Şənbə günü, 2024-04-20, 1:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

40 mövzu 40 həqiqət (1)
2013-04-03, 9:37 AM
40 mövzu 40 həqiqət (1)
1."QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNÇƏLİK

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.”("Səfinətul-bihar" c.2, səh.667)
2-İmam Baqir (ə) buyurmuşdur: "İnsan qırx gün müddətində imanını Allah üçün xalis etsə, Allah-taala onu dünyaya qarşı rəğbətsiz (zahid) edər, dünyanın dərdini və dərmanını ona tanıtdırar, daha sonra hikməti onun qəlbində möhkəmləndirib, dilini hikmət ilə danışığa gətirər.”("Üsuli-kafi" c.3, səh.27)
3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz.”("Xisal" c.2, səh.311)
4-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə, onun hər iki duası qəbul olunar.”(Yene orada, səh.315)
5-İmam Sadiq (ə) buyurmuşdur: "Bir mömin şəxs dünyasını dəyişdikdə, qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib, onun mömin olduğuna şəhadət versələr, Allah-taala onu bağışlayar.”(Yenə orada, səh.317)
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir şəxsin biz Əhli-beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-taala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə qiyamət günü bir nur verər.”(Cəmiul-əhadis" səh.58)
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günü fəqih və alim halında gətirər.”("Üyuni əxbari-Riza", bölüm-31, səh.37, hədis: 99)
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur: "Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını və axirət aləminin savabını qazanmaq məqsədilə qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günündə peyğəmbərlər, övliyalar, şəhidlər və layiqli şəxslərlə birgə məhşur edər.”("Xisal" c.2, səh.323)
9-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs halal və haram (işlər) barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günü onu fəqih və alim halında gətirər və ona əzab verməz.”(Yen
orada "Ərbəin" bölümü, səh. 542)
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə, qiyamət günü ona şəfaət edərəm.”(Yenə orada)
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Vəfatından sonra qırx hədisi (başqalarının istifadə etməsi üçün yazılı şəkildə) qoyub gedən şəxs, cənnətdə mənim dostum olacaqdır.”("Kənzül-Ümmal" c.1, səh.226)
12-İmam Sadiq (ə) buyurmuşdur: "Şiələrimizdən hər kəs qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günündə onu fəqih və alim halında gətirər və ona əzab verməz.”("Biharul-Ənvar" c.2, səh.153)
13-Asiman imam Hüseyn (ə)-ın matəmində qırx gün ağlamışdır.
14-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs qırx gün "Əhd” duasını oxusa, imam Zamanın əsgərlərindən olar. Əgər o həzrət zühur etməmişdən öncə ölsə, Allah-taala onu o həzrətə xidmət etmək üçün qəbirdən qaldırar.”
15-İmam Kazim (ə) buyurmuşdur: "Qırx dəfə həcc əməllərini yerinə yetirən şəxsə (qiyamətdə): "İstədiyin şəxsə şəfaət et!” – deyilər.”("Xisal" c.2, səh.330)
16-İmam Baqir (ə) buyurmuşdur: "Allah-taala Fironun dediyi iki cümləyə görə onu qırx il möhlət verdikdən sonra cəzalandırdı: 1-Firon dedi: "Sizin ən uca tanrınız mənəm!” 2-"Mən sizin üçün özümdən başqa heç bir tanrı tanımıram!”(Yenə orada, səh.318)
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs ardıcıl olaraq qırx cümə günü cümə quslu versə, bədəni qəbirdə çürüməz.”
18-Ana övladının Quran hafizi olması üçün hamiləlik dövründə "Camiə” ziyarətini və ya "Ali-Yasin” duasını qırx dəfə oxusun.
19-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə gecə namazı qılın.
20-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə cümə quslu verib, "Kisa” hədisini oxuyun.
21-Övladınızın Quran hafizi olması üçün hamiləlik dövründə hər gün qırx dəfə salavat göndərin.
22-İmam Hüseyn (ə)-ın qırxında (ərbəinində), o həzrəti ziyarət etmək müstəhəbdir. O həzrətin qırxında onu ziyarət edən ilk şəxs Cabir idi. Şiənin əlamətlərindən biri də "Ərbəin” ziyarətini oxumaqdır.
23-İmam Sadiq (ə) buyurmuşdur: "Gecə-gündüz ərzində qırx böyük günaha batan şəxs xeyir görməz.”("Xisal" c.2, səh.330)
24-Hər kəs "Ya Həyyu, ya Qəyyum, ya Mən la ilahə illa əntə birəhmətikə əstəğisu” – zikrini qırx gün müddətində və hər gün qırx dəfə (sübh namazı ilə onun nafiləsinin arasında) oxusa, qəlbinə heç vaxt aradan getməyən dirilik gətirər.
25-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim qırx gün heyva yesə, həmişə hikmətli sözlər danışar.”
26-İmam Əli (ə) buyurmuşdur: "Sizə qırx gün həlim yeməyi tövsiyə edirəm; çünki insanda ibadət ruhiyyəsini gücləndirir.”
27-İmam Kazim (ə) buyurmuşdur: "Hər kəs qırx cümə sübh vaxtı acqarına bir ədəd nar yesə, qəlbi işıqlanar.”
28-Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kim nar yesə, qırx gün Şeytanı öz qəlbindən çıxarar.”
29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allaha və qiyamət gününə imanı olan hər bir şəxs gərək bədənindəki artıq tükləri təmizləməyi qırx gün tərk etməsin.”("Xisal" c.2, səh.317)
30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Övladınızı yeddi günlüyündə sünnət etdirin; çünki yer sünnət olunmamış şəxsin bövlü ilə qırx gün nəcis qalır.”(Yenə orada)
31-İmam Əli (ə) buyurmuşdur: "Məscidin həddi-hüdudu qırx ziradan (Bu zira təxminən 18 sm-ə bərabər olan uzunluq ölçüsüdür) ibarətdir və dörd tərəfindən qırx ev ona qonşu sayılır.”("Xisal" c.2, səh.327)
32-İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən, Allah-taala qırx yaşına çatan şəxsi əzizləyər və səksən yaşına çatan şəxsə əzab verməkdən həya edər.”(Yenə orada, səh.326)
33-Hər kəs "Ayətəl-kürsü”nü qırx gün oxusa, onun duaları qəbul olunar.
34-Hər kəs "Yasin” surəsini qırx gün ərzində qırx dəfə üzü qibləyə, həm də oturduğu halda oxusa, onun hacəti qəbul olunar.
35-Hər kəs "Həşr” surəsini qırx gün müddətində hər gün bir dəfə oxusa, onun hacəti qəbul olunar.
36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İki rəhim (bətn) qırx nəslə qədər bir-birinə çatır.”
37-İmam Sadiq (ə) buyurmuşdur: "Elə bir mömin yoxdur ki, qırx gecə keçdikdən sonra, (qəflət yuxusundan) ayılmağa səbəb olan ağır bir hadisə ilə üzləşməsin.”
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Bir vaxt gələr ki,) Bəni Üməyyə Əliyə lənət göndərərlər, ona görə də Allah-taala mələklərə əmr edər ki, onlara min dəfə artıq lənət göndərsinlər, həzrət Məhdi (ə) qiyam etdiyi zaman qırx il onlara lənət göndərər.”
39-Şəriət qanunlarına müvafiq olan hər bir niyyətinizin qəbul olunması üçün qırx dəfə "Zuha” surəsini oxuyun.
40-Allaha təvəkkül etmək, güclü iradəyə malik olmaq və camaata möhtac olmamaq üçün "Bismillahir-rəhmanir-rəhim! Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və neməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini qırx dəfə oxuyun.

2. ELM VƏ ONU ÖYRƏNMƏYİN FƏZİLƏTİ
1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.”("Biharul-Ənvar" c.2, səh.25)
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.”(Yenə orada, səh.36)
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs elmi (məlumatı) olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə, dində etmək istədiyi xidmətdən daha çox zərbə vurmuş olar.”(Yenəı orada, səh.121)
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dünya və axirət xeyri elm ilə yanaşıdır.”
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qübeys dağı qədər qızıla, mal-dövlətə malik olub onları Allah yolunda ehsan etməsindən daha fəzilətlidir.”(yenə orada, c.1, səh.184)
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.”(Yenə orada, səh.168)
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən mömin şəxsin ölümündən sonra gözəl əməllərinə və yaxşılıqlarına əlavə olunan şeylər – onun öyrənib yığdığı elm, qoyub getdiyi saleh əməl, övlad və yadigar qoduğu Qurandır.”
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İnsan öldükdən sonra onun əməl dəftəri bağlanar, yalnız üç yolla ona savab və fayda verilər: 1-Ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl sədəqə qoyub gedən. 2-Cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı kitablar yazan alim. 3-İnsanın özündən sonra qoyub getdiyi və onlar üçün ehsan edən əməlisaleh övlad.”("İsna-Əşəriyyə" səh.87)
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəsdən bildiyi bir şey (məsələ) barəsində soruşsalar və o da öz elmini gizlətsə, (qiyamətdə) ağzına oddan bir cilov vurular.”(Yenə orada, səh.11) (Yəni elmsizlik ucbatından sərgərdan qalan və vəzifəsinin nə olduğunu bilməyən cahil şəxslərə yol göstərməyə və onların həyatını səadətə çatdırmağa qadir olduğu halda sükut edən elmli bir şəxs böyük bir günaha mürtəkib olmuşdur.)
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qurani-kərim bir İlahi ədəb məktəbidir. Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.”("Biharul-Ənvar" c.92, səh.19)
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətimin hamısının əmməlləri saleh olar və əgər fəsad törətsələr, ümmətim də fəsada düşər.” Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: "Fəqihlər (din alimləri) və əmirlər (hökumət işçiləri).”(Yenə orada, c.2, səh.49)
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimdən olan hər bir ağıl və düşüncə sahibinə dörd şey zəruri və lazımdır.” Soruşuldu: Ey Allahın elçisi! Onlar nədir? Həzrət buyurdu: "Elmi eşitmək, onu qoruyub saxlamaq, elmi yaymaq və ona əməl etmək.”("Töhəful-uqul" səh.59, hədis:169)
13-İmam Əli (ə) buyurmuşdur: "Hər bir insanın qiyməti onun elminin dəyəri qədərdir.”("Nəhcül-Bəlağə" səh.482) (Hər bir sənətkarın dəyəri bildiyi peşə və sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir.)
14-İmam Əli (ə) buyurmuşdur: "Elm öyrənmək üçün səy edənlər Allah yolunda cihad edən şəxslər kimidir.”("Bıharul-Ənvar" c.1, səh.179)
15-İmam Əli (ə) buyurmuşdur: "Elm asanlıq və rahatlıq axtarmaqla əldə oluna bilməz.”("Qürərul-hikəm" səh.349)
16-İmam Əli (ə) buyurmuşdur: "Həqiqətən, dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir.”("Kafi" c.1, səh.30)
17-İmam Əli (ə) buyurmuşdur: "Həqiqətən alimin əcri (savabı) oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır. Bir alim ölən zaman İslama elə ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cübran edə bilər.”("Biharul-ənvar" c.2, səh.43)
18-İmam Əli (ə) buyurmuşdur: "Mal-dövlət yığanlar diri ikən ölüdürlər. Alimlər isə dünya durduqca diridir (və bəşəriyyət onların elmi əsərlərindən istifadə edir), cəsədləri torpaqlara qarışır, özləri isə qəlblərdə yaşayır.”("Nəhcül-Bəlağə" qısa sözlər, 147)
19-İmam Həsən (ə) buyurmuşdur: "Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən.”("Biharul-Ənvar" c.78, səh.111)
20-İmam Hüseyn (ə) buyurmuşdur: "Həqiqətən müsəlmanların işləri və səmavi hökmlərin icrası İlahi alimlərin əlindədir. Onlar Allahın halal və haram buyurduğu işlərdə əmanətdardırlar.”("Töhəful-uqul" səh.172)
21-İmam Hüseyn (ə) buyurmuşdur: "Hikmət və bilik mömin bir şəxsin itirdiyidir. Hətta müşrikin yanında olsa da onu axtarın ki, hikmət əhli olub, ona daha çox layiq olasınız.”("Əmali" (Şeyx Tusi) səh.35)
22-İmam Hüseyn (ə) buyurmuşdur: "Elm və bilikdən sənə Allahın əzəmətindən qorxacağın qədər bəsdir, nadanlıqdan da öz elminlə məğrur və xudpəsənd olmağın qədər kifayətdir.”(Yenə orada)
23-İmam Hüseyn (ə) buyurmuşdur: "Alimlərdən soruşun, hikmət sahibləri ilə danışın və yoxsullarla oturub-durun.”("Əşəsiyyət" səh.230)
24-İmam Hüseyn (ə) buyurmuşdur: "Elmi bəhs və müzakirələr mərifət toxumudur, uzun və çoxlu təcrübələr əqlin çoxalmasına səbəb olur.”("Cəfəriyyat" səh.195)
25-İmam Hüseyn (ə) buyurmuşdur: "Dünyada zahid o adamdır ki, başqalarına moizə etsin və başqalarının da moizəsini qəbul etsin, elm öyrənsəin və öyrəndiyi elmə əməl etsin.”(Yenə orada, səh.233)
26-İmam Hüseyn (ə) buyurmuşdur: "Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır, dinin kamilliyi təqva və itaətkarlıqdır.”(Yenə orada, səh.155)
27-İmam Hüseyn (ə) buyurmuşdur: "Elm və bilikdən başqa, bir şey üçün yaltaqlıq etmək və həsəd aparmaq mömin şəxsin əxlaqi sifətlərindən deyildir.”("Biharul-Ənvar" c.44, səh.16, "Mənaqib" c.4, səh.45)
28-İmam Hüseyn (ə) buyurmuşdur: "Bir alimin biliyinin nişanələrindən biri onun öz dediklərinə daha çox diqqət yetirməsi, tənqidlə yanaşması, fikir və münazirə fənlərinin həqiqətlərindən xəbərdar olmasıdır.”("Biharul-Ənvar" c.75, səh.119)
29-İmam Hüseyn (ə) buyurmuşdur: "Biz o şəxslərik ki, Allahın kitabının elmi, bəyanı və dərki bizdədir. Bizdə olan şeylər Allahın yaratdıqlarından heç kəsdə yoxdur, çünki biz – Peyğəmbər xanədanı – Allahın sirlərinin əhliyik.”(Yenə orada, c.44, səh.184)
30-İmam Hüseyn (ə) buyurmuşdur: "Elm imanın, helm isə biliyin layiqli vəziridir.”("Əl-Bəlağət" səh.68)
31-İmam Zeynül-abidin (ə) buyurmuşdur: "Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərə malik olduğunu bilsəydilər, onu hətta qanlarını axıtmaqla, tufanlı və dalğalı dənizləri yarmaqla belə, kəsb edərdilər.”("Kafi" c.1, səh.35)
32-İmam Baqir (ə) buyurmuşdur: "Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.”("Biharul-Ənvar" c.78, səh.185)
33-İmam Baqir (ə) buyurmuşdur: "Əgər alimin hüzurunda otursan, danışmaqdan çox eşitmək üçün həris ol; yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə.”(Yenə orada, c.1, səh.222)
34-İmam Sadiq (ə) buyurmuşdur: "Diqqət edib baxın, görün ki, öz elminizi kimdən öyrənirsiniz!”(Yenə orada, c.2, səh.92)
35-İmam Sadiq (ə) buyurmuşdur: "Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin. Elm öyrətdiyiniz şəxs qarşısında isə təvazökarlıq edin.”("Kafi" c.1, səh.36)
36-İmam Sadiq (ə) buyurmuşdur: "Öz yazılarınızı qoruyub saxlayın, çünki sonradan onlara ehtiyac duyacaqsınız.”("Biharul-Ənvar" c.2, səh.152)
37-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs Allahın razılığı üçün elm öyrənib ona əməl etsə və başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.”("Kafi" c.1, səh.35)
38-Əbdüs-səlam deyir: İmam Rza (ə) buyurdu: "Allah bizim əmrimizi dirçəldən şəxsə rəhmət etsin!” Soruşdum ki, sizin əmriniz necə dirçələr? Buyurdu: "Bizim elmlərimizi öyrənib onları camaata öyrətməklə; çünki əgər onlar bizim kəlamımızın gözəlliklərini bilsələr, hökmən bizə tabe olarlar.”("Mənaül-Əxbar" səh.180)
39-İmam Rza (ə) buyurmuşdur: "Agah olun və bilin ki, fəqih (din alimi) o şəxsdir ki, xalqa xeyir, fayda versin, onları düşmənlərdən qorusun, Allahın cənnət nemətlərini onlar üçün artırsın, onları düz yola hidayət etməklə onlar üçün Allahın rizvanını kəsb etsin.”("Biharul-Ənvar" c.2, səh.5)
40-İmam Həsən Əskəri (ə) buyurmuşdur: "Bizim şiələrimizin alimləri İslam dininin sərhədçiləridir. Bizim ardıcıllarımızdan hər kəs bu vəzifəni öhdəsinə alsa, Rum qoşunları ilə cihada gedən şəxsdən daha fəzilətli olar. Çünki o, bizi sevənlərin din sərhədlərini müdafiə edir.”("Əl-inticac" c.2, səh.155)

Ardı var...
Category: Əqidə | Added by: Ənfal
Views: 726 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]