Bazar günü, 2024-12-22, 7:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Allahın varlığının isbatı (2)
2013-04-03, 9:30 AM
Allahın varlığının isbatı (2)
ALLAHIN İSBAT OLUNMASINDA BU METODDAN NECƏ İSTİFADƏ EDİRİK?

Ehtimal əsasında olan istiqrai (eksperimental) dəlillər ümumi şəkildə məlum olduqdan, onun istifadə olunma yerlərindən bir neçə nümunə təqdim etdikdən və onu qiymətləndirdikdən sonra, Allahın isbat olunması üçün də həmin metoddan istifadə edəcəyik. Burada da gətirilən dəlil beş mərhələdə bəyan olunur:
Birinci mərhələ: Biz yaradılış aləmində baş verən hadisələrin, çoxlu heyrətləndirci varlıqların arasında, eləcə də bir canlı varlıq kimi insanın ehtiyacları ilə onun həyat imkanları arasında elə dəqiq bir mütənasiblik görürük ki, bu şeylərdən hər birinin azacıq dəyişdirilməsi insan həyatının yer üzündən birdəfəlik silinməsinə, yaxud heç olmazsa, iflic vəziyyətə düşməsinə səbəb olar.
Burada numunə üçün, bəzi mətləbləri bəyan edirik:
Yer günəşdən istilik (enerji) alır. Həyatın davam etdirilməsi, canlı varlıqların ehtiyaclarının təmin olunması üçün bu enerji tamamilə kafi və dəqiq bir hesab-kitab üzündəndir. Hal-hazırda elmdə sübut olunmuşdur ki, Yerin günəşdən olan məsafəsi, Yerdəki yaşayış üçün münasib olan hərarətlə tam uyğundur. Bu məsafə iki dəfə artsaydı, həyat üçün lazım olan istilik yaranmazdı. Əgər bu məsafə iki dəfə azalsaydı, istilik iki qat artar və nəticədə yaşamaq mümkün olmazdı.
Yer kürəsinin üst qatının - yer qabığının su və quru hissələrinin əksəriyyətində oksigen vardır. Bu qaz onların hamısının tərkibində oksidləşmiş halda mövcuddur. Yerdəki suların 80%-ni oksigen təşkil edir. Oksigenin başqa maddələrlə birləşib oksidləşməsinə qabil olmasına baxmayaraq, havada da azad şəkildə mövcuddur. Havada qaz şəklində olan oksigen bütün canlıların həyatının davam etməsi üçün zəruridir. Çünki hansı növ olmasından asılı olmayaraq bütün canlılar həyatlarını davam etdirmək üçün oksigenə möhtacdır. Əgər oksigenin hamısı başqa maddələrlə birləşib oksidləşsəydi, oksigen qurtarar və həyatın davam etməsi mümkün olmazdı. Elmdə sübut olunmuşdur ki, atmosferdə mövcud olan oksigenin miqdarı insan həyatı üçün lazım olan şəraitlə tam müvafiqdir. Yəni atmosferin 21 %-ni oksigen təşkil edir. Əgər oksigenin faizi bundan artıq olsaydı, yeri əhatə edən atmosfer qatında daim yanğınlar baş verərdi. Əgər həmin miqdardan az olsaydı, yaşamaq qeyri-mümkün, yaxud olduqca çətin olar, lazım olanda hər hansı bir şeyi yandırmaq mümkün olmazdı.
Təbiətdə müəyyən hadisələr tarix boyu milyonlarla dəfə təkrar olunur, nəticədə oksigenin miqdarı sabit qalır. Bütün canlılar, xüsusilə insan tənəffüs zamanı oksigeni alıb oksidləşmiş karbon qazını buraxırlar. Oksigen qanla qarışaraq bədənin bütün hüceyrələrinə və toxumalarına çatır, orada gedən maddələr mübadiləsi zamanı baş verən kimyəvi reaksiyalara təsir qoyur. Bu reaksiyalar nəticəsində karbon-oksid əmələ gəlir, bu da ağ ciyərin vasitəsi ilə xaricə ötürülür. Beləliklə, insan və sair canlılar həmişə oksidləşmiş karbon istehsal edərək havaya buraxırlar. Bu da bitkilərin həyatına təminat verən qazdır.
Bitkilər də öz növbəsində karbon-oksidini udaraq onu parçalayıb oksigen şəklində havaya buraxır, yenidən havada oksigenin miqdarı bərpa olunur və canlılar üçün nəfəs almağa imkan yaranır. Heyvanlarla bitkilər arasında baş verən qaz mübadiləsi oksigenin miqdarının sabit vəziyyətdə qalmasına səbəb olur. Əgər bu proseslər olmasaydı, oksigenin miqdarı azalar, insan və heyvanların yaşaması qeyri-mümkün olardı. Qazlar mübadiləsi təbiətdə baş verən minlərlə reaksiyanın nəticəsidir ki, bunların hamısı həyat ilə tamamilə münasib olan vasitələri yaradırlar.
Xüsusi çəkisi nisbətən ağır olan və donuşluq vəziyyətinə çatan azot qazı oksigenlə qarışıb yüngülləşir və havada istifadə olunacaq tərzdə paylanır. Elmi tədqiqatlar göstərir ki, atmosferdə azad qaz şəklində olan azotla oksigenin miqdarı bir-biri ilə tam mütənasibdir. Yəni oksigenin miqdarı o qədərdir ki, azotu yüngülləşdirərək istifadə olunmağa qabil edir. Əgər oksigen artıb, azot isə azalsaydı həyat üçün lazım olan şərait hasil olmazdı.
Yer kürəsini əhatə edən atmosfer qatı müəyyən keyfiyyət və kəmiyyətə malikdir, ondan heç bir zərrə artıb və ya azalmır. Bu miqdar da insanın yer üzərində həyat sürməsi üçün lazım olan şərtlərlə tam mütənasibdir. Əgər havanın miqdarı artsaydı və ya azalsaydı həyat qeyri-mümkün, yaxud olduqca çətin olardı. Çünki onun artması atmosfer təzyiqinin çoxalmasına səbəb olar və insan bu təzyiqə dözə bilməzdi. Azaldıqda isə kosmik daşlar, meteoritlər çox asan şəkildə atmosfer qatına daxil olar, təbiəti və canlıları məhv edib yandırardı.
Yer qabığı karbon oksidi və oksigen qazlarını məhdud səviyyədə özünə cəzb edib hopdurur. Amma bu qazların hamısını udmur. Əgər yer qabığının qalınlığı hazırkı halda olduğundan artıq olsaydı, heç bir qaz qalmaz, hamısı yerə sorulardı, bitkilər, heyvanlar və insanlar məhv olub aradan gedərdi.
Ayla Yerin arasındakı məsafə insanın yer üzərində yaşaması ilə tam münasibdir. Əgər Ay bir qədər Yerə yaxınlaşsaydı, yerdəki qabarmalar və çəkilmələr şiddətlənər, iki qat artar və bu cazibələr nəticəsində dağlar yerindən qopa bilərdi.
Canlılarda müxtəlif qərizələr (instinkt-lər) mövcuddur. Qərizə hiss olunmayan, gözlə görünməyən bir məfhum olsa da, (əlbəttə, birbaşa müşahidə və hiss olunmur), amma qərizəvi (instinktik) rəftar adlanan şeylər çox da gizli və görünməz deyil, o, kəlam elmində tamamilə sübuta yetən və müşahidə olunandır. İnsanın, öz həyatında və eləcə də elmi təhqiqatlarda sübuta yetirdiyi minlərlə qərizəvi rəftarlar həmişə insan həyatı ilə tamamilə mütənasib olmuşdur. Bu rəftarların müəyyən hallarda olduqca mürəkkəb və dəqiq olması mümkündür, amma onları təhlil edib araşdırdıqda, hər birinin yerinə yetirdiyi funksiyanın insan həyatı ilə tam mütənasib və uyğun olduğunu görərik.
İnsan orqanizmi milyonlarla təbii hadisə və prosesi göstərir ki, onların hər birinin funksiyası, forması, başqaları ilə olan rabitələri və insan həyatında ifa etdiyi rollar tamamilə bir-birinə mütənasibdir. Misal üçün, insanın görmə üzvünü və əşyaların daha artıq hiss olunması üçün lazım olan şəraitləri nəzərə alaq. öz bəbəyi əşyaların təsvirini öz arxasındakı şəbəkənin üzərinə ötürür. Şəbəkənin özü doqquz qatdan ibarətdir. Sonuncu təbəqə milyonlarla sinir hüceyrələrinə malikdir. Onların hamısı bir-birinin ardınca və tam nəzmlə yerləşmişdir. Onların öz aralarındakı əlaqələri, eləcə də göz bəbəyinin məcmusu ilə olan əlaqələri son dərəcə dəqiqdir, hamısı insanın görmə üzvü ilə tam uyğundur.
əlbəttə, bu məsələdə xüsusi bir halı istisna etmək lazımdır. O da bundan ibarətdir ki, göz bəbəyində hər hansı şeyin şəkli tərsinə düşür. Bu da müvəqqətidir. Çünki görmə əməliyyatının bu mərhələ ilə heç bir rabitəsi yoxdur və biz əşyaları tərsinə görmürük. Tərsinə olan bu təsvirlər sinirlərin vasitəsi ilə tənzim olunaraq beyinə ötürülür və orada özünün təbii vəziyyətini alır. Məhz burada görmə əməliyyatı tamamlanır.
Gördüyümüz kimi, görmə üzvü insan həyatının asanlaşması və mümkün olaması üçün tam münasib şəkildə tənzim olunmuşdur.
Hətta təbiətdə mövcud olan gözəlliklər, ətir və işıqlıq da bəzi yerlərdə təbii hadisələr kimi, həyatın asan və mümkün olmasında mühüm rol ifa edir. Bəzi güllərdə tozlanma müəyyən həşəratların vasitəsi ilə yerinə yetirilir. Həmin güllərdə rəngin açıq və ətrin ürəyə yatan olmasının özünəməxsus gözəlliyi və cazibədarlığı müşahidə olur ki, bu da həşəratların gülə cəzb edilib tozlanma işinin yerinə yetirilməsini asanlaşdırır. Halbuki, tozlanma işi külək vasitəsi ilə yerinə yetirilən güllərin belə bir imtiyazı yoxdur.
Ümumiyyətlə, cütləşmə hadisəsində fizioloji tərkib baxımından erkəklə dişi arasında tam uyğunluq mövcuddur (istər insanlarda, istərsə də heyvanlarda və bitkilərdə). Belə ki, bu uyğunluq nəslin artırılmasına və həyatın davam etdirilməsinə təminat verir. Bu da təbiətdə həyatın asan və mümkün edilməsi ilə tam mütənasib olduğunu bəyan edir.
Əgər Allahın nemətlərini saymaq istəsəniz, heç vaxt sayıb qurtara bilməzsiniz. Allah çox bağışlayan və mehribandır. (Nəhl surəsi, 18-ci ayə)
Qeyd olunanlar birinci mərhələ ilə əlaqədar idi.
İkinci mərhələdə deyirik ki, təbiət varlıqları ilə həyat imkanlarına zəmanət verib onu asanlaşdıran vəzifələr arasında (onların sayı-hesabı yoxdur) uyğunluq və tənasüb aşağıdakı vahid bir fərziyyə ilə izah və şərh edilə bilər: varlıq aləminin hikmətli bir yaradanı olduğunu qəbul etməliyik. O, xüsusi bir hədəflə, həyatın tələbatlarını təmin etmiş və təbiətdə olan fenomenlərin öz vəzifələrini davam etdirməsi üçün lazımi şəraiti yaratmışdır. Bu fərziyyə təbiətdəki varlıqlar arasında olan qanunauyğunluqları və bağlılıqları izah edə bilər.
Üçüncü mərhələdə özümüzdən soruşuruq: əgər doğrudan da Yaradanın varlığı fərziyyəsi düzgün olmasa, onda təbiət varlıqları arasında mövcud olan bu qədər mütənasiblik və uyğunluqlar, həyatın asanlaşdırılması və s.-nin özü-özünə, heç bir hədəf olmadan yaranması ehtimalı nə dərəcədə düzgün ola bilər? Aydındır ki, belə bir böyük və əzəmətli məcmuənin təsadüf üzündən yaranması çox zəif ehtimaldır.
əvvəldə qeyd olunan misalda məktubun qardaşınızdan olmaması doğrudan da zəif ehtimaldır. Çünki misal üçün, min dənə xüsusiyyətdə oxşarlığı fərz etsək, ehtimal nəzəriyyəsi baxmından bu, son dərəcə zəif olacaqdır. Belə olan halda yaşadığımız Yer kürəsi, onda mövcud olan canlı və cansızların hədəfsiz və şüursuz maddə tərəfindən yarandığını və onların hikmətli və hədəfli Yaradanın xəlq etdiklərinə milyonlarla sifətdə oxşar olmasını necə ehtimal vermək olar?
Dördüncü mərhələdə isə inkarolunmaz şəkildə qəbul edirik ki, üçüncü mərhələdə irəli sürülən fərziyyə düzgündür. Yəni, bu kainatı hikmət sahibi olan bir Allah yaratmışdır.
Beşinci mərhələ: Bu üstün nəzəriyyə ilə üçüncü mərhələdə bəyan olunan zəif ehtimal arasında bir rabitə bərqərar etdikdə görürük ki, hökmən qəbul etməyə məcbur olduğumuz təsadüfi hadisələrin sayı nə qədər çoxalsa, üçüncü mərhələdə irəli sürülən ehtimallar da bir o qədər zəif olacaqdırTəbiidir ki, bu ehtimalın zəiflik dərəcəsi elə bir həddədir ki, hər bir elmi qanunda istinad olunan üçüncü mərhələnin ehtimallarından da çox olur. Çünki, burada və bu fərziyyənin üçüncü mərhələsində təsadüfi hesab olunan işlərin sayı, o qəbildən olan hallardan qat-qat çoxdur və təbiidir ki, belə bir ehtimal aradan getməli olur. ( Burada iki mühüm sual yaranır ki, onları da izah etməyə məcburuq: 1-Bəzi hallarda mülahizə olunur ki, istiqrai (eksperimental) üsullara əsasən hikmət sahibi olan Allahı qəbul etmək əvəzinə, ehtimal üzrə başqa bir nəzir (oxşar) qəbul edərək deyilə bilər ki: Hər bir varlığın, həyat məsələsini asanlaşdırmaqda ifa etdiyi vəzifə və rolun bir-birinə mütənasib olması, maddədə olan kor-koranə zərurətin nəticəsidir. Yəni maddə, özünün zati fəaliyyətləri və daxili ziddiyyətlərinin tələbi ilə onun üçün qarşıya gələn hadisələrin yaranmasına səbəb olmuşdur. İstiqrai dəlilin məqsədi, Yaradanın, həmin oxşar üçün verilən ehtimala üstünlük verilməsidir. }ünki, bu nəzəriyyə yalnız bir fərziyyəni – hikmət sahibi olan Allahın fərz edilməsini tələb edir. Halbuki, başqasında araşdırılan şeylərin hər birinin sayı qədər maddədə kor-koranə zərurətlər təsəvvür olunmalıdır. Buna görə də Allahın varlığı fərziyyəsi üçün oxşar bir ehtimal verilməsi çoxlu hadisələr üçün verilən bir ehtimaldır. Bu ehtimal olduqca zəif və yoxluq həddindədir. Bütün bunlarla belə, yuxarıdakı ehtimal da (hikmətli Allahın fərz olunması çoxlu hadisələri tələb etmədiyi üçün) qəbul edilə bilər. }ünki, bütün varlıqları onunla izah edə biləcəyimiz hikmətli Allah barəsində də fərz etməliyik ki, O (Allah) bütün varlıqların sayı qədər elm və qüdrətə malikdir. Beləliklə, Allahın malik olacağı elm və qüdrətlərin sayı, maddədə kor-koranə surətdə fərz olunmalı olan zərurətlərin sayı qədər olmalıdır. Belə olduqda isə Allahın varlığı fərziyyəsinin sair fərziyyələrdən nə kimi üstünlüyü olacaq? Cavabda deyirik: Bu üstünlük və imtiyaz buradan irəli gəlir ki, həmin zərurətlərin bir-biri ilə heç bir bağlılığı və asılılığı yoxdur. Yəni, onların hər biri, digərinin olub-olmamasının zərurəti ilə müqayisədə tam təsirsiz hesab olunur. Bu da ehtimal nəzəriyyəsində müstəqil hadisələr və müstəqil ehtimallar adlandırılır. Hikmətli Yaradanın varlığının fərz olunmasının tələbi ilə, sözü gedən varlıqlar üçün elm və qüdrətlər nəzərdə tutulmasına gəldikdə isə, qeyd etməliyik ki, onlar bir-birindən tam ayrı, müstəqil deyillər. }ünki, bir varlığın yaranması üçün lazım olan elm və qüdrət elə digər varlıqların yaranması üçün də lazımdır. Bu fərzə əsasən, bu elm və qüdrətlərdən hər biri başqa fərzə nisbətən, nəinki təsirsiz deyil, üstəlik onu əhatə edir və ya ən azı çox geniş miqyasda gücləndirir. Ehtimal nəzəriyyəsində deyilir ki, bu elm və qüdrətlərin məcmusu müəyyən şərtlər əsasındadır və ehtimalların hər biri başqa fərzə nəzər yetirdikdə çox güclü, əksər hallarda isə yəqin həddində olur. Əgər bu elm və qüdrətlər məcmuəsinin ehtimalını, o zərurətlərin ehtimalı ilə müqayisə edib qiymətləndirmək istəsək ehtimal nəzəriyyəsindəki vurma qanununa tabe olmalıyıq və başqa üzvün ehtimal olunan dəyərinə vursaq, onun hasilini almalıyıq. Amma gördüyümüz kimi, onların vurulmasından alınan hasil, bu ehtimalın zəifliyini göstərir. Vurulanların sayı azaldıqca, həmin zəiflik də azalır. Şərtli və müstəqil ehtimalların vurulma qaydası riyazi terminlərlə belə isbat olunmuşdur: Şərtli ehtimalda hər üzvün ehtimalının dəyərini, birinci üzvün varlığını fərz etməklə, başqa üzvün ehtimal olunan dəyərinə vururuq. Bu iş, çox hallarda tam yəqin, yaxud yəqin həddində olan bir nəticə verir. Heç vaxt külli, yaxud qismən zəif olan ehtimal vermir. Amma müstəqil ehtimallarda məcmuənin hər bir üzvü, başqası ilə müqayisədə tam təsirsiz sayılır. Orada ehtimalların bir-birinə vurulması dəyərlərin külli olmasına, yaxud əksər hallarda aradan getməsinə səbəb olur. Buradan da iki fərziyyədən hansı birinə üstünlük verilməsinin səbəbi aydınlaşır. Şərtli və müstəqil ehtimalların bir-birinə vurulması qaydası barədə əlavə məlumat almaq üçün Üsəsül-məntiqiyyə kitabının 153-154-cü səhifələrinə baxa bilərsiniz. İkinci məsələ: Bu irad əvvəlki mövzu ilə əlaqədar ehtimalların eksperiment yolu ilə sübut olunan qiymətləndirilməsindən hasil olur. Onun izahında deməliyik ki, Allahın isbat olunmasında istifadə edilən eksperiment üsulunu, həmin üsulun insanın öz qardaşından gələn məktub ilə müqayisə etdikdə deyirlər: İnsanın bu məktubun öz qardaşından olmasını çox asanlıqla qəbul edir. Səbəbi də həmin ehtimalın təsiridir. Yəni, o, məktubu açıb oxumazdan əvvəl, misal üçün, 50 % ehtimal verir ki, məktubu qardaşı yazmışdır. O, ekperimental müşahidələrin beşlik təşkil edən mərhələlərinə əsasən, inanır ki, məktub onun öz qardaşındandır. Halbuki, əvvəlcədən, qardaşından məktub alacağını ehtimal verməydi və misal üçün, çox güclü ehtimal üzrə qardaşının vəfat etməsi fikrinə üstünlük versəydi, onda bu kimi şahidləri tapmayınca məktubun qardaşından olmasını tez və asanlıqla qəbul edə bilməzdi. örəsən, Allahın isbat edilməsi üçün də həmin əvvəlki ehtimalın təsiri varmı? Cavabda deməliyik ki, həqiqət bundan ibarətdir ki, hikmətli Allah ilə əlaqədar olan məsələ, ehtimali bir məsələ deyil, bu məsələ fitrət və vicdanın hökmü ilə sübuta yetir. Amma eyni zamanda, onun ehtimal olduğunu fərz edir və istiqrai (eksperimental müşahidə) yol ilə isbat edirik. Bu məqsədlə əvvəlki ehtimalda hər bir varlığı müstəqil şəkildə nəzərdə tuturuq. Onların hər birinin izah edilməsində iki fərz mümkündür: Biri hikmət sahibi olan Allah, digəri isə maddədəki kor-koranə zərurət. Bu iki fərziyyə ilə qarşılaşarkən müəyyən dəlillərə görə, hər hansı birinə üstünlük verə bilmərik. Onların hər biri düzgün olduğu halda bərabər səviyyədə ehtimal verir və hər birinin 50 % düz olduğunu qəbul edirik. Amma hikmətli Allahın qəbul edilməsinə üstünlük verildikdə, ehtimallar bir-biri ilə əlaqəli olub şərtlənir, amma maddədə kor-koranə zərurətlər fəziyyəsini təsdiqləyən ehtimallar bir-birindən tam ayrı olub heç nə ilə şərtlənmir. İkinci fərziyyədə ehtimalların vurulmasından alınan nəticə zəifləyir, birinci fərziyyənin ehtimalında isə, yəni hikmət sahibi olan Allahın varlığını qəbul etdikdə – güclü surətdə təsdiq olunur. Mən elmi araşdırmalarımdan aldığım nəticəyə əsasən, deməliyəm ki, qərb dünyasında Allahın varlığının elmi və eksperiment yolu ilə isbat olunması məsələsinin qəbul olunmamasının və Rassel kimilərin həmin üslubu inkar etməsinin əsas səbəbi, yuxarıda qeyd olunan iki məsələyə diqqət yetirməmələridir. Allahın isbat olunmasında eksperimental müşahidə yolundan istifadə edilməsi, eləcə də yuxarıdakı iki suala daha ətraflı cavab almaq üçün Üsəsül-məntiqiyyə kitabının 441-451-ci səhifələrinə baxa bilərsiniz.)
Beləliklə belə bir qəti nəticə alırıq: varlıq aləmində mövcud olan bütün nəzm və tədbirin əsər-əlaməti hikmətli Yaradanın varlığını göstərir.
Qurani-kərimdə buyurulur:
Biz Öz qüdrət və hikmət nişanələrimizi asimanlarda və bəndələrin özündə tam şəkildə aşkar edəcəyik ki, Allahın haqq olduğu aydın və aşkar olsun. Allahın bütün aləm varlıqlarına şahid olması kifayət qədər dəlil deyildirmi?!(Fussilət surəsi, 53-cü ayə)
Həqiqətən asimanların və Yerin yaradılışında, gecə və gündüzün bir-birini əvəz etməsində, su üzərində insanların xeyrinə üzən gəmilərdə, Allahın göydən yerə su nazil edərək onu ölü vəziyyətdən sonra dirildərək müxtəlif bitki və heyvanları yaradıb vücuda gətirməsində, həmçinin küləklərin hər tərəfdən əsməsində və yerlə göy arasında asılı vəziyyətdə qalan buludlarda əql sahibləri üçün Yaradanın qüdrət və elminə aşkar dəlillər vardır.(Bəqərə surəsi, 164-cü ayə)
Dəfələrlə yaradılışın möhkəm quruluşlu nizamına əql nəzərilə bax. Onda hər hansı süstlük və xələl tapa bilərsənmi? Yenidən bəsirət gözünü aç, zəlil və yorğun halda sənə doğru qayıdar. (Mülk surəsi, 3-4-cü ayələr)

FƏLSƏFİ DƏLİL

Allahın fəlsəfi dəlil ilə isbat edilməsinə başlamazdan əvvəl fəlsəfi dəlil, onun elmi dəlillə olan fərqi, həmçinin qismlərini bəyan edirik. Ümumiyyətlə, dəlillər üç növdür: riyazi, fəlsəfi və elmi.
Riyazi dəlillər yalnız riyaziyyatda və suri məntiqdə istifadə olunur. Bu dəlillər həmişə tənaqüzün (pradoksun) olmaması prinsipinə əsaslanır. Bu qaydada deyilir: əlif əlifdir, özündən başqası ola bilməz. Bu prinsip və onun təfərrüatına əsaslanan hər bir dəlil riyazi dəlildir və bütün cəhətlərdən etimad olunasıdır.
Elmi dəlil təbii elmlərin təhqiqatında istifadə olunur. Onun bünövrəsini riyazi dəlillərdən əlavə, hiss və elmi müşahidə yolu ilə əldə olunan dəlillər də təşkil edir.
Fəlsəfi dəlil isə xarici (əyani) aləmin həqiqətlərinin isbat olunmasında riyazi dəlillərin müqəddimələrindən əlavə, əqli məlumatlara da əsaslanır. Əqli məlumatlar hiss və təcrübəyə ehtiyacı olmayan məlumatlara deyilir.
əlbəttə, əqli məlumatların təcrübə və hissdən ehtiyacsız olmasının mənası, o fəlsəfi dəlilin zəruri olaraq hissi və müşahidə olunan məlumatlara arxalanmaması demək deyildir. Məqsəd budur ki, sadəcə olaraq onlarla hüdudlanmır. Bundan əlavə, müstəqil şəkildə, müəyyən şeyləri isbat etmək üçün lazım olan hadisə çərçivəsində başqa əqli məlumatlara istinad edilir.
Buna əsasən, fəlsəfi dəlil özünün maddi bürhanlar və riyazi qanunlar çərçivəsinə sığmayan əqli məlumatlarla olan rabitəsi səbəbi ilə elmi dəlildən fərqlənir.
Fəlsəfi dəlilin məfhumu barəsində qeyd olunanlara diqqət yetirməklə aşağıdakı suallar yaranır:
əqli məlumatlara, başqa sözlə desək, hiss, təcrübə və elmi müşahidələrə ehtiyac olmadan əldə olunan nəzriyyələrə etimad etmək olarmı?
Bu sualın cavabı müsbətdir. Çünki, məlumatların tam xatircəmliklə etimad olunan bir hissəsi, eləcə də sırf riyazi elmlərin hamısı ona əsaslanır. Bu da tənaqüzün (paradoksun) olmaması prinsipinə əsaslanır. Bu prinsipin özünü əql ilə dərk etmişik və bu, heç də bizim təcrübə və müşahidələrimiz çərçivəsində olmamışdır. Bu məsələnin şahidi odur ki, bizim bu prinsipə etimad etməyimiz heç də müəyyən təcrübə və müşahidələrimizdən təsirlənmir ki, onu təsdiq etsin. Misal üçün, riyaziyyatdan bir nümunə gətiririk. Biz 2+2=4 ifadəsini gördükdə, bu sadə riyazi bərabərliyin doğruluğuna qəlbən inanırıq və konkret şahidləri mülahizə etməklə bizim yəqinimiz artıb və ya azalmır. Ümumiyyətlə, bunun əksinə deyilən hər hansı sözləri eşitmək belə istəmirik. Əgər hansı bir vaxtsa 2+2=5, yaxud 2+2=3 deyilərsə, heç vaxt onu qəbul etmərik. Çünki yuxarıdakı həqiqətə olan etiqadımızın hiss və təcrübə ilə heç bir əlaqəsi yoxdur.
Bu həqiqətin hiss və təcrübə ilə heç bir rabitəsi olmadığına baxmayaraq, onu tam xatircəmliklə qəbul etdiyimiz kimi, bunu da qəbul etməliyik ki, fəlsəfi dəlillərə əsaslanan əqli dəlilləri bəzi hallarda qəbul etmək olar.
Başqa sözlə desək, fəlsəfi dəlilin sadəcə əqli məlumatlara əsaslandığını və əqli məlumatların da təcrübə və müşahidə ilə heç bir əlaqəsi olmadığını əsas tutub qəbul etməmək, bünövrəsi tənaqüzün (pradoksun) olmaması pirinsipi əsasında qurulan riyazi dəlilləri rədd etməyə oxşayır, çünki onlar da hiss, təcrübə və müşahidəyə əsaslanmır.(Bu məsələnin isbat olunması ilə əlaqədar əlavə məlumat almaq üçün Üsəsül-məntiqiyyə kitabının 480-500-cü səhifələrinə baxa bilərsiniz )

ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ

Bu barədə mövcud dəlillər üç hadisə ilə əlaqədardır:
1. Ən sadə və elementar hadisə olan: Hər bir hadisənin müəyyən bir səbəbi vardır ki, onun vücudu həmin səbəbdən qaynaqlanır qəziyyəsini insan öz fitri istedadı ilə dərk edir, elmi müşahidələr də bunu sübuta yetirmişdir.
2. Aşağıdakı hadisə:
əgər bir şeyin müxtəlif dərəcə və mərtəbələri olarsa, eləcə də onlardan bəziləri güclü və kamil, bəziləri isə zəif və naqis olarsa, onda kamal baxımından aşağı səviyyədə olan mərtəbə ali mərtəbənin yaranmasına səbəb ola bilməz.
Belə ki, hərarət, mərifət və nurun müxtəlif dərəcə və mərtəbələri vardır, bəziləri daha şiddətli və kamil, bəziləri isə zəifdir. Amma yüksək hərarətli istiliyin aşağı dərəcədə olan hərarətdən yaranması mümkün deyildir. Yaxud insanın ingilis dilini, özündən də aşağı səviyyədə bilən, yaxud ümumiyyətlə bilməyən bir şəxsdən kamil surətdə öyrənməsi, güclü işığın zəif işıqdan yaranması mümkün deyildir. Çünki daha yüksək səviyyədə və dərəcədə olan hər bir mərtəbə göstərir ki, özündən aşağıdakı dərəcəyə keyfiyyət və növ baxımından üstünlüyə malikdir. Bu kimi keyfiyyət və xüsusiyyətlərə malik olmayan bir mərtəbə, həmin keyfiyyətləri başqasına verə bilməz. Sizin özünüz də hər hansı bir layihədə sərmayə qoymaq istəyirsinizsə, malik olduğunuz sərmayədən artıq pul xərcləyə bilməzsiniz.
İkincisi: Maddə özünün təkamülə doğru olan inkişafında müxtəlif şəkillərə və mərhələlərə çatır. Yəni hər növ həyat və hiss duyğularından məhrum olan su damcısı maddənin vücudunun sadəcə olaraq bir şəklini göstərir. Bitki və heyvanların yaranmasında əsas rollardan birini ifa edən və həyata malik olan hüceyrə – protoplazma maddəyə nisbətən daha kamil şəklə malikdir. Mikroskopik və tək hüceyrəli ibtidai varlıq olan amöb də maddə ilə müqayisədə daha kamil formaya malikdir. Nəhayət, canlı varlıqlar aləmində idrak qüvvəsinə malik olan və həssas varlıq sayılan insan canlı aləmin ən ali səviyyəli varlığı hesab olunur.
Vücudun bu kimi müxtəlif şəkilləri barəsində aşağıdakı suallar yaranır:
Bunların arasında olan fərqlər yalnız onu təşkil edən ünsürlərin sayında olan kəmiyyət fərqləridirmi və onların arasında olan rabitə tamamilə mexaniki xarakter daşıyırmı, yoxsa onların arasında olan keyfiyyət və növ fərqləri də vardır ki, bu da vücudun müxtəlif mərhələləri və təkamül dərəcələri kimi təbir olunur? Başqa sözlə desək, insanla, onun yarandığı ilkin maddə – torpaq arasındakı fərq keyfiyyət fərqidirmi, yoxsa onların arasındkı fərq vücudun iki ayrı-ayrı təkamül mərhələsi arasındakı fərqdir? Belə ki, o mərhələlərdən biri zəif, digəri isə şiddətli işığa oxşadılır və fərqləri də bu işıqların arasındakı fərq kimidirmi?
İnsan bu sual ilə qarşılaşdığı ilk gündən etibarən öz fitrəti əsasında qəbul etmişdir ki, bu müxtəlif şəkillər vücudun təkamül mərhələləri olan müxtəlif mərhələ və dərəcələrdir. Yəni həyat, maddənin vücudunun ən yüksək dərəcəsi hesab olunur. Bu mərtəbə də sonuncu mərtəbə deyil, onun da müxtəlif dərəcələri vardır. Həyat özünə yeni-yeni mənalar aldıqca, özünə daha yüksək dərəcə kəsb edir. Buna görə də idrak qüvvəsinə və hissiyyata malik olan varlığın həyatı, bitkilərin həyatından müqayisə olunmaz dərəcədə yüksəkdir.
Amma son yüz ildə materializm fəlsəfəsi tərəfdarları, mexanika nəzəriyyəsinin (mütəhərrik maddənin ilkinliyi) dünya barəsində irəli sürdüyü təfsirlərə əsasən, yuxarıda qeyd olunan nəzəriyyə ilə müxalifətə qalxaraq demişlər:Maddi dünya çox kiçik və bir-birinə oxşayan cisimlərdən təşkil olunmuşdur ki, ümumi qanuna əsasən, sadə və bir-birinə oxşar qüvvələr – cazibə və dəfetmə qüvvələri onlara təsir göstərir. Yəni onların gördüyü işlər yalnız bu təsiri yarada bilir ki, onun hər hansı bir hissəsi yerindən hərəkət edərək başqa bir yerə getsin. Cisimlər, onların arasında olan cazibə və dəfetmə qüvvələri nəticəsində bir yerə yığılır, yaxud dağılışırlar. Nəticədə maddə özünə müxtəlif formalar alır. Buna əsasən, yuxarıda qeyd olunan maddi təfəkkür, hərəkət və təkamülü cisimlərin və zərrələrin fəzada bir-birinin yerdəyişməsi ilə xülasələndirir. Onlar maddənin müxtəlif formalarını da belə izah edib deyirlər ki, bu cür növ müxtəlifliyi o zərrələrin bir yerə yığılıb sonra dağılmasının nəticəsidir. Maddənin təkamül yolunda heç bir təzə şey vücuda gəlmir.
Buna əsasən, maddə öz vücudu, eləcə də təkamülü yolunda heç bir inkişaf və tərəqqiyə məruz qalmır, o, sadəcə olaraq müxtəlif yollarla bir yerə yığılıb qalır. Bu da eynilə insanın öz əlində bir qədər xəmir saxlayıb ondan müxtəlif formalar düzəltməsinə oxşayır ki, bütün hallarda xəmirin zatı öz yerində qalır və onda zati və əsasi dəyişiklik əmələ gəlmir.
Bu fərziyyəni, mexanikadakı irəliləyiş və təkamül (mövcud elmi təhqiqatlar çərçivəsindən azad olan təbii elimlərin ilkin şöbəsi) daha da gücləndirdi. Bu elmin mexaniki hərəkət qanunlarında etdiyi kəşflər və adi cisimlərdəki hərəkətləri göy cisimlərinin fəzada hərəkəti əsasında izah edərək əldə etdiyi qanunlar bu məsələni daha da təkmilləşdirdi.
Amma elmin günbəgün inkişaf etməsi, elmi təhqiqatların sair sahələrə də genişlənməsi bu fərziyyənin yanlış olduğunu sübut etdi, digər tərəfdən də onun məkan daxilində baş verən bütün mexaniki hərəkətlərlə izah etməkdə bacarıqsız olduğunu, maddənin müxtəlif şəkillər almasını, cisimlərin, zərrələrin mexaniki hərəkətləri və bir yerdən başqa yerə hərəkət etmələrində yetərli olmadığını göstərdi. Bundan əlavə, elm sübut etdi ki, insan öz fitrəti əsasında dərk edir ki, maddənin müxtəlif şəkilləri sadəcə onun mexaniki və məkan baxımından bir yerdən başqa yerə nəql olunması ilə bitmir, onda həm də müxtəlif təkamül və növ keyfiyyətli dəyişikliklər vardır. Elmi təcrübələrdə sübuta yetmişdir ki, zərrələrin, kiçik cisimlərin keyfiyyət baxmından olan tərkibi, heç vaxt həyatı, həssaslığı, idrak və təfəkkürü yarada bilməz. Bu məsələ də insanı mexaniki (maddi) təsəvvürlərdən başqa idraklara doğru sövq etdi. Çünki insan görürdü ki, maddə həyat, hissiyyat, təfəkkür, həqiqi inkişaf, vücudun mərtəbələri və növdaxili təkamül kefiyyətlərindən bəhrələnir – istər bu məsələ maddi bir şeyin növlə əlaqədar olan təkamülü və ali dərəcədə olsun, istərsə də qeyri-maddi.
Yuxarıda qeyd etdiyimiz üç mərtəbəni təşkil edən müddəalar aşağıdakılardan ibarətdir:
1-Hər bir hadisənin müəyyən bir səbəbi vardır;
2-Zəif və ibtidai bir varlıq, ali səviyyəli və özündən güclü olan başqa varlığı yarada bilməz;
3-Vücudun dərəcələrində olan fərqlər və onun xarici aləmdəki şəkil müxtəlifliyi, keyfiyyət baxmından olan müxtəliflikdir.
Qeyd olunanları nəzərə almaqla, təkamülün növdaxili şəkillərində həqiqi inkişaf, yəni maddənin vücudunun təkamülü və onun növ xarakterli artımını gördükdə, belə bir sual yaranır: Bu artım və inkişaf haradandır? Hər bir hadisənin müəyyən bir səbəbi olduğunu nəzərə aldıqda isə, belə sual yaranır ki, bu yeni artım və inkişaf necə əmələ gəlmişdir?
Bu suala iki yolla cavab verilir:
Birinci: Bu artım və inkişaf maddənin özündən yaranmışdır. Yəni heç bir növ həyat, hissiyyat və idraka malik olmayan maddə, özünün təkamül yolunda bu həyat, hissiyyat və idrakı məhz özü vücuda gətirmiş, nəticədə maddənin ibtidai forması, daha kamil və ali səviyyəli maddə yaranmasına səbəb olmuşdur.
Bu cavab ikinci müddəa, yəni ibtidai varlıq yüksək və ali səviyyəli varlığın yaranmasına səbəb ola bilməz prinsipi ilə təzad təşkil edir. Cansız və hər növ həyat əsərlərindən məhrum olan bir maddənin özünə, yaxud başqa bir maddəyə hiss və təfəkkür bağışlaması eynilə bir şəxsin, özü ingilis dilini bilmədiyi halda, onu başqasına öyrətməsinə, yaxud daha zəif bir işığın günəş kimi güclü işığa malik olan varlıq yaratmasına, yaxud heç nəyi olmayan fəqir bir insanın böyük bir layihənin inşasına sərmayə qoymasına bənzəyir.
İkinci cavab isə budur: Maddənin təkamül yolunda qazanıb əldə etdiyi artım elə bir mənbədən qaynaqlanır ki, o mənbə bütün bu artımın möhtəvasından – həyat, hiss və idrakdan faydalanır. O da bütün aləmlərin Pərvərdigarı olan Allahdır. Maddənin inkişafı da böyüdüb bəsləməkdən başqa bir şey deyildir. Pərvərdigari-aləm də Özünün yetərli hikməti və tədbiri ilə onu maddəyə əta etmişdir.
Məhz bu cavab yuxarıdakı üç prinsiplə düz gəlir və sonsuz dünyada olan vücudların surətinin təkamül, inkişaf və tərəqqisini əqlin qəbul edəcəyi tərzdə izah və təfsir edə bilər.
Qurani kərim sağlam əql fitrətinə xitab edərək, müxtəlif ayətlərdə bu dəlilə işarə edir:
Örmədinizmi ki, ilk vaxtda nütfə (seperma) idiniz? Siz onu insan surətinə saldınız, yoxsa Biz onu xəlq etdik?(Vaqiə surəsi, 58-59-cu ayələr)
Yerdə əkdiyiniz toxumu görmədinizmi? Onu torpaqda siz cücərdirsiniz, yoxsa onu cücərdən Bizik?(Vaqiə surəsi, 63-64-cü ayələr)
Yandırdığınız oda baxmırsınızmı?! Onun ağacını siz yaratmısınız, yoxsa Biz xəlq etmişik?!(Vaqiə surəsi, 71-72-ci ayələr)
Allahın qüdrət nişanələrindən biri də budur ki, sizi torpaqdan xəlq etdi, insan olduqdan sonra yer üzündə yayıldınız. (Rum surəsi, 20-ci ayə)
Ardı var...

Müəllif: Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədr
Category: Tövhid | Added by: Ənfal
Views: 805 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]