Şənbə günü, 2024-04-27, 0:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Yerlə səma arasında namaz qılan şeytan
2013-03-19, 11:56 AM
Yerlə səma arasında namaz qılan şeytan

"Biharul-Ənvar” da İmam Sadiqdən (ə) nəql olunur ki, qədim zamanlarda ibadət və itaətə çox bağlı olan bir abid var idi. O, ibadət və itaətində çox çalışqan olduğundan şeytan onda süstlük yarada bilmirdi. Bir gün İblis nərə çəkib övladlarını ətrafına toplayıb deyir: - Bu abidin əlindən aciz qalmışam. Siz bir çarə yolu bilirsinizmi? Biri deyir: - Mən onu şəhvətə və zina etməyə vəsvəsə edəcəyəm. İblis deyir: - Bunun faydası yoxdur. Çünki onda qadına meyl tamam ölüb. Başqa birisi deyir: - Onu ləzzətli yeməklər yolu ilə aldadacağam ki, haram yeməyə və şəraba tərəf çəkib həlak edim. İblis bunun da faydasız olacağını deyir. Çünki neçə illik ibadəti nəticəsində yemək istəyi də ölüb. Üçüncü deyir: - İbadət yolu ilə, onun olduğu yolla aldadacağam. İblis deyir: - Bəli, müqəddəs yoldan istifadə etsən, mümkündür.



Nəhayət bu məclis həmin şeytana məmuriyyət verilməsi ilə nəticələnir



Şeytan bəşər surətinə düşərək həmin abidin müqabilində yerlə səma arasında səccadə salaraq namaz qılmağa başlayır. Abid özündən də artığını və yorğunluq hiss etməyən birini görür. Özlüyündə deyir: Gedim ondan bu mərtəbəyə necə yetişdiyini soruşum. Şeytan balasının başı qarışıq olduğundan abidə heç etina etmir. Namazın salamını verən kimi növbəti namaza başlayır. Nəhayət abid ona and verdirib deyir ki, mənim yalnız bir sualıma cavab ver. Şeytan balası səbr etdikdə abid ondan bu mərtəbəyə necə çatmasını soruşur.



Şeytan balası deyir: - Mən bu dərəcəyə bir günahın vasitəsilə çatmışam. Belə ki, bulaşdığım günahdan tövbə etdim, indi həmin günah yadıma düşdükdə tövbə edirəm və ibadətdə daha da güclənirəm. Səni də belə etməyə məsləhət görürəm. Gedib zina et, sonra tövbə edib bu məqama çatarsan. Abid deyir: - Mən necə zina edim ki, heç bu işin yolu ilə agah deyiləm və pulum da yoxdur.



Şeytan balası ona iki dirhəm pul verib şəhərdəki fahişənin yerini göstərir



Abid dağdan düşərək şəhərə daxil olur, camaatdan onun evini soraqlaşır. Camaat onu nəsihət edəcəyini düşünür. Abid fahişənin evinə daxil olub pulu verərək haram iş görmək istədyini bildirir. Bu an Allahın lütfü abidin köməyinə çatır. Belə ki, fahişənin qəlbinə abidi nəsihət etmək düşür. Qadın abidin üzünə baxdıqda zöhd və təqva yağdığını müşahidə edir. Deməli, onun bura gəlməsi adi deyil. Ondan soruşur: - Necə oldu ki, bura gəldin? Abid deyir: - Sənin nəyinə lazımdir, pul al və təslim ol. Qadın deyir: - Həqiqəti deməyənə kimi, səninlə olmayacağam. Əlacsız qalan abid başına gələnlərdən danışır. Qadın deyir: - Ey abid, bu nə qədər mənim ziyanıma olsa da, bil ki, səni bura göndərən şeytan olub. Abid deyir: - O, mənə onun məqamına çatmağıma söz verib. Sən dediyin kimi deyil. Qadin deyir: - Zinadan sonra tövbə edə edəcəyin və ya qəbul olunacağı hardan məlumdur? Cırılmamış parça yaxşıdır, ya cırılıb sonradan tikilən?! Bu, səni aldadan şeytandır. Abid yenə qəbul etmir. Sonda qadın deyir: -Mən buradayam və peşəmi yerinə yetirməyə hazıram. Sən geri qayıt və onun orada elə halda ibadət etdiyini görsən, gəl bura. Əgər ondan əsər əlamət olmasa, şeytan olduğunu bil.



Əlbəttə, oğru tanınan kimi qaçır. Mömin şeytanın vəsvəsəsi olduğunu bilən kimi o, qayıdır. Abid də geri döndükdə heç kimin olmadığını gördü. Bunun lənətlik şeytan olduğunu və onu hansı tələyə salmaq istədiyini anladı. Abid həmin fahişə qadın üçün dua etdi. Qadının ömrünün son gecəsi idi. Dünyadan köçdükdən sonra sübh vaxtı həmin dövrün peyğəmbərinə onun cənazəsinin dəfn olunmasında iştirak etmək vəhy olunur. Peyğəmbər ərz edir: - İlahi, o bir günahda məşhur idi. "Bizim evimizdən çıxmış bəndəni geri qaytardığı üçün və onun nicat səbəbi olduğundan qadına nicat verdik” vəhyi nazil olur.



Moizənin çoxlu qiyməti var. Bacardığınız qədər günahkarı günahdan çəkindirin, tövbə etdirin. Allah mükafat verəndir. Əvəzini ödəyərək səni də paklayacaq. Bir tərəfdən iblisin hiylələrinə heyranam və özümüzün süstlüyünə baxıram. İşimizin aqibəti necə olacaq? Sağlam canla o dünyaya gedəcəyik, ya yox?! Əgər Allahın fəzli köməyimiz olarsa, bizim də nicat tapmağımıza ümid var. "İlahi, günahımı gördükdə ah-nalə etdim, sənin kərəmini gördükdə həvəsləndim...”



Ayətullah Seyyid Əbdülhüseyn Dəstğeyb

Tərcümə etdi: Mehman Müctəba

ihq.az


Category: Əqidə | Added by: Ənfal
Views: 863 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]