Main » Files » Əqidə » Tövhid |
Din və məzhəbin əsaslari
2012-12-17, 7:40 AM | |
Din və məzhəb əsasları beş hissədən ibarətdir: Tövhid, Ədl, Nübuvvət, İmamət və Məad. 1-Tövhid: Tövhid, Allah-taalanın vahid və yeganəliyi və Onun heç bir şərikinin olmamasından ibarətdir. Bəzi insanlar heyvan, büt və ya ulduzlara, bəziləri isə insana ibadət edərək, onu Allah adlandırırlar. Digər insanlar da müxtəlif məbudlara sitayiş edərək yağış, günəş, əkinçilik, məhəbbət, müharibə, xeyir, şər və s. bu kimi işlər üçün xüsusi «allahlar» təsəvvür edirlər. Belə şəxslər «müşrik» adlanırlar. İslam, tövhid dinidir. Həqiqətən Allah-taala bütün elçi və peyğəmbərlərini yalnız Allahın yeganəliyi və şəriksiz olduğunu insanlara çatdırmaq üçün göndərmişdir. Əgər Allah üçün bir şərik olsaydı, o da öz peyğəmbərini göndərərdi. Həzrət Əmirəl-möminin İmam Əli (ə) İmam Həsən Müctəbaya (ə) buyurmuşdur: «Oğlum! Bil ki, Rəbbinin bir şəriki olsaydı, şübhəsiz o da öz peyğəmbərini göndərərdi.» Allahdan başqa heç bir şeyə və şəxsə ibadət və itaət etmək olmaz. Çünki vahid olan Allahdan başqa heç bir məbud yoxdur. 2-Ədl (Ədalət): Ədl sözündən məqsəd, Allah-taalanın xalqı yaratmaqda, onlara ruzi verməkdə və axirət həyatında pis işlər müqabilində günahkarların cəzalandırılmasında və bu kimi qalan işlərdə ədalətli olmasıdır. Amma dünyada müşahidə etdiyimiz zülm və ədalətsizliklər, xalqın ilahi dinə iman gətirib, onu icra etməkdən boyun qaçırmalarının nəticələridir. Allah-taala buyurur: «Həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özlərinə zülm edirlər!» (Qeyd etmək lazımdır ki, bu əsas, Əhli-beyt (ə) məzhəbinin prinsiplərindən sayılır). 3-Nübuvvət: Nübuvvət, Allah-taalanın bəşəriyyəti hidayət etmək üçün peyğəmbərlər göndərməsi, həmçinin hidayət, ədalət və səadət olan dini onlara vəhy etməsindən ibarətdir. Tarixin əvvəlindən Allah-taala tərəfindən yüz iyirmi dörd min peyğəmbər göndərilmişdir ki, onların sonuncusu əziz peyğəmbərimiz həzrət Məhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm)-dir. O həzrət (s) sonuncu ilahi peyğəmbər olduğu üçün, İslam dini də sonuncu din, Quran isə sonuncu səmavi kitab sayılır. Peyğəmbərlərə iman gətirib onlardan itaət edənlərin sayı çox az olmuşdur və onlar kafirlər tərəfindən müxtəlif əzab-əziyyətlərə məruz qalmışlar.Lakin bütün bunlarla yanaşı o ilahi şəxsiyyətlər daim səbrli olub, Allah yolunda yorulmadan çalışmış və nəticədə Allah-taala onlara kömək etmişdir. Necə ki, İslam Peyğəmbəri (s) və ona iman gətirənlər bu yolda səbr etmiş və Allah-taala da onların kafirlər üzərində qələbə çalmasına və ilahi ədaləti bərqərar etməsinə yardımçı olmuşdur. Daş, torpaq və kəsək olduqca çox, qiymətli daş-qaşlar isə həddindən artıq azdır. Möminlər cəmiyyətin meyvələri, dəyərli və bahalı daş-qaşları kimidir. Allah-taala buyurur: «...Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükr etməz!» Qurani-kərimdə «xalqin çoxu» haqda bir çox mənfi ifadələr işlənmişdir: «…Lakin xalqın çoxu bilmir.» «…Lakin xalqın çoxu iman gətirmir.» «…Lakin xalqın çoxu haqdan ikrah edəndir.» «…Onların çoxu fasiqdir.» «…Onların çoxu öz ağlını işlətmir.» 4-İmamət: Əziz Peyğəmbərimiz (s) özündən sonra Əli ibn Əbi Talib (ələyhis-səlam)-ı və daha sonra ardıcıl olaraq onun on bir övladını İslam ümməti üçün İmam və rəhbər təyin etmişdir. Çünki İslam peyğəmbəri həzrət Məhəmməddən (səlləllahu ələyhi və Alihi və səlləm) sonra xalqı o həzrətin (s) peyğəmbərliyinə hidayət edən, İslam ədaləti və qayda-qanunlarını həyata keçirən məsum bir rəhbərə ehtiyac vardır. (Bu əsas da məzhəb prinsiplərindən sayılır). Allah-taala tərəfindən təyin olunan məsum İmamlar aşağıdakılardan ibarətdir: 1-İmam Əli (ə); Rəcəb ayının 13-ündə dünyaya gəlmiş və Ramazan ayının 21-ində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İraqın Nəcəf şəhərində yerləşir. 2-İmam Həsən Müctəba (ə); Ramazan ayının 15-ində anadan olmuş və Səfər ayının 28-ində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir. 3-İmam Hüseyn (ə); Şəban ayının 3-ündə dünyaya gəlmiş və Məhərrəm ayının 10-unda şəhid edilmişdir. Məzarı İraqın Kərbəla şəhərində yerləşir. 4-İmam Zeynəl-abidin (ə); Cəmadiyəl-əvvəl ayının 15-ində dünyaya göz açmış və Məhərrəm ayının 25-ində şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir. 5-İmam Məhəmməd Baqir (ə); Rəcəb ayının 1-ində dünyaya gəlmiş və Zil-hiccə ayının 7-sində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir. 6-İmam Cəfər Sadiq (ə); Rəbiul-əvvəl ayının 17-sində dünyaya göz açmış və Rəcəb ayının 25-ində şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir. 7-İmam Musa Kazim (ə); Səfər ayının 7-sində dünyaya göz açmış və Rəcəb ayının 25-ində şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərində yerləşir. 8-İmam Rza (ə); Zil-qədə ayının 11-ində anadan olmuş və Səfər ayının 30-unda şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İranın Məşhəd şəhərində yerləşir. 9-İmam Cavad (Məhəmməd Təqi) (ə); Ramazan ayının 19-unda anadan olmuş və Zil-hiccə ayının 5-ində şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərində yerləşir. 10-İmam Hadi (Əliyyən-Nəqi) (ə); Zil-həccə ayının 10-unda dünyaya göz açmış və Rəcəb ayının 3-ündə şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İraqın Samirra şəhərində yerləşir. 11-İmam Həsən Əskəri (ə); Rəbiüs-sanı ayının 8-də dünyaya göz açmış və Rəbiül-əvvəl ayının 8-ində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İraqın Samirra şəhərində yerləşir. 12-İmam Məhəmməd ibnil-Həsən əl-Mehdi (ə); O həzrət (ə) hicri tarixi ilə 255-ci ilin Şəban ayının 15-də dünyaya göz açmış və hal-hazırda da diridir. O həzrət (ə) müəyyən məsləhətlərə əsasən xalqın gözünə görünmür və Allah-taala məsləhət bildiyi vaxt zühur edib, İslam dinini bütün dünyada hakim edəcəkdir. Onlar Allah yolunda çalışaraq xalqa İslamı öyrədir, böyük alimlər və möminlər yetişdirir, azğınlarla mübarizə apararaq, ilahi dinin qorunması yolunda hətta öz canlarını belə fəda edirdilər. Həzrət Peyğəmbərdən (s) sonra bir çox hadisələr baş vermiş və imamlar arasında yalnız həzrət Əli (ə) və daha sonra az bir müddət ərzində həzrət imam Həsən Müctəba (ə) İslam hakimiyyətinə yiyələnmişdir. Səkkizinci imam həzrət Rza (ə)-a gəldikdə isə, qeyd etməliyik ki, xəlifə Məmun özündən sonra o həzrəti (ə) canişin təyin etməyə məcbur oldu, lakin az keçmədi ki, o həzrətə (ə) qarşı zülm edib onu şəhid etdi. Həzrət imam Mehdi (ə) isə Allah vədə verdiyi zaman gəlib çatdiqda, qiyam edərək İslam dinini dünyaya yayacaq və həzrət Peyğəmbərin (s) bu müjdəsini həyata keçirəcək: «Mehdi mənim Əhli-beytimdəndir, adı isə mənim adımdır. Allah-taala onun vasitəsi ilə yer üzünü zülm bürüdükdən sonra ədalətlə dolduracaqdır.» Həqiqətən Allah-taala hər bir şeyə qadirdir. O, Məryəm oğlu İsa (ə)-ı asimana aparmışdır, iki min ilə yaxındır ki, onu diri saxlayır və məsləhət bildiyi vaxt yer üzünə qaytaracaqdır. Həmçinin Xızr (ə)-ın ömründən min illər ötməsinə baxmayaraq, indiyədək sağ-salamatdır. O, gözlərə görsənmir və İmam Mehdi (ə)-la birgə yaşayır. Biz isə onların harada qaldıqlarını və hara getdiklərini bilmirik. İslam Peyğəmbərinin (s) buyurduğuna əsasən, həzrət İsa (ə) və Xızr (ə), İmam Mehdi (ə)-ın köməkçilərindən olacaqlar. 5-Məad: Ölümdən sonrakı həyat, axirət dünyası, məhşər, sorğu-sualı və digər şeylərdən ibarətdir. Həqiqətən insan, dünyasını dəyişərkən, yalnız onun cismi ölür, ruhu isə diri qalaraq axirət həyatını davam etdirir. İnsan, Qiyamət günü gəlib çatdıqda yenidən dirilərək sorğu-sual üçün Allah-taala hüzuruna gətiriləcək, o zaman yerlər və göylər dəyişdiriləcək, bədənlərimiz otlar kimi yerdən qalxacaq və ruhlarımız öz bədənlərinə qayıdacaqlar. Belə ki, ata-anamız olan Adəm və Həvva (əleyhiməs-salam)-dan başlayaraq bəşəriyyətin sonunadək hamı torpaqdan qalxacaqdır. Daha sonra Allah-taala xalqın hamısından etdikləri əməllərin hesabını çəkəcək və hesab başa çatdıqdan sonra möminləri Cənnətə, kafirləri isə Cəhənnəmə ötürəcəkdir. Mənim əzizlərim! Hər bir insan gördüyü işlər haqqında sorğu-suala tutulacaq və nəticədə layiq olduğu cəza və ya mükafata yiyələnəcək. Ona görə də həddindən artıq diqqətli olmalı, daim yaxşı işlər görməli və pis işlərdən çəkinməliyik. Allah-taala müqəddəs Quranda buyurur: «O gün insanlar əməllərinin özlərinə göstərilməsı üçün (qəbrlərdən məhşərə) dəstə-dəstə çıxacaqlar…! Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir).» | |
Views: 751 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |