Main » Files » Əqidə » Tövhid |
ALLAHIN ZATI HAQQINDA ANLAYIŞ
2013-04-02, 6:28 AM | |
Bəşər cəmiyyəti Allahın gözlə görünməyən zatını dərk etməyə qadir deyil. Bu barədə fikirləşən, heyrət və sərgərdanlıqdan, azğınlıqdan başqa bir şey qazanmaz. "Qeybi huviyyət”, "qeybi zat”, "zat məqamı”, "zat mərtəbəsi”, bəzən də ("ünəqa” və "qeybül-qüyub” – "qeyblərin qeybi” kimi) başqa sözlərlə ifadə olunan ilahi zat mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O istər məfhumi, istərsə də xarici nümunə baxımından konkretləşmədən pakdır. Onun nə adı var, nə əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan məhdudlaşır; nə bir konkretləşmə ilə, nə də o konkretləşmə olmadan konkretləşir; hətta mütləqlik və konkretləşmənin olmaması ilə ona şərt qoyulmur. Çünki şərt və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır. Allahın zat məqamı onların hamısından pakdır. Lakin Onun bütün ad və sifətləri zat məqamından təsirlənib, təcəlla məqamında aşkarlanır. Buna görə də, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər bu barədə fikirləşsələr, heyrət içində qalar, yaxud azğınlığa düşərlər. Nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qurani-kərimdə buyurulur: "(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.” ("Taha” surəsi, ayə: 110.) ALLAHIN ZATI HAQQINDA FİKİRLƏŞMƏK İnsan Allahın zatından başqa hər şeyi dərk edə bilər. Onun zatı hər şeydən üstündür və öz məxluqudur. Hətta "işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür–istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, konkretləşməyən zata neçə işarə etmək olar? Məhz bu səbəbdən də Allah-taalanın zatı haqqında fikirləşmək qadağan olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: "Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”("Tövhid”, Şeyx Səduq, "tövhid və nəfyut-təşbih” bölümü, səh.34. ) Hətta əql və eşq bir-birinə qoşulub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyrət və sərgərdan vəziyyətdə qalaraq, heç bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərinə etiraf edəcəklər. Dua edən "dua”, ibadət edən "ibadət”, zikr edən "zikr”, arif "irfan” məqamında Allahın adları zahir olan zaman Onun həqiqi zatına üz tutur. Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.(Bax: "Məqalat”, Məhəmməd Şücayi, 3-cü cild, səh. 187-191.) QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN ALLAH Allah-taala barəsində dəqiq, əhatəli və aydın tərif bəyan edən Qurani-kərim Onu bizə yalnız adları və sifətləri ilə tanıtdırır. Qurani-kərim Allah-taalanı adları və sifətləri vasitəsilə ən kamil həddə təqdim etmiş, alim və geniş mərhəmət sahibi,("Bəqərə” surəsi, ayə: 115. ) tez hesab çəkən, diri və əbədi,("Ənam” surəsi, ayə: 62; "Taha” surəsi, ayə: 111. ) uca, böyük və haqq,("Loqman” surəsi, ayə: 30. ) əzəmət və kərəm sahibi("Ər-rəhman” surəsi, ayə: 27. ) hər şeydən ehtiyacsız("İxlas” surəsi, ayə: 2. ) sifətləri ilə vəsf etmişdir. Qurani-kərim nöqteyi-nəzərindən Allah hər şeydən ucadır;("Taha” surəsi, ayə: 114. ) yəni bizim təsəvvür etdiyimiz hər şeydən üstündür və heç vaxt Onun həqiqətini, cəlal və camal sifətlərini olduğu kimi dərk etməyə qadir deyilik.("Ənam” surəsi, ayə: 100. ) Allah təkdir,("İxlas” surəsi, ayə: 1; "Nəhl” surəsi, ayə: 15. ) onun tayı-bərabəri, bənzəri, oxşarı("Şura” surəsi, ayə: 11.) və özündən başqa heç bir məbud yoxdur.("Ali-İmran” surəsi, ayə: 18. ) Allah varlıq aləminin və kainatın həqiqi padşahıdır. O, hər nöqsandan pak, müqəddəs, salamatlıq və əmin-amanlıq bəxş edən, əziz, islahatçı və böyüklüyə layiq, yenilməz qüdrət sahibi("Həşr” surəsi, ayə: 23) və hər şeyə qadirdir.("Bəqərə” surəsi, ayə: 284. ) Allah bağışlayan və mehribandır. Bu iki sifət Onda elə bir həddə əks olunmuşdur ki, Quranın bütün surələri bu iki sifətlə – "Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır. O, bəndələrinə qarşı mehriban və rəhmli olmağı Özü üçün əzəldən zəruri etmişdir!("Ənam” surəsi, ayə: 12. ) Allah-taalanın əzəməti, böyüklüyü və kərəmi son həddədir. O, insana boyun damarından da yaxındır. İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslərədək hər şey Allaha məlumdur.("Qaf” surəsi, ayə: 16. ) Allah yenilməz qüdrət və qüvvət,("Qafir” surəsi, ayə: 3; "Ənfal” surəsi, ayə: 8. ) nemət,("Qafir” surəsi, ayə: 3. ) rəhmət("Ənam” surəsi, ayə: 123. ) və böyük fəzilət sahibi("Ali-İmran” surəsi, ayə: 74. ) , tövbələri qəbul edən,("Bəqərə” surəsi, ayə: 37; "Ali-İmran” surəsi, ayə: 8. ) insanları sevəndir.("Büruc" surəsi, ayə: 14. ) Allah-taala kainatı, göyləri və yeri yaradan,("Həşr” surəsi, ayə: 24; "Ənam” surəsi, ayə: 14. ) ixtiyar sahibi, aləmlərin Rəbbi, maliki və idarəedicisidir.("Fatihə” surəsi, ayə: 2.) Onun yaradılışda, hakimiyyətdə, hökm etməkdə, rübubiyyətdə, şəfaətdə, ümumiyyətlə heç bir sahədə şəriki və bənzəri yoxdur.("Ənam” surəsi, ayə: 57, 162 və 164; "Zümər” surəsi, ayə: 44. ) Bütün insanlar Allaha möhtacdır. Allah isə ehtiyacsızdır. O, insanların ibadətinə belə möhtac deyil. Allah şükrə, tərifə layiqdir, Onun bütün işləri bəyəniləndir.("Fatir” surəsi, ayə: 15.) Allah-taalanın rəhmət və qüdrəti genişdir, insanlara istədiyi kimi əta edir, ruzi verir.("Maidə” surəsi, ayə: 64. ) O hər yerdə bizimlədir və hər işimizdən agahdır.("Hədid” surəsi, ayə: 4. ) Bir sözlə, hər tərəfə üz tutsaq, Allah oradadır.("Bəqərə” surəsi, ayə: 115. ) O, duaları eşidən, qəbul edəndir.("Qafir” surəsi, ayə: 60. ) | |
Views: 929 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |