Bazar günü, 2024-12-22, 11:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Kamil İnsan (1)
2013-03-10, 6:37 AM
Kamil İnsan (1)

Kamil İnsan və onun ruhi-psixoloji nöqsanları

"Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda, Allah-təala ona: "Səni insanlara imam təyin edəcəyəm” dedi. İbrahim isə "Nəslimdən necə?”- deyə soruşdu. Allah-təala onun cavabında: "(Sənin nəslindən olan) zalimlər Mənim imamlığıma nail olmazlar”-buyurdu. Söhbətimizin mövzusu İslam baxımından kamil insan barəsindədir. Kamil insan dedikdə məqsəd nümunəvi, daha ali və uca insandır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, İslam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir.


Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və İslam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və İslami təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun meyarları əsasında formalaşdıra bilərik. Əgər İslamın nəzərdə tutduğu "kamil insan” simvolunu tanımasaq heç vaxt tam və kamil müsəlman ola bilmərik. Başqa sözlə desək, İslam baxımından hətta nisbətən də olsa, kamil insan kimi dəyərləndirilmərik.

İslam baxımından kamil insanı tanımaq yolları

İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Quran və sünnədə "kamil insan” deyil, "kamil müsəlman” ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Quranın, sonra isə sünnənin kamil insanı necə vəsf etdiyini araşdırmalıyıq. Hər halda, "kamil müsəlman” İslamda kamala çatmış, "kamil mömin” isə iman sayəsində təkamülə çatmış insan deməkdir. Biz Quran və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Quran və sünnədə kifayət qədər məlumatlar vardır.

Kamil insanı tanımağın ikinci yolu isə bəyan və vəsf yolu deyildir. Yəni biz bu yolda Quran və sünnənin bu barədəki bəyan və açıqlamalarını araşdırmırıq, özlərini İslam və Quranın istədiyi kimi formalaşdırmalarından arxayın olduğumuz real nümunələrə nəzər salırıq. İslamın buyurduğu kimi, insan heç vaxt xarici aləmdə mövcud olmayan zehni və xəyali varlıq deyildir. Kamil insan, özünün həm yüksək, həm də ən aşağı dərəcələrində xarici aləmdə mövcud olub.

Əziz İslam Peyğəmbəri və eləcə də İmam Əli (ə) İslamın kamil insan nümunələrindəndir. Əlini (ə) tanımaq İslamın kamil insanlığını tanımaq deməkdir. Amma yaddan çıxarmaq olmaz ki, Əlini (ə) zahiri görkəmi, adı, atasının adı və s. zahiri əlamətləri ilə deyil, əsl şəxsiyyətini tanımaqla müəyyənləşdirmək olar. Bəzən biz Əlini (ə) adının nə olması, kimin oğlu olduğu, atasının adının Əbu Talib, babasının Əbdülmüttəlib, anasının adının Fatimə binti Əsəd, Peyğəmbərin qızı Fatimənin əri, Həsən (ə) və Hüseynin (ə) atası, təvəllüd və şəhadət tarixi, apardığı döyüş və müharibələr və bu kimi xüsusiyyətləri ilə tanıyırıq. Bu, Əlini (ə) adi və fərdi xüsusiyyətləri ilə tanımaq deməkdir. Belə ki, əgər biz onun üçün şəxsiyyətini təsdiq edən sənəd vermək istəsək, bu iş üçün lazımı məlumatlar bu həddə kifayət edər.


Amma Əlini (ə) bu həddə tanımaq onun tanınması demək deyildir. Əlini tanımaq onun şəxsiyyətini tanımaq vasitəsilə mümkündür və əsl tanışlıq məhz budur. Əlinin (ə) hərtərəfli şəxsiyyətini tanımaqla, İslamın həqiqi kamil insan obrazını tanımış oluruq. Kamil insanı söz va ad ilə deyil, əməli şəkildə nə qədər özümüzə imam və başçı seçsək, yolunu davam etdirsək, ona tabe olsaq və özümüzü həmin nümunəyə uyğunlaşdırmağa çalışsaq, bir o qədər onun ardıcılı hesab olunarıq. "Lümə” kitabının müəllifi və digər İslam alimləri deyiblər ki, "şiə” Əlinin (ə) yolunu davam etdirən və bütün rəftar, davranış, əməl, söhbət... və s. işlərində ona tabe olan şəxsdir. Bu, o deməkdir ki, insan söz, ad, eşq və məhəbbətlə şiə olmur. Bəs, insan nə ilə şiə olur? Tabeçiliklə! Əli (ə) şiəsi o şəxsdir ki, əməldə Əliyə (ə) tabedir və əməli surətdə onun yolunu davam etdirir.

Demək, kamil insanı tanımağın iki yolu olduğu və bu barədəki bəhsin faydası məlum oldu. Kamil insan məsələsi təkcə fəlsəfi və elmi bəhs deyildir. Biz İslamın nəzərdə tutduğu kamil insanı, Quran və sünnənin açıqlamaları ilə və bu kitabın formalaşdıraraq yetişdirdiyi insanlar vasitəsilə tanımasaq, bu dinin müəyyənləşdirdiyi yol ilə gedərək həqiqi müsəlman ola bilmərik. Digər tərəfdən də yaşadığımız cəmiyyət İslam cəmiyyəti ola bilməz. Buna görə də İslamın nəzərdə tutduğu kamil, ali və uca insanı tanımağımız zəruridir.

Kamil ilə tam arasında fərq varmı?


Burada belə bir sual ortaya çıxır ki, "kamil” kəlməsinin mənası nədir? Kamil insan nə deməkdir? Ərəb dilində iki müxtəlif kəlmə vardır ki, onların antonimi eyni bir kəlmədir. Belə ki, bu bir kəlmə bəzən o iki kəlmədən birinin, bəzən də digərinin zidd və antonimi kimi işlədilir. Fars dilində isə həmin iki kəlmənin heç biri yoxdur və onların yerinə digər bir kəlmə vardır. Ərəb dilində olan həmin iki sözün biri "kamal”, digəri isə "tamam” kəlməsidir. Bu dildə bəzən "kamil”, bəzən isə "tam” kəlməsi işlədilir və onların antonimi kimi "naqis” kəlməsindən istifadə edilir. Bu işlədilmə forması fars dilində də ərəb dilində olduğu kimidir. Məsələn, burada deyilir: Bu "kamil”dir, o isə "naqis”; bu "tam” və ya "tamam”dır, o biri isə "naqis”. Quran ayələrinin birində bu iki kəlmənin hər ikisindən istifadə edilib. "Əlyovmə əkməltu ləkum dinəkum və ətməmtu ələykum neməti”

Yəni: "Bu gün dininizi kamala yetirdim və sizə olan nemətimi tamamladım.” ("Maidə” surəsi, ayə: 3.) Dilşünas alimlər bildirirlər ki, əgər bu ayədə "ətməmtu dinəkum” (dininizi tamamladım) və "əkməltu neməti” (sizə olan nemətimi kamala yetirdim) deyilsəydi, ərəb dilinin qarmmatikası baxımından düzgün olmazdı. İndi görək bu iki kəlmə arasındakı fərq nədən ibarətdir? Biz bu iki kəlmə arasındakı fərqi aydınlaşdırmasaq, barəsində danışmaq istədiyimiz mövzunun izahına başlaya bilmərik. Belə ki, bizim söhbətimizin əvvəli bu iki kəlmənin mənasını bilməklə başlanır.

Müəyyən bir şey barəsində "tamam” kəlməsi o vaxt işlənir ki, onun vücudunun əsli üçün lazım olan bütün şeylər yaranmış olsun. Belə ki, o şeylərin bəziləri yaranmasa həmin şey öz mahiyyətində naqis hesab edilir, vücudu natamam adlandırılır. Həmin şey barəsində də "yarısı, üçdə biri və ya üçdə ikisi mövcuddur” kimi ifadələr işlədilir. Məsələn, müəyyən plan və proyekt əsasında tikilən məscid üçün bir salon nəzərdə tutulur və salonun tikilməsi üçün divar, tavan, qapı, pəncərə və bir sıra digər şeylərə ehtiyac olur. Həmin tikinti üçün lazım olan və onlarsız həmin salonun istifadəsi mümkün olmayan bütün şeylər hazırlandıqdan sonra belə deyilir: Tikinti tamamlandı. Bu kəlmənin müqabilində naqis kəlməsindən istifadə edilir.


Amma kamal və kamil sözləri elə yerlərdə işlədilir ki, hər hansı bir şey "tamam” olmasına baxmayaraq, olduğundan daha yüksək dərəcə və məqamda ola bilsin. Həmin kamillik olmadıqda belə, şey mövcud olur, amma həmin kamilliyin olması ilə o, daha yüksək mərtəbə və dərəcədə qərar tapır. Kamilliyi şaquli, tamamı isə perpendikülyar istiqamətlərlə açıqlayırlar. Şey perpendikülyar istiqamədə özünün son həddinə çatdıqda, onun tamamlandığını bildirirlər. Şaquli istiqamətdə yuxarı qalxdıqda isə, onun, əvvəlkindən daha kamil olduğunu bəyan edirlər. "Filankəsin ağlı kamilləşib” sözünün mənası budur ki, onun əvvəl də ağılı olub, amma ağılı bir qədər də yüksəlib. "Filankəsin elmi kamilləşib” cümləsinin mənası da bu şəkildədir.


Belə ki, həmin şəxsin əvvəl də elmi olub və o, həmin elmindən istifadə edib. Amma o, indi elmi kamillik baxımından daha da yüksəlib. Deməli, perpendikülyar baxımdan natamam olan insan müqabilində tamam insan vardır, yəni əsl baxımdan "yarım insan” və ya naqis insandır. Məsələn, insanlığın üçdə bir və ya üçdə ikisinə malikdir. Bir sözlə, tam insan deyildir. Bundan başqa digər bir insan da vardır ki, o, tam insandır. Tam insan kamil, daha kamil və bundan da yüksək mərtəbələrə çata bilər. Bu, elə bir insandır ki, insanlığın ən yüksək mərtəbəsinə çatmaq imkanı vardır. Belə bir insan "kamil insanların kamili” yəni insanlığın ən uca və yüksək mərtəbəsinə çatmış varlıq adlandırılır.

Kamil İnsan ifadəsinin tarixi

Hicri-qəməri tarixinin 7-ci əsrinə kimi İslam ədəbiyyatında "kamil insan” ifadəsi mövcud olmayıb. Amma bu termin bu gün Avropada da çox geniş işlədilir. Bu termin İslam dünyasında ilk dəfə insan barəsində işlədilib. İnsan barəsində bu ifadəni ilk dəfə məşhur arif Muhyiddin Ərəbi işlədib. Muühyiddin Ərəbi İslam irfanının atası hesab olunur. Belə ki, 7-ci əsrdən sonra bütün müsəlman xalqlarından olmuş ariflər, Muhyiddin məktəbinin şagirdləridir. Mövlana Cəlaləddin Rumi də Muhyiddin məktəbinin yetişdirmələrindən sayılır. O, bütün əzəmət və böyüklüyünə baxmayaraq, irfan baxımından Muhyiddinlə müqayisə oluna bilməz. Muhyiddin Ərəbi, ərəbsoyludur və Hatəm Tayinin nəslindən olub. O, vaxtı ilə müsəlman ölkəsi olmuş Əndəlos (indiki İspaniya) əhalisindən olub. Bu böyük arif bütün İslam ölkələrinə səfərlər edib və sonda, Şamda vəfat edib. Onun qəbri Dəməşq şəhərindədir.


Muhyiddinin Sədrəddin Konyəvi adlı şagirdi olub ki, ondan sonra ən böyük arif hesab edilir. İslam irfanının həddindən artıq elmi şəkil alması Muhyiddinin işləri və Sədrəddinin şərhlərinin məhsuludur. Türkiyənin Konya şəhərindən olan Sədrəddin Muhyiddinin oğulluğu sayılır. Belə ki, Muhyiddin Sədrəddinin həm ustadı, həm də anasının əri olub. Mövlana Sədrəddinin müasirlərindən olub. Sədrəddin məsciddə pişnamaz olan zaman Mövlana həmin məscidə gedərək namazda ona iqtida edirmiş. Muhyiddinin fikirləri Sədrəddin vasitəsi ilə Mövlanaya çatdırılıb.

Onun irəli sürdüyü məsələlərdən biri "kamil insan” məsələsi olub. Əlbəttə, o, bu məsələni irfan baxımından irəli sürüb. Başqaları da öz baxışları ilə "kamil insan” barəsində bir sıra sözlər deyiblər. Amma "kamil insan” ifadəsi ilə ilk dəfə bu məsələni irəli sürən şəxs Muhyiddin Ərəbi olub. Biz kamil insanın, Quran baxımından necə olmasını bilmək istəyirik. Söhbətimizi sonrakı mərhələlərə çatdırmaq üçün tam və naqis insanla başlayırıq.

ihq.az


Category: Əqidə | Added by: Ənfal
Views: 808 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]