Cümə axşamı, 2024-03-28, 8:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

QURANDA KÜFR
2013-04-02, 8:17 AM
QURANDA KÜFR
Quran baxımından kafirlərin küfrünün və Allahı inkar etmələrinin əsas səbəbi ya psixoloji çatışmamazlıq, ya da nadanlıqdır.
İmam Məhəmməd Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur: "İnkara səbəb olan hər şey küfrdür.”("Mizanul-hikmə”, 8-ci cild, səh. 399, hədis: 17391. )
Quran ayələri də bu həqiqəti açıqlamışdır: kafirlərin yəqinliyi yoxdur,("Tur” surəsi, ayə: 36. )
əql, sübut və məntiqə tabe olmurlar.("Əl-mizan”, 15-ci cild, səh. 222. )
Bir sıra ayələrdə kafirlərin nadanlığı("Tövbə” surəsi, ayə: 97; "Əraf” surəsi, ayə: 138; "İhqaq” surəsi, ayə: 23. )
, bəzi ayələrdə isə şəkk-şübhəyə düçar olmaqları("İbrahim” surəsi, ayə: 10. )
onların küfrlərinin əsas səbəbi kimi qeyd olunmuşdur. Bəzi ayələrdə də kafirlər "zənn və gümana” tabe olan qruplardan hesab edilmişdir.("Bəqərə” surəsi, ayə: 78. )
Lakin Qurani-kərim kafirlərin Allahı inkar etməsində təkəbbür və qüruru ən əsas psixoloji səbəb kimi açıqlamışdır.("Əraf” surəsi, ayə: 77; "Əl-mizan”, 17-ci cild, səh. 402. )
Quran baxımından, kafirlər dəlil və məntiqə tabe olmamaqla yanaşı əlavə, öz müddəalarının isbatı üçün heç bir dəlil də göstərmirlər.(Muminun” surəsi, ayə: 117. )
Qeyd etmək lazımdır ki, Qurani-kərimdə "küfr” sözü "fisq” (günah) mənasında da işlədilmişdir.("Ali-İmran” surəsi, ayə: 97; "Əl-mizan”, 2-ci cild, səh. 202. )
Belə ki inkar bəzən əməl məqamında da küfr adlanır.("Nəhl” surəsi, ayə: 13; "Əl-mizan”, 12-ci cild, səh. 315-316. )
Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quran baxımından kafirlərin Allahı inkar etməsinin əsas amili onların məadı inkar etməsidir. Bu da nübüvvəti, vəhyi və dini inkar etməklə nəticələnir.("Əl-mizan”, 15-ci cild, səh. 187. )
Quran ayələrinə əsasən, küfr həm güclənən, həm də zəifləyən sifətlərdəndir. Onun hər bir mərtəbəsinin xüsusi təsiri vardır.("Nisa” surəsi, ayə: 138; "Maidə” surəsi, ayə: 64 və 68; "Təsnim”, 2-ci cild, səh.222. )
İmam Sadiq (ə) maraqlı bir rəvayətdə, Quran baxımından küfrün beş qismdən ibarət olduğunu bildirmişdir:
1. Allahın rübubiyyətini inkar etmək: İmam Sadiq (ə)-ın buyurduğuna əsasən, Allahı, behişti və cəhənnəmi qəbul etməyən bu qrup insan gümana tabedir. Allah-taala onları qorxutmağı faydasız hesab etmişdir.("Bəqərə” surəsi, ayə: 78. )
2. Həqiqəti bilə-bilə inkar etmək: Bu qism küfrün mənası insanın haqqı və həqiqəti tanıdığı halda onu inkar etməsidir. Aşağıdakı ayələrdə bu mənada küfrə işarə edilmişdir:
"Qəlbləri (möcüzələrimizin) həqiqiliyinə yəqin etdikləri halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.”("Nəml” surəsi, ayə: 14. )
"Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər.) Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün ("Tövratda adı çəkilən sonuncu peyğəmbər gəlib bizə yardım edəydi” – deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin!” ("Bəqərə”, surəsi, ayə: 89. )
3. İlahi nemətləri inkar etmək: Qurani-kərimdə buyurulur:
"(Süleyman) Taxtın onun yanında hazır olduğunu gördükdə dedi: "Bu, Rəbbimin lütf və mərhəmətindəndir. Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız öz xeyrinə şükür edər; kim nankor olsa (ilahi nemətə şükür etməsə), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil və kərəm sahibidir!” ("Nəml” surəsi, ayə: 40; eləcə də bax: "İbrahim” surəsi, ayə: 7; "Bəqərə” surəsi, ayə: 152.)
4. Allahın əmrlərini tərk etmək: Bu barədə buyurulur:
"Xatırlayın ki, yenə bir zaman sizinlə: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayan!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz. (Ey yəhudilər!) Siz elə insanlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından çıxarırsınız. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?” ("Bəqərə” surəsi, ayə: 84-85. )
Onların küfr və inkarlarının səbəbi Allah-taalanın əmrlərini tərk etmələri idi.
5.Üz çevirmək: Bu məsələ ilə əlaqədar Qurani-kərimdə buyurulur:
"Biz sizi inkar edirik (Üz çeviririk). Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişəlik ədavət və nifrət olacaq.” ("Mümtəhinə” surəsi, ayə: 4; bax: "İbrahim” surəsi, ayə: 22; "Ənkəbut” surəsi, ayə: 25.)
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Quranda «küfr» bir mənada işlədilməmişdir. Bu mövzuda əlavə məlumat vermək məqsədilə aşağadakı incəliklərə diqqət yetiririk:
1-Qurani-kərimdə kafirlərin doğru yola yönəlməmələri ilə əlaqədar "xətəmə”("Bəqərə” surəsi, ayə: 7. )
(möhür vurmuşdur), "təbəə”("Nəhl” surəsi, ayə: 108. )
(möhür vurmuşdur), "sərəfə”("Tövbə” surəsi, ayə: 127. )
(döndərmişdir), "ğulfun”("Bəqərə” surəsi, ayə: 88)
(örtülü və pərdəlidir), "ranə”("Mütəffifin” surəsi, ayə: 14. )
(qələbə çalmışdır), "əqfalun” (kilidlər vurulmuşdur),("Mühəmməd” surəsi, ayə: 24. )
"nuqəllibu”("Ənam” surəsi, ayə: 110. )
(tərsinə çevirərik), "qəsavət”("Bəqərə” surəsi, ayə: 74. )
və "mərəz” (xəstəlik)("Bəqərə” surəsi, ayə: 10. )
kimi ifadələr işlədilmişdir.
2-Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quranda qeyd olunan "Əlləzinə kəfəru” (kafir olan şəxslər) ifadəsində besətin əvvəllərində yaşayan Qüreyş kafirlərinin böyükləri ola bilər. Çünki bəzi hallarda – kafirləri qorxutmağın faydasız olması barəsində söhbətdə doğru yola yönəlməmək bütün kafirlərə aid edilərsə, onda hidayət qapısı qeyri-müsəlmanların üzünə bağlanar. Bu da Qurani-kərimin nazilolma hikməti və ayələrin zahiri ilə uyğun gəlmir.("Əl-mizan”, 1-ci cild, səh.52. )
3-Quran baxımından, kafirlər fitrət sərmayəsini məhv etməklə iman adlı müvəffəqiyyətə nail ola bilmədilər.("Ənam” surəsi, ayə: 12. )
4-Kafirlər mürəkkəb (qatı) nadanlığa düçar olduqları üçün özlərini haqq bilirdilər. Lakin Qurani-kərim onların xata bataqlığında qərq olduqlarını açıqlayır.("Bəqərə” surəsi, ayə: 81. )
Onların işi susuz adamın düzənlikdə, sakit və aydın havada uzaqdan su kimi gördüyü ilğıma bənzəyir. Belə ki o həmin yerə çatdıqda, orada bulaq olmadığını görür.("Nur” surəsi, ayə: 39. )
5-Məsumlardan nəql olunmuş rəvayətlərdə qəflət, şəkk-şübhə və günah küfrün əsaslarından sayılmışdır.("Mizanul-hikmə”, 8-ci cild, səh.400, hədis: 17399-17400 və səh. 404.)
Həmçinin, bu həqiqətə də işarə olunmuşdur ki, kafirlər nadan ikən sakit qalıb düşünsəydilər, inkar etməz, kafir olub doğru yoldan azmazdılar.(Yenə orada, 2-ci cild, səh. 153, hədis: 2813-2814. )
Nəticə: Quranda küfr ifadəsi müxtəlif mənalarda işlədilmişdir. Onun bir mənası Allah-taalanı və dini məsələləri inkar etməkdir. Bu mövzuların inkarının əsas səbəbi həm mərifətin olmaması (cahillik, şəkk və zənn) həm də psixoloji çatışmamazlıqdır. (təkəbbür, qürur)
Category: Əqidə | Added by: Ənfal
Views: 623 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]