Main » Files » Əqidə » Əqaid |
Tanrının varlığına inam fitrətimizdədir
2013-03-22, 3:39 PM | |
İnsanın uşaqlıq dövrü başa çatdıqda, yaxşılıqları və pislikləri ayırd etmək həddinə yetişdikdə öz vicdanına üz tutur və bununla da aşağıdakı cəhətləri özü üçün müəyyənləşdirir: o, doğru danışmağı, ədalət və insaflı olmağı, insanpərvərliyi, insanlara xidmət göstərməyi və başqa bu kimi bəyənilmiş sifətləri xoşlayır, yəni bu sifətlərin yaxşı simasını dərk edir. Belə şeyləri ilkin mərhələdə dərk etmək üçün dərs və kitab oxumağa və öyrənməyə heç bir ehtiyac yoxdur. Bir nəfər ondan soruşsa ki: "Hansı dəlilə görə düzgün danışmağın yaxşı iş olduğunu başa düşdün?”, - cavabında belə deyər: "Bunu dəlil və sübutla öyrənməmişəm. Bunun yaxşı bir iş olması duyğusu mənim vicdan və fitrətimə nüfuz etmişdir”. Tanrı varlığına inam və etiqad (dünyanı və bütün mövcudatı yaradanın varlığına inam) da bəşərin bu sayaq fitrətindən doğan bir haldır. İnsanda belə bir əqidənin yaranması üçün müəllim, məktəb və kitaba ehtiyac yoxdur. O, yalnız öz vicdan və fitrətinə müraciət etməklə belə bir məsələni dərk edir və anlayır ki, varlıq dünyasının qüdrətli və bilən yaradıcısı vardır. Bu baxımdan, bəşərin keçmiş tarixinə müraciət etsək, görərik ki, bütün keçmiş dövrlərdə, hətta bəşər yarımvəhşi halda yaşadığı zamanlarda, mədəniyyət və təlimlə məşğul olmadığı dövrdə belə Allaha etiqad və inam duyğusu olmuşdur. Əlbəttə, bəzən Tanrını tanımaqda və müəyyənləşdirməkdə səhvlərə yol vermişlər. Məsələn, günəş və bəzi ulduzları, yer cisimlərini dünyanın və özlərinin tanrısı güman etmişlər, lakin Tanrı və yaradana olan etiqadın əsasını duymuşlar. Tanrıya etiqad və inamın fitri olması bəlli olduqdan sonra aşağıdakı cəhəti qeyd etmək lazım gəlir. Fitri şeylər bəzən xüsusi səbəblər və amillərin təsiri ilə unudulur. Qalın parça işıqlı lampanın üzərini örtüb onun işığının yayılmasına mane olduğu kimi, Allahı tanımaq fitrəti də bəzən elmi, bəzən də həvəslərin və şəhvani amillərin təsiri ilə qalın qəflət pərdəsi altında gizlənir. Bu isə insanı Allahdan elə şəkildə xəbərsiz edir ki, sanki onun firətində və canında Allahı tanımaq əqidəsi yoxdur. Ancaq bu pərdələr götürüldükdən sonra adam öz-özünə diqqət yetirir və onun varlığını duyur. Günah və şəhvətpərəstlik üzündən Allahı tanımağın əsl fitrətindən qafil olan insanlar təyyarədə, avtomobildə və ya hər hansı bir şəraitdə müəyyən həyat təhlükəsi ilə qaşılaşırkən nicat yolu olmadığını hiss edən kimi və əlləri bir yana yetişməyincə, hamı birlikdə və həmrəyliklə Allaha üz tuturlar, ondan yardım istəyirlər. Yəni belə bir məqamda onların fitrətində olan Allah axtarışı, Allahı tanımaq istəyi və Tanrıya pərəstiş duyumu açıq-aydın təzahür edir. Altıncı məsum imam Həzrət Sadiq (ə) bu incə məsələyə işarə etmişdir: Bir nəfər o Həzrətdən xahiş etdi ki, ona Tanrı və yaradanı tanımaq üçün yol göstərsin, Tanrının varlığını subut etmək üçün dəlil göstərsin. Həzrət onun cavabında buyurdu: - Heç gəmiyə minmisənmi? O şəxs cavab verdi: - Bəli. - Olubmu ki, sizin gəmi sınıb, sizi nicat etmək üçün başqa bir gəmi də olmayıb, özün də nicat üçün üzə bilməyibsən (yəni sənin əlin bir zahiri vasitəyə yetişməyib)? - Bəli, olub. - Sənin ümidin hər yerdən və hər şeydən kəsilən məqamda qəlbinin dərinliklərində elə bir ümid qaynağı olubmu ki, sənə nicat verə bilsin və təhlükəni sovuşdursun? - Bəli, olub. Özlüyümdə belə bir hiss olub və belə bir qüdrətin varlığına ümid etmişəm ki, o, məni ölüm təhlükəsindən qurtara bilər. İmam Sadiq (ə) buyurdu: - Sənin qəlbində müraciət etdiyin həmin qüdrət Tanrıdır. İnsanın aciz və həssas məqamlarda istər-istəməz üz tutub müraciət etdiyi kəs Tanrıdır. Təkəbbür, özünübəyənmə, adamlara və başqa zahiri vasitələrə etimad pərdələri aradan qalxdıqdan sonra insanın yardım və nicat üçün üz tutduğu böyük qüdrət Tanrıdır. Tanrı - dünyanı yaradan, ehtiyacları ödəyən və yolda qalanlara nicat verən qüdrətdir. Bəşərin əzəli və əbədi pənahı, ümid və təsəlli qaynağı, haqq və həqiqət yoluna yönəldən böyük və ulu Tanrıdır. | |
Views: 921 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |