Main » Files » Əqidə » Əqidə |
Sui zənn və bədbinlik (1)
2012-10-18, 7:24 AM | |
Sui zənn və bədbinlik (1) Bədbinlikdən uzaq olan sağlam cəmiyyət Cəmiyyətdə əmin-amanlıq və təhlükəsizlik hökm sürməyincə sağlam mühitdən söz gedə bilməz. Bunun sayəsində azad quruluş və azadlığın sayəsində də hər hansı fikri, cismi, maddi və mənəvi dəyər və məhsul layiqincə qiymətləndirilə bilər. Demək, onları qorumaq üçün həmişə təhlükəsizlik və əmin-amanlıq tədbirləri əhəmiyyət daşıyır. Məlumdur ki, yalnız insanların canı və malının təhlükəsizliyi və əmin-amanlığı kifayət deyil və ən mühüm məsələ onların abır-həyasının, ictimai şəxsiyyətinin qorunub-saxlanılmasıdır. Amma hər üç əmin-amanlığı təmin edən və böyük əhəmiyyət daşıyan başqa bir əmin-amanlığa da ehtiyac var ki, o da təəssüflər olsun, maddi təfəkkür tərzinin çarə qıla bilmədiyi "fikri əmin-amanlıq”dır. Fikri əmin-amanlıq iki qismə bölünür: 1. Fərdi-mənəvi asayiş: Batini asayiş belədir ki, insan daim ruhi-psixi gərginliklər keçirməsin, əyri fikirlərin təsiri altına düşməsin və ömrü iztirab, həyəcan və narahatlıq içində sovuşmasın. 2. İctimai asayiş: İnsanların bir-birlərinə qarşı pis fikirdə olmamaları, düşünməyən mühakimələrə yol verməmələri, qarşılıqlı ehtiram hisslərinin qorunması ictimai asayişin əsas şərtlərindəndir. Əlbəttə, onların hər biri izah tələb etdiyindən, burada biz yalnız ikinci qisim haqda danışacağıq. Məlum olduğu üzrə, hal-hazırda dünyada qanun çərçivəsində (nöqsanlara göz yummaq şərtilə) cəmiyyətin canı, malı və müəyyən qədər də ictimai asayişinin təhlükəsizliyi mümkün məsələdir. Lakin hər iki halda fikri əmin-amanlığın təmini, xüsusilə, insanlarda əsassız mühakimələrin qarşısının alınması yalnız ilahi məktəblərə, səmavi dinlərə və əxlaqi üsullara xas olan həqiqətdir. Yalnız maddi ölçülərə əsaslanan mövcud qanunlar, onun icraçıları nə insan adlı sirli mövcudun dərinliklərinə yol tapa bilir, nə də onun həqiqi duyğularını qiymətləndirə bilir. Məhz dini əqidə və əxlaqi üsullar çərçivəsində insan əsl yerini alır, əmniyyət və təhlükəsizliyi təmin edilir. İslam bu məsələyə xüsusi əhəmiyyət verərək dəyərli göstərişləri ilə diqqəti özünə cəlb edir. Məsələn, möminlərin fikri üfüqlərini işıqlandıran bu ayənin obyektivliyinə diqqət yetirək: "Ey iman gətirənlər, əksər zənlərdən (gümanlardan) çəkinin ki, zənnin bəzisi günahdır!” ("Hücurat” surəsi, ayə: 12.) Ayədə qeyd olunan "kəsirən minəz-zənni” (əksər gümanlar) ifadəsinə əsasən, demək olar, insanların bir-birinə qarşı gümanlarının çoxunu, yaxud əsas qismini "bədbinlik” və ya səhv təsəvvürlər təşkil edir. Bunu nəzərə alaraq Qurani-Kərim insanları bir-birinə düşüncəvi bədbin edən, fikri əmin-amanlıqlarını pozan və kütləni sarsıda bilən bu təhlükəni aktual bir məsələ kimi açıqlayır. "Bə`zəz-zənni ismun” (zənnin bəzisi günahdır) ibarəsi haqda da bunu demək olar ki, insanların gümanlarında həqiqət olsa da, şübhəsiz, bir qismi günah və həqiqətə zidddir. Burada düşünən beyinlər gümanın bütün növlərindən çəkinməyi məsləhət görür. Hədislərdə də möminləri sui-zəndən (bədgümandan) çəkindirən çoxlu tövsiyələr vardır. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Allah-təala müsəlmanın qanı, malı, abır-heysiyyətini və ona qarşı bədgümanlığı haram etmişdir.” (Məhəccətül-beyza”, 5-ci cild, səh.268.) Bu hədis də əmin-amanlığın dörd qisminin (mal, can, abır-heysiyyət və fikir) birgə gəlməsi və birgə də haram edilməsi diqqəti xüsusi cəlb edir. Bədbinlik və bədgümanlığın səbəbləri Psixoloji baxımından bədgümanlıq bəzən yüngül, bəzən də sərtləşərək ruhi-psixi xəstəlik kimi özünü büruzə verir. Hər iki halın müxtəlif səbəbləri ola bilər. Məsələn: 1. Bəzən bədgümanlıq ədavət, kin-küdurət, paxıllıq və qisas hissindən qaynaqlanır. İnsan qarşı tərəfdən zor gücü və yaxud dili ilə qisas ala bilmədiyindən, düşüncələrində fitnələrə əl ataraq pis fikirlərə düşür, onu daim mühakimə və məzəmmət edərək nəfsinə təsəlli verir. Yəni xarici aləmdə nail ola bilmədiyini təsəvvür və fikirlərində tapır və beləcə, öz əməlindən saxta ləzzət, rahatlıq alır. Bu isə bir növ "təxəyyülə uyma və sığınma”, "həqiqətdən ruhi sapınma” adlanır və müasir psixologiyanı da maraqlandıran məsələlərdən biridir. Bir sıra izahlarda deyilir ki, istəklərinə xarici aləmdə nail ola bilməyən insanlar özlərinə qapılaraq daxildə hiss etdiyi boşluğu xam xəyallar və əbəs düşüncələrlə doldurmağa çalışırlar. Bəzən onları yuxuda, bəzən də öz təxəyyül və poetik hisslərində axtarırlar. Adətən, böyük şair adını qazananlar şairlik istedadından əlavə, həyatda itgilər, narahatlıqlar, ağrı-acılar, uğursuz eşq və məhəbbətlərlə də üzləşirlər. Onlar məşuq itgisini təxəyyülündə, poetik duyğularında, ədəbi incəliklərində arayıb-axtardığından təxəyyül qüvvələri, poetik hissləri hədsiz artır. Necə deyərlər, lirik şeirlər daha gözəl, daha cəlbedici olur. Bir sözlə, "təxəyyülə uyma” insanda bir çox psixi hadisələri, o cümlədən, bədbinlik və bədgümanlıq kimi hissləri cücərdə bilir. 2. Nikbinlik insanın saflığından qaynaqlandığı kimi, bədgümanlıq da mənəvi çirkinlik və aludəlikdən baş qaldırır. Yəni "müqayisə” zamanı insan başqalarını ya yaxşı, ya da pis görür. Bu xislət özünü savadsız və ya nadan təbəqə arasında daha artıq büruzə verir. 3. Bəzən insan vicdan məhkəməsində bədbinliyə düçar olur, günahlarına şərik axtarmağa çalışaraq başqalarına qarşı pis fikirlərə düşür, öz çirkin əməllərini yozaraq onları adiləşdirib, demək istəyir ki, belə işlərə əl atan təkcə o deyil. 4. Bəzən də bədgümanlıq təkəbbür və xudbinlikdən baş qaldırır. Məsələn, özlərini başqalarından üstün bilənləri çox vaxt başqalarının nöqsanları maraqlandırır, cürbəcür ehtimallarla onların dəyərini endirir, özlərini isə yüksəldirlər. 5. Bəzən isə ata-ana və ya müəllimin təlqinləri bədbinliyin amillərindən birinə çevrilir. 6. Pis adamlarla yoldaşlıq da onun səbəblərindəndir. Bəzən insanın münasibətlərində meyar oturub-durduğu, yoldaşlıq etdiyi adamlar olur. Hətta onun bir kənd, şəhər, ölkə, yaxud millət barəsində təfəkkür tərzi yoldaşlıq əlaqələri ilə bilavasitə bağlı olur. Yoldaşları pis olanlar, təbiidir ki, hamıya qarşı bədbin olacaqlar. Bu məsələ hədislərdə belə açıqlanır: "Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı bədbinlik gətirir.” ("Biharül-ənvar”, 74-cü cild, səh.197, hədis: 31.) 7. Bəzən də bədgümanlıq səbəbsiz olmur. Yəni bir zaman və ya mühitə hakim olan fitnə-fəsaddan yaranan "Oxşar hadisələrin yayılması və çoxluğu eyni faktorun reallığına əsas verir!” – fikri insanda bədbinliyə səbəb olur. Bədbinliyin ictimai zərərləri Bədbinliyin ictimai zərərləri və mənfi təsirləri olduqca çoxdur: 1. Bədgümanlıq ictimai reallıqları dərk etməyə mane olur. Bu xislətə düçar olan və hamıya bədbinliklə baxanlar hadisələrin və ictimai səhnələrdəki fəaliyyətlərin səbəblərini ayırd edə bilməyib, çoxlu səhvlərə yol verir, öz aləmində hər şeyi həqiqətə zidd görürlər. Elə buna görə də həmişə geridə qalır, ələ düşən fürsət və dəyərli şəxslərdən faydalanmır və hər yerdə düzgün nəticə çıxara bilmirlər. 2. Bədbinlik və bədgümanlıq ictimai həmkarlığa, qəlblərin bir-birinə qovuşmasına böyük manedir. Həmin xislət insanı fərdi həyata, tək yaşamağa, guşənişinliyə, ondan baş qaldıran digər səhv fikirlərə doğru çəkir, başqasına etimadın, inamın qarşısını alır, həmkarlığın əsasını qırır. 3. Başqalarının eyiblərini arayıb-axtarmaq da bədgümanlıqdan baş qaldırır. Buna biz qeybət və onun təsirləri bəhsində də toxunmuşduq və Qurani-Kərimin "Hücurat” surəsinin 12-ci ayəsini də misal çəkmişdik. 4. Bəzən bədbinlik ədavət və kin-küdurətə, hətta qanlı döyüşlərə də səbəb olur. Nəticə etibarilə ailə ocaqları dağılır, böyük və layiqli şəxslər qətlə yetirilir. Qurani-Kərimin "Hücurat” surəsinin (Ey iman gətirənlər! Əgər fasiq şəxs sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu araşdırın ki, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!) – ayəsinin nazil olması ilə bağlı deyilir: "Vəlid ibn Əqəbənin bədbinliyi nəticəsində az qalmışdı ki, bir tayfa dağılsın. Verilən ayə xəbərin doğruluğunun araşdırılmasını göstəriş verərək gözlənilən faciənin qarşısını alır.” (Bəziləri Vəlidin bu işi bilə-bilə etməsini də ehtimal vermişlər. Ayənin nazil olma səbəbi haqda əlavə məlumat əldə etmək istəyənlər "Təfsiri-nümunə”nin "Hücurat” surəsinin 6-cı ayəsinə müraciət etsinlər.) 5. Bədgümanlıq insanlar arasında dostluq və məhəbbəti söndürür, yerinə nifaq və ikiüzlülük toxumlarını səpir. Bu xislətin sahibi zahirdə başqaları ilə normal ünsiyyət saxlasa da, batində bədbinliklə bərabər riyakarlıq ruhiyyəsi güclənməyə başlayır. Bir sözlə, sui-zənn və bədgümanlığın ictimai zərər və təsirləri bizim təsəvvür etdiklərimizdən daha çoxdur və yuxarıda qeyd olunanlar onun bir hissəsini təşkil edir. ihq.az | |
Views: 763 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |