Main » Files » Əqidə » Əqaid |
İbadətin təsirləri
2013-03-22, 3:32 PM | |
İbadət, dinin əsası və İlahi məktəblərin ayrılmaz hissəsidir. Dinin sütunu etiqad sahəsində tövhiddirsə, əxlaqi yüksəliş baxımından ibadətdir. İbadətsiz həqiqi din heç vaxt mövcud olmamışdır və bütün peyğəmbərlərin müştərək risaləti (peyğəmbərlik missiyası) məhz insanlar arasında bəndəlik ruhiyyəsini yaratmaq, bu ruhiyyəni genişləndirərək dərinləşdirmək və insanları Allahdan qeyrisinə ibadət etməkdən çəkindirmək olmuşdur. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ «Biz hər ümmətə: «Allaha ibadət edin, tağutdan (batil qüdrətlərdən) çəkinin!» – deyə peyğəmbər göndərmişik» («Nəhl» surəsi, ayə 36). İslam dinində də, Allahın əbdi (qulu) olmaq insan üçün ən yüksək izzət və iftixar hesab olunmuşdur və Qurani-Kərim də müstəqim (doğru) yolun, yalnız bu yol olduğunu vurğulayır: أَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ «Mənə ibadət edin, bu, doğru yoldur!» («Yasin» surəsi, ayə 61) Bu doğru yolda gedənlərin öndərlərindən olan İmam Əli (ə), Allah-Taala ilə munacatında belə deyir: إلَهِى كَفى بى عزا أن أكون لَك عبدا و كَفى بى فخرا أن ْتكون لى رباانت كما احب فاجعلنى كما تحب «İlahi, mənim üçün bu izzət yetər ki, Sənin qulun olum və mənə bu iftixar bəsdir ki, Sən mənim Rəbbim olasan. Sən mənim istədiyim kimisən, elə et ki, mən də Sənin istədiyin kimi olum!» Böyük müsəlman filosofu Hacı Molla Hadi Səbzəvari yazır: «Merac gecəsi Allah-Taala Peyğəmbərə(s) buyurdu: «Nə səadət istəyirsənsə, istə!» Peyğəmbər (s) dedi: «Məni Öz übudiyyətinə (bəndəliyinə) məxsus et!» (Hadi Səbzəvari, «Şərhul-əsmaul-husna», səh.274) Bu zaman «İsra» surəsinin ilk ayəsi nazil oldu: سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ «Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidul-Həramdan ətrafını bərəkətli etdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. O, doğrudan da, eşidən və görəndir» («İsra» surəsi, ayə 1). İbadətə meyl, ona duyulan ehtiyacdan doğur. Bu duyğu isə o zaman müyəssər olar ki, insan öz təkamül və xoşbəxtliyində ibadətin əsaslı və təyinedici rolunu başa düşsün, istedad və bacarığının bundan başqa heç bir yolla çiçəklənməyəcəyini və reallaşmayacağını bilsin. İmam Sadiqdən (ə) bizə çatan bir hədisdə oxuyuruq: كما رسول الله يصلى حتى يتورم قدماه و يقول افلا اكون عبدا شكوراً - اراد ان يعتبر به امته- فلا تغفلوا عن الإجتهاد والتعبد والرياضة بحال الا و انك لو وجدت حلاوة عبادة الله و رأيت بركاتها واستضأت بنورها لم تصبر عنها ساعة واحدة و لو قطعت إربا إربا «Rəsuləllah (s) o qədər namaz qılırdı ki, ayaqları şişirdi. O deyirdi: «Mən şükr edən bəndə olmayımmı?» Onun məqsədi ümməti başa salmaq idi. Odur ki, istənilən halda ibadətdən, səydən və bu yolda əziyyət çəkməkdən qafil olma. Agah ol! Əgər Allaha ibadət etməyin şirinliyini dadsaydın, onun bərəkətlərini görsəydin və onun nurundan ziyalansaydın, hətta tikə-tikə doğransaydın da, ondan bir an belə, uzaqlaşmağa dözməzdin» («Risaleyi-liqaullah», səh.108). شب مردان خدا روز جهان افروز است عارفان را به حقيقت شب ظلمانى نيست «İlahi şəxslərin gecəsi, bütün aləmi işıqlandıran gündüzdür. Ariflər üçün həqiqətən də, zülmət gecə yoxdur». İbadətin bir çox faydaları vardır. Bu məqalədə onlardan bir neçəsinə işarə olunur: 1 - İbadətin düşüncə və agahlığa təsiri İbadət, insanın agahlıq sistemini aktivləşdirir. İnsan ibadət ilə, öz diqqətini və düşüncəsini məna aləminə və varlıq mənbəyinə tərəf pərvazlandırır. Bu isə bir növ tövhid inanclarının əməli surətdə məşqi və insanın qəfləti öz ruhundan silməsidir. Digər tərəfdən isə ibadət vasitəsilə, insanın idrak və agahlıq qüvvəsinin görmə qabiliyyəti daha da itiləşir və o, İlahi dəstəklərdən faydalanır. وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ «Və yəqinə çatınca, Rəbbinə ibadət et!» («Hicr» surəsi, ayə 99) Yuxarıdakı ayədən və «Zariyat» surəsinin 56-cı ayəsindən وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ («Mən cinləri və insanları, ancaq mənə ibadət etmələri üçün yaratdım») («Zariyat» surəsi, ayə 56) məlum olur ki, yaranışdan məqsəd ibadət, ibadətdən məqsəd isə yəqinə çatmaqdır, yəni ibadət yəqinə çatmaq üçün vasitədir. Son hədəf yəqindir. Yəqin müxtəlif vasitələrlə əldə oluna bilər, lakin dəyərli və insana nicat verən yəqin, ibadət çırağı ilə yaranan yəqindir. Əməlsiz alimlərin elmi yolla əldə etdiyi yəqin, Musanın (ə) əsasındakı möcüzəni görməklə Fironda yaranan yəqin və s. bunlar da yəqindir. Quran Firon barədə buyurur: وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا «Daxilən (dəlillərin haqq olduğuna) yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən onları inkar etdilər» («Nəml» surəsi, ayə 14). Belə yəqinliklərin xeyri yoxdur. İbadətlə yəqin nuruna çatan şəxslər isə batini, zahiri, alovu və cəhənnəmi müşahidə edə bilirlər: لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ لَتَرَوُنَّ الْجَحِي «... əgər «elmul-yəqin»i bilsəydiniz, cəhənnəmi mütləq görərdiniz» («Təkasur» surəsi, ayə 5-6). Yəqin nuruna nail olan insanlar, günahların üzərindəki ləzzətin şirin ərpinə və köpüyünə aldanmırlar. Əllərini günahın zəhər və alovuna bulamırlar. «Hicr» surəsindəki ayənin tərkibində olan حتى (qədər) kəlməsinin mənası bu deyil ki, yəqinliyə çatdıqdan sonra daha ibadət etməyə ehtiyac yoxdur. Yəni bu kəlmə, ibadətin həddini və miqdarını deyil, onun bərəkətini və mənfəətini bildirmək üçündür. Odur ki, insan, ibadət etmədə təkid etdikcə, yəqin əhli olar. Əgər insan, ibadət etmədə bir anlıq belə, tərk edərsə, üsyana aludə olar və əgər ibadəti inkar edərsə, küfrə, mürtədliyə və əbədi məhrumiyyətə düçar olar. Ayədəki yəqin, məbdə (yaranışın mənbəyi) olan Vücuda inanmaq xarakteri daşımır. Çünki belə bir yəqinin özü ibadətin mənşəyidir, nəinki İlahi məqamlardan sayılmış olan ibadətin nəticəsi. Məqsəd, Allah-Taalaya bütün mütləq sifətləri ilə birgə (Onun mütləq rübubiyyətinə, mütləq malikiyyətinə) yəqin bəsləməkdir. Beləliklə də, bəndə bu yəqinə çatmaqla özünü və özünə aid olan hər şeyi Allahınkı hesab edir. Qeyd etmək lazımdır ki, yəqin-təfəkkür, düşünmək və diqqət ilə də hasil olur. «Təlaq» surəsinin 12-ci ayəsində, ona belə işarə olunur: اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə əhatə etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar («Təlaq» surəsi, ayə 12). Bu iki yolun (ibadətin nəticəsində əmələ gələn yəqinin və təfəkkürdən yaranan yəqinin) birləşməsi, İlahi fəlsəfə deməkdir. Qurani-Kərim insanı bu yola hidayət edir və irfan (ibadət yolu) ilə bürhanı (təfəkkür yolunu) kamilləşmək istəyən insanın qoşa qanadı hesab edir. 2 - İbadətin psixoloji və ruhi təsiri İbadətin bir çox ruhi və nəfsani təsirləri vardır və onlardan bir neçəsi aşağıda qeyd olunur: 1 - İbadətləri yerinə yetirən insanın ruhu, əzmkar və qüdrətli olur. Belə ruha malik insan, günah tufanlarının qarşısında müqavimət göstərə bilir. يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ «Ey insanlar! Sizi və sizdən əvvəlki insanları yaradan Rəbbinizə ibadət edin ki, bəlkə təqvalı olasınız (özünüzü günahdan saxlayasınız.)» («Bəqərə» surəsi, ayə 21) 2 - İlahi itaət və ibadət yolu ilə ruh ğəni olur, mənəvi izzətə, alicənablığa və müsbət ruhi qürura yüksəlir. يا من اسمه دوآء و ذكره شفاء و طاعته غناء «Ey adı əlac, zikri şəfa və itaəti ğina (toxluq, ehtiyacsızlıq) olan (Allah)!» («Kumeyl» duası) İmam Əli (ə) bu haqda buyurur: إذا طلبت العز فاطلبه بالطاعة «İzzət istədiyin zaman, onu itaətlə istə!» («Ğurərul-hikəm») Rəsuləllah (s) buyurur: يقول ربكم يابن آدم تفرغ لعبادتى أملأ قلبك غنى و أملأ يديك رزقا يابن آدم لا تباعد منى فاملأقلبك فقرا و أملأ يديك شغلا «Rəbbiniz buyurur: Ey Adəm övladı! Özünü Mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram» («Mizanul-hikmət», hədis 11608). Ğəni ruh ilə (yəni ehtiyacsız ruh ilə) müstəğni ruhun (yəni ehtiyacını ödəyən ruh) arasında böyük fərq var. Birincisi ehtiyacdan yuxarı yüksəlib, ikincisi isə ehtiyacını ödəyib. 3 - Allah-Taalaya ibadət etməklə insanda qəlb aramlığı yaranar فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي «Mənə ibadət et və məni anmaq üçün namaz qıl!» («Taha» surəsi, ayə 14) وَاذْكُرُواْ اللّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلَحُونَ «Allahı çox yad edin, bəlkə nicat tapasınız». («Ənfal» surəsi, ayə 45) أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ «Agah olun! Allahın zikri ilə qəlblər aram tapar!» («Rəd» surəsi, ayə 28) İbadətlə insan zikr məqamına çatır və bu xislətlə ona qəlb arxayınlığı və xoşbəxtlik nəsib olur. Çünki ruhun diqqəti yuxarı yönəlir və nəzərində həmişə öz yüksəlişi durur. ما ز بالاييم و بالا مى رويم ما ز درياييم و دريا مى رويم «Biz yuxarıdanıq və yuxarı qalxırıq, biz dənizdənik və dənizə gedirik». İbadətin irfani təsiri 1 - İbadətlə insan İlahi qürbə (yaxınlığa) çatıb, oranı özünə mənzil edə bilər. وَاسْجُدْ وَاقْتَرِبْ «Səcdə et və (Allaha) yaxın ol!» («Ələq» surəsi, ayə 19) Səcdədən məqsəd, elə namaz və ibadətdir. Səcdə, namazın ən qabarıq hissəsi olduğu üçün namaz səcdə kimi səciyyələnib. İmam Əli (ə) buyurur: ما تقرب متقرب بمثل عبادة الله «Allahın ibadəti kimi, heç nə ilə Allaha yaxınlaşmaq olmaz» («Mizanul-hikmət», hədis 11606). Allaha yaxın olan insan İlahi xilafətə layiqdir. «Qürbü-nəvafil» hədisinə əsasən, belə insan Allahın gözü ilə görür və Allahın qulağı ilə eşidir. «Qürbü-fəraiz» hədisinə əsasən, bundan da yüksəyi budur ki, Allah bu insanın qulağı və gözü olur. Hədis xəzinələrindən olan bu iki dəyərli hədis, təfəkkür, agahlıq, təqva və qorunmaq açarları ilə açılmalıdır. 2 - İnsan ibadətlə Allahın sevimlisinə çevrilir və Allahın sevimlisi isə İlahi vilayət (övliyalıq) məqamında mənzil salır. «Qürbü-fəraiz» hədisində oxuyuruq: ... فإذا أحببته كنت سمعه الذى يسمع به وبصره الذى يبصربه و لسانه الذى ينطق به و يده التى يبطش بها إن دعانى اجبته و ان سألنى اعطيته «Heç bir bəndə, vacib buyurduqlarımdan Mənim üçün daha əziz olan bir vasitə ilə Mənə yaxınlaşmadı. Həqiqətən o, nafilə namazı ilə Mənə, onu sevməyimə qədər yaxınlaşar. Sevdiyimə görə onun qulağı olaram ki, onunla eşitsin, gözü olaram ki, onunla görsün, dili olaram ki, onunla danışsın və əli olaram ki, onunla zərbə vursun. Məni çağırsa, ona cavab verərəm və əgər məndən nəsə istəsə, ona verərəm». («Ərbəin hədis», 581) Yəni Allah deyir ki, əgər insan mənim sevimlim olsa, onun bütün idrak və hərəkət qüvvələrini öz öhdəmə götürərəm. Əgər başa düşürsə, mənim elmimin nuru ilə başa düşür. Odur ki, nə çarəsiz qalır, nə də səhv başa düşür. Əgər bir iş görürsə, mənim qüdrətimlə görür. Odur ki, acizliyin və günahın onun işlərinə nüfuz etmə imkanı yoxdur. Əlbəttə, bu məqama çatmaq və Allahın sevimlisinə və məhbubuna çevrilmək daimi seyr və inkişaf tələb edir. Həbibullahın, yəni Allahın həbibinin (sevimlisinin) dalınca getmək, salik əbdi (İlahi mənzilləri qət edən qulu) Həbibullah edər. Bu dərəcəyə çatmaq təkvini vilayət (hakimiyyət) məqamının şüasıdır. قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ «(Ya Muhəmməd)! De: Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin». («Ali-İmran» surəsi, ayə 31) Təkvini vilayətdən məqsəd budur ki, insan bəndəlik yolunu getmə nəticəsində elə bir kamillik və mənəvi məqama malik olur ki, Allahın əmri və izni ilə insanda və aləmdə dəxalət edə bilir». İmam Əli (ə) buyurur: ما قلعت باب الخيبر بقوة جسدانية بل قلعتها بقوة ربانية «Xeybər qapısını cismani qüvvə ilə deyil, Rəbbani qüvvə ilə qopartdım». İmam Sadiq (ə) buyurur: العبودية جوهرة كنهها الربوبية «Übudiyyət elə bir gövhərdir ki, onun zatı rübubiyyətdir». Bəndəliyin həqiqəti, Rəbbani olmaq və Rəbbin məzhəri olmaqdır. Yəni übudiyyət seyri (hərəkəti) ilə insan İlahi xilafət məqamına yüksəlir. Bəzi Quran ayələri insanda təkvini vilayətin mövcudluğunun əslini isbat edir. فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاء حَيْثُ أَصَابَ «Küləyi ona ram etdik ki, onun əmri ilə istədiyi hər yerə rahatca əsib getsin». («Sad» surəsi, ayə 36) 3 - İbadətin öz görkəmi mələkut aləmində o qədər gözəldir ki, bu aləmdə onun misli yoxdur. İnsan o görkəmlə də, məhşur olacaq (yəni Qiyamətdə qalxacaq). Əməl öz amili ilə heç bir mərhələdə ayrılmayacaq. Elə buna görə də gözəl əməl insana gözəllik verəcək. Muhəmməd Baqir Saivər | |
Views: 818 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |