Bazar günü, 2024-12-22, 1:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Nübüvvət

Qur'anda Hezret Adem (e )
2013-06-24, 4:36 AM
Qur'anda Hezret Adem  (e)
 
 
Həzrət Adəmin dastanı, onun ilkin behiştdən çıxarılması və yer üzündə xəlifə olması Qur`anın yeddi surəsində, Bəqərə, Ə`raf, Hicr, İsra, Kəhf, Taha və Sad surələrində gəlmişdir. Bunların hər birində Həzrət Adəmin (ə) həyatından bəzi məqamlara işarə edilmişdir.
 

   Bir-birinin ardıyca gələn və müəyyən mənada təkrarlanan yeddi məqam, biri digərini tamamlayır və hər birində müxtəlif bəyan nəzərə çarpır. Bütün bunların bir hədəfi var ki, toplam olaraq vahid bir dastanı çatdırır. İndi isə bu yeddi məqama icmali nəzər salaq:

 

1. Bəqərə surəsində Adəm (ə) peyğəmbərin dastanı

 

   (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara: ) " Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu. [30] (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!"- dedi. [31] Onlar: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən", - dedilər. [32] (Sonra) O: "Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!"- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?" - buyurdu. [33] (Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! - dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu. [34] (Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız". [35] (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə ne’mətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): "Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var",-dedik. [36] (Nəhayət) Adəm rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. [37] Biz (onlara) dedik: "Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar". [38] Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar. [39]

 

   Göründüyü kimi, Bəqərə surəsində Həzrət Adəmin (ə) yaradılışından öncəki mərhələsindən onun ilk behiştdən çıxarılmasına qədər icmali işarə olunur. Burad qabarıq şəkildə nəzərə çarpan məsələ isə Allahın mələklərlə Adəmin (ə) yaradılışı barəsindəki söhbəti və ona "əsma”nı öyrətməsidir.

 

2. Ə`raf surəsində Adəm (ə) peyğəmbərin dastanı

 

   Bu surədə Adəm (ə) peyğəmbərin dastanından başqa bir məqama, yəni şeytanın İlahi fərmana baş əyməməsinin səbəbinə, onun insana necə vəsvəsə etməsinə açıq-aşkar işarə edilir. Bu surənin ayələrində belə oxuyuruq:

 

   Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı. [11] (Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi. [12] (Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!" [13] (İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!" [14] (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!" [15] (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! [16] Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" [17] (Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam! [18] Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!" [19] Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!" [20] Həm də onlara: "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm",- deyə and içdi. [21] Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: "Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?" [22]

 

   Surədə 27-ci ayəyə qədər Adəm (ə) peyğəmbər haqqında söz açılır.

 

3. Hicr surəsində Adəm (ə) peyğəmbərin dastanı

 

   Bu surədə isə insanın, cin və şeytanın yaradıldığı maddələr daha şəffaf göstərilir. Surədə belə buyurulur:

 

   Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq! [26] (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik. [27]

 

   Surədə 26-42-ci ayələrdə Adəm (ə) peyğəmbərdən bəhs edilir.

 

4. İsra surəsində Adəm (ə) peyğəmbərin dastanı

 

   Bu surədə isə Həzrət Adəmin (ə) dastanının davamı olaraq şeytanın insana nüfuz etmə, onu aldatma və azdırma yollarına işarə edilir. Burada belə buyurulur:

 

   Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) və’dlər ver. Şeytan (ona uyanlara) yalnız yalan və’d verər! [64]

 

   Surənin 61-65-ci ayələrində Adəm (ə) peyğəmbər haqqında söz açılır.

 

5. Kəhf surəsində Adəm (ə) peyğəmbərin dastanı

 

   Bu surədə isə Həzrət Adəmin (ə) dastanının davamı olaraq şeytanın övladlara sahib olmasına işarə edilir və onların insanlara düşmən olması xəbərdarlığı edilir. Surədə buyurulur:

 

   (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə’zim məqsədilə) səcdə edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür! [50]

 

6. Taha surəsində Adəm (ə) peyğəmbərin dastanı

 

   Bu surədə ilk behişt, Həzrət Adəmin (ə) birinci məskəni bəyan edilir. Surədə buyurulur:

 

   Biz də belə dedik: "Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!) [117] Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! [118] Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!" [119]

 

   Surənin 116-123-cü ayələrində Həzrət Adəm (ə) peyğəmbərin haqqında söz açılır.

 

7. Sad surəsində Adəm (ə) peyğəmbərin dastanı

 

   Bu surədə Həzrət Adəmin (ə) dastanı başqa bir yandan diqqət yetirilir və Adəm (ə) övladlarına şeytanın vəsvəsələrinin davam etməsi və onun acı nəticələri haqqında xəbərdarlıq edilir:

 

   De: "O (Qur’an Allah dərgahından nazil olan) çox böyük xəbərdir! [67] Siz isə ondan üz döndərirsiniz! [68] (Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi. [69] (Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün bir vəhy olunur!" [70] (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam. [71] Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!" [72] Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi; [73] Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu. [74] (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?" [75] (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" [76] (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən! [77] Qiyamət gününə qədər Mənim lə’nətim sənin üstündən əskik olmasın!" [78] (İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!" [79] (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən, [80] (Dərgahımda) vaxtı mə’lum olan günə (qiyamətə) qədər!" [81] (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; [82] Yalnız Sənin sadiq bəndələrindən başqa! [83] (Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm, [84] And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!" [85]

 

Yeddi məqamdan ümumi nəticə

 

   Göründüyü kimi, bu yeddi məqamda Həzrət Adəmin (ə) dastanına müxtəlif müstəvilərdən işarə edildi. Amma toplam olaraq Həzrət Adəmin (ə) həyatını geniş və dolğun şəkildə bəyan etdi. Belə ki, dastanın hadisələrini aşağıdakı tərtiblə bizə çatdırırlar:

 

   1. Adəm (ə) adlı yeni bir məxluqun yaradılmasından xəbər verillir (Bəqərə surəsi).

 

   2. Bu məxluqun yaradıldığı maddənin tanıdılması (Hicr və Sad surələri).

 

   3. Allah mələkləri bu məxluqa səcdə etməyə əmr edir(yeddi surədə).

 

   4. İblisin Adəmə (ə) səcdə etməkdən boyun qaçırması və onun dəlili (yeddi surədə).

 

   5. İblisin behiştdən qovulması və onun Adəmi (ə) azdırmaq üçün müharibə elan etməsi (yeddi surədə).

 

   6. İblisin hiylələri barədə Allahın Adəmə (ə) xəbərdarlıq etməsi (Bəqərə, Ə`raf və Taha surələri).

 

   7. Adəm (ə) və Həvvanın behiştdəki bir ağaca yaxınlaşmaqdan nəhy edilməsi (Bəqərə və Ə`raf surələri).

 

   8. Adəm (ə) və Həvvanın iblisin tələsinə düşmələri və qadağan edilmiş meyvədən yemələri (Ə`raf və Taha surələri).

 

   9. Allahın Adəmi (ə) danlaması, Adəmin (ə) peşiman olması və onun tövbəsinin qəbul edilməsi (Bəqərə, Ə`raf və Taha surələri).

 

   10. Adəm (ə) və Həvvanın behiştdən çıxarılması və onların qiyamətə qədər yer üzünə endirilməsi (Bəqərə, Ə`raf və Taha surələri).

 

   Bunlar Həzrət Adəmin (ə) dastanını təşkil edən on mühüm bənddir ki, həqiqətə uyğun, hər növ xurafat və cəfəngiyyatdan uzaq olaraq Qur`ani Kərimdə bəyan edilmişdir. Hər məqamda isə oxucuya dastanın hədəfi ilə təzə bir məlumat verilir.


Category: Nübüvvət | Added by: Ənfal
Views: 854 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]