Cümə günü, 2024-03-29, 5:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

40 mövzu 40 həqiqət (3)
2013-04-03, 9:48 AM

40 mövzu 40 həqiqət (3)

4. "YEDDİ” HAQQINDA QIRX NÖQTƏ

1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxsin dəfn mərasimində iştirak etməyi. 2-Xəstənin görüşünə getməyi. 3-Asqıran şəxsə afiyət (sağlam ol) deməyi. 4-Məzluma kömək etməyi. 5-Salam verməyi. 6-Dəvəti qəbul etməyi. 7-And içənin xahişini yerinə yetirməyi.("Xisal”, 2-ci cild, səh. 4. )
2-Allah-taala yeddi dəstə adama Öz ərşinin sayəsində yer verər: 1-Ədalətli rəhbərə. 2-İbadət edən cavana. 3-Məsciddən çıxıb, sonradan məscidə qayıtmaq fikrində olan şəxsə. 4-İbadətə görə başqaları ilə dostluq edən şəxsə. 5-Xəlvətdə (günahların qorxusundan) ağlayan şəxsə. 6-Gizli şəkildə sədəqə verən şəxsə. 7-Gözəl bir qadının zinaya dəvətini qəbul etməyən şəxsə.(Yenə orada, səh. 8. )
3-Əbuzər deyir: Peyğəmbər (s) mənə yeddi vəsiyyət etdi: 1-Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm. 2-(Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm. 3-Məzlumları sevəm və onlara kömək edəm. 4-Acı olsa da belə, həmişə haqq söz deyəm. 5-Məndən üz çevirsələr də belə, qohumlarımla əlaqələrimi kəsməyəm. 6-Allahın əmr etdiyi işi görməkdə başqasının məzəmmət və danlağından qorxmayam. 7-Behişt xəzinələrindən sayılan "La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini tərk etməyəm.(Yenə orada, səh. 10. )
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a buyurdu: "Ya Əli! Hər kəsdə yeddi xislət olsa, imanın həqiqətinə nail olmuş və behişt qapıları onun üzünə açılmışdır: 1-Əhval-ruhiyyə ilə dəstəmaz almaq. 2-Namazı yaxşı qılmaq. 3-Malın zəkatını vermək. 4-Qəzəb odunu söndürmək. 5-Dili bağlamaq (yəni az danışmaq). 6-Günahdan tövbə etmək. 7-Peyğəmbər xanədanına qarşı xeyirxahlıq etmək.”(Yenə orada, səh. 12.)
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah və mən yeddi qrupu lənətləmişik: 1-Allahın kitabına hər hansı bir sözü əlavə edəni. 2-Qəza və qədəri təkzib edəni. 3-Mənim sünnəmin əksinə çıxanı. 4-Mənim itrətimlə (Əhli-beytimlə) müxalifət edəni. 5-Hökuməti zorla ələ keçirib, Allahın əziz bəndələrini xar və bədbəxt edəni. 6-Müsəlmanların ümumi mallarını öz mənfəətinə xərcləyəni. 7-Allahın halalını haram və haramını halal edəni.”(Yenə orada, səh. 18 )
6-Yəhudilərdən bir qrupu Peyğəmbər (s)-dən soruşdular: "Allahın sənə və ümmətinə əta etdiyi yeddi xislət hansılardır?” O həzrət buyurdu: 1-"Həmd” surəsi. 2-Azan. 3-Məsciddə və cümə günündə camaat namazı qılmaq. 4-Meyyit namazı. 5-Gündəlik namazın üçünü ucadan qılmaq. 6-Xəstə və səfərdə olduqda ibadətin yüngülləşməsi. 7-Ümmətimin günahkarlarına şəfaət etmək.”(Yenə orada, səh. 26. )
7-Əbdürrəhman ibn Kəsir imam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: "Ən böyük günahlar yeddidir: 1-Allah-taalaya şərik qoşmaq. 2-Allahın öldürülməsini haram etdiyi şəxsləri öldürmək. 3-Yetimin malını yemək (mənimsəmək). 4-Ata-ana ilə pis rəftar etmək (onlara aq olmaq). 5-İffətli və pak qadınlara töhmət vurmaq. 6-Müharibədən (cihaddan) qaçmaq. 7-Bizim haqqımızı inkar etmək.”(Yenə orada, səh. 40. )
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məni və mənim Əhli-beytimi sevmək yeddi yerdə fayda verər: 1-Ölüm vaxtı. 2-Qəbirdə. 3-(Qiyamətdə) diriləndə. 4-Əməl dəftərini alanda. 5-Hesab günündə. 6-Əməllər ölçüləndə. 7-Sirat körpüsündən keçəndə.”(Yenə orada, səh. 34 )
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a buyurdu: "Sən yeddi səbəbə görə başqalarından üstünsən: 1-Hamıdan əvvəl iman gətirmisən. 2-Əhd-peymana hamıdan artıq vəfalısan. 3-Allahın işində (göstərişlərini yerinə yetirməkdə) dözümlüsən. 4-Malı bölməkdə hamıdan ədalətlisən. 5-Vəzifə başında əyləşənlərdən ədalətlisən. 6-Qəzavət işlərinə (hökm etməkdə) hamıdan çox agahsan. 7-Allahın yanında hörmətlisən.”
