s) ən çox kimi sevdiyini soruşdum.


Ayişə dedi: Fatimə (s.ə)


-Bəs kişilərdən ən çox kimi sevirdi?


-Fatimənin ərini." (Sünəni-Tirmizi. Kitabul-mənaqib, hədis 3809.)


Peyğəmbərin (s) Əhli-beytə məhəbbətini kökü isə təkcə həzrətin (s) qohumluq əlaqələri deyildi. Əsas səbəb Əhli-beytin (ə) Allahın sevimli bəndələri olması idi.


Tirmizi "Sünən" kitabının kitabul-mənaqibində 3655-saylı hədisdə Ənəs ibn Malikdən nəql edir: "Peyğəmbərin (s) yanında bir quş var idi. Həzrət (s) buyurdu: Ilahi, ən sevimli bəndəni mənim yanıma gətir bu quşu mənimlə yesin.


Həmin vaxt Əli (ə) gəldi və birlikdə yedilər."


Digər bir hədisdə isə belə rəvayət edilir ki: Peyğəmbər (s) Həsən (ə) və Hüseynin (ə) əlindən tutaraq buyurdu:- Kim məni, bu ikisini, onların atasını və anasını sevsə, qiyamət günü mənimlə bir dərəcədə olar". (Sünəni-Tirmizi. Kitabul-mənaqib, hədis 3666. Musnədi-Əhməd, hədis 543.)


Bu hədis bir daha göstərir ki, Əhli-beyti (ə) sevmək özünü əməldə də göstərməlidir. Əgər Peyğəmbər (s) Əhli-beyti (ə) sevən şəxsin Həzrətlə (s) bir məqamda olacağını buyurursa, bu o deməkdir ki, Əhli-beyti (ə) sevən şəxs qəlbində məhəbbət olmaqla yanaşı, əməldə də həmin şəxslərə tabe olmalı, onların buyurduqları yol ilə getməlidir. Əks halda, "Mən də Əhli-beyti (ə) sevirəm" iddiası ilə Peyğəmbərlə (s) bir məqama qalxmaq qeyri-mümkündür.


Peyğəmbər (s) "Təthir" ayəsindəki Əhli-beyt (ə) kəlməsindən məqsədin kimlər olmasını ayə nazil olan zaman müəyyənləşdirdikdən sonra, bu məsələnin müsəlmanlar arasında daha yaxşı məlum olması üçün digər bir üsuldan da istifadə etmişdir. Belə ki, Həzrət (s) bəzi rəvayətlərə görə altı ay, bəzi rəvayətlərə görə yeddi ay, bəzi rəvayətlərə görə isə on yeddi ay namaz vaxtları Əli (ə) və Fatimənin (s.ə) qapısına gələrək onlara -Əhli-beyt - deyə xitab etmiş və barələrində "Təthir" ayəsini oxumuşdur.


Ibn Kəsir "Təthir" ayəsinin təfsirində Ənəs ibn Malikdən nəql edir ki: Peyğəmbər (s) altı ay ərzində sübh namazına gedəndə Fatimənin (s.ə) qapısından keçir və buyurardı: "Namaz, ey Əhli-beyt! Allah siz Əhli-beytdən çirkinliyi yox etmək və sizi pak-pakizə etmək istəyir." (Ibn Kəsir, "Təfsir əl-Quran əl-Əzim", cild 3, səh 492. Təbərani, "Əl-Mucəmul-Kəbir", cild 3, səh 56.)


Bəzi rəvayətlərdə Peyğəmbərin (s) bu işi doqquz ay ərzində görməsi də rəvayət edilmişdir. (Əbu Məhəmməd Əbd ibn Həmid, "Muntəxəb Musnəd Əbd ibn Həmid", səh 173.)


Əbu Bərəzədən belə nəql edilir ki: Mən Peyğəmbərlə (s) on yeddi ay namaz qıldım. O Həzrət (s) evdən çıxıb Fatimənin qapısına gələrək buyurardı: "Salam olsun sizə! Allah siz Əhli-beytdən çirkinliyi yox etmək və sizi pak-pakizə etmək istəyir." (Nurəddin Heysəmi, "Məcməuzzəvaid və mənbəul-fəvaid", cild 9, səh 169.)


Qurani-Kərimdə Əhli-beyt (ə) sevgisini açıq-aşkar açıqlayan ayələrdən biri də "Şura" surəsinin 23-cü ayəsidir. Allah-təala həmin ayədə buyurur: "De:- Sizdən bunun (Ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində məhəbbətdən başqa bir muzd istəmirəm".


Ibn Abbasdan rəvayət edilmişdir ki: "Sizdən bunun (Ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində məhəbbətdən başqa bir muzd istəmirəm" - ayəsi nazil olan zaman Peyğəmbərdən (s) - Ey Allahın Peyğəmbəri (s), məhəbbəti bizə vacib olan yaxınların kimlərdir? - deyə sual olunduqda o Həzrət (s) buyurdu:- Əli (ə), Fatimə (s.ə) və onların övladları. (Nurəddin Heysəmi, "Məcməuz-zəvaid və mənbəul-fəvaid", cild 7, səh103. Təbərani, "Əl-Mucəm əl-Kəbir", cild 11, səh351. Abdullah ibn Əhməd "Şəvahidut-tənzil liqəvaidut-təfzil fi ayatun fi Əhlil-bəyt (ə)", cild 2, səh 191. Cəlaləddin Süyuti "Əd-durrul-mənsur", cild 6, səh 7. Muhəmməd Şaukani "Fəthul-qədir", cild 4, səh 537.)


Əhli-beytə (ə) məhəbbətin risalətin muzd və əvəzi olması çox zərif və incə bir məsələdir. Belə ki, əslində ümmət heç bir vəchlə Peyğəmbərin (s) risalətinin əvəzini verə bilməz. Lakin, məsələ burasındadır ki, əgər müsəlmanlar Əhli-beytə (ə) məhəbbət göstərsələr və onların yolu ilə getsələr, risalətin əvəzini Peyğəmbərin (s) çəkdiyi zəhməti itirməməklə çıxmış olurlar. Yəni əgər ümmət Əhli-beytə (ə) məhəbbət göstərsə və onların yolu ilə getsə, bu, Peyğəmbər (s) üçün ən yaxşı muzd və əvəzdir. Çünki, Peyğəmbərin (s) yeganə hədəf və məqsədi insanları Allah yoluna dəvət etmək və beləliklə də bəşəriyyəti dünya və axirət səadətinə qovuşdurmaq idi. Ümmətin Əhli-beytə (ə) sarılması da təbii ki, Həzrətin (s) kəlamlarında da buyurulduğu kimi, bu hədəflərin gerçəkləşməsi istiqamətində ən yaxşı vasitədir.


Əhli-beytin (ə) yüksək məqamına dəlil kimi istinad edilən məşhur ayələrdən biri də "Ali-Imran" surəsinin "Mübahilə" ayəsi kimi məşhur olan 61-ci ayəsidir. Allah-təala buyurur: "Sənə elm gəldikdən sonra onun barəsində səninlə mübahisə edən kəsə de: Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq, sonra bir-birimizə qırğın edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq".


Müfəssirlər bu ayənin təfsirində Peyğəmbərin (s) Nəcran xaçpərəstləri ilə olan mübahisəsini və Allahın əmri ilə onları mübahiləyə, yəni qarşılıqlı lənətləməyə çağırmasını və həmin iş üçün həm özünə və həm də Allah dərgahına ən yaxın adamlar olan Əhli-beyti (ə) aparmışdır. (Muhəmməd ibn Əhməd Qurtubi "Əl-Came-liehkamil-Quran", cild 4, səh 104. Cəlaləddin Süyuti "Təfsirul-cəlaleyn", səh 74. Cəlaləddin Süyuti "Əd-durrul-mənsur", cild 2, səh 39. Muhəmməd ibn Əli əş-Şaukani "Fəthul-qədir", cild 1, səh 347. "Təfsirut-Təbəri", cild 3, səh 212. Hakim Nişapuri "Əl-Mustədrək ələs-səhihəyn", cild 3, səh 150. Ibn Hacər Əsqəlani "Fəthul-Bari fi şərhi Səhih əl-Buxari", cild 7, səh 60."

Müslim özünün "Səhih" kitabında 4420 saylı hədisdə nəql edir ki: "Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı…" ayəsi nazil olan zaman Peyğəmbər (s) Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyni (ə) çağırdı və dedi: "Allahım, bunlardır mənim Əhli-beytim!"

ihq.az


Category: Tövhid | Added by: Ənfal
Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]