10-Allah-taala bir ümmətə qəzəblənərkən hələ ağır əzab nazil etmədiyi zaman o ümməti günaha mürtəkib olduqlarına görə yeddi bəlaya düçar edər. Əsbəğ ibn Nəbatə deyir: Əli (ə) buyurdu: Həzrət Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: "Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təravətli və bol olmaz, suları artmaz, yağış yağmaz, onlara zülmkar şəxslər rəhbərlik edər.”(Yenə orada.)
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurdu: "Cəbrail gəlib dedi: Allah buyurur: Mənimlə sənin ümmətin arasında yeddi müqavilə vardır: 1-Əgər Mənə itaət etsələr, günahkar olsalar da belə, itaətlərini qəbul edərəm. 2-Bir daha günah etməməkləri üçün tövbə etsələr, onları anadan təzə doğulan körpə kimi pak-pakizə dünyadan apararam. 3-Əgər yeddi bədən üzvlərindən (dil, qulaq, göz, əl, ayaq, qarın və cinsiyyət üzvü) biri saleh əməl etsə, digərləri isə günah iş görsə, qalan altı üzvü o bir üzvə görə bağışlayaram. 4-Əgər bir şəxs günah edib, günahları bağışlayan tək Allahın varlığına inansa, onu bağışlayaram. 5-cirkin işlərini tərk etmək üçün, onları müxtəlif xəstəliklərə düçar edərəm. 6-Onlara yayda istilik, qışda isə soyuqluq göndərərəm ki, axirətin soyuqluq və istiliyinə dözsünlər. 7-Aylara və günlərə savab təyin edərəm ki, həmin aylarda və günlərdə ibadət etsələr, günahlarını bağışlayıb, çoxlu savab verərəm.”
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yeddi evə rəhmət nazil olmaz: 1-Qadın boşanan evə. 2-Ərinə itaət etməyən qadın olan evə. 3-Kişinin əmanətinə xəyanət olunan evə. 4-Zəkatı verilməyən mal olan evə. 5-Ölən şəxsin vəsiyyətinə əməl olunmayan evə. 6-Şərab içilən evə. 7-Ərinin malından oğurlayan qadın olan evə.”
13-İmam Sadiq (ə) buyurmuşdur: "Yeddi dəstə adam öz əməllərini batil edər: 1-Çoxlu elm sahibi olub məşhur olmayan (öz elmini başqalarına öyrətməyən) səbirli şəxs. 2-Öz hikmətini ləyaqəti olmayanların ixtiyarında qoyan hikmət sahibi. 3-Hiyləgər və xain şəxslərə inanan şəxs. 4-(Ürəyində) rəhmi olmayıb qəzəblənən hörmətli şəxs. 5-Övladının sirrini gizli saxlamayıb faş edən ana. 6-Dostlarını danlamağa və məzəmmət etməyə tələsən şəxs. 7-Dostu ilə həmişə mübahisə edən şəxs.”(Yenə orada, səh. 16. )
14-İmam Əli (ə) buyurmuşdur: "İslamın yeddi sütunu vardır: 1-Dözümün əsası olan ağıl. 2-Abırlı olmaq və düz danışmaq. 3-Düzgün və diqqətlə Quran oxumaq. 4-Allah yolunda dostluq və düşmənçilik etmək. 5-Həzrət Mühəmməd (s)-in Əhli-beytinin haqqını və vilayətini tanımaq. 6-Qardaşların özlərini və haqlarını himayə etmək. 7-Xalq ilə yaxşı qonşuluq.”(Töhəful-üqul”, səh. 192.)
15-Yeddi əməl ölümdən sonra insana fayda verər: 1-Ağac əkmək. 2-Quyu qazıb su çıxarmaq. 3-Suyun cari olması üçün arx düzəltmək. 4-Məscid tikmək. 5-Quranı (üzündən köçürüb) yazmaq. 6-Yadigar olaraq elm qoymaq. 7-Ata-anasının bağışlanmasını diləyən saleh övlad qoyub getmək.
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yeddi yerdə danışmaq məkruhdur (bəyənilmir): 1-Cənazənin ardınca gedəndə. 2-Qəbiristanda. 3-Xəstənin başı üstündə. 4-Elm Məclisində. 5-Məsciddə. 6-Müsibət halında. 7-Cima (cinsi əlaqə) vaxtı.”
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli, Cəbrail Adəm övladına olan yeddi gözəl xüsusiyyətə görə insan zümrəsindən olmağı arzu edərdi: 1-Camaat namazı qılmağı. 2-Alimlərlə oturub-durmağı. 3-İki nəfəri barışdırmağı. 4-Yetimi əzizləyib nəvaziş etməyi. 5-Xəstələrə baş çəkməyi. 6-Dəfn mərasimində iştirak etməyi. 7-Həcc mərasimində susuzlara su verməyi.”(İsna-əşəriyyə”, səh. 245. )
18-İsmail ibn Əbi Ziyad imam Sadiq (ə)-dan, o da atası imam Baqir (ə)-dan belə nəql etmişdir: "Yeddi nəfər (səfərdə olduqları halda) namazı qəsr qılmamalıdır: 1-Zəkat yığmaq üçün səfərə gedən məmur. 2-Sənətinin tələbinə görə səfər edən hakim. 3-Ticarət məqsədilə (həmişə) bu bazardan başqa bir bazara səfər edən tacir. 4-Çoban. 5-Su tapmaq üçün səhralıqda gəzən şəxs. 6-İstirahət məqsədilə ova gedən şəxs. 7-Camaatın yolunu kəsən quldur.”(Xisal”, 2-ci cild, shə. 108. )
19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah-taala bizim vücudumuzda yeddi xüsusiyyət qərar vermişdir: 1-Gözəllik. 2-Fəsahət (gözəl danışıq). 3-Şücaət. 4-Alicənablıq. 5-Elm. 6-Qadınlara məhəbbət. 7-Helm.”
20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimdən yeddi əməl sahibi qiyamətdə peyğəmbərlər, şəhidlər, övliyalar və saleh bəndələrlə birgə gələr: 1-Bir şəxsi (xərcini verib) həccə göndərən. 2-Yardım istəyənə kömək edən. 3-Bir yetimi böyüdüb başa çatdıran. 4-Azğın şəxsi hidayət edən. 5-Acı doyuzduran. 6-Susuz şəxsə su verən. 7-Qızmar gündə oruc tutan.”
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah tərəfindən mənə belə vəhy gəldi: "Ey Əhməd! Yeddi sifətə malik olan şəxs abid sayıla bilər: 1-Onu günahdan saxlayacaq təqvası olan şəxs. 2-Yersiz və boş sözlər danışmayan. 3-Ağlamaq gətirən qorxu. 4-Xəlvətdə həya edib, Məndən xəcalət çəkən. 5-Ehtiyacını ödəyəcək yeməklə qənaətlənən. 6-Dünya ilə düşmən olan (ona məftun olmayan). 7-Saleh şəxsləri sevən şəxs.”
22-Allah-taala yaratdığı yeddi asimana and içmişdir.
23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs könüllü olaraq və xalis niyyətlə öz malının zəkatını versə, ona yeddi asimanda yeddi ad verilər: Birinci asimanda "səxavətli”, ikinci asimanda "bəxşiş” edən, üçüncü asimanda "hökmdar”, dördüncü asimanda "xoş əxlaqlı”, beşinci asimanda "əta edən”, altıncı asimanda "bərəkətli” və yeddinci asimanda isə "bağışlanmış şəxs” adı verilər.”
24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs zəkat verməsə, yeddi asimanda ona yeddi təhqiramiz ad verilər: Birinci asimanda "paxıl”, ikinci asimanda "alçaq”, üçüncü asimanda "simic və xəsis”, dördüncü asimanda "qəzəb olunmuş”, beşinci asimanda "eybəcər sifətli”, altıncı asimanda "bərəkətsiz” və yeddinci asimanda isə "namazı qaytarılıb üzünə vurulan” şəxs.”
25-Süfyan ibn Əbi Leyla deyir: Rum padşahı imam Həsən (ə)-dan anası olmadan dünyaya gələn yeddi varlıq haqqında soruşduqda, Həzrət buyurdu: "Adəm, Həvva, İbrahim (ə)-ın qoçu, Saleh (ə)-ın dəvəsi, (Adəmi aldadan) behiştdəki ilan, (Habil və Qabilin hekayəsində) Allah-taalanın yeri qazmaq (və meyyiti dəfn etmək) üçün göndərdiyi qarğa və Allahın lənətlədiyi İblis.”(Yenə orada. )
26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Cəbrail mənə yeddi şeyi tövsiyə etmişdir: 1-Qadınlar haqqında o qədər tövsiyə etdi ki, onları boşamağın haram olduğunu güman etdim. 2-Qullar haqqında o qədər tövsiyə etdi ki, onların öz-özünə azad olmaqları ilə əlaqədar müəyyən vaxt təyin edəcəyini güman etdim. 3-Qonşu barəsində o qədər tövsiyə etdi ki, onların da vərəsələrdən sayılıb irs aparacaqlarını təsəvvür etdim. 4-Misvak vurmağı(Dişləri fırça ilə yumaq. ) o qədər tövsiyə etdi ki, onun vacib olduğunu güman etdim. 5-Camaat namazına o qədər təkid etdi ki, Allah dərgahında yalnız camaat namazının qəbul olunacağını təsəvvür etdim. 6-Zikr demək haqqında elə tövsiyələr etdi ki, zikr demədən danışılan söhbətin heç bir faydası olmadığını güman etdim. 7-Gecə namazı barəsində o qədər tövsiyə etdi ki, güman etdim ki, gecəni oyaq qalıb yatmamaq lazımdır.”
27-İmam Əli (ə) buyurmuşdur: "Yeddi xassiyyətə malik olan şəxs mömindir: "1-Halal mal qazanan şəxs. 2-Əxlaqı yaxşı olan şəxs. 3-Qəlbi təmiz olan şəxs. 4-Çoxlu bəxşiş edən şəxs. 5-Az danışan şəxs. 6-Camaatın onun əlindən amanda qaldığı şəxs. 7-Başqaları ilə insafla davranan şəxs.”("Xisal”, 2-ci cild, səh. 20. )
28-İmam Əli (ə) buyurmuşdur: "1-Əgər yoldaş istəyirsənsə, Allahı özünə yoldaş seç. 2-Dünya istəyirsənsə, ondan ibrət dərsi al. 3-Dost istəyirsənsə, (yaxşı) əməl sahibləri ilə dost ol. 4-Kəsb və ticarət istəyirsənsə, ibadət et. 5-Ürək yoldaşı istəyirsənsə, Quran oxu. 6-Nəsihət eşitmək istəyirsənsə, ölümü yad et. 7-Əgər ölüm kifayət etməsə, cəhənnəm odu kifayət edər.”
29-İmam Əli (ə) buyurmuşdur: "1-Günahsız nemət səmadan ağırdır. 2-Haqq yerdən geniş və əhatəlidir. 3-Dənizdən də ehtiyacsız, qane olan kişinin qəlbidir. 4-Münafiqin qəlbi daşdan möhkəmdir. 5-Zülmkar padşah atəşdən də hərarətlidir. 6-Paxıla möhtac olmaq buzdan da soyuqdur. 7-Zəhərdən də acı səbirdir.”
30-İmam Əli (ə) buyurmuşdur: "Elm yeddi səbəbə görə mal-dövlətdən üstündür: 1-Elm peyğəmbərlərin mirası, mal-dövlət isə fironlar mirasıdır. 2-Elmi başqasına verməklə azalmaz, mal-dövləti isə başqasına verməklə azalar. 3-Mal-dövlət qorucuya ehtiyaclıdır, elm isə öz sahibini qoruqçusudur. 4-Elm kəfənə daxil olur, mal-dövlət isə (qəbirdən çölə) qalır. 5-Mal-dövlət həm mömin, həm də kafir üçün, elm isə yalnız mömin üçün hasil olur. 6-Bütün insanlar din işlərində alimə möhtac olur, mal-dövlət sahibinə isə möhtac olmurlar. 7-Elm Sirat körpüsündə yardımçıdır, mal-dövlət isə (Sirat körpüsündən) keçməyə mane olur.”
31-İmam Sadiq (ə) buyurmuşdur: "Möminin sizin üzərinizdə yeddi haqqı vardır: 1-İnsanın özünə istədiyini onun üçün də istəmək. 2-Onun hacətlərini yerinə yetirməkdə əlindən gələni əsirgəməmək. 3-Bədən (əl, ayaq və s.) üzvləri ilə ona kömək etmək. 4-Onun eyblərini örtmək. 5-Sən tox, o isə ac olmasın. 6-Onun işlərinə kömək etmək. 7-Xəstə olanda görüşünə getmək və dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmək.”(Yenə orada, səh. 18.)
32-İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala İslamı yeddi hissəyə bölmüşdür: 1-Səbr. 2-Düz danışmaq. 3-Yəqin. 4-Ümid. 5-Vəfa. 6-Elm. 7-Helm.”(Yenə orada. səh. 24. )
33-Salman Farsi demişdir: "Paxıl yeddi bəlaya düçar olar: 1-Ölər və mal-dövləti vərəsələrinə qismət olar. 2-Zülmkar şəxs onun mal-dövlətini əlindən alar. 3-Xeyirsiz bir şeyə aşiq olub, bütün mal-dövlətini ona çatmaq üçün xərc edər. 4-Ev tikmək fikrinə düşdükdə, mal-dövlətini dağıdar. 5-Boğulmaq, odda yanmaq və oğurluğa ittiham olunmaq kimi bədbəxtliyə düçar olar. 6-Əlacsız xəstəliyə tutular və mal-dövlətini onun yolunda xərcləyər. 7-Pulunu gizlədər, lakin harada gizlətdiyini unudar.”
34-Bir hikmət sahibi demişdir: "Bir neçə qrupa təəccüb edirəm: 1-Allahı tanıyıb, Ona itaət etməyənə. 2-Savab qazanmağa ümidi olduğu halda, heç bir iş görməyənə. 3-Allahın əzabından qorxduğu halda, günahlardan çəkinməyənə. 4-Elmin fəzilətlərini bilə-bilə, onun ardınca getməyib, savadsız qalana. 5-Bütün nemətlərdən ayrılacağını bilə-bilə, onu dünyaya sərf edənə. 6-Axirət aləminə köç edəcəyinə yəqin etdiyi halda, çirkin işlərlə məşğul olub, oranı xarab edənə. 7-Arzular içərisində qərq olub, ölüm haqqında fikirləşməyənə.”
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ramazan ayında Allah xatirinə oruc tutan elə bir mömin yoxdur ki, Allah-taala ona yeddi şeyi əta etməsin: 1-Bədənindəki haram ətlər əriyər. 2-Allahın rəhmətinə yaxınlaşar. 3-Babası Adəmin (behiştdə qadağan olunmuş ağacın meyvəsindən yediyi üçün) xatasınının üstünü örtər. 4-Ölüm anlarının çətinliklərini ona asan edər. 5-Qiyamətin aclıq və susuzluğundan amanda saxlayar. 6-Allah-taala ona behiştin pak yeməklərindən yedizdirər. 7-Allah-taala onu cəhhənmə əzabından uzaq edər.”(Yenə orada, səh. 13. )
36-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir gün acqarına yeddi ədəd xurma yesə, Şeytan ona zərər yetirə bilməz.”
37-Yatan vaxtı yeddi əməli yerinə yetirmək müstəhəbdir: 1-Dəstəmaz almaq. 2-Misvak vurmaq. 3-Üzü qibləyə yatmaq. 4-Üç dəfə salavat göndərmək və yaxud "təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) demək. 5-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını demək. 6-Üç dəfə "İxlas” surəsini oxumaq. 7-"Yəhkumu ma yuridu bi-izzətihi” zikrini bir dəfə demək.
38-Hər gün sübh və axşam yeddi əməli yaddan çıxarmayın: 1-Yetmiş dəfə tövbə etməyi. 2-"Qədr” surəsini iyirmi bir dəfə oxumağı. 3-On dəfə salavat göndərməyi. 4-Otuz beş dəfə "La ilahə illəllah” deməyi. 5-Otuz beş dəfə "Əl-həmdu lillah” deməyi. 6-Otuz beş dəfə "Subhanəllah” deməyi. 7-Yüz dəfə "Allahu-əkbər” deməyi.
39-Ariflərdən biri demişdir: Məqam və vəzifəni elmdə, alicənablığı təqvada, qüdrəti qənaətdə, Allahın mərhəmətini itaətdə, rahatlığı xatakar şəxslərdən uzaq gəzməkdə, təvazökarlığı haqqı qəbul etməkdə və həyatın ləzzətini nəfsin istəklərini tərk etməkdə gördüm.
40-Evdən çıxıb bir yerə getmək istədikdə, yeddi əməli yerinə yetirin: 1-Sədəqə verin. 2-On doqquz dəfə "Bismillahir-rəhmanir-rəhim” deyin. 3-"İxlas” surəsini altı dəfə altı tərəfinizə oxuyun. 4-"Kafirun” surəsini bir dəfə oxuyun. 5-"Nas” surəsini bir dəfə oxuyun. 6-"Fələq” surəsini bir dəfə oxuyun. 7-Bir dəfə "Ayətəl-kürsü”nü oxuyun.
5. TƏQVALILARIN VƏ MÖMİNLƏRİN XİSLƏTLƏRİ
1-Qurani-kərimdə buyurulur: "Agah olun, həqiqətən Allah dostları (təqvalılar) üçün heç bir nigaranlıq, qorxu, hüzn və qəm-qüssə yoxdur.”
2-Onlar: Allah-taalanın vacib buyurduqlarını yerinə yetirər, həzrət Peyğəmbər (s)-in sünnəsinə əməl edər və Allahın haram buyurduqlarından uzaq olarlar.
3-Allahdan həqiqi mənada qorxar, düz danışar, təvazökarlıqla yol gedər və çoxlu Quran tilavət edərlər.
4-Gözlərini Allahın haram etdiklərindən saxlayarlar.
5-Həm ağır, həm də xoş günlərdə eyni vəziyyətdə olarlar. (Dünyanın ağır və ya xoş günləri onlara təsir etməz.)
6-Əgər Allah-taalanın müəyyən etdiyi əcəl olmasaydı, onların ruhu behişti görmək şövqündən və cəhənnəm əzabının qorxusundan bir göz qırpımı belə, aram olmazdı.
7-Onlar sanki behişt və cəhənnəmi görmüş, orada yaşamışlar.
8-Qəlbləri qəmgin, istəkləri az və özləri pak-pakizədir.
9-Qiyamətin əbədi rahatlığını əldə etmək üçün dünyanın qısa günlərində səbir edərlər.
10-Dünya onları aldatmaq istəyər, lakin onlar dünya haqqında əsla fikirləşməzlər; dünya onları əsir etmək istəyər, lakin onlar canlarını qurban verməklə özlərini azad edərlər.
11-Gecələri oyaq qalıb ibadətlə məşğul olarlar, Quranı təfəkkürlə oxuyar və öz dərdlərinin dərmanını Qurandan alarlar.
12-Səbirli alimlər və xalqın xeyrini istəyənlərdir.
13-Onlara baxan şəxs, xəstə olmadıqları halda onların xəstə olduqlarını güman edər.
14-Az əməllərindən razı qalmaz və yaxşı əməllərini çox sanmazlar.
15-Daim öz nəfslərini danlayar və gördükləri əməllərdən qorxarlar.
16-Onları tərifləyəndə, qorxuya düşərlər.
17-Uzaqgörən, rəftarları mülayim və dindarlıqda güclüdürlər.
18-İmanları yəqinlə birgədir və elm öyrənməyə hərisdirlər.
19-İbadətdə təvazökar, çətinliklərdə və müsibətlərdə səbirlidirlər. Sakit qalanda qəmgin olmaz və ucadan gülməzlər.
20-Pak və halal ruzini öz zəhmətlərilə və Allahın razılığı üçün əldə edərlər.
21-Dünyanın mal-dövlətinə, cah-cəlalına qarşı zahid və rəğbətsiz olar, mal-dövlət yığıb onunla fəxr etməz və əldə etdikləri mal-dövləti Allahın vacib etdiyi istiqamətdə xərcləyərlər.
22-Qürurdan, xudpəsəndlikdən uzaq olar və başqaları ilə əlaqə yaratmaq istədikdə hiylə işlətməzlər.
23-Gündüzlərini şükür etməklə, gecələrini isə Allahı yad etməklə sona çatdırarlar.
24-Gecələri qorxu halında yatıb, sevinclə durarlar; qorxuları qəflətə düçar olacaqlarına, sevincləri isə onlara şamil olan lütf və mərhəmətə görədir.
25-Nəfslərini istədikləri şeydən məhrum edər və tamahkar olmazlar.
26-Səbirləri elmlə, sözləri əməllə birgədir.
27-Arzuları yaxın, səhv, xata və yeməkləri azdır, işləri asan və nəfsləri qanedir.
28-Dinləri qorunmuş, harama olan ehtirasları ölmüş və qəzəbləri sönmüşdür.
29-Camaat onların xeyir işlərinə ümidvar olar, əzab-əziyyətlərindən amanda qalar, onlar hamıya xeyir verər və kimsəyə əzab-əziyyət verməzlər.
30-Əgər qafillərin arasında olsalar, adları Allahı yad edənlər sırasında yazılar; əgər Allahı yad edənlər arasında olsalar, adları qəflətdə olanların sırasında yazılmaz.
31-Onlara zülm edən şəxsləri bağışlayar və əmanətə xəyanət etməzlər.
32-Pis söz danışmazlar; söhbətləri mülayim, pis işləri gizli və yaxşı işləri aşkar olar, çətin günlərdə səbir və xoş günlərdə şükr edərlər.
33-Onların əleyhinə şəhadət verilməmişdən öncə, haqqı etiraf edər və onlara tapşırılanları layiqincə yerinə yetirərlər.
34-Camaatı pis ləqəb və adlarla çağırmaz, başqalarının müsibətlərində şad olmaz, haqqın mehvərindən çıxmaz və qonşularla gözəl davranarlar.
35-İmam Sadiq (ə) buyurmuşdur: "Yaxşı əməlindən şad, pis əməlindən isə qəmgin olan şəxs mömindir.”
36-İmam Sadiq (ə) buyurmuşdur: "Möminin üç əlaməti vardır: 1-Allaha mərifəti. 2-Allahın dostları ilə dost olmaq. 3-Allahın düşmənləri ilə düşmən olmaq.”
37-İmam Baqir (ə) buyurmuşdur: "Mömin dağdan da möhkəmdir; çünki dağdan bir şey götürmək olar, lakin möminin dinindən bir şey götürmək olmaz (yəni möminin dinini əlindən almaq qeyri-mümkündür).”
38-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs Allah xatirinə (bir kəsi) sevsə, Allah xatirinə (bir kəsə) nifrət etsə və Allah xatirinə (bir şey) əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.”
39-İmam Baqir (ə) buyurmuşdur: "Həqiqətən, Allah-taala bir möminin xatirinə bir kəndin məhv olmasının qarşısını alar. Həmçinin bir məntəqədə yeddi mömin olsa, o məntəqəyə əzab yetişməz.”
40-İmam Sadiq (ə) buyurmuşdur: "Allah mömini dünyanın bəlalarından qoruyub saxlamaz, lakin dünyaya ürək bağlamaqdan və axirət bədbəxtliyindən amanda saxlayar.”
6. İMAM ƏLİ (Ə)–IN FƏZİLƏTLƏRİ
1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah-taala buyurur: "Əlinin vilayəti Mənim möhkəm (və alınmaz) qalamdır; hər kəs Mənim qalama daxil olsa, cəhənnəm odundan amanda qalar.”
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əlinin vilayəti Allahın vilayətidir; ona məhəbbət bəsləmək Allaha ibadət etmək və ona tabe olmaq isə vacib əməlləri yerinə yetirməkdir.”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəsdə Əlinin vilayətinin bəratı olmasa, Siratdan keçə bilməz.”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əlinin vilayəti mənim vilayətim, mənim vilayətim isə Rəbbimin vilayətidir.”
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əlinin vilayəti Allahın vilayətidir, onu sevmək ibadətdir.”
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Övladlarınıza Əli ibn Əbi Talib (ə)-a məhəbbət bəsləməyi əmr edin.”
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Səni (Əlini) sevən şəxs mömin, səninlə düşmən olan şəxs isə münafiqdir.”
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli mənim kimidir; hər kəs ona tabe olsa, mənə tabe olmuşdur və hər kəs ondan üz çevirsə, məndən üz çevirmişdir. Mən və Əli Allahın bəndələrinə olan höccətiyik.”
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.”
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli (ə) behiştə gedən ilk şəxsdir.”
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əgər bütün insanlar Əli (ə)-a məhəbbət bəsləsəydilər, Allah-taala cəhənnəm odunu yaratmazdı.”
13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz məclislərinizi Əlini yad etməklə zinətləndirin; çünki onda peyğəmbərlərin yetmiş xisləti vardır.”
14-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s)-in Əli (ə)-ı vilayət məqamına seçdiyi gün müsəlmanların (Qədir) bayramıdır.”
15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimin ən üstün bayramı Qədir bayramıdır. Həmin gündə Allah-taala mənə əmr etdi ki, qardaşım Əlini ümmətimin bayraqdarı (rəhbəri) seçim.”
16-İmam Kazim (ə) buyurmuşdur: "Əli (ə)-ın vilayəti bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Hər bir peyğəmbər yalnız Mühəmməd (s)-in nübüvvətinə və Əli (ə)-ın imamətinə dair əhd-peyman aldıqdan sonra peyğəmbərliyə seçilmişdir.”
17-İmam Baqir (ə) buyurmuşdur: "Şeytan dörd dəfə nalə etmişdir: 1-Allahın lənətinə səbəb olduğu gün. 2-Yer üzünə gəldiyi gün. 3-Peyğəmbəri-Əkrəm (s)-in peyğəmbərliyə seçildiyi gün. 4-Qədir bayramı günü.”
18-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Sən mənim canişinim və ümmətimin rəhbərisən. Sənə tabe olan şəxs xoşbəxtdir.”
19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli Allahın kitabının təfsirçisi və (insanları) Allaha doğru dəvət edəndir.”
20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə doğru hidayət edərik.”(Səfinətul-bihar”, 2-ci cild, səh. 688. )
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Hər kəs elm öyrənmək istəyirsə, mütləq o qapıdan daxil olmalıdır.”
22-İmam Əli (ə) buyurmuşdur: "Peyğəmbər (s) mənə min elm babını öyrətdi ki, hər babdan min qapı açılırdı.”
23-Həzrət Peyğəmbər (s) bütün elmləri imam Əli (ə)-a təlim verdi.
24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məndən sonra ümmətimin ən elmli şəxsi Əlidir.”
25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Qiyamətdə mənə əta olunacaq nemətləri sənin üçün də istəyirəm.”
26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əlinin məsəli Nuhun məsəli kimidir; hər kəs onun gəmisinə minsə, nicat tapar və hər kəs ondan uzaq düşsə, qərq olar.”
27-İmam Əli (ə) Kəbənin damında azan deyən birinci şəxsdir.
28-Allah evində (Kəbədə) dünyaya gələn və Allah evində (Kufə məscidində) şəhid olan şəxs yalnız imam Əli (ə)-dır.
29-İmam Əli (ə) Xeybər müharibəsində Mərhəbə dedi: "Mən anamın Heydər (həmlənin son məqamında olan şir) adlandırdığı şəxsəm ki, ovu ovlamaq üçün pusquda oturmuşam.”
30-İmam Əli (ə)-ın adı Allah-taalanın "Əliyyun Əla” adından götürülmüşdür.
31-İmam Əli (ə) dünyaya gələndə, həzrət Peyğəmbər (s) öz dilini (təbərrük olaraq) imam Əli (ə)-ın ağzına qoydu və o həzrət Peyğəmbər (s)-in dilini sormağa başladı.
32-İmam Əli (ə) Peyğəmbər (s)-ə iman gətirən birinci şəxsdir. Şeyx Salman Bəlxi deyir: "Peyğəmbər (s)-in peyğəmbərliyə seçildiyi günün sabahı Əli (ə) İslamı qəbul etdi.”
33-İmam Əli (ə) həzrət Peyğəmbər (s)-lə namaz qılan birinci şəxsdir.
34-İmam Əli (ə) Allahın əmri və Peyğəmbərin vasitəsilə evlənən yeganə şəxsdir.
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli qiyamətdə "Həmd” bayrağını götürən şəxsdir və onun məqamı mənə hamıdan yaxındır.”
36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli "Kövsər” hovuzunun sahibidir.”
37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məni sevdiyini deyib, Əlini düşmən tutan şəxs yalan deyir!”
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Bir gün Cəbrail mənim yanıma gəlib dedi: "Ey Mühəmməd! Allah sənin səhabələrinə nəzər saldı, Əli (ə)-ın sənin ən yaxşı dostun olduğunu görüb, onu sənin canişinin və sənin tərəfindən xəbərləri çatdıran bir şəxs qərar verdi.”
39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli haqq ilə, haqq da Əli ilədir.”
40-Allah-taala günəşi Əli (ə) üçün geri qaytardı və bu iş, həzrət Peyğəmbər (s)-in ümmətindən heç bir şəxs üçün baş verməmişdir.
7. İMAM ƏLİ (Ə)-IN KUMEYLƏ ETDİYİ TÖVSİYƏLƏR
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir.
11-Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.
12-Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver; çünki sədəqə bəlaları dəf edir.
13-Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.
14-Möminin ən gözəl zinəti təvazökarlığıdır.
15-Möminin gözəlliyi iffətindədir.
16-Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.
17-Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın "cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər” – deyə buyurduğu şəxslərdən ol!
18-Həmişə haqq söz de!
19-Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!
20-Münafiqlər və xainlərlə əlaqə yaratma.
21-Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!
22-Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et.
23-Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.
24-Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.
25-Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlamasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.
26-Çətinliklərdən amanda qalmaq üçün "La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim!” zikrini yaddan çıxartma.
27-Sənə hər bir nemət əta olunduqda, onun artması üçün "Əl-həmdu lillah” de!
28-Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.
29-Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.
30-Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.
31-Allahı yad etməyənlərdən olma.
32-İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.
33-Hər bir şəxsin əmanətini – kimliyindən asılı olmayaraq, – özünə qaytar.
34-Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.
35-Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!
36-Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən fadalanıb ləzzət alacağıq.
37-Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.
38-Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.
39-Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.

40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)

Ardı var...


Category: Əqidə | Added by: Ənfal
Views: 762 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]